Qarşıdan mübarək bir ay – zülhiccə gəlir. Oktyabr ayının 17-i bu ay öz qədəmləri ilə bizlərə səfa gətirəcəkdir…
Məlumdur ki, imanın yenilənməsi, bağlanmağımız, fəzilətindən yararlanmağımız lazım gələn ibadət növləri, dini ayin və mərasimlər çoxdur.
Peyğəmbər (s) bir hədisində belə deyib:
“Allah həyatınız boyu çoxlu “iman yelləri” göndərər. Ola bilər ki, sizlərdən kimsə bu “yellər”dən birinə rast gəlsin. Bundan sonra o, heç vaxt çətinlik içərisindən olmayacaqdır”.
Uca Allah “And olsun on gecəyə” ayəsi ilə öz kitabında bu fəzilətli günlərə and içir. Əksər müfəssirlərə görə, ayədəki “on gün” ilə Zülhiccənin ilk on günü nəzərdə tutulur. Allahın bir şeyə and içməsi isə o şeyin böyüklüyündən, məqamı və fəzilətindən xəbər verir.
Bu on günün fəzilətinə dair Peyğəmbərdən (s) çoxlu hədis rəvayət olunmuşdur:
“Bu günlər və bu günlərdə edilən saleh əməllər qədər Allaha daha sevimli olanı yoxdur”;
“Bir dəfə Peyğəmbər (s) səhabələrinə buyurdu: “Bu günlərdə edilən saleh əməllər qədər Allah qatında daha təmizləyici olanı yoxdur…”. Səhabələr soruşdular: “Ey Allahın rəsulu, hətta Allah yolunda cihaddan belə, bu əməllər üstündürmü?” Rəsulullah (s) cavabında dedi: “Hətta Allah yolunda cihaddan belə. Ancaq Allah yolunda malı və canı ilə cihada çıxan və bu ikisindən heç biri ilə qayıtmayan şəxsin etdiyi istisnadır”.
Sadiq mömin o kəsdir ki, bu dini fürsətdən yararlanaraq, öz imanı və bildiklərini ixlasla əməllə, praktika ilə əlaqələndirməklə Uca Rəbbin “İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!”kəlamını təsdiqləmiş olsun.
Belə bir sual yaranır: Allaha yaxınlaşmağımız və Onun razılığını qazanaraq, Cənnəti əldə etməyimiz üçün bu fəzilətli günlərdə nə etməli, hansı ibadət növləri ilə məşğul olmalıyıq? Doğrusu, ediləcək ibadət növlərinin sayı hədsiz çoxdur və onları bir-neçə bənddə ifadə etmək mümkün deyildir. Ancaq əməl etməyimiz və xüsusi diqqət yetirməyimiz lazım gələn on əsas ibadət növünü seçmişik. Ola bilsin ki, bu rəqəm bəzilərinə az görünsün. Ancaq Peyğəmbər (s) buyurub:“Allaha ən xoş gedən iş azlığına rəğmən davamlı olaraq ediləndir”.
Birinci, beşvaxt namazı vaxtlı-vaxtında qılmaqdır. Peyğəmbərdən (s) hansı əməlin Allaha daha xoş getdiyi barədə soruşulduqda Allahın elçisi (s) belə cavab vermişdi: “Vaxtında qılınan namaz”.
İkinci, beş fərz namazdan qabaqkı və sonrakı sünnə namazlarının (sayı 12 rükətdir) qılınmasına riayət etməkdir. Allahın rəsulu (s) deyib: “Kim gün ərzində 12 rükətlik (sünnə namazlarını) – günorta namazının ilk dörd və sonrakı iki, axşam namazının son iki, yatsı namazının son iki və sübh namazının ilk iki rükətlik sünnətini qılarsa, Cənnətdə ona bir ev tikilər”.
Üçüncü, zülhiccənin ilk doqquz, xüsusilə də Ərəfə günündə oruc tutmaqdır. Peyğəmbərin (s) zövcələrindən Hz Həfsə ® belə rəvayət edib: “Allahın rəsulu (s) dörd şeyi – aşura orucunu, Zülhiccədən ilk on və hər aydan üç günün oruclarını, sübh namazının ilk iki rükətlik sünnət namazını heç vaxt tərgitmədi”.
İmam Nəvəvi İmam Müslimin “Səhih” kitabına yazmış olduğu şərhində zülhiccənin ilk doqquz gününün orucu haqqında qeyd edir ki, bu doqquz gün ərzində oruc tutmaq, xüsusilə də doqquzuncu günün – Ərəfə gününün orucu məkruh olmayıb qəti şəkildə müstəhəbdir (bəyəniləndir).
Ərəfə günündə oruc tutmağa gəlincə, Peyğəmbər (s) bu günün əzəməti və savabı haqda ayrıca hədis söyləyib: “Ərəfə günü tutulan oruc iki - əvvəlki və sonrakı ilin günahlarına kəffarədir”.
Biz bu əzəmətli gündə bütün müsəlmanlar arasında “Ərəfə gününün orucu” sünnəsini dirçəltməliyik. Buna dərslər və mühazirələr verməklə, kitabçalar və bukletlər nəşr edib paylamaqla, oruc tutanlara iftar qonaqlığı verməklə nail olmaq mümkündür. Peyğəmbərimizin etdiyi gözəl əməlləri yenidən gündəmə gətirən və cəmiyyətdə yayan şəxs nə bəxtəvərdir! Allahın elçisi (s) bu barədə deyib:
“Kim məndən sonra unudulmuş bir sünnəmi (əməli, sözü, davranışı) dirçəldib bərpa edərsə, həmin sünnəyə (sonradan) əməl edənlərin savabı qədər əcr qazanar”.
Dördüncü, Qurana çoxlu vaxt ayırmaq, yəni ona çox qulaq asmaq, onu çox oxumaq, öyrənmək, araşdırmaq, üzərində düşünmək, göstərişlərinə əməl etmək və bilməyənlərə öyrətməkdə səy göstərməkdir. Bu, Quran əhlinə xas keyfiyyətlərdir və bu barədə çoxlu hədis vardır. Məsələn, bir hədisdə oxuyuruq: “Quran oxuyun, çünki, şübhəsiz, o, Qiyamət günü sizə şəfaət edəcəkdir”. Başqa bir hədisdə isə deyilir: “Sizin ən xeyirxahınız Quran öyrənən və öyrədəndir”.
Beşinci, Allahı çoxlu zikr etməkdir. Bildirmək istərdik ki, zikr geniş anlayışdır. Fikrimizcə, zikrləri üç əsas kateqoriyada toplamaq mümkündür: a) Peyğəmbərdən (s) nəql olunmuş səhər və axşam zikrləri (bu zikrlər alimlərin çoxu tərəfindən kiçik kitabçalar halında nəşr olunub); b) gündəlik məsələlərə - yeməyə, içməyə, geyinməyə, yatmağa və sairə dair Peyğəmbərdən (s) rəvayət edilmiş zikrlər (belə zikrlərin yer aldığı ən münasib kitab “Müsəlmanı qoruyan (zikrlər)” (Hisn əl-Müslim) kitabıdır); v) Peyğəmbərdən (s) rəvayət olunan “sübhənallah”, “əstəğfirullah”, “lə iləhə illəllah”, “Allahu əkbər”, “əlhəmdulilləh” və digər zikrlər (bu kimi zikrlər haqqında “On zikr” adlı kitabçaya müraciət etmək olar).
Zikrin fəziləti və savabına gəlincə, Uca və Qüdrətli Allah buyurur: “Həqiqətən, Allah... onu çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!” (əl-Əhzab, 35).
“Bir dəfə Peyğəmbər (s) səhabələrindən soruşdu: “Əməllərinizin ən xeyirlisini, Allahın ən çox bəyəndiyini, dərəcələrin ən yüksəyini, qızıl və gümüş xərcləməkdən, düşmənlərinizlə qarşılaşıb siz onların, onların da sizin boyunlarınızı vurmasından daha xeyirlisini sizə söyləyimmi?” Səhabələri: “Bəli” deyə cavab verdilər. Allahın rəsulu (s) cavabında: “Bu, Allah təalanı zikr etmədir. Onu anmaq əməllərin ən üstünüdür” - deyə buyurdu”.
“Məlum günlərdə Allahın adını çəksinlər...” (əl-Həcc, 8) ayəsinə əsasən sözügedən günlərdə zikr etmək bəyənilən əməllərdəndir. Çünki islam alimlərinin əksəriyyətinə görə, ayədəki “məlum günlər” təbiri ilə “zülhiccənin ilk on günü” nəzərdə tutulur.
Peyğəmbərin (s) bir hədisindən deyilir: “Bu günlər və bu günlərdə edilən saleh əməllər qədər Allaha daha xoş gedəni yoxdur.Elə isə bu günlərdə “lə iləhə iləl-lah”, “Allahu əkbər” (təkbir gətirin) və “əlhəmduliləh” zikrlərini çox deyin!” Allahın rəsulu “Allahu əkbər” zikrini daha çox bu şəkildə deyərmiş: “Allahu əkbər, Allahu əkbər, lə iləhə illəl-lah, val-lahu əkbər! Allahu əkbər və lilləhil-həmd”. Təkbir gətirmək zülhiccə ayının birinci günündən başlayaraq sonuncu “təşriq” gününədək davam edir. Və ya Ərəfə günü sübh namazından etibarən sonuncu “təşriq” gününədək fərz namazlarından sonra deyilir. Peyğəmbərin (s) səhabələri məhz belə edirmişlər.
Altıncı, çoxlu dua etməkdir. Allahın dərgahındakı məqamı və fəzilətinə görə fərqlənən bu günlərdə edilən dualar qəbul olunar. Ancaq bu günlərin özündə belə, ayə və hədislərin bildirdiyi vaxtlarda: azandan sonra və namazlardan qabaq, səcdə zamanı, iftar əsnası, gecənin son üçdə biri və sairdə dua etmək daha yaxşıdır. Pak və Uca Allah buyurur: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!” (Ğafir, 60).
Peyğəmbər (s) deyib: “Dua ibadətin özüdür”.
Yeddinci, çoxlu əlavə namaz qılmaqdır. Qüdsi bir hədisdə Allah Təala buyurur: “Qulum əlavə ibadətlərlə, saleh əməllərlə mənə yaxınlaşdıqca onu sevərəm”.
Bu növ namazlar çoxdur. Buraya müntəzəm olmayan sünnə namazları (ikindi və yatsı namazlarından qabaqkı iki rükətlik sünnə namazı), züha namazı (“Hər gün sizin bədəninizdəki hər bir oynaq üçün bir sədəqə verməyiniz gərəkdir. Hər təsbih (“subhənallah” demək) bir sədəqədir. Hər təhmid (“əlhəmdulilləh” demək) bir sədəqədir. Hər bir təhlil (“lə iləhə illəllah” demək) bir sədəqədir. Yaxşılığa çağırma bir sədəqə, pisliklərdən çəkindirmə də bir sədəqədir. İki rükətlik züha namazını qılan isə bunları etmiş kimidir” hədisini xatırlayın), ehtiyac zamanı və secim qarşısında qılınan namazlar (hacə və istixarə namazları), təsbih, tövbə və işraq namazları daxildir. Bütün bu namazlara dair pak Sünnədə hədsiz məlumat vardır.
Səkkizinci, gecə namazına xüsusi diqqət ayırmaqdır. Bu, sünnə (nafilə) namazlarından sayılsa da fərz namazlardan sonra ən fəzilətli namazdır. Bu barədə Peyğəmbər (s) deyib: “Fərz buyurulan namazlardan sonra ən fəzilətli namaz gecə namazıdır”.
Bu namazın əhəmiyyəti, fəziləti və çoxlu savabı vardır. Allahın rəsulu (s) bu barədə hədislərinin birində deyib: “Gecə namazını qılın. Həqiqətən, bu namaz sizdən qabaqkı əməlisalehlərin bağlandığı əməl idi. O, sizi rəbbinizə yaxınlaşdırar, günahlara kəffarə olar, pis əməllərdən çəkindirər, bədəndən xəstəliyi dəf edər”.
İbn Abbas ® həmişə belə tövsiyə edərdi: “On günün gecələrində lampalarınızı söndürməyin”.
Doqquzuncu, çoxlu sədəqə verməkdir. Uca Rəbb buyurur: “Həqiqətən, Allah məhz... sədəqə verən kişilər və qadınlar... üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!” (əl-Əhzab, 35).
Peyğəmbərin (s) hədislərinin birində oxuyuruq: “Sədəqə verməklə var-dövlət azalmaz”.
Başqa bir hədisdə isə deyilir: “Su odu söndürdüyü kimi, sədəqə də xətaları aradan qaldırar”.
Onuncu, yaxşı işləri, saleh əməlləri artırmaqdır: Bu, ən əhatəli, fəzilətli ibadət növlərindən biri olub Allaha yaxınlaşmaq üçün gözəl vasitədir. Ola bilsin ki, bu, yuxarıda sadaladığımız ibadət növlərini savab baxımından üstələsin. Qurani-Kərimdə deyilir: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” (ən-Nəhl, 97).
Saleh əməllər çoxdur. Məsələn, Allaha dəvət, insanlara xeyirxahlığı, xeyir olan hər bir şeyi öyrətmək, onlara kömək etmək, ehtiyaclarını təmin etmək, problemlərini həll etmək, onları islah etmək, onlara əziyyət verməmək, onlarla xeyirdə əlbir olmaq, möhtacları sevindirmək, onlara dua etmək, tövsiyə vermək, sevinclərinə, kədərlərinə şərik olmaq və sair gözəl və cəmiyyətə faydası dəyən işlər buraya daxildir. “Ən xeyirxah insan başqalarına xeyri dəyəndir” deyən Peyğəmbər (s) nə qədər haqlıdır!
Sonda bir şeyi qeyd etmək istərdik ki, sadalananların hər birinə öz imkan və qabiliyyətlərimiz çərçivəsində əməl etməyimiz olduqca zəruridir. Bu səbəbdən Allah üçün qollarımızı çırmalamalı, “...yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın)...” (əl-Maidə, 148) ayəsində də bildirildiyi kimi, xeyir işlər görməyə tələsməliyik. Bəli, bu günlər fəzilətli günlərdir. Elə isə qoy, mömin olanlar “Qoy yarışanlar onun üçün yarışsınlar!” (əl-Mutəffifun, 26) ayəsini əldə şüar edərək, bu mübarək günlərdə öz aralarında yarışsınlar! Bununla da onlar Allahın rizasını qazanmaqla dünyada və axirətdə uğur əldə edəcək, ən uca məqama – Cənnətə layiq görüləcəklər!
Aləmlərin rəbbi olan Allaha şükr olsun! Allah qəbul etsin!