Bir dəfə Peyğəmbərimizdən (s.a.s) soruşmuşdular “Mömin qorxaq ola bilərmi? Dedi: Bəli. Dedilər: Mömin paxıl ola bilərmi? Dedi: Bəli. Dedilər: Mömin yalançı ola bilərmi? Dedi: Xeyr”
Peyğəmbərimiz (s.a.s) o səhabənin suallarına cavab verərkən, ümmətinə böyük və çox önəmli bir məlumatı çatdırmaq istəyib. Əlbəttə müsəlman, mömin bəndəyə nə qorxaq olmaq, nə paxıl olmaq, nə də bunun kimi bəyənilməyən xüsusiyyətlərə sahib olmaq yaraşmaz. Həm Peyğəmbərimiz də (s.a.s) möminin paxıl və ya qorxaq olmasını istəməyib, burada sadəcə önəmli məsələ, insanda ola biləcək bəyənilməyən əxlaqi xüsusiyyətlərin müqayisəsi vurğulanıb. Yəni mömin kəs mal-dövləti, pul-paranı o qədər sevə bilər ki, həddini aşaraq paxıllıq edə bilər. Bir çox hallarda da qorxduğu şeylər də ola bilər həyatda. Ola bilsin bu, onun imanının zəifliyindəndir. Amma mömin bəndə yalan danışa bilməz, yalan danışmamalı, yalançı olmamalıdır. İkisindən biri olmalıdır, ya mömin olmalıdır, ya da yalançı.
Yalan danışmaq bütün millətlərdə, hər yerdə və hər ölkədə pis xüsusiyyət kimi tanınır. Özünə və hamıya hörmət edən şəxs heç bir zaman yalanı qəbul edə bilməz.
Bu mövzumuzda biz yalan danışmaq və onun pis nəticələri haqqında müfəssəl olaraq yazmaq niyyətində deyilik. Yalan danışmaq mövzusu çox uzun olacaqdır. Niyə olmaz?! Nə vaxt olar?! Günahı nədir və s. Sadəcə xatırlatmaq istədik ki, müsəlman ölkələrində də - çox təəssüf – “yalan danışmaq günü” nü qeyd etmək kimi pis bir adət yayılmışdır. İnsanlar bundan xoşlanırlar. Kİmsə etiraz etsə belə inciyirlər və hətta həmin insanı axmaq da sayırlar.
İldə bir dəfə yalan danışmaq, xoş zarafat kimi yola verməkdə nə qəbahət var ki?! Bəli, belə bir sualı bizə də verə bilərlər və ya şeytan öz beynimizə da sala bilər. Bəs Peyğəmbərimz (s.a.s) öz hədislərindən birində bizə bildirmişdir axı “...bəndə o qədər yalan danışar ki, sonunda Allah qatında yalançılar sırasına yazılar.” Bir də siz münafiqin əsas xüsusiyyətlərini bilirsinizmi?! Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan hədisi xatırladaq: “Münafiqin üç xisləti vardır (üç şeydən tanınar). Danışdısa yalan deyər, vəd etdisə, sözünü tutmaz, əmanətə xəyanət edər.”
Sonunda bir şeyi qeyd edək. Kimlərdənsə, hansısa millətlərdənsə bizə gəlib çatan bu “1 aprel-aldatma” gününü qeyd etmək artıq adət şəklini alıbdır. Nədənsə bu gün gələndə bəzi insanlar çox sevinirlər. Bu adəti heç tərk edə bilməyənlər, daim adət-ənənəyə uyğun hər il maksimum sayda adam aldatmağı xoşlayanlar, buna səy göstərənlər var. Onlar bəlkə də bilmirlər bu adət kimdən, haradan və necə gəlib, amma bu xüsusiyyəti heç unutmurlar. Bizə ən gözəl nümunə və örnək, Peyğəmbərimiz Məhəmməddir (s.a.s). Zarafat etsə belə yalan danışmazdı. Onun (s.a.s) xüsusiyyətlərini, sünnətini, gözəl əxlaqını davam etdirmək yerinə, mənasız adətləri davam etdirmək müsəlman şəxsə ar deyilmi?