Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19632 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16750 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13831 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9578 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9102 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Oktyabr » 1 » YAXŞILIĞI ƏMR ETMƏK VƏ PİSLİKDƏN ÇƏKİNDİRMƏYİN HÖKMÜ
    YAXŞILIĞI ƏMR ETMƏK VƏ PİSLİKDƏN ÇƏKİNDİRMƏYİN HÖKMÜ
    08:08

    Allahu Təalə deyir: “Qoy sizin içinizdən xeyrə çağıran, yaxşı işləri görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.” (Ali-İmran, 104)
    Allahu Təalə bir başqa ayədə deyir: “İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olduqlarına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi. Onlar bir-birilərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!” (əl-Maidə, 78-79)
    Bu ayələr yaxşılığı əmr edib, pis əməlləri qadağan etməyin vacib olduğuna açıq-aydın dəlildir. Bu barədə peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – sünnəsində də qəti dəlillər gəlmişdir. Muslim “əs-Sahih”də Əbu Said əl-Xudri’dən – radiyallahu anhu – rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Sizdən biriniz bir münkər görsə onu əli ilə dəyişdirsin! Əgər bacarmasa dili ilə desin! Əgər bunu da bacarmazsa qoy qəlbi ilə etsin! Bu, imanın ən zəif dərəcəsidir.”[2]
    Cərir əl-Bəcəli – radiyallahu anhu – peyğəmbərdən – salləllahu aleyhi va səlləm – belə eşitdiyini rəvayət edir: “Bir kimsə bir qövm içində olub aralarında günah işləyərsə, onlar isə onu dəyişdirməyə qadir olsalar, lakin onu dəyişdirməzlərsə, ölmədən əvvəl Allah onları bir əzaba düçar edər.”[3]
    İbn Həzm əl-Əndəlusi əz-Zahiri – rahiməhullah – deyir: “Yaxşılığı əmr etməyin, pis əməlləri qadağan etməyin vacib olmasında ümmətin hamısı ittifaq etmişdir.”[4]
    Əbu Bəkr əl-Cəssas əl-Hənəfi – rahiməhullah – deyir: “Allahu Təalə yaxşılığı əmr edib, pis əməlləri qadağan etməyin fərz olduğunu Kitabının bir çox yerində vurğulamışdır. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – ondan rəvayət olunan mütəvatir xəbərlərdə bunu bəyan edib. Sələf və ayrı-ayrı ölkələrin fəqihləri bunun vacibliyində icma ediblər.”[5]
    İmam ən-Nəvəvi əş-Şafi – rahiməhullah – deyir: “Yaxşılığı əmr etməyin və pis əməlləri qadağan etməyin vacib olmasında Quran, Sünnət və ümmətin icması bir-birini dəstəkləməkdədir. Bu, həm də din olaraq bilinən nəsihətdir.”[6]
    Alləmə Muhamməd bin Əli əş-Şəvkani – rahiməhullah deyir ki, “bunun vacib olmasında ümmətin ilk alimlərindən tutmuş sonrakı alimlərinə qədər hamısı icma etmişdir və bunda hər hansı bir ixtilafın olduğu bilinmir.”[7]
    Məşhur usul alimi İmamul-Harameyn əl-Cuveyni – rahiməhullah – bu barədə icma nəql etmiş və müxaliflərlə münaqişə edərək demişdir ki, “müsəlmanlar – müxaliflər ortaya çıxmamışdan əvvəl – yaxşılığı əmr edib, pis əməlləri qadağan edərək bir-birilərinə tövsiyə etməyin və gücü çatdığı halda bu işi tərk edəni qinamağın vacibliyi barədə icma ediblər.”[8]
    Təqdim etdiyimiz bütün bu dəlillər işin əzəmətini və əhəmiyyətini göstərməkdədir. Alimlərimiz – Allah hamısına rəhm etsin! – xatırladırlar ki, bu fərzi tərk etdiklərinə görə Allah daha əvvəlki ümmətləri həlak etmişdir.
    Lakin alimlər bu işin hər bir müsəlman fərdə yoxsa alimlərə vacib olması barəsində ixtilaf ediblər. Onların bu ixtilafını zikr etmədən əvvəl onların icma etdikləri məqamlara toxunaq.
    Birinci: Qəlb ilə inkar etmək hər bir müsəlmana vacibdir. Əgər əli və dili ilə islah etmək mümkün deyilsə, pis əməlləri qəlbi ilə inkar etmək hər bir fərdə vacib olur. Şeyxul-İslam İbn Teymiyyə - rahiməhullah – deyir: “Bu, bəzən qəlb, bəzən dil və bəzən də əl ilə edilməli olur. Qəlbə gəldikdə bu, istənilən halda vacibdir, çünki qəlb ilə inkar etməkdə heç bir zərər ola bilməz və kim münkəri qəlbi ilə inkar etməzsə mömin deyildir, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Bu, ən əşağı – və ya ən zəif – dərəcədir.”[9] Anladığımız kimi qəlb ilə münkəri inkar etmək hər bir müsəlman fərdə vacibdir.
    İkinci: Vəzifə və məsuliyyət sahiblərinin hər birinə fərdi olaraq münkəri inkar etmək vacibdir. Vəzifə və məsuliyyət dedikdə bununla əhatə dairəsi geniş olan bir mənanı qəsd edirik. Ərin öz xanımına, atanın öz uşağına, şirkət və müəssisə sahiblərinin öz işçiləri üzərində belə bir məsuliyyəti vardır. Əgər ər zövcəsini, ata isə uşağını münkər üzərində görərsə ona bunu qadağan etməsi vacibdir. ən-Nəvəvi – rahiməhullah – deyir: “Əgər yalnız onun bildiyi müəyyən bir sahə ilə bağlı olarsa və ya yalnız onun aradan qaldırmağa gücü çatacağı bir iş olarsa və ya zövcəsini, ya da övladını, ya da qulunu bir münkər iş və ya vacib işlərdə naqislik üzərində görərsə həmin şəxsə bu, fərdi olaraq vacib olur.”[10]
    Üçüncü: Əgər münkəri ondan başqa heç kəs görməzsə və heç kəs bilməzsə və o, münkəri qadağan etmək üçün bütün şərtlər tamamlanıbsa – və o, şərtlərdən biri də münkəri aradan qaldırmaq qüdrətinin olmasıdır – o zaman münkəri dəyişməsi lazımdır və onun haqqında bu iş fərzu-ayn olur.
    Bu üç məsələdə alimlərin hamısı ittifaq edir. Ümumiyyətlə daha əvvəl qeyd etdiyimiz kimi alimlər bu işin, yəni yaxşılığı əmr edib pis əməlləri qadağan etməyin vacib olmasında ittifaq edirlər. Onların ixtilafı bu vacibliyin növü ilə əlaqədardır; bu, vərzu-ayn yoxsa fərzu-kifayədir? Alimlər bu məsələdə iki varianta uyğun olaraq iki qrupa bölünürlər.
    Birinci qrup: Alimlərin cumhuruna görə, yəni əksəriyyətinə görə bu iş fərzu-kifayə’dir, çünki onlar deyirlər ki, Allahu Təalə “Qoy sizin içinizdən xeyrə çağıran, yaxşı işləri görməyi buyuran və pis əməlləri qadağan edən edən bir camaat çıxsın“ deyərkən bunu insanların hamısına deyil, bir hissəsinə aid etmişdir. Bu alimlər ümmətin böyük bir hissəsini təmsil edir, hətta bəziləri bu məsələdə ittifaqa yaxın bir şey nəql etmişdir. Şeyx Mahmud əl-Alusi əl-Bağdadi – rahiməhullah – deyir: “Yaxşılığı əmr etməyin və pis əməli qadağan etməyin fərzu-kifayə olmasında alimlər ittifaq ediblər, az sayda alimdən başqa heç kəs bunda fərqli görüşdə olmamışdır.”[11]
    İmam əl-Qurtubi – rahiməhullah – deyir: “Daha əvvəl bu surədə yaxşılığı əmr etmək və pis əməli qadağan etmək haqqında danışdıq və Allahın “minkum” sözündəki “min” şəkilçisi ümmətin bir hissəsini ümumi saydan ayırmaq üçündür. Bunun mənası budur ki, əmr edənlərin alimlər olması vacibdir və insanların hamısı alim deyildir. Alimlərdən bəziləri buradakı “min” şəkilçisinin cinsi bəyan etmək növündən olduğunu demişlər, o zaman mənası “sizin hamınız belə olun” şəklində olacaqdır. Deyirəm: Birinci görüş daha doğrudur, beləki bu, dəlalət edir ki, yaxşılığı əmr edib pisliyi qadağan etmək fərzu-kifayə’dir.”[12] Bu sözləri ilə Alləmə əl-Qurtubi məsələdə ixtilafın olduğuna işarə edir.[13]
    İkinci qrup: Bu, az sayda alimin görüşüdür və onlar deyirlər ki, bu iş hər bir müsəlman fərdə vacibdir. Qurandakı ayəyə gəldikdə isə daha əvvəl İmam əl-Qurtubi’nin işarə etdiyi kimi ikinci qrupa aid olan alimlər oradakı “min” şəkilçisinin “cinsi bəyan etmək” üçün gəldiyini deyirlər. Yəni onlara görə “sizin içinizdən” sözü sizin bir hissəniz deyil sizlərdən, yəni müsəlmanlardan olan bir qrup anlamındadır. Bu az saylı alimlərdən biri də əl-Hafiz İbn Kəsir’dir və o, bu ayənin təfsirində deyir: “Bu ayənin məqsədi budur ki, ümmətin hər bir fərdi üçün bu iş ayrı-ayrılıqda öz həddində vacib olsa da ümmətdən bir qrup bu işi (xüsusilə) öhdəliyinə götürməlidir, necəki Muslim’in “əs-Sahih” əsərində Əbu Said əl-Xudri’dən sabit olmuşdur: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Sizdən kim bir münkər görsə onu dəyişdirsin!”[14] Sonra bu işin hər bir fərd üçün ayrılıqda fərz olduğunu isbat edən dəlillər gətirmişdir.
    Bütün bunlar bu işin necə də əhəmiyyətli olduğunu bizlərə öyrədir. Heç bir halda bu işi tərk etmək halal olmaz, əksinə bu işi tərk etmək Allahın qəzəbinə hədəf olmaqdır. Alləmə Muhamməd əş-Şəvkani “əd-Dəva’ul-Acil li Dəf’i əl-Aduvvis-Sail” adlı risaləsində deyir: “Yaxşılığı əmr edib pis əməli qadağan etmək işini bacaran biri bu işi tərk edərsə, Allahın hüccətini yerinə yetirməzsə və onu Allahın qullarına təbliğ etməzsə, o zaman onların Allaha – Subhənəhu – qarşı etdiyi bütün günahlarına şərik olur, onlardan əvvəl tezləşdirilmiş və ya gecikdirilmiş bir cəzaya layiq olur. Necəki Musanın – aleyhissələm - davamçılarının şənbə gününün hörmətini pozmaları haqqında Allahın bizə anlatdığı hekayədə gəlir ki, Allahu Təalə yaxşılığı ərm edib pis əməlləri qadağan etməyi tərk etmişləri əzabının qəzəbi ilə vurdu, onları meymunlara və donuzlara çevirdi. Halbuki onlar həddi aşaraq günah işləyənlərin etdikləri günahlardan bir şey etməmişdilər, lakin onları hüccəti çatdırmaqdan susmuşdular və onlara əmr olunmuş “əl-əmru bil-məruf van-nəhyu anil-munkər” işini tərk etmişdilər.”[15]
    Bütün bunları bildikdən sonra ortadakı şübhələrə bir aydınlıq gətirməyə çalışaq!

    Şübhələr və cavabları

    “Bizə əmr olunanların hamısını özümüz yerinə yetirmədiyimiz üçün və qadağan olunan şeylərin hamısından özümüz uzaq durmadığımız üçün özümüzlə məşğul olmağımız vacibdir, başqalarına yaxşılıq əmr etmək, onlara pis əməlləri qadağan etmək bizə layiq deyildir!” Bu, birinci şübhədir və ən geniş yayılmış olan da bu şübhədir. Biz inşəAllah bu şübhəyə bir neçə yöndən cavab verə bilərik, lakin tövfiq Allahdandır!
    Onlar bu məsələdə əsasən Qurandakı bir neçə ayəyə əsaslanırlar. Onların bu şübhələrində əsaslandıqları birinci ayə Allahu Təalənin bu sözləridir: “Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüzü unudursunuz? Məgər anlamırsınız?”
    Ayələr onların şübhələrini dəstəkləmir
    Bu mübarək ayə ilə Allahu Təalə onların özləri etmədiyi halda başqalarına yaxşılıq əmr etmələrini və pis əməlləri qadağan etmələrini qınamır. Belə bir anlayış yanlışdır. Allah – Azzə və Cəllə - onları, başqalarına əmr etdikləri halda özlərinin bunu tərk etmələrinə görə qınamışdır. əl-Hafiz İbn Kəsir – rahiməhullah – deyir: “Burada məqsəd budur ki, Allahu Təalə onları bu işlərinə görə qınamış və onların öz nəfslərinə nisbətdə etdikləri xətalarına diqqət çəkmişdir, beləki xeyir işləri əmr edər, lakin özləri əməl etməzdilər. Ayədəki murad onların özlərinin yaxşılığı tərk etmələri ilə birlikdə başqalarına yaxşılığı əmr etmələrini qınamaq deyildir, əksinə onların özlərinin bu yaxşı əməlləri tərk etmələrinə görə qınamışdır, çünki yaxşılığı əmr etmək özü də bir xeyir işdir və bu, alimlərə vacibdir. Lakin alimə bunu əmr etməklə bərabər özünün də bunu etməsi vacibdir və daha uyğundur və onlardan geri qalmamalıdır. Necəki Şueyb – aleyhissələm – demişdi: “Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Ona təvəkkül edir və yalnız Ona üz tuturam.” (Hud, 88)”[16] Gördüyümüz kimi ayədəki murad şübhə sahiblərinin düşündüyü kimi deyildir. İmam Əbu Abdilləh əl-Qurtubi – rahiməhullah – bu ayənin nazil olma səbəbi haqqında danışarkən deyir: “Təfsir alimlərinin görüşünə görə ayənin hədəfi yəhudi alimləridir. İbn Abbas deyir: Mədinənin yəhudilərindən biri öz qaynına və öz qohumuna və müsəlmanlarla onun arasında bir razılığın olduğu kəslərə deyərdi ki, “getdiyin yolda və bu kişinin – bununla Muhammədi – salləllahu aleyhi va səlləm – qəsd edirdilər - əmr etdiyi işdə sabit ol, çünki onun dedikləri haqdır.” İnsanlara bunu əmr edərdilər, lakin özləri əməl etməzdilər. Yenə İbn Abbas’dan rəvayət olunur: Yəhudi hahamları öz muqallidlərinə və davamçılarına Tövrata tabe olmağı əmr edərdilər, lakin özləri Muhammədin – salləllahu aleyhi va səlləm – (Tövratda qeyd olunmuş) vəsfini inkar edərək onlara müxalif idilər.”[17]
    əl-Qurtubi daha sonra şübhə sahiblərinin şübhələrini dəf edərək deyir: “Bil ki, - Allahu Təalə səni müvəffəq etsin! - ayədəki tənqid xeyir əməli əmr etməyə görə deyil xeyir əməli tərk etməyə görədir.”[18]
    İki vacibdən birini tərk etmək digərini tərk etmək üçün üzr deyildir
    Burada çox qəribə bir hal ilə qarşılaşırıq. Müsəlman bir günah işlərsə artıq ona vacib olan bir şeyə əməl etməmişdir, yəni günahdan uzaq durması vacib idi və bunu etmədi. Hələ bu yetməzmiş kimi bu günahını bəhanə gətirib digər vacibi də tərk edir. Digər vacib isə başqasını o günahdan çəkindirməkdir. Doğrudur ki, elm əhlindən bəziləri yuxarıda zikr olunmuş ayəni dəlil gətiriblər. əl-Hafiz İbn Kəsir onların bu ayəni dəlil gətirmələrinə etiraz etmiş və bunun zəif olduğunu vurğulamışdır. İbn Kəsir bu ayəni şübhələrinə dəlil gətirmələrinə cavab olaraq deyir: “Yaxşılığı həm əmr etmək, həm də ona əməl etmək vacibdir. Sələf və xələfin alimlərinin görüşləri içində ən səhih görüşə görə onlardan birinin tərk olması ilə ikincisinin vacibliyi qüvvədən düşməz. Alimlərdən bəziləri isə bu görüşdədirlər ki, bir günah işləyən kəs başqasına həmin günahı qadağan edə bilməz və bu, zəif bir görüşdür. Bundan da zəif isə onların bu ayəni dəlil kimi istifadə etmələridir, çünki onların bu görüşləri üçün bu ayədə heç bir hüccət yoxdur. Doğru görüş budur ki, alim özü etməsə belə yaxşı əməlləri əmr etməlidir, özü günah işləsə belə başqalarına o günahları qadağan etməlidir.”[19]
    İmam ən-Nəvəvi – rahiməhullah – deyir: “Alimlər deyir: “Yaxşılığı əmr etməkdə və pislikdən çəkindirməkdə insanın özünün halının kamil olması, əmr etdiyini özünün də yerinə yetirməsi və qadağan etdiyindən özünün də uzaq olması şərt deyildir. Əmr etdiyi şeyə özü də riayət etməsə belə həmin şeyi əmr etməsi lazımdır, həmçinin qadağan etdiyi şeyə özü də bulaşsa belə yenə həmin şeyi qadağan etməsi lazımdır, çünki onun üzərinə iki şey vacibdir: Birinci öz nəfsinə əmr etmək və öz nəfsinə qadağan etmək vacibdir. Həmçinin başqalarına da əmr etməsi və onları qadağan etməsi vacibdir. Əgər bu ikisindən birində naqislik edərsə, ikinci vacibdə naqislik etməsi necə mübah ola bilər?!”[20]
    İmam Əbu Bəkr əl-Cəssas – rahiməhullah – deyir: “Bu işə (yəni yaxşılığı əmr edib pis işləri qadağan etmək işinə) həmişə riayət etmək həm saleh, həm də facir kəslərə vacibdir, çünki insanın fərzlərdən bəzilərini tərk etməsi digər fərzlərin onun üzərindəki vacibliyini qüvvədən salmır. Məgər namazı tərk etməsi ilə oruc və digər ibadətlərin onun boynundan düşmədiyini görmürsənmi?! Eləcədə kim digər xeyir əməlləri etməzsə, digər münkər işləri etməkdən əl çəkməzsə, yenə də yaxşılığı əmr etmək və pis əməlləri qadağan etmək kimi fərz olan bir əməl onun boynundan düşməz.”[21]
    Bu şübhələrə tabe olmaq islahın aradan qalxması deməkdir
    Bu şübhələrə tabe olmaqla ortada islah işlərinə heç bir zəmin qalmır. Çünki günahsız insan yoxdur və əgər hər kəs öz günahının vicdanı ilə hərəkət edərsə, başqalarına günahı qadağan etməzsə, o zaman cəmiyyətdə islah olmaz.
    “Malik, şeyxi Rabia bin Abdir-Rahmən’dən rəvayət edir: Said bin Cubeyr’i ona belə deyərkən eşitdim: “İnsan yaxşılığı əmr etməzsə, pis əməlləri qadağan etməzsə və bunu yalnız heç bir eybin olmayacağı halda edəcək olsa, o zaman heç kəs yaxşılığı əmr etməz və pis əməlləri qadağan etməzdi.” Malik dedi: “Doğru söyləmişdir! Axı eybi olmayan kim var ki?!”[22]
    “əl-Həsən (radiyallahu anhu) Mutarrif bin Abdillah’a dedi: “Dostlarına vaaz et! (nəsihət et!)” Dedi: “Özümün etmədiyim bir şeyi onlara deməkdən qorxuram!” (əl-Həsən) dedi: “Allah sən rəhm etsin! Bizim hansımız dediyinə əməl edir?! Şeytan isə ümüd edir ki, bununla (bu şübhə) ilə zəfər çalsın və beləliklə heç kəs xeyri əmr etməz və pis əməlləri qadağan etməz.”[23]
    Bunu İmam ət-Tabəri izah edərək deyir: “Lakin “yalnız eybi olmayan bir kimsə yaxşılığı əmr edə bilər” deyən kəslərin sözünə gəldikdə isə, əgər bununla belə bir insanın yaxşılığı əmr etmək üçün daha münasib olduğunu qəsd edirsə bu, gözəl bir sözdür. Əks təqdirdə belə bir şey yaxşılığı əmr etməyin yolunu bağlamağı tələb edir.”[24]
    Bu ayələrin əsas məqsədi nədir?
    İmam əl-Qurtubi ayənin əsas mahiyyəti haqqında danışaraq deyir: “Deyirəm: Səhih hədis və ayənin ləfzləri ona dəlalət edir ki, nəyin xeyir, nəyin münkər olduğunu və bunlardan hər birinə nisbətdə vəzifəsinin nədən ibarət olduğunu bilən kimsənin aqibəti bunları bilməyən kimsənin aqibətindən şiddətlidir, çünki belə biri Allahın haram buyurduğu işləri dəyərsiz sayan, Onun hökmlərinə əhəmiyyət verməyən kimidir. O, öz elmindən faydalanmayan kimsələrdəndir. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – deyir: “Qiyamət günü ən şiddətli əzaba düçar olacaq kəs Allahın elmi ilə faydalandırmadığı alimdir.” Bunu İbn Macə “əs-Sünən”də[25] rəvayət etmişdir.”[26]
    Eləcədə İbn Kəsir – rahiməhullah – təfsirində deyir: “Deyirəm: Lakin o, bildiyi halda itaəti tərk etdiyinə görə və günah işlədiyinə görə və bəsirətlə bunları görməsinə baxmayaraq müxalif olduğuna görə qınanmışdır, çünki bilən biri ilə bilməyən kəs eyni deyildir. Buna görə də bu barədə təhdid edici hədislər gəlmişdir. Məsələn; İmam Əbul-Qasim ət-Tabərani “əl-Mucəm əl-Kəbir” kitabında deyir: Əhməd bin əl-Muallə əd-Diməşqi və əl-Həsən bin Əli əl-Mə’məri bizə rəvayət etdi; dedilər: bizə Hişam bin Ammar rəvayət etdi: bizə Əli bin Süleyman əl-Kəlbi rəvayət etdi: əl-Aməş bizə Əbu Təmimə əl-Huceymi’dən , o da Cundub bin Abdilləh’dən – radiyallahu anhu – rəvayət etdi: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “İnsanlara xeyri öyrədib özü onunla əməl etməyən alimin misalı insanlara işıq verdiyi halda özünü yandıran lampanın misalı kimidir.”[27]
    Buna əsasən anlayırıq ki, ayədə qəsd olunan xeyir işlərə əməl etməyin və günah işlərdən çəkinməyin əhəmiyyətini, əks halda cəzasının böyük olduğunu anlayan kəslərdir. Bu anlayışlarına baxmayaraq, bütün bunları bilməklərinə və insanlara nəsihət etməklərinə baxmayaraq özləri necə belə təhlükəli bir xətaya düşə bilirlər?!
    Ümid edirik ki, bu həqiqəti anlamısız və bu şübhələri qəlbinizdən silib atmısız. Allah sizi müvəffəq etsin!
    Rəbimizə həmd edirik! Muhammədə - salləllahu aleyhi va səlləm – və onun əshabına salam olsun!

    Samir Firdovsioğlu

    [1] əl-Bəqərə, 44
    [2] Muslim, 49
    [3] Əbu Davud, 4/510 (4339); İbn Macə, 2/1329; Əhməd, 4/366
    [4] İbn Həzm, “əl-Fəsl fil-Miləl val-Əhva van-Nihəl”, 4/171
    [5] əl-Cəssas, “Əhkəmul-Quran”, 2/592
    [6] ən-Nəvəvi, “Şərh Sahih Muslim”, 1/22; əl-Cuveyni’nin müxaliflərə rəddini nəql edir. Bax: “ər-Rauda”, 10/218
    [7] əş-Şəvkani, “əs-Seylul-Cərrar əl-Mutədəffiq alə Hədəiqil-Əzhar”, 4/586
    [8] Əbul-Məali əl-Cuveyni, “əl-İrşad ilə Qavati’il-Ədillə”, səh: 368; eləcədə bax: “Təfsirul-Mənar”, 4/27 - ...
    [9] İbn Teymiyyə, “Məcmu əl-Fətava”, 28/127-128
    [10] ən-Nəvəvi, “Şərh Sahih Muslim”, 2/23
    [11] Mahmud əl-Alusi, “Ruhul-Məani”, 4/21; Dar İhya ət-Turas əl-Arabi, Beyrut, Livan
    [12] əl-Qurtubi, “əl-Cami li Əhkamil-Quran”, 4/165
    [13] Bu barədə hər iki tərəfin dəlillərini geniş öyrənmək istəyən baxsın: İbnul-Arabi, “Əhkəmul-Quran”, 1/122; Şeyx Abdul-Qadir Audə, “ət-Təşri’ul-Cinəi”, 1/493; Muhamməd Raşid Rida, “Təfsirul-Mənar”, 4/34
    [14] “Təfsiru İbni Kəsir”, 2/75
    [15] əş-Şəvkani, “Məcmuatur-Rasəiliş-Şəvkani”, səh: 51
    [16] İbn Kəsir, “Təfsirul-Quranil-Azim”, 1/247; Daru Tibə nəşri, Sami bin Muhamməd əs-Sələmə’nin təhqiqi ilə
    [17] əl-Qurtubi, ”əl-Cami li Əhkamil-Quran”, 2/ 56; Muəssəsətur-Risalə, Abdullah ət-Turki’nin təhqiqi ilə
    [18] Eyni qaynaq.
    [19] ”Təfsirul-Quranil-Azim”, 1/247
    [20] ən-Nəvəvi, ”əl-Minhəc Şərh Sahihi Muslim bin əl-Həccəc”, 2/23
    [21] əl-Cəssas, ”Əhkəmul-Quran”, 2/33
    [22] əl-Ğazali, ”İhya Ulumid-Din”, 2/312-313; əl-Qurtubi, ”əl-Cami li Əhkamil-Quran”, 2/60; İbn Kəsir, “Təfsirul-Quranil-Azim”, 1/247
    [23] ”əl-Cami li Əhkamil-Quran”, 2/60
    [24] Bunu əl-Hafiz İbn Hacər ”Fəthul-Bari”də (13/53) nəql edir.
    [25] əl-Qurtubi’nin təfsirini təhqiq edənlər bu hədisi İbn Macə’nin “əs-Sünən” əsərində tapa bilmədiklərini deyirlər. Lakin bunu ət-Tabərani, İbn Adiy, əl-Qadai, əl-Beyhəqi və başqaları rəvayət edirlər. Sənədində Osman əl-Burri adlı ravi var. əl-Fəlləs onun haqqında deyir: “Saduqdur, lakin çoxlu xətaları var və bidət sahibidir.” Onu Əhməd, ən-Nəsai va əd-Dəraqutni zəif sayıblar.
    [26] “əl-Cami li Əhkamil-Quran”, 2/58
    [27] İbn Kəsir, ”Təfsirul-Quranil-Azim”, 1/247-248
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Muslimah_92 | Baxılıb: 644 | Tarix: 27.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Oktyabr 2012  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru