Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik.
Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Əziz müsəlmanlar! Bu yazıda televizorun insan həyatında törədə biləcək fəsadları haqqında məlumat vermək istəyirəm. Çünki günümüzdə qarşılaşdığımız böyük problemlərdən biri də budur. İlk öncə müsəlman özünü cahillərə oxşatmaqdan çəkindirməlidir və cahilliyə aparan bütün qapıları bağlamalıdır. Müsəlmanların özlərini cahillərə oxşatmalarının ən böyük səbəbl’rind’n biri də televizordur. Ən birinci öz vaxtını televizorun qarşısında keçirməyi sevən müsəlmanlara müraciət etmək və onlara Allah Təalənin kəlamını xatırlatmaq istərdim.
“Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır.” (Əl-İsra surəsi 36-cı ayə). Yəni, nəyə qulaq asırdınız, nəyə baxırdınız və nəyə etiqad edirdiniz? Xatırlatmaq məqsədi ilə televizordan gələn bir neçə zərəri sadalamaq istəyirəm. Bundan sonra hər kəs özlüyündə bunlara oxşar və daha ətraflı misallar çəkə bilər - Ən birinci məsələ ölkəmizdə və digər Avropa ölkələrində hal-hazırda fəaliyyət göstərən kanalların müsəlmanın dinini və cəmiyyətin əxlaqını oğurlamasıdır. Sual verə bilərsiniz ki, necə? Buna aid bir misal: Bir müsəlman əyləşib televizora baxır və eyni zamanda namazın vaxtıdır. Nəticədə televizora baxdığı üçün namazını təxirə salır. Və ya bu kəs televizora baxmağa davam edir, elə ki, reklam dəqiqələri verilir, sünnələri, zikrləri yerinə yetirmədən, xoruz buğda dənlədiyi kimi tələsik namazını qılıb tez televizorunqarşısına qayıdır. Biz oxumuz bunun şahidi olmuşuq. O ki, qaldı televizorun insanların əxlaqını korlamasına, bu barədə kifayət qədər danışmaq olar. Mindən bir telekanal olar ki, orada musiqi səsini eşitməyəsən. Baxılması haram olan o qədər şeylər var ki, bu ayrı bir mövzudur. Baxın görün insanlar cahillərə hansı məsələlərdə oxşamaq istəyirlər. Biz bilirik ki, təəccübləndikdə “Allahu Əkbər” demək sünnəyə uyğundur. Səhabələr, alimlər və adi müsəlmanlar öz aralarında nə isə bir iş gördükdə “inşəAllah”, “sübhanAllah” deyərdilər. Günümüzdə televizora baxan insanlarsa çox vaxt nə deyirlər? Bir müsəlman digərinə dedikdə ki, qardaş, gəl sabah görüşək. O biri cavabında “inşəAllah” yerinə “OK!” və ya “Oldu!” deyir. “SübhənAllah” yerinə “uau”, “uy dad” deyir. “Allahu Əkbər” yerinə, “oh my god” “boje moy” deməyi öyrəniblər. ”Əlhəmdulilləh” yerinə “yes!” deyirlər. “Vallahi, Billəhi” deyib and içməyi söyüş söyməklə, “sənöl”, “otveçayu” və s. sözlərlə əvəz ediblər. Elə düşünürəm ki, siz məndən də çox misallar gətirə bilərsiniz, çünki bunun şahidi olursunuz.
-İkinci məsələ televizorun insanların əxlaqını korlamasıdır. Demək olar ki, zəmanəmizdə bu fitnə hər bir evə daxil olub. Gündən günə televizorlar yenilənir və qiymətləri ucuzlaşır. Bu səbəbdən də nəinki hər bir evə, demək olar ki, hər bir otağa daxil olub. İnsan öz əli ilə bu fitnəyə pul verib onu evinə gətirir. Hətta uşaqların da otağına qoyur ki, baxsınlar. Bir sinif insanlar vardır ki, əgər küçədə onlarla rastlaşsaq nifrət edərək onlardan uzaqlaşarıq. Evlərimizə daxil olmağa izn vermərik. Televizor vasitəsilə onlar heç izn istəmədən belə evlərimizə daxil olurlar. Şeyxlərdən biri danışır ki, onun yanına Misirli bir kəs ağlaya-ağlaya gəlib sual verir ki, özünü öldürə bilər ya yox?! Səbəbini bildirəndə belə deyir ki, o, çox vaxt uşaqlarının otağındakı televizorun yanıq qalıb-qalmamasına fikir verməzdi və yatmağa gedərdi. Bir dəfə gecə yarısı yuxudan oyanır və onları yoxlamaq istəyir. Görür ki, uşaqları, bacı-qardaş ərlə arvad yatdığı kimi qucaqlaşıb yatırlar. Televizorda isə əxlaqsız film göstərilir. Bu insan intihar üçün şeyxdən izn istəyir və deyir ki, artıq yaşaya bilmir. Bizim vaxtımızda olan müsəlmanlardan kim özünə arxayındır və uşaqlarına görə zəmanət verir ki, onlar da günlərin bir günü bunu təkrarlamayacaqlar?
- Digər bir önəmli problem isə televizorun müsəlmanların əqidəsinə mənfi təsir göstərməsidir . Biz bilirik ki, “Vəla vəl bəra” “Allah üçün sevmək və nifrət etmək” deməkdir. Yəni dininə görə kafirə nifrət edilir, müsəlman isə sevilir. Günahkar müsəlman isə imanına görə sevilir, günahına görə isə yox. Televizor müsəlmanlarda “Vəla vəl bəra” əqidəsini yox edib. Buna misal olaraq deyək ki, bir müsəlman əyləşib döyüş janrında olan filmə baxır. Filmin əsas qəhrəmanı Rembo, Ceki Çan, Vandam, Cet Li, Brus Li və s. aktyorlardan biridir. Kimsə onu döyür, şkafa salır, ağaca vurur, stolun altında sürüyür. Ona baxan müsəlman “qəhrəmanının” halına elə acıyır ki, az qala ürəyi yerindən çıxsın. O vaxt ki, Vandam stolun altından ayağını çıxarıb rəqibinə bir zərbə endirir, ona baxan az qala sevincindən yerində atılıb düşsün. Bir çoxunuz bunun şahidi olmusunuz. Döyüş, komediya, hind kinolarına baxıb ağlayanlar da vardır. Bəlkə Allahın ayətlərini oxusa bu qədər təsirlənməz. Çünki o, ömrünü filmlərə həsr edib və onlarla yaşayır. Müsəlmanlardan gecənin son üçdə birinə qədər oyaq qalıb futbolu gözləyənlər də vardır. Unudurlar ki, həmin vaxt Güclü, Varlı, Yaradan və ehtiyacsız olan Allah onun kimi zəif, kasıb, aciz, birdamcı sudan yaranan məxluqun dualarını qəbul edir. Müsəlman isə buna etinasızlıqla yanaşır, üstəlik kafirlərin qol vurmasına, qələbə çalmasına da sevinir. -Televizor terrorizmin və zülmün artmasına da səbəbdir. Hətta uşaqlar üçün olan filmlərə baxsaq görərik ki, boş yerə qan axıtmaq, insanları öldürmək, şəhərləri və binaları partlatmaq, onları xarabalıqlara çevirmək adi bir iş olub. İnsan istər böyük, istərsə də kiçik yaşda olsun, bunları tez-tez gördükdə onun üçün bu iş adiləşir. Ölüm görməyən insanın qarşısında bir heyvan kəsəndə özünü itirir. Ölümü hər gün televizorda görən insanı isə maraqlandırmır ki, bu doğrudur ya yox və bu onun gözündə adiləşir. Az yaşlı uşaqlar arasında intiharların və dəhşətli cinayətlərin geniş yayılmasının əsas səbəbi bu cür kinoların olması danılmazdır. - Televizor insanlara aldatmağı və oğruluq etməyi də öyrədib. Məgər bunları insanlar televizordan öyənməyiblərmi? Şeyxlərdən biri danışır ki, bir gün ana evdən çıxarkən öz uşaqlarını otağa salır və otağın qapısını açarla bağlayır. Qayıtdıqda görür ki, uşaqlar otaqdan çıxıblar. Ana soruşur: “Siz oradan necə çıxdınız?” Belə cavab verirlər: “Biz bir vərəq götürüb qapının altından keçirdik. Sonra karandaşla açarı içəridən çölə sıxıb vərəqin üstünə saldıq. Vərəqi çəkib açarı götürdük və qapını açdıq.” Ana soruşur ki, bunları sizə kim öyrədib? Onlar:” Televizorda görmüşük” deyə cavab verdilər. Televizorda bankları necə yarmağı ətraflı göstərirlər. Dükanlardan necə oğruluq etməyi də öyrədirlər. Əvvəllər oğruluq edənin əl izlərini götürürdülər və bununla onu tapırdılar. İndi polislər əl izləri barədə bəlkə heç düşünmürlər də. Çünki əl izləri qoymadan cinayət etməyi və ya sonradan əl izlərini itirməyi televizor insanlara öyrədib.
“Toislam” saytından götürülüb tərcümə və əlavələr edilib. Tərcümə etdi: Elçin Quliyev