Allah – təala Qurani Kərimin Nisa surəsində: ”Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin haqq – hesabını çəkəndir” buyurur.
Gündəlik həyatımızda dinin gözəl təzahürlərindən biri salamlaşmadır. Bu, müsəlmanların tarix boyu peyğəmbərin sünnəsi ilə əməl edənlərin gündəlik həyatlarında tətbiq etdiyi əməllərdən biridir. Salam “salam verən ilə salam alan” arasında üstüörtülü müqavilə meydana gətirir. Bir kəsə salam verməklə həm də: “sənin malın, canın və namusun əmniyyət altındadır və məndən sənə heç bir ziyan gəlməz” demiş oluruq.
Salam kəlməsinin zəngin məna çalarları vardır: “Mərhəba” ifadəsi sülh, qurtuluş, təhlükəsizlik və əmin – amanlıq” mənalarını ehtiva edir. “Salam” kəlməsi bütün bu məna çalarları ilə yanaşı “İslam”ı, yəni Allaha təslim olmaq demək olan “müsəlman olma”nı da ifadə edir.
Qədim dinlərin və mədəniyyətlərin özünəməxsus salamlaşma üsulları olmuşdur. Ərəblər “Təhiyyət”dən törəmiş söz olaraq bir – birinə: “Hayyəkə Allah” deyərdilər. “Təhiyyət” həm mal – mülk sahibi olmağı, həm də uzun ömür sürməyi ifadə edir. Amma bu gözəl dilək olsa da, natamamdır. Çünki mal – mülk sahibi olmaq və ya uzun ömür sürmək hər zaman “xeyirli” olmaya bilər. Malın hansı yolla qazanıldığı, hara xərcləndiyi, ömrün necə yaşandığı və bir sıra məsələlər çox əhəmiyyətlidir. İslam dini ərəblərin salamlaşma üsulları çərçivəsində bir-birinə etdiyi diləkləri salamlaşma ilə dəyişmişdir. Çünki yuxarıda da qeyd olunduğu kimi, “salam” “İslam” sözü ilə eyni kökdən törəyən bir kəlmə olaraq “təhiyyət”lə ifadə edilən gözəl arzuları mənəvi və hüquqi zəminə oturdaraq davam etdirmişdir. Qeyd etmək lazımdır ki, “hər salam təhiyyətdir, amma hər təhiyyət salam deyildir”.
“Salam” Allahın gözəl atributlarından biridir. Biz bir – birimizə salam verərək əslində Allahın bir isminin aramızda təcəlli etməsini təmin etməyə səy göstərir, ruhən və fikrən ilahi rəhmətdə iştirak etmiş oluruq.
Peyğəmbərimiz (s) bir hədisində: “Aranızda salamı yayın” buyurmuş, digər bir hədisində isə: “Canım qüdrət əlində olan Allaha and olsun ki, siz iman etməsəniz cənnətə daxil ola bilməzsiniz. Bir – birinizi sevmədikcə də (tam mənası ilə) iman etmiş olmazsınız. Əməl etdiyiniz zaman sizi bir – birinizi sevdirəcək bir şeyi söyləyimmi? - Aranızda salamı yayın” – deyə bildirmişdir. Qeyd edək ki, salam vermək sünnət, salamı almaq isə fərzdir. Yürüyən oturana, kiçik böyüyə, miniklə olan piyadaya, sayları az olan çox olanlara salam verməlidir.
Salamın yayıılması eyni zamanda ictimai asayiş tələbinin ifadə edilməsi deməkdir. Zikrin qəlbin üzərində təsiri olduğu kimi, salam da bir zikr olduğu üçün insanın qəlbinə və davranışlarına təsir etmə qüvvəsinə malikdir. Hədisin ərəbcə mətnində “yayılma” kəlməsinin qarşılığı “ifşa” kəlməsidir. Bu bir növ insanın daxilindəki sülh, əmin – amanlıq, hüzur və Allah təslim olmanın izhar edilməsi, qarşıdakı insanı bundan pay sahibi etməsi deməkdir. Əgər cəmiyyətdə insanlar bir – birinə xoş diləklər diləsə, canlarının, mallarının və namuslarının təhlükəsizlikdə olduğunu elan etsələr aralarında etibar yaranar, düşmənçilik baş qaldırmaz. Salam, gözünü salamın geniş yayıldığı sosial mühitdə açan fərdi sülh, əmin – amanlıq və sevgi və təhlükəsizlik zəminində sosiallaşdırır, insanların bir-birini tanımasını təmin edir.
Qurani – Kərimdə iman edənlərin cənnətə daxil olması ilə bağlı gözəl mənzərə belə bildirilir: “Əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər: Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!”. Möminlər cənnətdə: “xeyir dua ilə, salamla”qarşılanacaq və oraya “sağ – salamatçılıqla və xatircəmliklə” daxil olacaqlar.