Urva bin Zubeyr yanında çox yaraşıqlı və ən gözəl üzlü oğlu Məhəmmədlə Valid bin Abdul-Məlikin yanına gəlmişdi. Valid: "Qüreyş gəncləri belə olurlar”- dedi və onlara nəzəri dəydi. Bundan sonra Məhəmməd bir gecə heç yatmadı və çıxıb heyvanların axuruna düşdü və heyvanlar onu öldürüncəyə qədər ayaqladılar. Daha sonra atası Urvanın ayağına bir yara çıxdı. Valid ona həkimlər göndərdi. Həkimlər müayinədən sonra: "Əgər ayağın kəsilməzsə, bütün bədəninə yayılar və ölərsən» - dedilər.
. Urva ayağının kəsilməsinə razı oldu. Həkimlər alətlə ayağını kəsməyə başlayıb sümüyə çatanda onun başı yastığa düşdü və bir saat huşsuz qaldıqdan sonra ayıldı. Üzündən tər axırdı, o isə təhlil və təkbir edirdi. Kəsilən ayağını əlinə alıb sağa-sola çevirdikdən sonra: "Məni səninlə daşıtdıran Allaha and edirəm ki, səninlə heç bir harama, heç bir günaha, Allahın razı olmadığı heç bir yerə getmədim”- dedi. Sonra bu ayağının yuyulub, ətirlənib, kəfənlənib, müsəlman qəbiristanlığında dəfn edilməsini xahiş etdi. Urva Mədinəyə gələndə dostları təziyə və başsağlığı üçün onun yanına gəldilər. O isə: "Bu yolçuluğumuz bir az yordu bizi” - deyib başqa bir şey söyləmədi. Sonra da: "Daha Mədinədə qala bilmərəm, çünki mən burada müsibətə gülənlərin və nemətə həsəd edənlərin arasındayam"- deyib, Aqiq adlanan yerdəki fermasına getdi. Daim orada qaldı. Fermaya qayıdanda ona İsa bin Təlha: "Sənə irad tutan nə pisdir! Zəhmət olmazsa, sənə gələn müsibətin yerini mənə göstər”- dedi. O da dizinə qədər açıb göstərdi. İsa ona dedi: "Vallahi, biz səni güləşçi kimi böyütməmişik. Allah-taala ağlın, dilin, gözün, əllərin və iki ayağından biri kimi vücudunun çoxunu sənə saxlamışdır, daha nə istəyirsən”- dedi. Urva: "Ey İsa! Sənin kimi heç kim mənə belə ürək-dirək vermədi”- dedi. Həkimlər onun ayağını kəsərkən ondan: "Ağrını hiss etməyəsən deyə sənə bir şey içirəkmi?» - soruşmuşlar. O da: "Allah-taala, Onun əmrinə qarşı çıxacağımı, səbrimi görmək üçün məni imtahan edir” - demiş və onları qəbul etməmişdir. Dəstəmaz alarkən o ayağını məsh edirdi.” İbn Əbi əd-Dünya, "əl-Mərad vəl-Kəffərat", 139, 141; "əs-Sabr", 154; Əbu Nəim, "Hilyətul-Övliya", 2/178; "əl-Mərufat vat-Tarix", 1/552, 553; əz-Zəhəbi, "Sira Aləm əl-Nubəla", 4/430, 431.
İbni Qeyyim Əl-Cevziyyə:"Səbir Edənlərin Azuqəsi Şükür Edənlərin Tədarükü" əsərindən