Şeyx, imam, şeyxul-islam Muvaffəqu’d-Din Əbu Muhamməd Abdullah bin Əhməd bin Muhamməd bin Qudaməti’bnu Miqdam bin Nasr əl-Maqdisi əl-Cəmmaili, sonra əd-Diməşqi əs-Salihi əl-Hənbəli, məşhur “əl-Muğni” kitabının sahibidir. Muvaffəqu’d-Din ibn Qudamə hicri 541-ci ildə şaban ayında Fələstinin Nablus bölgəsinin kəndlərindən olan Cəmmail adlı bir kənddə doğulmuşdur. On yaşı olarkən hicri 551-ci ildə ailəsi və qohumları ilə Dəməşqə köçürlər. Elm ilə ilk olaraq orada tanış olmuşdur, Quranı və hənbəli fiqhində “Muxtəsar əl-Xiraqi” kitabını hifz etmişdir. Şeyxləri yanında kitablar öyrənmiş və dərin fiqhə yiyələnmişdir. Gözəl xətt sahibi idi və elm dəryalarından, zəka nümunələrindən biri idi. Məşhur “Umdətul-Əhkam” kitabının sahibi əl-Hafiz Abdulğani bnu Abdulvahhab bin Əli əl-Maqdisi onun doğma dayısı oğludur və onunla birlikdə elm öyrəniblər. Dayısı oğlu daha çox hədisə, İbn Qudamə isə fiqh elminə maraq göstərmişdir. Qohumları bu iki gəncin marağını layiqincə dəyərləndirirlər və onlara bu elm yolunda çox dəstək olublar. Onların hər ikisi də hicri 561-ci ildə səfər edirlər və Bağdadda dörd ilə yaxın bir müddətdə qalırlar. İlk əvvəl hənbəli alimi, məşhur imam Abdulqadir bin Abdilləh əl-Ceylani’nin yanında dərs alırlar, əl-Ceylani onlara çox gözəl münasibət göstərir, lakin onların gəlişindən az sonra Şeyx əl-Ceylani vəfat etdir, bundan sonra hər ikisi də İbnu’l-Cəvzi’nin yanında yerləşirlər. Daha sonra hənbəlilərin şeyxi və muftisi Nasirud-Din Əbul-Fəth İbnul-Munə əl-Hənbəlinin yanında fiqh, xilaf və üsul elmini öyrənirlər. Hibbətullah bin əl-Həsən əd-Dəqqaq, Əbul-Fəth bin əl-Batti, Əbu Zura bin Tahir, Əhməd bin əl-Muqarrab, Əli bin Tacil-Qurra, Məamər bin əl-Fəxir, Əhməd bin Əhməd ər-Rahibi, Heydəra bin Ömər əl-Ələvi, Abdulvahid ibn əl-Hüseyn əl-Barizi, Xədicə ən-Nəhravaniyyə, Nəfisə əl-Bəzzazə, Şuhdə əl-Kətibə, əl-Mubarək bin Muhamməd əl-Badərai, Muhamməd bin Muhamməd ibnus-Səkən, Əbu Şucə Muhamməd bin əl-Hüseyn əl-Mədarai, Əbu Hənifə Muhamməd bin Ubeydullah əl-Xatibi və Yəhya bin Sabit kimi alimlərdən elm alıblar. Əli Əbul-Həsən Əli bin Asəkir’in yanında Quranın “Nafi” qiraətini, müəllimi Əbul-Fəth İbn Mənni’nin yanında isə “Əbu Amr” qiraətini öyrənir. Elm təhsilinin çoxunu müəllimi Əbul-Fəth İbn Mənni’nin yanında keçirmiş və ondan fiqhi dərindən öyrənmişdir, sonunda isə öz müasirlərini üstələyərək zamanında hənbəli məzhəbini öyrənmək üçün müraciət olunan ən üstün mənbə halına gəlmişdir. Dəməşqə qayıtdıqdan sonra bir daha 567-ci ildə İmədud-Din Əbu İshaq İbrahim bin Abdulvahid bin Əli əl-Maqdisi ilə birlikdə Bağdada geri dönmüş və hər ikisi də orada bir il qalmışdır. 573-cü ildə həcc edir və Məkkənin alimlərinin yanında dərs dinləyir. ən-Nasih bin əl-Hənbəli qeyd edir ki, İbn Qudamə 574-cü ildə həcc edir, sonra iraqlılar ilə birlikdə Bağdada gəlir. Orada bir il qalır və şeyxi, müəllimi Əbul-Fəth İbn Mənni’nin yanında biliklərini artırır, sonra Dəməşqə geri qayıdır və “əl-Muğni” kitabını yazmağa başlayır. İbn Qudamə zamanında Şamın alimi idi. Dərin elmi və yəqinliyi ilə birlikdə təqvalı, zahid, heybət və hörmət sahibi idi. Davranışlarında yumşaqlıq var idi, vaxtını elm və əməl ilə keçirərdi. Rəqiblərini dəlillər ilə susdurardı və bu zaman heç bir rahatsızlıq yaşamaz və sıxılmazdı, rəqibi isə qışqırar və narahatçılıq keçirərdi. əd-Diya əl-Maqdisi Muhamməd bin Abdilvahid deyir: “əl-Muvaffəq münazərə etdiyi hər bir kəsin üzünə gülümsəyərdi.” əz-Zəhəbi bu sözlərin üzərinə qeyd yazaraq deyir ki, müşahidə etdiklərimizin çoxu münazərə edərkən acıqlı davranırlar.” əl-Muvaffəq cümə namazından sonra münazərə üçün uzun zaman oturar və fəqihlər onun yanına toplanardı. Günortaya qədər dərs verərdi, zöhrdən sonra isə məğribə qədər dərs verərdi, bununla belə rahatsız olmazdı. Onun yanında kitab oxuyarlar və o, tələbələrinə nəhv oxutdurardı. Onu görən hər bir kəsin qəlbində sevgi təəssüratı qoyardı, hətta Sibt İbnul-Cəvzi deyir: “Onu görən kəs sanki bir səhabə görmüş kimi idi.” Sahib olduğu bir kənizi ona öz əxlaqı ilə əziyyət versə də o, kənizə heç bir şey söyləməzdi. İbnun-Nəccar deyir: “əl-Muvaffəq Dəməşq məscidində hənbəlilərin imamı idi. Etibarlı, höccət və alicənab biri idi, çoxlu fəzilət sahibi, xeyirxah, təqvalı abid bir kimsə idi və sələfin qanunu üzərində olmuşdur. Üzərində nur və hörmət var idi. İnsan sözünü eşitmədən əvvəl belə onu görməklə faydalanardı.” Əbul-Abbas İbn Teymiyyə deyir: “əl-Əvzai’dən sonra Şeyx əl-Muvaffəq’dən – rahiməhullah – daha fəqih heç kimsə Şama daxil olmamışdır.” Tələbələrindən olan əd-Diya əl-Maqdisi öz şeyxinin tərcümeyi-halını yazmışdır. Onun haqqında bunları deyir: “Çox gözəl əxlaqa sahib idi, onu az qala heç kəs təbəssümsüz görməzdi. Hekayələr danışar və zarafat edərdi. əl-Bəha’nı belə deyərkən eşitdim: “Onun yanında kitab oxuyarkən bizimlə zarafatlaşardı və bizimlə sərbəst davranardı. Bir dəfə onun yanında dərs alan uşaqlardan şikayət etdilər. Belə cavab verdi: “Onlar uşaqdır, oynamaqları təbii bir şeydir. Siz də onlar kimi olmusunuz.” Dünya əhli ilə dünya uğrunda yarışa çıxmazdı, az qala heç bir zaman şikayət etməzdi, halbuki bəlkə də başqasından daha çox ehtiyac içində yaşayardı.” Digər hənbəli alimi İbnul-Qayyim onu “qəbul edilməsində, təzim edilməsində və imamlığında islam tayfalarının ittifaq etdikləri Şeyxul-İslam Muvaffəqud-Din Əbu Muhamməd Abdullah bin Əhməd əl-Maqdisi”[1] deyərək bu gözəl sözlərlə vəsf etmişdir. Şihəbu’d-Din Əbu Şamə əl-Maqdisi, əl-Hafiz Zəkiyu’d-Din Əbu Muhamməd əl-Munziri, əl-Hafiz Diyau’d-Din Əbu Abdilləh əs-Sadi əl-Maqdisi, Muhibbu’d-Din Əbu Abdilləh ibnu’n-Nəccar kimi böyük alimlər onun yetişdirdiyi tələbələr olublar. Fiqh elmində “əl-Muğni”, “əl-Kafi”, əl-Uddə”, “əl-Umdə”, “əl-Muqni”, əqidədə “Lumatul-İtiqad”, “əl-Qadər”, “Zəmmut-Təvil”, “əl-Uluv”, usulul-fiqh elmində “Raudatun-Nazir”, Quran elmlərində “əl-Burhan fi Məsələtil-Quran” və digər bir çox kitabları ilə tanınmışdır. İbn Qudamə öz əmisi qızı Məryəm bint Əbi Bəkr bin Abdilləh bin Sad əl-Maqdisi ilə evlənmişdir. Ondan əl-Məcd İsa, Muhamməd, Yəhya, Safiyyə və Fatimə adlı beş övladı olmuşdur. Muhamməd və Yəhya o hələ yaşayarkən vəfat edir. Oğullarından yalnız İsa qalır, o isə özündən sonra iki oğul qoyur və hər ikisi də vəfat edir, bununla da İbn Qudamə’nin nəsəbi kəsilir. Hicri 573-cü ildə Səlahuddin’in səlibçilərə qarşı yürüşünə qoşulur və Qüdsün azad edilməsində qismən rolu olmuşdur. Hicri 620-ci ildə ramazan bayramı şənbə günü vəfat etmişdir.[2]
[1] İbnul-Qayyim, “İctimaul-Cuyuş əl-İsləmiyyə”,səh: 191 [2] İbn Qudamənin tərcümeyi- halı üçün bax: “Siyər Əaləm ən-Nubələ”, 22/165-173; “Şəzərat əz-Zəhəb”, 5/88-92; “əl-Bidayə ban-Nihayə”, 13/99-101; “Zeylu Tabəqatil-Hənəbilə li İbn Racəb”, 2/133-149; “əl-Muğni” kitabına təhqiq sahibinin yazdığı müqəddimə, 1/6-37