Məlum olduğu kimi İslamda iki bayram var. Ramazan və Qurban bayramları. Əslində bu iki bayram İslamın şüarı olan iki böyük hadisə ilə bağlıdır. Allah (c.c) kəlamını endirdiyi Qədr gecəsini və Ramazan ayını bütünlükdə zamanlar içindən seçib müqəddəs qılmışdır.
Və buna müqabil öz Kitabına, Onun nazil edildiyi gecəyə, O, gecənin mənsub olduğu Ramazan ayına xüsusi təzim, sayğı göstərməsini istəmişdir.
İnsanlara bu ayda başda oruc olmaqla bəzi xüsusi təzim və itaətləri yazmışdır. Hər il Ramazan gəldikdə yer üzü insanlarının böyük qismini təşkil edən müsəlmanların həyatında iqtisadiyyat, mənəviyyat, iş rejimi, bir sözlə bütün həyat dəyişir.
Nəhayət İslamın şüarı olan bu ay bitməklə onun yekunu olaraq dünya müsəlmanlarına ümumümmət bayramı keçirilməsi yazıldı. İkinci bayram olan Qurban bayramına gəldikdə buda digər böyük bir hadisə ilə bağlıdır. Əgər Ramazan bayramının ortaya çıxması Quranın nazil olduğu və seçilib müqəddəs qılındığı bir zamandan qaynaqlanırsa, Qurban bayramı əsasən müqəddəs məkan olan Məkkə və onunla bağlı hadisələrələ əlaqəlidir. Allah öz adətinə görə bu torpağı yer üzünün ən şərəfli məkanı seçməklə bərabər eyni zamanda su üzərində olan Kəbədən yer üzünü yuvarlayıb yaratmaqla bu məkanı yer üzünün mayası, mənbəyi qılmışdır.(İbnil-Əsir / Ən-Nihayə və Əl-Bidayə) Bundan əlavə Kəbənin yerləşdiyi Məkkəni üç əsas qitənin qovşağında yerləşdirib yer üzünü mərkəz nöqtəsi qılmış onu “Şəhərlərin anası” adlandırmışdır. Yenə buranı insaniyyətin beşiyi etmiş. Və bəşəriyyətin müştərək atası və anası olan hz.Adəm və hz. Həvvanı burada yerləşdirib insaniyyətin əsasını qoymaqda səbəbkar qılmışdır. Adəmin (ə.) devrindən başlayaraq Allahın evi (Kəbə) ziyarət (həcc) edilir. İbrahimin (ə.) devrində Kəbə təkrar tikildikdən sonra insanlar həcc etməyə dəvət edilir. Bununla bərabər Allah həcc üçün bir zaman təyin edir. Zül-Hiccə ayını. Milyonlarla insanın dünyanın dörd tərəfindən axışıb bu ayda Allahın evini həcc etmək üçün Allahın haram elan etdiyi müqəddəs bölgəyə gəlmələri bütün yer üzünü titrədən böyük bir hadisədir. Bu hadisə üçün seçilən və Allah tərəfindən feyz, bərəkət və rəhmət ilə şərəfləndirdiyi Zül-Hiccənin ilk on gününün 9-cu günü olan Ərəfə günü ilə öz zirvəsinə yüksəlir. Bu gün hacılar Məkkənin kənarındakı Ərafat dağında toplanıb özlərinin, təmsil etdiyi yerlərin əhalisinin, dünya müsəlmanlarının ehtiyac və diləklərini Allaha ərz edirlər. Bu böyük hadisə bu müqəddəs torpaqlar ilə məhdud qalmayıb, onun nuru, əks sədası bütün dünyanı bürümüş olur. Və nəhayət bu günü təqib edən Zül-Hiccənin 10-cu günü bütün dünya müsəlmanları tərəfindən bayram kimi qeyd edilir. İslamdakı bayramlar dinin bir parçası kimi İslamın boyası ilə boyanmışdır. Məsələn müsəlmanın həyatının bir parçası olan bir ibadət vardır, namaz. Hər zamanın, həar hadisənin öz namazı vardır: hər səhər, günsüz vaxtlarında, gecə saatlarında aylarla, illərlə davam edən, qulu Allaha bağlayan gündəlik beş vaxt namaz. Tərəddüd halında “istixarə” namazı. Bağışlanmaq üçün “tövbə” namazı. Dua etmək, yardım istəmək. Və ya heç bir səbəb olmadan möhkəm darıxdıqda məhbubu (sevgilisi), vəlisi (dostu) ilə bərabər olmaq ləzzətini dadmaq üçün nafilə namaz. Nəhayət öldükdən sonra namazı ifadə etməkdən aciz qaldığında həyatda olan müsəlmanların ölü üçün qıldığı sonuncu cənazə namazı. Bayram gününün də özünə məxsus onun bəzəyi olan bayram namazı vardır. Bayram günü onunla başlayır. Bu günün digər günlərdən fərqli olduğu kimi bu fərq namaza da sirayət etmişdir. Bu namaz bayramın əlaqəli olduğu baş verən böyük hadisələr kimi İslamın şüarlarındandır. Digər namazlardan da onu fərqləndirən cəhət onun kütləvi, ümumxalq, böyük miqyaslı aksiya olmasıdır. Bayram namazına bütün kənd və ya şəhər: böyük, kiçik, qadın, kişi, hətta heyizli qadınlar belə kənarda durmaq şərti ilə hamı toplanır. Yenə bu günlərə xass olan zikirlər var. Zül-Hiccənin fəzilətli olan ilk on günündə Ərəfə günü ilə zirvəyə yüksələn bu hadisə “Böyük Həcc” günü olan Zül-Hiccənin 10-cu günü olan Qurban bayramı günü ilə davam edir. Bu gün və onu təqib edən Zül-Hiccənin 11,12,13-cü günləri onlara xass olan “Təşriq təkbirləri günləri” kimi bilinən zikr günləridir. Əl-Bəqərə surəsi 203-cü ayəsində buyurulan “ Allahı sayılı günlərdə zikr edin” əmrindən məqsəd İbni Abbas və bir çox müfəssirlərə görə həmən “Təşriq” günləridir. Nəticə olaraq Allahın bənzəri olmadığı kimi dininin də alternativi yoxdur. Bu dinin gətirdiyi mədəniyyəti, digərlərindən ayıran əsas xüsusiyyət, onun bayramlarında dərin və ciddi hikmətlərin olması, onların ülvi məqsədlər daşıması və əsl mənbəyinin Allah-insan münasibəti ilə bağlı mühüm hadisələrdən qaynaqlanmasıdır. Digər bayramlara gəldikdə isə onlar ən yaxşı halda fəslin dəyişməsi, havaların istiləşməsi kimi ucuz və ciddiyətdən uzaq səbəblərə bağlıdır. Və ya pozğun həyat tərzi, içki, qumar və bənzəri kimi insan cəmiyyətini pozan, əxlaqını çökdürən əyləncə məqsədi ilə icad edilən mənasız bir əməllərdir. “Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır.” (Əl-Bəqərə / 221)