İslam dini asanlıq dinidir. Bu bizim şəriəti digər şəriətlərdən fərqləndirir. İslam şəriətinin asan və məşəqqətsiz olması haqda Quran və Sünnədə bir çox dəlillər gəlmişdir. Qurandan dəlillər: Allah təala buyurur: "Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər" (əl-Bəqərə: 185) "Allah sizi çətinliyə salmaq istəməz" (əl-Maidə: 6) "O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı " (əl-Həcc: 78) "Səni rahatlığa müyəssər edəcəyik". (əl-Ələ: 8)
Yəni səni ən rahat şəriətə müvəffəq edəcəyik. Bu da səmavi şəriətlərin sonuncusu olan İslam şəriətidir. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ümməti ən sonuncu ümmətdir. Ona görə də bu şəriətin hökmləri rahatlıq, yüngüllük və insanın daşıya biləcəyi təqdirlə gəlmişdir. Bu və digər ayələrdən görünür ki, Allah təala Öz şəriətini rahat və asan etmişdir. Bu, Allahın bizə olan rəhməti və ümmətinə göstərdiyi lütfüdür.
Sünnədən dəlillər: 1. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurub: "إن الدين يسر، ولن يشاد الدين أحد إلاّ غلبه، فسددوا وقاربوا وأبشروا". رواه البخاري في صحيحه.
"Həqiqətən din asanlıqdır. Kim onu çətinləşdirmək istəyərsə din ona qalib gələr. (İnsanları) Müjdələyin, (onları dinə) yaxınlaşdırın, (şəriət hökmlərini) qoruyun" . 2. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurub: "يسّروا ولا تعسّروا وبشّروا ولا تنفّروا". رواه البخاري في صحيحه.
3. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurub: "رفع عن أمتي الخطأ والنسيان وما استكرهوا عليه". رواه ابن ماجة وصححه الألباني في إرواء الغليل.
"Ümmətimə etdikləri xətaya, unutduqları və məcbur edildikləri işlərə görə günah yoxdur" .
4. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurub: "إن الله تعالى يحب أن تؤتى رخصه كما يحب أن تؤتى عزائمه". رواه الإمام أحمد في مسنده وصححه الألباني في إرواء الغليل.
"Allah Onun əzimətlərinə (qətiyyətli əmrlərinə) itaət edilməsini sevdiyi kimi, Onun rüxsətlərinə (insana ixtiyar verilmiş əmrlərinə) də əməl etməyi sevir".
Bu və digər hədislərə baxdıqda görürük ki, şəriətin insana əmr etdiyi əməllərdə heç bir məşəqqət və çətinlik yoxdur. İslam şəriətinin əsası rahatlıq üzərində qurulmuşdur. İmkanı olduqda çətin ibadət və itaətlərə baş əyən adam bir vaxt bu əməlləri yerinə yetirməkdə aciz ola bilər. Ona görə də Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz əshabələrinə bacardıqları işi etmələrini tövsiyə edib deyərdi: "Allah az, lakin davamlı olan işləri daha çox sevər". İbrət, Allaha ibadətdə, Onun razı qaldığı əməllərdə və bizə rəhmət və şəfqət olaraq verilmiş Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsindədir. Allah təala də Öz Peyğəmbərini (sallallahu aleyhi və səlləm) belə vəsf etmiş və buyurmuşdur:
"(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir! " (ət-Tövbə: 128).
Alimlərdən biri "Həqiqətən din asanlıqdır" hədisinin şərhində buyurur: "Bu necə də gözəl və əzəmətli bir hədisdir. O, özündə xeyirli və faydalı nəsihətləri cəm etmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) hədisin əvvəlində bu əzəmətli əsasın təməlini qoymuş və buyurmuşdur: "Həqiqətən din asanlıqdır" yəni, din öz əqidə, əxlaq və qaydalarında rahatdır. Onun buyurduğu əməl və əxlaq, ən yaxşı əməl və ən kamil əxlaqdır. Bu deyilənlər həyata keçirilərsə, din, dünya və axirət səadəti gerçəkləşər, əks halda isə itirilər.
Bu din -Allaha şükürlər olsun- rahat və asandır. Hər bir insan bu dinə riayət etməyin rahat olduğunun şahididir. Bu dinin əqidəsi doğru və sadə olduğundan sağlam ağıl və saf fitrət onu qəbul edir. Onun buyurduğu fərzlər çox asan, digər əmrləri isə ondan da rahatdır... Kim məxluqatın rəhbəri, ən kamil insan Məhəmmədi (sallallahu aleyhi və səlləm) özünə nümunə götürmək istəyirsə bu heç də çətin deyil. Belə etmək onun dünya işlərinə maneçilik etmir. Əksinə, o belə etdikdə bütün haqları, Allahın, öz nəfsinin, ailəsinin və dostlarının haqqını, ümumiyyətlə hər bir adamın haqqını rahat və mülayimliklə ödəyə bilər".
İslam şəriətində böyük və mühüm yer tutan bu qaydaya əsaslanaraq alimlər "Asanlaşdırmaq və çətinliyi aradan qaldırmaq" haqda ümumi qaydalar qoymuşlar.
1. Qayda: Məşəqqət rahatlığı cəlb edir (insana baş verə biləcək hər hansı çətinliyə qarşı asanlaşdırıcı hökmlər, çıxış yolları verilir). 2. Qayda: Bir məsələ genişləndikdə daralır, daraldıqda isə genişlənir. 3. Qayda: Zərər aparılmalıdır (Hər hansı işdə zərər olarsa şəriət onu qadağa edir). 4. Qayda: Zərər özü mislində bir zərər ilə aparılmamalıdır. 5. Qayda: Zərəri çox olan bir iş, zərəri az olan işlə aparılır. 6. Qayda: Ümumi və ya xüsusi ehtiyac zərurət mərtəbəsinə endirilir. 7. Qayda: Zərurət, qadağaları mübah edir. 8. Qayda: Zərurət öz miqdarında ölçülür. 9. Qayda: Rahat əməlin hökmü çətin əməl ilə qüvvədən düşmür.
Şəriətdə olan rahatlıq məqamlarını təbii ki, saymaqla bitirmək mümkün deyildir..
______________ Yazıda Abdurrahim Muradlının İslam Gözəllikləri- kitabından istifadə edilmişdir