Belçikada müsəlmanlar üçün ilk “Halal” sərgi açılıb
09:56
Hər il Fransada təşkil olunan “Müsəlman sərgisi”nə bu dəfə Belçika ev sahibliyi edib.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Belçikada ilk dəfə “Müsəlman sərgisi” açılıb. Sərginin təşkilində məqsəd İslam dininin Avropa ölkələrinin ictimaiyyətlərinə tanıdılması və mədəniyyətlərarası dialoqun təsisidir.
Təxminən 25 min ziyarətçinin baş çəkəcəyi nəzərdə tutulan sərgidə dini ədəbiyyatla yanaşı, geyimlər, aksessuarlar, qadınlar üçün kosmetika və halal qida məhsulları nümayiş etdirilir. Həmçinin, sərgidə son dövrlərdə gündəmdə olan və İslamı təhqir xarakterli reklam və filmlərə qarşı layihələr də öz yerini alıb.
Belə ki, RAVDA dərnəyinin hazırladığı və sərgi iştirakçılarına paylanılan fransız və flamanca broşürlərdə İslam haqda doğru-düzgün məlumat verilib. Sərgidə nəzəri cəlb edən xüsusi məhsullardan biri də üzərində “Mən müsəlmanam. Təşvişə düşməyin”, yazılan köynəklər və uşaqlar üçün başörtülü kuklalardır.
Məlumat üçün deyək ki, sərgi çərçivəsində keçirilən seminarlarda tanınmış mütəfəkkir Tariq Ramazan da daxil olmaqla bir sıra müsəlman alimlər çıxış edirlər.