İbn Xəldunun tərifini verdiyi və müəllimi Yəhya Əfəndinin Qanuni Sultan Süleymana xatırlatdığı sosial reallıq Qərbin tənəzzül əlamətlərini göstərir.
İtaliya bayrağı altında üzən “Costa Concordia” gəmisi Toskani yaxınlarında quruya həddən artıq yaxınlaşması ucbatından qayalara çırpılaraq batdı.
Qəza nəticəsində əlliyədək insan həyatını itirdi, xeyli sərnişin itkin düşdü. Həmçinin, xeyli ləl-cavahiratın sular altında qaldığı məlum oldu.
İlkin versiyaya görə, “üzən saray” kimi xarakterizə edilən, üç futbol meydançası böyüklüyündə, 4100 sərnişin daşıya bilən, 4 üzmə hovuzu, 7 restoranı və 13 barı olan gəmi kapitanın “səhv”i ucbatından batıb.
Gəminin baş aşpazının istintaqa verdiyi ifadədə qəza baş verdiyi zaman sərxoş olan kapitan Skettino və moldovan sevgilisinin gəmini birinci tərk edənlərdən olduğu bildirilmişdi… 2008-ci ildə iqtisadi böhrandan ən çox zərər çəkən üç dövlət – Yunanıstan, İtaliya və İspaniyanın ortaq cəhətləri əməyi sevməmək, gecə həyatına və əyləncəyə düşkünlük, uzun müddət davam edən və kütləvi şəkildə keçirilən istirahətin geniş yayılmasıdır.
Artıq kapitalizmi doğuran, böyük alimlərlə yanaşı, Hitler və Mussolini kimi diktatorları da ortaya çıxaran “Çox çalış, çox qazan, dürüst və prinsiplərinə sadiq ol. Həm də çox əylən” puritan əxlaq fəlsəfəsinin ilk dörd maddəsinin qüvvəsini itirdiyini görürük.
Roma imperiyasının son dövrlərinə nəzər saldığımız zaman hamam daşlarına qoyulan hinduşka tüklərini yeyən zadəganların asanlıqla qusub yenidən yeməsi bu gün şişmanlıq epidemiyası və “Bulimia” yemək qəbulu pozğunluğunadək varan istehlak düşkünlüyünə çox bənzəyir. Narkotik maddələrdən istifadənin geniş yayılması, boşanma hallarının artması, intihar, cinayət və zorakılığın qarşısıalınmaz yüksəlişi təsadüfi deyildir.
Qərbin “Eqoizm və Komfortizm” xəstəliyi tənəzzülün əlamətləri kimi dəyərləndirilməlidir. Belə ki, eqoizmi və şəxsi komfortu təbliğ edən fərdlərin əksəriyyət təşkil etdiyi heç bir cəmiyyət davamlı ola bilməz.
Mədəniyyətlərin çöküşünə səbəb olan sosial-psixoloji dəyərlər mövcuddur. Bu dəyərlərin öz mahiyyətini itirməsi xəzinənin boşalmasına səbəb olur.
1. Xalqın hakimiyyətə sevgisinin və etimadının azalması;
2. Cəmiyyətdə ədalət və dürüstlük kimi dəyərlərin azalması nəticəsində gəlir bölgüsünün pozulması;
3. İnsanların tənbəlləşməsi, lüks və əyləncənin təbliği;
4. Vəzifə və məsuliyyət hissinin azalması, acgözlüyün geniş yayılması;
5. Sosial münasibətlərdə hörmət-ehtiramın və simpatiyanın dəyərini itirməsi, paxıllığın təşviqi.
İbn Xəldunun tərifini verdiyi və Qanuni Sultan Süleymana süd qardaşı və müəllimi Yəhya Əfəndi tərəfindən xatırladılan “Nəyimə gərəkdir, sultanım!” qissəsi ilə bizə məlum sosial reallıq Qərbin çöküşünün əlamətlərinin başladığının göstəricisidir.
“Qanuni Sultan Süleyman alim və şeyx Yəhya Əfəndiyə məktub yazaraq ondan aşağıdakıları soruşur:
“Sən ilahi sirlərə vaqifsən. Kərəm eylə, bizi məlumatlandır. Bir dövlət hansı hallarda çökməyə məhkumdur? Osman oğullarının aqibəti necə olacaqdır? Bu dövlət nə vaxtsa süqut edə bilərmi?”
Yəhya Əfəndi yalnız “Nəyimə gərəkdir, sultanım!” deyə məktubu qısaca cavablandırır. Sultan Süleyman cavabdakı hikməti başa düşmək üçün Yəhya Əfəndinin dərgahına getdikdə süd qardaşından bu hikmətli cavabı eşidir:
“Sultanım! Əgər bir dövlətdə zülm yayılarsa, haqsızlıqlar meydana gələrsə, eşidib bilənlər: “Nəyimə gərəkdir”, - deyərək uzaqlaşarsa, qoyunları qurdlar deyil, çobanlar yediyini bilənlər susarsa, kasıbların, ehtiyacı olanların, yoxsulların, yetimlərin fəryadı göylərə ucaldığı halda bunu yalnız dağlar-daşlar eşidərsə, bax onda dövlətin süqutu yaxındır. Bundan sonra dövlətin xəzinəsi boşalar, xalqın rəhbərliyə etimadı və etibarı sarsılar. Asayişə, əmin-amanlığa itaət hissi aradan qalxar, xalqda hörmət hissi yox olar. Beləcə, çöküş və süqut qaçılmaz olar”.
Əgər Qərb mədəniyyəti problemdən çıxış yolu tapmazsa, arxasında xoşagəlməz keçmiş buraxacaq. Dəyərləri yaşayıb-yaşadanlar isə parlaq gələcəyə sahib olacaqlar. Yalnız dövləti idarə edənlərin deyil, hamımızın Yəhya Əfəndidən alacaq çox dərsi vardır.