“Əbu-Bəkr” məscidinə qumbara
atıldıqdan sonra paytaxt polisinin bu məcsiddə ibadət edən dindarlara
qarşı həyata keçirdiyi “saqqal qırxma” kampaniyası məhkəmə salonlarına
çıxdı. Artıq saqqalı zorla qırxılan 20 nəfər üç rayonun- Qaradağ,
Səbail, Nəsimi polis şöbələrinə qarşı iddia ərizələri qaldırıblar.
Onların hüquqlarını məhkəmədə Vəkillər Kollegiyasının üzvü Cavanşir
Süleymanov qoruyacaq. “Bizim Yol” Ramil Qasımov və Amid Abdulov
adlı dindarların Səbail rayon məhkəməsində icrata götürülmüş İddia
ərizəsini əldə edib.
«Müqavimət göstərənlərin ayağını bağlayıb vurmaq lazımdır»
İddia ərizəsində göstərilir ki, avqustun 26-da təqribən saat 9-30-da
Şıxov çimərliyində yerləşən “Dostluq” istirahət güşəsində R. Qasımov,
A.Abdulov və başqaları ( cəmi 7 nəfər) Səbail RPİ 8-ci polis bölməsinin
PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq məcburi qaydada Səabil
RPİ-nin 8-ci Polis Bölməsinə aparılıblar. Polis bölməsində onları
növbətçi Tərlan adlı işçinin yatdığı ikinci mərtəbəki otağında
yerləşdiriblər. Orda formada və mülki geyimdə başqa polis işçiləri olub
(Qoşqar və başqaları). Saxlanan şəxslər bölmədə yerləşdirildikdən
az sonra otağa 8-ci polis Bölməsinin rəis müavini, mayor Namiq Ağalarov
daxil olub: «Onlar gətirilənləri nalayiq sözlərlə təhqir etməyə,
saqqalından dartmağa, polisə müqavimət, narkotik və ya silah
saxlanılmasına görə həbsə salmaqla hədələməyə başladı. Namiq Ağalarovun
göstərişilə bütün saxlanınanların bir neçə dəfə şəkilləri çəkilidi və
barmaq izləri götürüldü. Bundan sonra Namiq Ağalarov dəlləyi çağıraraq
gətirilmiş şəxslərin hamısının saqqalarını qırxmağı əmr etdi. O,
bildirdi ki, əgər saxlanılan şəxslər müqavimtə göstərsələr onların
ayaqlarını bağlamaq və vurmaq lazımdır”.
«Rəis müavini bizi butulka ilə hədələdi»
Saxlandıqları müddət ərzində mayor Namiq Ağalarovun onlara ardıcıl
və tükürpədici işgəncələr verdiyini qeyd edən iddiaçılar yazır: “O,
saxlanılan şəxslərə nalayiq sözlər deyib, qarınlarına və böyürlərinə
zərbələr endirir, əl-qol atır, butulka ilə hədələyir, deyirdi ki,
saxlanılan şəxslərin cinsiyyət orqanlarını kəsmək lazımdır. Rəis
müavini dini və saxlanılan şəxslərin qohumlarını təhqir edirdi.
Dindarların şəkillərini çəkdikdən sonra Namiq Ağalarovun göstərişi ilə
dəllək hamısının saqqalını qırxdı”.
«BMCQM-da bizdən qan nümunələri götürdülər»
Dindarların iddiasına görə, bu məcara polis şöbəsində baş verənlərlə
yekunlaşmayıb. İddiada göstərilir ki, onlar 8-ci polis bölməsində 14
saata qədər saxlandıqdan sonra, Post Patrul Xidmətinin maşınlarında Baş
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar. Bu
idarədə, onlardan məcburi qaydada qan, saç nümunələri, barmaq izlir
götürülüb. 17 avqust 2008-ci il tarixində harada olmaları barədə izahat
alınıb, sonra isə sərbəst buraxılıblar. Saxlanan hər iki şəxs iddia
edir ki, Bakı şəhəri, Səbail RPİ-nin 8-ci polis şöbəsinin işçilərinin
göstərilmiş hərəkətləri nəticəsində onların Azərbaycan Respublikası
Konstitusiyası və İnsan hüquqları üzrə Avropa Konvensiyası ilə təminat
verilmiş hüquq və azadlıqları pozulub: “Hesab edirik ki, Bakı şəhər,
Səbail RPİ-nin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən
Konstitusiyanın 25, 26, 28, 31, 32, 47, 48 və 49-cu maddəsinin, eləcə
də İnsan hüquqları üzrə Avropa Konvensiyasının 3, 5, 9, 11, 14-cü
maddələrinin tələbləri pozulmuşdur.
«Həqiqət ədalətli məhkəmədə üzə çıxa bilər»
R.V. Qasımov və A.Y. Abdulov qanunsuz, hər hansı bir əsas olmadan
saxlanılmış, azadlıqdan məhrum edilmiş, şəxsi toxunulmazlıq hüquqları
pozulmuş, dini baxışlarına görə işgəncələrə və ayrı-seçkiliyə məruz
qalmışlar. Saxlanılan zaman hüquqi müdafiə vasitələrindən istifadə
hüququndan məhrum olmuşlar. R.V. Qasımov və A.Y. Abdulovdan müqayisəli
tədqiqat üçün nümunələr qüvvədə olan qanunvericiliyə və «Dövlət
daktiloskopiya qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununa
zidd olaraq götürülmüşdür”. Şübhəsiz ki, bu, həmin şəxslərin
ərizələrində göstərdikləri iddialardır. Əsl həqiqət isə ədalətli
məhkəmə araşdırmasından sonra bəlli ola bilər.
Natiq
|