Əvvəllər bu küçədə namaz vaxtı adam əlindən tərpənmək olmurdu. Həmin
vaxt bu küçədən keçmək məcburiyyətində olanlar “insan tıxacına”
düşməmək üçün başqa yolu seçirdilər. Ancaq “Əbu Bəkr” məscidində
törədilə partlayışdan sonra küçə tamamilə boş qalıb. Küçədə yerləşən
binaların bir-iki sakinindən başqa demək olar ki, heç kim gözə dəymir.
Məsciddən Könül Xasıyevanın səsi gəlir
Məscidin qarşısında polis maşını dayanıb. İbadət ocağının qapısından
içəri keçmək istəsək də, qapı bağlı olduğundan cəhdimiz baş tutmur.
Birdən məscidin həyətindən Könül Xasıyevanın sözləri xalq şairi
Bəxtiyar Vahabzadəyə məxsus “Bu ağ saçları həyatda mən özüm qazanmışam”
mahnısı küçədəki sükutu pozur. Məscidin dəmir qapısından içəri
boylanarkən bir polis əməkdaşının həyətdə ibadət üçün düzəldilmiş yerdə
oturub telefonda mahnılara qulaq asa-asa çay içdiyini görürük. Bizi
görən kimi telefonunu söndürüb yaxınlaşır:
- Nə lazımdır?
- Heç, maraqlanırdıq ki, məscid açılıb.
- Görmürsünüz qapı bağlıdır, açılanda xəbəriniz olar. İndi gedin, məşğulam mənə mane olursunuz.
Polisin “iş”inə mane olmamaq üçün onu çox söhbətə tutmuruq.
“Məni dolandıran vəhhabilərdi”
Küçədə yaşlı bir qadının oturub dilənməsi diqqətimizi çəkir. Söhbət
zamanı məlum olur ki, onun adı Şəfiqədir. 73 yaşlı qadın vəhhabilərdən
razılıq edir: “Şəkidənəm, ancaq 50 ildi, Bakıda yaşayıram. Məni
dolandıran bu vəhhabilərdi. Hər gün otururam burda, yenə çörək pulum
çıxır. Pensiyamızı həmişə gecikdirirlər. Bunlar olmasa, mən acından
ölərəm. Vallah deyirlər, “vəhhabilər pisdi”, amma mən onlardan
yaxşılıqdan başqa bir şey görməmişəm. Bizimkilər adama heç 10 qəpik də
vermirlər. Elə istəyirlər, öz cibləri dolsun vəssalam.
Mənim bir oğlum var idi. Onu da gəlinim bıçaqlayıb öldürdü. Nəvələrimi
uşaq evindədi, gəlinimə də 9 il iş veriblər. İndi heç kimim yoxdur.
Ancaq bunların böyüyü var, imamdı, nədi, bilmirəm. Hər ay bu dükanların
sahibindən 500 manat alır. Ramazan ayı olduğundan indi çoxu işləmir.
Deyirlər alver yoxdu”.
Həqiqətən də küçədəki ət, ərzaq mağazalarının hamısı bağlı idi. Yalnız
dini mallar satan marketlər fəaliyyət göstərir. Dini kitablar, ətirlər,
paltarların satışı ilə məşğul olan marketin satıcılardan biri ilə
danışmaq istəsək də, həmin şəxs işinin çoxluğunu bəhanə edib
danışmaqdan boyun qaçırır: “Bizim alverimiz yaxşıdır. İndiyə kimi də
bağlanmayıb. Başqalarından xəbərim yoxdu”.
Küçə sakinləri məscidin bağlanmasını tələb edir
Məscidlə üzbəüz olan binanın sakinləri isə bizimlə söhbətdə məscidin
bağlanmasını istəyirlər: “Vəhhabilər bizim övladlarımızı təsir altına
salıblar. Hər gün bura toplaşırlar. Namaz vaxtı əllərindən tərpənmək
olmur. Birdən birimiz xəstələndik, təcili yardım lazım oldu, onda nə
edəcəyik? Bu binalar sovetin vaxtından tikilmə köhnə binalardır.
Evlərin hamısı biri birinə yaxın tikilib. Küçə də çox dardır. Yanğın,
zəlzələ olsa, hamımız qırılarıq. Bunlara görə, hamımız ölməliyik? Hər
gün mikrofonla xütbə oxuyurlar. Evimizdə uşaq var, qoca var, xəstə var.
Səsdən evdə oturmaq olmur. Biz nə etməliyik? Ərizələrimizi Prezident
Aparatına təqdim eləmişik. Belə olmaz axı, hər şeyin yeri var, elə
ibadətin də. Adam da küçədə namaz qılar. Nə çoxdu, şəhərdə məscid...”
“Bizə “vəhhabi” deyənlər Vahhabın kim olduğunu bilmirlər”
Bina sakinləri ilə vidalaşıb, yolumuza davam edirik. Qarşıdan balağı
qısa, saqqalı uzun bir oğlanın gəldiyini görüb ona tərəf gedirik.
Hal-əhvaldan sonra başlayırıq söhbətə. Xəqani adlı bu oğlan məscidin
bağlanmasının qəti əleyhinə olduğunu söyləyir: “Həmişə deyirlər ki,
guya biz terrorçuyuq. Amma partlayış sübut elədi ki, bizə qarşı terror
törədirlər. Əsl müsəlmançılığı aradan qaldırmaq, parçalamaq istəyirlər.
İki müsəlman qardaşımız şəhid oldu, indi onlar cənnətdədir.
Allah hamımıza belə ölüm qismət eləsin, İnşallah. Biz axı sadəcə, təmiz
islamı təbliğ eləyirik. Bİzə “vəhhabi” deyənlər heç Vəhhabın kim
olduğunu bilmirlər. Allah Vəhhabdan razı olsun, böyük alim idi. Ancaq
biz sələfi təriqətinə mənsubuq. “Cümə” məscidi bağlandıqdan sonra
müsəlman qardaşlarımız “Şəhidlər”, “Aşurbəy”, İçərişəhərdəki “Cümə”
məscidlərinə toplaşırlar. Ancaq indi orda da namaz qılmağa icazə
vermirlər. Biz başqa məscidlərdə namaz qıla bilmərik. Onlarla bizim
məzhəbimiz eyni deyil axı. Onlar şiə, sünni məzhəblərinə mənsubdular.
Namaz qılanda imama tabe olmaq lazımdır. Onların imamı da başqa
məzhəbdə olduğu üçün bizim orada ibadət etməyimiz mümkün deyil”.
“Məscid Allahın evidir”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov
isə bu fikrin düzgün olmadığını söyləyir: “Məscid Allahın evidir. Bu
gün kiminsə məzhəb söhbəti etməsi nə bizim millətimizə, nə dövlətimizə,
nə də dinimizə yaraşır. Hər kəsin bir məzhəbi, bir təriqəti olmalıdır.
Ancaq məzhəbçilik etməməli, ifrata varmamalıdır. Təriqət ərəbcə “tariq”
sözündən olub, yol mənasını ifadə edir. Bu gün Bakı şəhərində kifayət
qədər məscid var və həmin şəxslər də ibadət üçün ora üz tuta bilərlər”.
Respublika Prokurorluğundan isə istintaq başa çatana kimi “Əbu Bəkr”
məscidinin bağlı qalacağını bildiriblər. Prokurorluq bunun
təhlükəsizliklə və istintaqın obyektiv aparılması ilə əlaqələndirir.
Sonda qeyd edək ki, avqustun 17-də məsciddə törədilən partlayış
nəticəsində 2 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb. Partlayışı
törətməkdə şübhəli bilinən 18 nəfər isə artıq istintaqa cəlb olunub.
Şəhriyar ƏLİZADƏ
Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef
| Baxılıb: 1722 | Tarix: 21.11.2024
assalamu aleykum . jazakallahu xayra axi . ALLAH o yashli qadindanda razi olsun . inshallah en esasi dua . her sheyin sebebi var ve hikmeti . bundanda guclu olmaliyiq . ALLAH komeyimiz olsun , AMIN !