Bizim camaat arasında ziyarətgahlara, ayrı-ayrı seyidlərə məxsus ocaqlara, pirlərə inanıb bu yerləri tez-tez ziyarət edənlər çoxdur. İnsanlarımız bu ocaqları özlərinə bir növ uğur talismanı, təsəlli yeri sayır. Bəzən insanlar əli hər yerdən üzüləndə problemlərlə mübarizə aparıb onu həll etmək əvəzinə, ya falçı yanına, ya da ziyarətgahlara üz tutur, nəzir deyir, qurbanlar kəsir. Ziyarətgahların mövsümü də olur. Onlardan biri də tələbə qəbulunun keçirildiyi vaxtlardır. Hazırda da qəbul dövrüdür. Bakıətrafı kəndlərdə və bölgələrdəki ziyarətgahlara indi daha çox imtahan həyəcanı yaşayan abituriyentlər gedir. Onlar ocaqlardan ali məktəbə qəbul olunmaqlarını diləyir. Abituriyentlərin bir qismi imtahan qabağı ziyarətgahları dolaşmaqla özünü ali məktəbə qəbul olunacağına inandırır. Abituriyentlərin ən çox üz tutduğu ziyarətgahlardan biri də Ağa Seyid Əli Mirmövsümzadə ziyarətgahıdır. Buranı ziyarət etmək istəyənlər iki ünvana - Ağanın doğulub boya-başa çatdığı İçərişəhərdəki evinə və Şüvəlanda dəfn olunduğu məzara üz tutur, onu nicat yeri bilirlər. Biz də qəbul imtahandan bir gün öncə Mirmövsüm Ağanın qəbrinin ziyarətinə gedib orada gördüklərimizi, eşitdiklərimizi oxucuların diqqətinə çatdırmaq qərarına gəldik. Azərbaycanda tək-tük insan tapılar ki, Ağanın məzarını ziyarət etməsin. İçəri daxil olan kimi nurani bir xanımla rastlaşırıq. O, pirə gələn xanımların hicab geyinməsini təmin edir. Mən də hicaba bürünüb ziyarətgaha daxil oluram. Burada insan axını həqiqətən böyükdür. Ziyarətgahın içində şəkil çəkmək qadağandır. O üzdən fotoaparatı hicabın altında gizlədib şəkillər çəkirəm. Fotoaparatın işığını görən işçilər təşvişə düşür. "Kimdi şəkil çəkən? Burada şəkil çəkmək olmaz! Kimdisə tez boynuna alsın! Yoxsa ziyarəti batil olar!” Səsimi çıxarmadan türbənin başına fırlanıram. Mənimlə bərabər xeyli sayda qadın da ziyarət edirdi. Bir qadın oğlunun şəkilini gətirmişdi. Şəkli türbənin divarlarına çəkərək dodağının altında pıçıltı ilə danışırdı: "Ay Mirmövsüm Ağanın cəddi, sənə qurban olum, oğlum imtahanda yüksək bal yığa bilsin. Sən özün kömək ol ki, oğlum imtahanda həyəcanlanmasın”. Digər xanımın yalvarışları isə fərqli idi: "Ay Mirmövsüm Ağanın cəddi, səni and verirəm Allaha, mənim ailəmi qoru, səndən başqa ümid yerim yoxdur”. Digər bir qız isə ağlaya-ağlaya yalvarırdı: "Ay Mirmövsüm Ağanın cəddi, sənə qurban olaram, məni valideynlərimin yanında utandırma, sənin cəddin mənə kömək olsun, universitetə girim. Universitetə qəbul olsam, ölən günümə qədər sənin qəbrini ziyarətə gələcəyəm”. Beləcə, ziyarətçilərin yalvarışları fərqli idi. Təəssüf ki, kişilərin dualarını eşidə bilmədik. Çünki burada qadınlar birinci mərtəbədə, kişilər isə ikinci mərtəbədə dua edirlər. Onu da qeyd edək ki, heç kəs ziyarətgaha əliboş gəlmir. Xanımlardan bəziləri halva, şərbət, konfet və qənd alıb paylayırdı. Ağanın qəbrini ziyarət edəndən sonra insanlar ziyarətgahın həyətindəki stullarda əyləşib istirahət edir. Burada iki nəfər xüsusi forma geyinmiş şəxs insanlara nəzarət edir. Hətta pirin həyətində də xanımlara başıaçıq dayanmağa icazə vermirlər. Pirin həyətində istirahət edən xanımlara yaxınlaşıb onlarla söhbətləşirik. Xanımlar hər dərdlərinə burada əlac tapdıqlarını deyirlər. Sevinc xanımın sözlərinə görə, bu ziyarətgaha nə nəzir edibsə, hamısı yerinə yetib: "Ağanın adına hansı nəziri demişəmsə, hamısı qəbul olunub. Ona görə də xırda bir problemim olan kimi dərhal bura üz tuturam. Buranı ziyarət edəndən sonra özümü çox yüngül hiss edirəm. İndi isə qızımla birlikdə gəlib nəzir etdik ki, universitetə daxil olsun. İnşallah, sabah (bugün-z.ş.) qızım imtahan verəcək. Əgər qızım universitetə daxil olsa, gətirib Ağanın ziyarətgahında qurban kəsib paylayacağam. Bir də nəzir etmişəm ki, qızım universitetə daxil olsa, piri sürünə-sürünə ziyarət edəcəyəm”. Gülnarə xanım isə Ağanın ziyarətgahına uzaqdan - Lənkərandan gəlmişdi. O, hər il buranı ziyarət edirmiş: "Burada insanın ruhu dincəlir. Həm də nə dua edirəmsə, qəbul olur. Bu səbəbdən də hər il Bakıya Ağanın ziyarətgahına gəlirəm. İndi də oğlumu təzə evləndirmişəm. Gəlinimi bura gətirmişəm ki, ayağı ruzili olsun”. 61 saylı orta məktəbin məzunları da pirə ziyarətə gəlmişdilər. Onların sözlərinə görə, imtahandan öncə istirahət etmək üçün özləri buranı seçiblər: "Psixoloqlar da məsləhət görür ki, imtahandan bir gün öncə dərs oxumaq olmaz, ancaq istirahət etməlisən. Valideynlərimiz bizə məsləhət gördülər ki, pirləri ziyarət edək. Biz də ziyarət üçün buranı seçdik. Deyirlər ki, burada dilənən bütün arzular həyata keçir. İnşallah, biz də universitetə qəbul olarıq. Valideynim bura qurban da deyib. Mən universitetə qəbul olsam, gətirib burada qurban kəsəcək”. Ruslan adlı abituriyent iyulun 20-də imtahan verəcək. Dərs oxumaq əvəzinə gündə pirə gəlib ziyarət edir: "İmtahanda yüksək nəticə toplamaq üçün nə lazımdısa edərəm. Bu ziyarətgaha çox inanıram. Hər gün gəlib burada namaz qılıb ziyarət edirəm ki, yaxşı nəticə göstərə bilim”. Ziyarətgahlarda xidmət edən insanların bildirdiyinə görə, imtahan qabağı bu müqəddəs ocaqlara nəzir gətirirlər. Hətta əsgərliyə gedənlərin özləri və valideynləri də bura gəlir: "Bura müqəddəs yerdir. Ağanı yad edən insanların hər biri burada dərdinə əlac tapır. Bura yığılan nəzirlərlə həm burada işləyən işçilərin maaşları verilir, həm də kasıb insanlara yardım edilir”. Yeri gəlmişkən, burada üç nəzir qutusu var. Ziyarətçilər arasında kasıblarla yanaşı, imkanlı şəxslər də çoxdur. Bura gələn hər bir kəs nəzir qutusuna pul atmamış getmir. Onu da qeyd edək ki, bura ölkə başçısından tutmuş nazirlərin də tez-tez baş çəkdiyi yerdir. Zülfiyyə SAKİTQIZI
|