Yunanıstan müsəlmanları zirzəmilərdə ibadət edirlər
10:57
İctimaiyyətin məscid düşmənliyi və iqtisadi böhran Yunanıstan müsəlmanlarının məscid arzusunun reallaşmasını çətinləşdirir.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Yunanıstan ictimaiyyətinin məscid düşmənliyi və ölkənin üzləşdiyi iqtisadi böhran müsəlmanların məscid inşasına dair tələblərinin həyata keçirilməsinə əngəl törədir.
Yunanıstanın neft sektorunda işləyən müsəlman mühacir Üsamə əl-Nəccar məscid inşa edilməsi tələbində yanlış bir şey olmadığını bildirərək, müvafiq qurumların ibadət üçün zirzəmi qəbilindən yerləri təklif etdiklərini deyib. Yunanıstan müsəlmanları yerli əhalinin bir hissəsinin məscidləri Osmanlı dövlətinin mövcudluğu kimi xarakterizə edərək, İslam dini mənsubları üçün ibadət məkanlarının tikintisinə qarşı çıxdıqlarını bildiriblər.
“Bütün qadağalar 200 minlik müsəlmanlara binaların zirzəmilərini, qarajları və digər havasız yeraltı obyektləri məscid kimi istifadə etməyə vadar edib. On minlərlə müsəlman isə xüsusi məscid-evlərdə namaz qılmaq, eləcə də toy, yas və digər mərasimlərini keçirmək məcburiyyətindədir”, - deyə yunan müsəlmanlardan biri müsahibəsində qeyd edib.