«Biz insana ata-anası ilə gözəl davranmağı əmr etdik» - deyə buyuran Allaha həmd olsun! Hər bir insanın üzərinə düşən haqlardanda biri,digər insanların haqqını verməkdir.Bu məqalədə isə,valideyn haqlarından söhbət açmaq istərdik.Bunun səbəbi isə,bu məsələnin necə də mühüm olduğunu bəzi övladların hələ də anlamamasıdır. Əfsuslar olsun ki,bir övlad valideynini nə qədər anlamağa çalışsa da, özü valideyn olmayınca ata qayğısının, ana şəfqətinin, onların bizi böyüdərkən çəkdikləri əziyyətlərin mahiyətinə tam vara bilmir. Uca Allah buyurur: «Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (bətndə )daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”(Əhqaf 15). Rəbbimizin hər kəlamı hikmətlə doludur: insan qırx yaşına çatdıqda çox güman ki, artıq özü ata və ya ana olur,və bu zaman o artıq öz valideynlərini daha yaxşı anlayır.
Lakin,buna baxmayaraq onlara daima qayğı göstərib,onlarla xoş davranmaq bizim üzərimizə düşən haqlardan biridir! Yuxarıda qeyd etdiyimiz ayədən də,məlum olduğu kimi valideynələrə gözəl münasbət bəsləmək Allahın əmrini yerinə yetirməkdir.Həmçinin bu barədə Peyğəmbərdən(səllallahu aleyhi va səlləm) bir çox hədis rəvayət olunmuşdur.Bu hədislərdə peyğəmbərimiz Muhəmməd(sallallahu aleyhi va səlləm) valideynlərə gözəl münasibət bəsləməyi bizə əmr etmiş və bu əməlin fəzilətlərindən bizə xəbər vermişdir.AbduLlah ibn Məsudun(radıyallahu anhu) rəvayət etdiyi hədisdə isə Peyğəmbər(sallallahu aleyhi va səlləm) bu əməlin Allah yanında digər əməllərdən daha üstün olduğunu bildirmişdir. Əbu Amr əş-Şeybani əli ilə AbduLlah ibn Məsudun(radıyallahu anhu) evini göstərib dedi:»Bu evin sahibi bizə belə rəvayət etdi: <<Mən Peyğəmbərə(sallallahu aleyhi va səlləm) dedim:»Qüdrətli və əzəmətli Allahın ən çox xoşuna gələn (ən yaxşı əməl) hansı əməldir? O buyurdu: «Vaxtında qılınan namaz». Mən dedim: «Sonra hansıdır?» O buyurdu: «Sonra valideynlərin qayğısına qalmaqdır».Mən dedim: «Bəs sonra hansıdır?» O buyurdu: «Sonra Allah yolunda cihad etməkdir».(Hədisi rəvayət edən) deyir ki,o mənə bunları söylədi.Əgər soruşsaydım,yenə əlavə edərdi>> «Ədəb əl-Mufrad» 1. AbduLlah ibn Ömər(radıyallahu anh) isə bu barədə belə demişdir: <<Rəbbin razılığı valideynin razılığına görə,qəzəbi də valideynin qəzəbinə görədir!>> «Ədəb əl-Mufrad» 2. Fəqət bu ayə və hədislərdən sonra da valideynlərinə qarşı nankör və qayğısız olanlar tapılırlar.Bir çoxları isə səbəb kimi,valideynlərinin cahil olmasını bildirirlər.Bu barədə İbn Bazzdan(rahimahullah) belə soruşulur: «Atam Şəriətə və İslam əxlaqına zidd olan əməllər edir.Onunla necə davranmaq və özünü necə aparmaq lazımdır?» O isə cavabında belə deyir : «Biz Allahdan,atana hidayət verməsini və onu tövbə etməyə müvəffəq etməsini diləyirik. Sənə isə məsləhət görürük ki onunla yumşaq davranasan, ona mehribancasına nəsihət edəsən və onun düzələcəyindən ümidini kəsməyəsən. Necə ki bütün qünahlardan uzaq olan Allah buyurub: <<Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.>>(Loğman 14-15) Uca Allah bizi,valideynlerimizə və Ona şükr etməyə çağırır.Və həmçinin də övlada,ona qarşı mübarizə aparsalar və onun dinindən dönməsini istəsələr belə, bu dünyada valideynləri ilə xoş davranmağı əmr edir.Və bunz görə də,sən bilməlisən ki,şəriət sənə atanla yaxşı və xoş davranmağı əmr edir,hətta əgər o səninlə münasibətdə pis davransa belə. Həmçinin onu israrla haqqa dəvət et, bəlkə də Allah sənin vasitənlə ona hidayət verdi. Allaha itaətsizlik barədə sənə əmr elədiklərinə tabe olmaq isə sənə icazəli deyil.Biz həmçinin onun öyüdlənməsi üçün,Böyük və Qüdrətli Allahdan, daha sonra isə qohumların arasından yaxşı insanlardan kömək istəməyini sənə tövsiyyə edirik.Məsələn,əmilərindən və ya atanın hörmət etdiyi və qiymət verdiyi, öyüdlərini dinlədiyi insanlardan.Allahdan səmimi tövbə ilə bizi, sizi və onu doğru yola yönəltməsini və uğur diləyirik.Həqiqətən O — Eşidəndir və Yaxındır. Allahın rəhməti, salamı və xeyir-duası sizin üzərinizə olsun.» Məcmu`ul fətəvə və məkələt. Şeyxin bu cavabından da,aydın olduğu kimi valideynlər(və ya valideyn) nə qədər də,İslami cəhətdən cahil olsalar belə onlarla xoş davranmaq bizim üzərimizə düşən bir borcdur!Diqqət yetirsəniz,görərsiniz ki,ibn Bazz (rahimahullah) cavab əsnasında onları hikmətlə İslama dəvət etməyi də,həmçinin vurğulayır.Dəvətin uğur tapması üçün isə,onu hikmətlə və səbrlə etmək lazımdır.Bu məqamda isə İbrahimin(aleyhissələm) öz bütlərə ibadət edən atasını İslama necə dəvət etdiyini sizə xatırlatmaq istərdik.Allahu-Təala Qur`əni Kərimdə belə buyurur: <<Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi.Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim.Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan ər-Rəhmana çox asi oldu.Atacan! Qorxuram ki, ər-Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan”.(Məryəm 41-45) Diqqət edin,İbrahim(aleyhissələm) bütlərə ibadət edən atasına «Atacan»-deyə xitab etdi! İbrahimin(aleyhissələm) atasını belə səbrlə və hikmətlə dəvət etməsi bizim hər birimiz üçün bir örnəkdir! Bəziləri isə,səbəb kimi valideynlərinin onlara zülm etmələrini(əziyyət verdiyini) bildirirlər.Lakin bu da,övlad olaraq bizim üzərimizə düşən haqlardan bizi azad etmir!Buna dəlil isə İbn Abbas(radıyallahu anhu) belə deməsidir: «Savab qazanmaq üçün səhər-səhər müsəlman valideynlərinin hər ikisini sevindirən elə bir müsəlman yoxdur ki,Allah (ona) Cənnətdən iki qapı, — və əgər onlardan biri sağdırsa -,bir qapı açmasın.Əgər onlardan birini qəzəbləndirsə,valideyn ondan razı qalmayınca Allahda ondan razı qalmaz.» Soruşdular:»Valideynlər ona zülm etsələr belə?» O: «Valideynlər ona zülm etsələr belə«- dedi. «Ədəb əl-Mufrad» 7. Övladın üzərinə düşən haqlardan biri də,onlara əziyyət verməmək,və ya eşitməyi xoşlamadıqları bir sözü söyləməmək və yaxud da,sevmədikləri bir əməli etməməkdir.Buna baxmayaraq yenə də,bəzi övladlar bu haqqları yerinə yetirmirlər.Və hətta elələri də vardır ki,valideynləri ilə kobud davranıb onlara əl qaldırırlar.Bu insanlara isə Uca Allahın bu ayəsini xatırlatmaq istərdik: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” (əl-İsra 23). Allah Əzzə və Cəllə bizlərə “uf” kəliməsini belə söyləməyi haram edibsə, elə isə valideynlərini vuran, onlara əl qaldıran kəsin halı necə ola bilər?! Bu əməlin böyük günahalrdan olmasına dair isə bir neçə hədis rəvayət olunmuşdur.Bunlardan biri isə AbduLlah ibn Omərin(radıyallahu anhu) rəvayət etdiyi hədisidir ki,bu hədisdə AbduLlah ibn Omər(radıyallahu anhu) belə deyir:»Bir bədəvi gəlib RasuluLlahdan(sallallahu aleyhi və səlləm):»Ən böyük günah hansıdır?» deyə soruşdu.RasuLlah(sallallahu aleyhi və səlləm) buyurdu: «Allaha şərik qoşmaq.» «Sonra hansıdır?» dedi.RasuluLlah(sallallahu aleyhi və səlləm) buyurdu: «Ata-anaya əziyyət etməkdir» Bədəvi:»Sonra hansıdır?»dedi.RasuluLlah(sallallahu aleyhi və səlləm): «Yalan yerə and içməkdir»-deyə buuyurdu. Hədisi Buxari,Əhməd,Tirmizi və başqaları rəvayət etmişdirlər,Albani isə hədisin səhih olduğunu bildirmişdir. Sonda isə ey övlad!Sənin önündə iki seçim var: ya onları razı salıb axirətdə razı qalanlardan olacaqsan, ya da dərin ahlar çəkib «Kaş ki.. kaş ki» deyənlərdən olacaqsan. «Kaş ki, valideynlərimin qədrini biləydim!», «Kaş ki, yanımda olardılar, yorulmadan onların qayğısını çəkəydim», «Kaş onların mənə ehtiyacı olduğu vaxt,onlara kömək edərdim», “..kaş ki, bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlərdən olardım!” (Zumər 58).Lakin «Allahın (müəyyən etdiyi) vaxt gəlib çatdıqda, əsla təxirə salınmaz. Kaş biləydiniz!»(Nuh 4). Ey övlad! Gec olmadan onları razı salmağa tələs! Unutma, onların razılığı Allahın razılığıdır. Möminin axtardığı da məhz bu deyilmi?! Ummu Couza