Təravih namazı Ramazan ayında yatsı namazından sonra qılınan namazdır. “Təravih” ərəb sözü olub “tərvihə” sözünün cəmidir; mənası “oturmaq, istirahət etmək”dir. Təravih namazı qılınarkən hər dörd rükətin sonunda oturulub istirahət edildiyi üçün namaza bu ad verilmişdir.
Təravih namazı bütün müsəlmanlar üçün sünnəti-müəkkədə, yəni Ramazan ayında davamlı qılınan namazdır. Təravih namazı orucun deyil, vaxtın sünnətidir. Bu səbəbdən, üzrü olub oruc tuta bilməyən müsəlmanlar da təravih namazını qıla bilərlər. Ramazan gecələrini ibadətlə keçirmək məqsədilə qılınan təravih namazı barədə Qurani-Kərimdə heç bir ayə mövcud olmasa da, bu namaza dair Allahın rəsulundan (Ona Allahın salamı və xeyir-duası olsun!) bir çox hədis rəvayət olunub. Əbu Hüreyrədən nəql edilən bir hədisə görə, Peyğəmbər müsəlmanları Ramazan ayında gecələri ibadətlə keçirməyə təşviq etmiş, ancaq bunu fərz buyurmamışdır. Həzrəti Məhəmməd (Ona Allahın salamı və xeyir-duası olsun!) belə buyurub:
“Hər kim inanaraq və qarşılığını (mükafatını) Allahdan umaraq, Ramazanı namazla keçirərsə (təravih və təhəccüd namazlarını qılarsa), keçmiş günahları bağışlanar”.
Görkəmli mühəddis (hədis alimi) İmam Nəvəvi Peyğəmbərin səhabələrinə Ramazan gecələrini ibadətlə keçirməyi vacib qılmadığını, ancaq bəyənilən əməl kimi tövsiyə etdiyini bildirir. Müsəlman alimlər də mübarək ayın gecələrini ibadətlə keçirmənin müstəhəb, yəni bəyənilən əməl olduğunu qeyd edirlər. Mühəddis İmam Nəvəvi Ramazanı namazla keçirmək dedikdə təravih namazlarının nəzərdə tutulduğunu kitabında yazır. Bu baxımdan peyğəmbərimizin: “Hər kim Ramazanı namazla keçirərsə”, - sözü: “Hər kim gecələri namaz qılmaqla Ramazanda gecə ibadət edərsə” kimi başa düşülməlidir. Belə ki, səhabələrdən Əbdürrəhman ibn Övfün rəvayət etdiyi bir hədisdə Allahın rəsulu: “Şübhəsiz ki, Allah Ramazan orucunu fərz qıldı. Mən də Ramazan gecələrini oyaq keçirməyi sünnət qıldım. Hər kim inanaraq və savabını Allahdan umaraq, Ramazanı orucla keçirib, gecələrini namaz qılaraq, oyaq qalarsa, doğulduğu gündə olduğu kimi günahları bağışlanar”, - buyurub.
Mövzu ilə bağlı hədislərdən birində oxuyuruq: “Bir gün Allahın rəsulu (Ona Allahın salamı və xeyir-duası olsun!) Ramazanda məscidə gələrək, gecə namazı qıldı. Səhabələr də Peyğəmbərlə birlikdə o namazı qıldılar. Növbəti gecə Peyğəmbər (gecə vaxtı) yenə namaz qıldı. Bu dəfə onun arxasında daha çox insan namaz qıldı. Üçüncü gecə Həzrəti Məhəmməd məscidə gəlmədi. Camaat isə həmin gecə məsciddə onu gözlədi. Allahın rəsulu sübh tezdən məscidə gələrək, buyurdu: “Mən sizin camaatla birgə təravih namazı qılmaq üçün nə qədər istəkli olduğunuzu gördüm. Buraya gələrək, sizə (gecə) namazı qıldırmağa heç bir maneə yox idi. Ancaq mən təravih namazının sizə fərz qılınacağından qorxduğum üçün (üçüncü gecə) məscidə gəlmədim”.
Peyğəmbərin səhabələrindən Əbu Zərin rəvayət etdiyinə görə, Allahın rəsulu (Ona Allahın salamı və xeyir-duası olsun!) Ramazanın sonuna doğru bəzi gecələrdə səhabələri ilə gecənin üçdə biri keçənədək təravih namazı qılmışdır.
Əbu Hüreyrədən rəvayət olunan digər bir rəvayətdə isə oxuyuruq: “Peyğəmbər Ramazan ayında bir qrup səhabənin Übey ibn Kəbin arxasında namaz qıldığını görmüş və: “Düzgün edirlər, etdikləri şey nə gözəldir!” - buyurmuşdur.
Möminlərin anası Həzrəti Aişə (Allah ondan razı qalsın!) Peyğəmbərin qıldığı təravih namazı haqda bunları bildirmişdir: “Allahın elçisi nə Ramazan ayında, nə də digər vaxtlarda 11 rükətdən artıq namaz qılmayıb. O, namazları dörd rükət olmaqla qılardı ki, uzunluğunu və gözəlliyini sözlə təsvir etmək mümkün deyildir. Allahın rəsulu sonda üç rükət namaz qılardı. Bir dəfə mən: “Ey Allahın rəsulu, vitr namazını qılmadanmı yatırsan?” - deyə soruşduqda, o: “Ey Aişə! Mənim gözlərim uyuyar, ancaq qəlbim uyumaz”, - deyə cavab vermişdi.
Hənəfi məzhəbinə görə, təravih namazında rükətlərinin sayı Həzrəti Ömərin (Allah ondan razı qalsın!) tətbiq üsuluna əsaslanır. Belə ki, Həzrəti Ömər xəlifəliyinin son dövrlərində Peyğəmbər məscidində təravih namazının camaatla və 20 rükət qılınmasına etiraz etməyib. Alimlər isə bu məsələdə islam peyğəmbərinin: “Məndən sonra mənim və raşidi xəlifələrinin sünnəsindən ayrılmayın”, - hədisinə istinad etmişlər.
Digər tərəfdən, Abdullah ibn Abbasın Ramazan ayında 20 rükət təravih namazı, ardınca isə 3 rükət vitr namazı qıldırdığı rəvayət edilib. İmam Əbu Hənifədən Həzrəti Ömərin bu məsələ ilə bağlı qərarı barədə soruşulduqda, o: “Şübhəsiz ki, təravih namazı müəkkəd (Peyğəmbərin davamlı qıldığı) sünnədir. Bu namazın camaatla və 20 rükət qılınması Həzrəti Ömərin şəxsi ictihadı olmamaqla yanaşı, o, bunu bir bidət kimi də əmr etməmişdir. O, özünün bildiyi şər`i əsasa və Həzrəti Məhəmmədin bir vəsiyyətinə əsaslanaraq, belə etmişdir”, - deyə cavab vermişdir.
Yuxarıda qeyd edildiyi kimi, təravih namazı bütün müsəlman kişi və qadınlar üçün “müəkkəd sünnə” kimi qəbul edilir. Peyğəmbərdən rəvayət olunan hədislərdən birində deyilir: “Allah sizə Ramazan orucunu fərz qılmışdır, mən də sizə gecə (təravih ) namazını sünnə qıldım” buyurub.
Mövzuya dair bütün səhih rəvayətləri nəzərə alsaq, təravih namazının 8 rükətinin “müəkkəd sünnə” olduğunda heç bir şübhə olmadığını görərik. İbn Hümam və bəzi alimlər 8 rükətdən çox qılınan rükətlərin müstəhəb (bəyənilən əməl) olduğunu söyləyiblər. Bu, yatsı namazından sonra 4 rükət nafilə namazı qılmağın müstəhəb (bəyənilən) olmasına bənzəyir ki, bunun da ilk iki rükəti “müəkkəd sünnədir”.
Təravih namazı Ramazan ayına məxsusdur; əksər alimlərin fikrincə, bu namazın vaxtı yatsı namazından sonra başlayıb səhər namazının vaxtı daxil olanadək davam edir. Vitr namazına gəlincə, bu namaz təravih namazından sonra qılınır. Bununla belə vitr namazını təravih namazından əvvəl də qılmaq caizdir (icazəlidir). Təravih namazı isə yatsı namazından əvvəl qılına bilməz. Əgər təravih namazı yatsı namazından əvvəl qılınarsa, onda onun yenidən qılınması vacib olar. Təravih namazının gecənin yarısınadək, yaxud gecənin üçdə birinin sonunadək təxirə salınması müstəhəbdir. Əksər alimlər təravihi camaatla qılmanın “sünnə-kifayə” olduğunu bildirmişlər. Yəni, bir məsciddə heç kim təravih namazını camaatla qılmazsa, orada olanların hamısı günahkar olar. Təravih namazını təkbaşına qılmaq da mümkün, ancaq camaatla qılınması daha fəzilətlidir. Təravih namazının ortasına yetişən şəxs əvvəlcə yatsı namazını qılmalı, sonra təravih namazı üçün imama tabe olmalı, əskik olan təravih rükətlərini isə sonradan təkbaşına tamamlamalıdır.
Qeyd edilməlidir ki, təravih namazının qəzası yoxdur. Çünki məlum olduğu kimi, yalnız fərz və vacib namazları qəza etmək mümkündür.
Təravih namazını hər iki rükətdən bir salam verərək on salamda bitirmək daha fəzilətlidir (20 rükətlilərdə). Alimlər dörd rükətdən bir salam verməyin icazəli, ancaq məkruh (bəyənilməyən) əməl olduğunu bildirmişlər. Təravih namazı iki rükətdən bir salam verdikdə axşam namazının iki rükətlik son sünnəti kimi, dörd rükətdən bir salam verdikdə yatsı namazının dörd rükət sünnəti kimi qılınır. Namaza başlayarkən hər iki rükətin əvvəlində “Subhanəkə”, “əuzu-bəsmələ” və hər oturuşda “Təhiyyət” ilə “Salli-barik” duaları oxunur. Namaz camaatla qılındıqda camaat həm təravihə, həm də imama uymağa niyyət etməlidir. İmam da öz növbəsində təravih namazını səsli qıldırmalıdır.
Təravih namazı digər namazlara nisbətən bir qədər sürətli şəkildə qılınır. Ancaq bu namazın hərflərin məxrəcləri başa düşülməyəcək şəkildə tələffüz edilməklə qılınacağı mənasına gəlməməlidir. Bu baxımdan alimlər təravih namazının həddən artıq sürətlə qılınmasının məkruh (bəyənilməyən əməl) olduğunu bildirmişlər. Həmçinin, bu zaman namazın rüknləri yerinə yetirilərkən də tələskənliyə yol verilməməlidir. Kəlmələr anlaşıqlı şəkildə oxunmalı, hərflərin məxrəclərinə diqqət edilməli və rüknləri düzgün şəkildə yerinə yetirilməlidir.
Məsciddə xətmlə qılınmayan təravih namazı vaxtı hər hansı anlaşılmazlığa yol verməmək və camaatın qısa surələri əzbərləyə bilmələri üçün “əl-Fil” surəsindən sonrakı surələri oxumaq faydalıdır. Belə olduqda imam da rükətlərin sayında tərəddüd etməkdən qurtular.