Suriyada böyük bir daxili mübarizə gedir. Son on beş ayda ölkədə on mindən çox insan həyatını itirib. Ötən gün isə cənazə mərasimində iştirak edən kütləyə bomba yağdırılıb. İnsan istər-istəməz sual edir: “Görəsən, dünya haraya gedir?”
Sülh dini olan İslamın mənsublarının bu hala düşməsi bizi düşünməyə vadar edir. Baş verənləri izləyən bir qərbli səthi dəyərləndirmə ilə İslamdan çəkinməyə başlayır. Ancaq mövzu ətraflı şəkildə öyrənildikdə həqiqətin tamam başqa cür olduğu ortaya çıxır.
Şükürlər olsun ki, diplomatik həll imkanlarından sonadək istifadə edilir. Alternativ mətbuat sayəsində isə baş verən hadisələrin təhrikçilər tərəfindən planlaşdırıldığı aydın olur.
Dünyanın sehri pozulubmu?
Uzun illər bundan əvvəl Veber nihilizmin gətirib çıxaracağı nəticələri görərək, varlığın mənasını tapa bilməyib dünyanın sehrinin pozulduğunu demişdi. Görəsən, Veber insanların din müharibəsi əvəzinə demokratiya üçün mübarizə apardıqlarını, həyatın mənasını tapmaq üçün qan axıtdıqlarını görsə, fikrini dəyişərdimi?
Adətən insan məna və tərif verə bilmədiyi şeyə ya heyran olur, ya ona bağlanır yaxud da ondan qorxur. Bir şeyə məna verdikdə isə onun uğrunda mübarizə aparır. “Ərəb baharı”nın ortaya çıxmasında qərblilərin “donuq, dəyişikliyə cavab verməyən, vəhşi, nadan, dardüşüncəli, dözümsüz, fanatik fərdlərdən ibarət kütlə” hesab etdiyi müsəlman coğrafiyasının azadlıq, demokratiya, insan haqları və ədalət üçün mübarizə aparmasının islamofobiyaya necə təsir göstərəcəyini düşünmək lazımdır.
İnkişaf etmiş cəmiyyətlər bir qayda olaraq, despotizmə razı olmur, zülm qarşısında səssiz qalmanın zalıma yardım mənasına gəldiyini anlayır. Qərb zorbaları Asiyadan olan ikiüzlü müttəfiqləri ilə birlikdə XX əsri müsəlman coğrafiyasının durğunluq dövrünə çevirmişdilər. Ancaq müasir ünsiyyət və əlaqə dövründə yalançının şamı internet ortaya çıxanadək yandı, bir çox məkrli plan baş tutmadı. Suriyada baş verən zorakılıq və zülm BMT-ni hərəkətə keçməyə məcbur etdi. Artıq informasiyanı gizləyib saxlamaq o qədər də asan deyil.
Yalançının şamı internetə qədər yandı
İslam və terror arasında əlaqə yaradan təşviqatçıların planı baş tutmamalıdır. Avropa İrqçilik və Xarici Düşmənliyini Tədqiq Mərkəzinin (EUMC) illik hesabatında müsəlmanların Avropada iş, təhsil və məskunlaşma məsələlərində ayrı-seçkiliyə məruz qaldıqları öz əksini tapmışdır.
Köhnə qitənin bir çox şəhərində müsəlmanlar hər səhər məscidlərinin daşlanacağı qorxusu ilə oyanırlar. Bəzi ölkələr əcnəbiləri işə qəbul edərkən vətəndaşlıq məsələsini gündəmə gətirməyə başlayıblar ki, bu da siyasi leksikonda terror əleyhinə tədbir kimi xarakterizə olunur.
Artıq Avropada əcnəbiləri qəbul və onlara qarşı dözümlülüyün azalmağa başladığı müşahidə olunur. Məlum olduğu kimi, İsveçrədə keçirilən səsvermədə xalqın 58%-i ölkədə minarələrin inşasının əleyhinə çıxmışdı. Bəzi dairələr köhnə qitədə ikinci Əndəlüs böhranı yaratmağa çalışır. Nəzərə alaq ki, əgər 1950-ci illərdə Avropada cəmi 800 min müsəlman yaşayırdısa, hazırda bu göstərici 23 milyon təşkil edir.
Qorxu, qavrama, fikir, düşüncə, qərar zənciri
İslamı öz təhlükəsizliyi qarşısında təhlükə qəbul edənlər ötən əsrin 90-cı illərində müharibə lobbisinin bünövrəsini qoyduğu “Sivilizasiyalararası toqquşma” nəzəriyyəsinin müəllifləridir. Bu qüvvələr planlarını uğurla həyata keçirirlər. Ancaq Türkiyənin demokratiya yolundakı uğuru və “Ərəb baharı”nın baş verməsi Qərb mütəfəkkirlərinin fikirlərini qarışdırıb, onlarda İslama maraq oyadıb.
Bun bariz nümunə kimi cari ilin 30 iyun - 1 iyul 2012-ci tarixlərində Türkiyədə keçirilmiş İslamofobiya simpoziumunu göstərə bilərik. İslamofobiyanın analitik təhlilinin bu baxımdan böyük əhəmiyyət kəsb edəcəyini düşünürəm. Belə ki, modernizmin nihilizmlə birlikdə məhv etdiyi həyatın mənasına yalnız din-elm vəhdəti ilə cavab verilə bilər. Kaş, Veber bu günləri görəydi.
Qorxuların dərketməyə, dərketmənin fikirlərə, fikirlərin düşüncələrə, düşüncələrin isə qəbul edilən qərarlara təsir göstərdiyi insan övladını daha da qorxuya salan deyil, dialoq vasitəsilə və “fərqli olana ehtiram” ideologiyası ilə tərəddüdlərin azaldılması istiqamətində fəaliyyət göstərməyə daha çox ehtiyac duyulur.
Suriya böhranının gələcək parlaq günlərin doğuş sancısı olduğuna inanmağımıza səbəb çoxdur.