Bərdə Rayon Polis Şöbəsinin əmkdaşları dələduzluqla vətəndaşları
soymaqla məşğul olan 2 şəxsi saxlayıb. Rayon Polis Şöbəsindən ANS
PRESS-in Qarabağ bürosuna verilən məlumata görə, bunlar Yevlax rayon
sakinləri Seymur Şəmilov və Rəsul Hüseynovdur. Onlar, Bərdə sakini
Vahid İbadovun şöbəyə ərizəylə müraciət edib, 2 nəfər tərəfindən
aldadıldılması və pulunun zorla əlindən alınması barədə məlumat
verməsindən sonra yaradılan əməliyyat tədbirləri nəticəsində
tutulublar.
Bərdə Rayon Polis Şöbəsinin müstəntiqi Habil
Paşayevin bildirdiyinə görə, saxlanılanlardan biri özünü seyid kimi
təqdim edərək camaatdan pul yığmağa başlayıb. Onların üzərinə baxış
zamanı üzərlərində narkotik maddə də aşkar olunub.
H.
Paşayevin sözlərinə görə, vətəndaşları aldadan zaman Seymur Şəmilov
özünü seyid, Rəsul Hüseynov isə guya seyidin şəfa verdiyi adam kimi
təqdim edib. Və bu üsulla vətəndaşların pullarını mənimsəyiblər.
S. Şəmilov ifadəsində bu yola əl atmasını belə izah verib: "Mən dedim
ki, ələm gəzdirənlər tutulmur, mən niyə tutulum?! Ağdaşdan bura ələm
gətirib gəzdirirlər, sonra da pul alıb gedirlər. Bunu görüb, mən də
tutulmayacağımı fikirləşdim”.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb araşdırma aparılır.