Əvvəla, kəlmeyi-şəhadəti yadımıza salaq. İlk birlik, vəhdət anlayışı buradan başlayır: tək ilah - hər şeyi bilən, görən, eşidən, idarə edən və ancaq Özünə ibadət olunmasını istəyən tək Allah... Əslində tövhid etiqadı islam vəhdətinin əsasıdır.
Bu baxımdandır ki, Allah Qurani-Kərimdə özünün rəbb olma xüsusiyyəti ilə ümmətin vəhdətini bir yerdə göstərir:
“Həqiqətən, bu ümmət sizin vahid bir ümmətinizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!” (əl-Ənbiya, 92).
Ümumiyyətlə, İslamın bütün təməl şərtlərində tək ilah - vahid ümmət cizgisini müşahidə etmək mümkündür. Bütün növ ibadətlər müsəlmanları fərdi olaraq Allaha yaxınlaşdırmaqla yanaşı, vahid ümmət, vəhdət anlayışını da əks etdirir. Səf-səf qılınan camaat namazları, bir neçə gün ərzində milyonlarla müsəlmanı bir araya gətirən həcc, toplumun fərdlərini bir-birinə yaxınlaşdıran, birləşdirən zəkat...
Və Ramazan... Bütün mənaları ilə zaman məfhumunun yenidən dirçəlişi... Ümmətin vəhdəti ilə əlaqəsindən bəhs etmədən əvvəl qeyd edək ki, bu ayı zinətləndirən oruc ibadətinin Allah-qul münasibətində digər ibadətlərə nisbətdə xüsusi yeri vardır. Belə ki, Allahın rəsulu (s) deyib:
“Allah belə deyir: “Adəm oğlunun hər əməli özü üçündür. Yalnız oruc müstəsnadır. Çünki o, Mənim üçündür və onun mükafatını da Mən verəcəyəm” (Buxari).
Bu hədisin mənası üzərində düşündüyümüz zaman orucda bütün ibadətlərə xas olan fərdiliyin fərqli məna daşıdığını görürük. Burada fərdilik (özü üçün cənnəti qazanma) Allah rizasının kölgəsində qalmışdır. Nə qədər ülvi və pak olursa-olsun, bütün istəklər, umacaqlar Tək İlahın razılığının arxa planına keçir. Belə rəbbaniliyi (ancaq Allaha aid olma) və vəhdaniyyəti ilə Ramazan bütün ümməti birləşdirir. Bu ayda qaynayan ümmət olma ruhunun mənbəyi də elə budur. Beləliklə, Ramazan tövhid ayıdır. Yuxarıda tövhidin İslam vəhdətinin əsası olduğunu bildirmişdik. Bununla da fikrimizi bir az da dəqiqləşdiririk: Ramazan Tək İlah – vahid ümmət ayıdır.
Qeyd etdiyimiz kimi, əslində Ramazanda hiss edilən və o mübarək zaman anına yetişmiş insanları kütlə-kütlə, toplum-toplum dirçəldən, dirildən ilahi atmosfer bundan qaynaqlanır.
Baxın, bu ayda oruc tutmağı müsəlmanlara fərz qılarkən də Allah ümmət və ümmət olma şüurunu xatırladır:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə, 183).
Yəni, Ramazan ümmət olma ayıdır. Daha dəqiq desək, insan cəmiyyətinə bəxş edilən bütün ilahi kamilliklər kimi, ümmət şüurunun da bu ayda dirçəldilməsi zamanıdır.
Bəli, oruc tutmaq bizə vacib edilmişdir ki, ümmət olaq, pis əməllərdən çəkinək. Bütün bunları düşünərkən, habelə, müsəlmanların bugünkü halı gözlərimizin önündə canlanır. Həqiqətən, İslam aləmi acınacaqlı haldadır. Məzhəb və cərəyanların çarpışması, təfriqə və ixtilaflar müsəlman aləmin zəif və zəlil hala salmışdır. İçərisində olduğumuz ay bu dəhşətli gedişi dayandırmağımız üçün Allahın bizə verdiyi ilahi bir fürsətdir. Bu ay bir-birimizə tərəf addım atmaq, bir-birimizi anlamağa çalışmaq üçün daha bir imkandır. Heç bir nəticəsi olmayan qısır mübahisələrdən sıyrılıb ümmət şüurunun yenidən dirilməsinə xidmət edəcək əməllərə sarılmaq zamanıdır. Ramazan girdiyi zaman eşidirik ki, müsəlman din xadimləri və ya fərqli dinlərin ruhaniləri iftar süfrələri keçirib bir-birlərini dəvət edər, bir dialoq, dostluq abı-havası əsdirərlər. Əlbəttə, bu da xoşdur. Ancaq bu gün müsəlmanların öz aralarında yaxınlaşmağa, bir süfrə başında əyləşmələrinə daha çox ehtiyac vardır Bəli, fərqli məzhəblərin, cərəyanların bu Ramazanda birlikdə Allaha qul olmaq, birlikdə Ona doğru yürüməsinə çox ehtiyacı vardır. Bu mübarək ayda buna çalışaq. Əməllərimizlə, dualarımızla...