Builki Ramazanda Küveytdə 279, Keniyada isə aralarında xristian din xadiminin olduğu 9 nəfər İslamı qəbul edib.
"Selef.my1.ru" Türkiyə mətbuatına istinadən bildirir ki, Ramazan ayında dünyanın müxtəlif ölkələrində İslam dinini qəbul edənlərin sayında artım müşahidə edilir. Belə ki, xəbərlərdə builki Ramazan ayında Küveytdə 279 nəfər müsəlman olub. Küveyt İslamı Tanıma Komitəsindən mübarək ayın ilk həftəsində müxtəlif millətlərdən olan 300-dək insanın İslamı qəbul etdiyini bildirilib. Açıqlamada sözügedən şəxslərin komitənin həyata keçirdiyi "Dəvət məsuliyyətdir, bizimlə birlikdə bəyan et!" kampaniyası zamanı müsəlman olduqları vurğulanıb.
Komitə sədrinin köməkçisi Əbdüləziz əd-Dəc kampaniyanın müsəlmanların dəvət işinin aparılması xüsusunda maarifləndirilməsi, əhəmiyyətini dərk etməsi və müxtəlif vasitələrlə hikmətlə və gözəl bir şəkildə İslamı tanıtmaları məqsədilə həyata keçirildiyini deyib.
Mövzu ilə bağlı xəbərdə Keniyada isə 9 nəfərin Ramazanın ilk həftəsində müsəlman olduğu bildirilib. Ölkədə İslamı qəbul edənlərin arasında bir nəfərin xristian din xadimi olduğu qeyd edilib. Keniyanın bir çox vilayətində yaradılan islam mərkəzləri bu dini qəbul edənlərə yardım fəaliyyətini davam etdirir.
Paytaxt Nayrobidəki mərkəzi məscidin imamı Şeyx Saleh Məhəmməd Saleh ölkə ictimaiyyətinin hər bir təbəqəsində və qəbilələrdə İslama böyük maraq və yönəlmə müşahidə edildiyini deyib. Məscid imamı builki Ramazanda hər gün azı 1 nəfərin məscidə gələrək, İslamı qəbul etdiyini bildirib. Şeyx Saleh keniyalıların İslamı qəbul etmələrindəki əsas amilin müsəlmanların təqdirəlayiq davranışları olduğunu vurğulayıb.
Xristian din xadimi olduğu halda Ramazan ayında müsəlman olduğunu deyən Fəhd Msinaa axtardığı rahatlığı İslamda tapdığını bildirib.