Rafizilər - (ərəbcə rafiz sözündəndir, əl çəkən, inkar edən deməkdir) - mötədil şiələrə nisbət verilmiş ümumi adıdır. Sünni müəlliflər Əbu Bəkrin və Ömərin xəlifəliyinin qanuniliyini qəbul etməyən (rədd edən) bütün şiələri rafizilər adlandırmışlar. Onların fikrincə, ilk rafizilər səbailər, yəni Əlinin imamlığının "ilahi göstəriş" olduğunu iddia edən Abdulla ibn Səbanın (661-ci ildən sonra vəfat etmişdir) tərəfdarları olmuşlar. Daha məhdud mənada rafizilər deyiləndə şiələrin altıncı imamı Cəfər Sadiqin (765-ci ildə vəfat etmişdir) tərəfdarı olan, hakimiyyət uğrunda silahlı mübarizədə iştirak etməkdən boyun qaçıran mötədil şiələr nəzərdə tutulmuşdur. Məsələn, imamlıq iddiasına düşən və əməvilərə qarşı üsyana qalxan hüseyni Zeyd ibn Əlinin (740-cı ilin yanvarında öldürülmüşdür) "tərk etmiş" Kufə şiələrini rafizi adlandırırdılar. Həmin şiələr 762-ci ildə də eyni cür hərəkət etmiş, Mədinədə üsyan qaldıran Məhəmməd ibn Abdullanın imamlığını qəbul etməkdən boyun qaçırmışlar.