İnsan çox güclü görünməsinə baxmayaraq, həqiqətən zəif bir məxluqdur. Amma insan, gücünü Allahla qurduğu əlaqəsindən, Allahı tanıma bacarığından və qabiliyyətindən alır. Yəni idrak edən qəlbindən alır. Onu işlətmədiyi zaman da insan olma xüsusiyyətini itirir və nəticədə digər canlılarla eyni səviyyədə olur. Amma heyvan da olmur. Çünki heyvanlaşan insana heyvana davranıldığı kimi davranılmır. Ona verilən ilahi fürsətləri boşa sərf edib ikram olunan bu möhtəşəm imkanı göz ardı etdiyi üçün ona, bir günahkar kimi davranılır. Onun haqqı da budur. Ona görə də insan, ona verilən doğrunu yanlışdan ayırd etmək qabiliyyətindən, dərk edən qəlbindən istifadə edərək Rəbbinə şükrünü əda etmək məcburiyyətindədir. Hidayət vəhyin özünün özünə verdiyi bir vəsfdir. Keçən dəfəki yazımızda Quranın ilk vəsfi olaraq insanlar üçün hidayət rəhbəri olan, yol xəritəsi olan ‘’hudən’’ ismindən bəhs etmişdik. İnsanlar bir gəmidədir. Bu gəmi həyat okeanının ortasındadır. Əgər həyatın fırtınaları olmasa idi, bəlkə də həyat gəmisini istədiyimiz kimi istiqamətləndirə bilərdik. Lakin həyatın elə fırtınaları var ki, o fırtınalarda necə istiqamət verəcəksiniz bu gəmiyə, bu həyat gəmisinə? Belə hallarda Quran, sizin yol göstərəniniz, rəhbəriniz, yol xəritəniz və kompasınız olacaqdır. Vəhyin funksiyası budur. Vəhyin hidayət olması bu deməkdir.
Vəhy necə hidayət olur? Vəhy yol göstərirsə, haradan haraya gəlir insanlar? Tariximizdən bir neçə misal vermək istərdik. Amma əvvəlcə, vəhyin hidayət olması üçün şərt olan bir məsələni açıqlayacağıq. Bu, anlama məsələsidir. Anlamadığınız bir şey sizə hidayət olmaz, rəhbərlik etməz, yol göstərməz. Bir şeyin sizə rəhbərlik etməsi üçün onu dərk etməniz lazımdır. Xüsusilə də bu ilahi bir xitab isə, o xitabın nə dediyini anlamaq məcburiyyətindəyik ki, bizə bələdçilik edə bilsin. Düşünün, qarşınızda bir bələdçi var, amma nə dediyini başa düşmürsünüz. Sizə necə rəhbərlik edəcəkdir? Bir resept var əlinizdə, fəqət nə yazıldığını başa düşmürsünüz. Bəs o zaman biz bu reseptdən necə istifadə edəcəyik? Necə şəfa tapacağıq? Bir plan var əlinizdə, amma heç bir şey anlamırsınız ondan. Anlamadığınız üçün bu plana çox mübarək deyirsiniz. ən məqəddəs, ən uca, ən mükəmməl deyirsiniz. Onu divara asırsınız. Onu əzbərləyirsiniz. Onu dəfələrcə təkrar edirsiniz. O plan sizin zəfər əldə etmənizə səbəb olmaz. Lap dünyanın ən mükəmməl planı olsa belə. Əgər resepti tətbiq etməsəniz o resept xəstəliyinizi sağaltmaz. Reseptlər istifadə edilmək üçün yazılır. İstifadə etmənin xaricində nə etsək də, o resept bizim üçün yazılma məqsədini yerinə yetirməyəcək. Lazım olanı etmədikdən sonra da reseptə və ya resepti yazan həkimə bir şey deməyə haqqımız varmı, və ya o planı hazırlayana bir şey deyə bilərikmi? O tədris planını hazırlayan aləmlərin müəlliminə bir şey deyə bilərikmi? Nə söyləməyə haqqımız var ki? Allaha irad tuta bilmərik. Ona görə də, hər şeydən əvvəl vəhyin dərk edən qəlbimizə nazil olduğunu etiraf edəcəyik, bunu anlayacağıq və unutmayacağıq. Allah Təala buyurur: ’’Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə özünü yorma). Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları əzaba (kəsafətə) düçar edər.’’ (Yunus surəsi, 100)
Kimin başına nə gəlirsə, düşünmədiyinə görə, idrak etmədiyinə görə olur. Etdiklərimiz xətalara görə başımıza gələnlər ilə ilahi təqdirin başımıza gətirdikləri birbirlərindən fərqli şeylərdir. Amma, əllərimizlə etdiklərimizə görə başımıza nə gəlsə, bu, ağlımızı istifadə etmədiyimizə görədir. Bir misal vermək istəyirəm. İnsanlardan, ən şərli insanın kim olduğunu soruşduqda, hər kəsdən fərqli cavab ala bilərsiniz. İnsanlar sizə, məsələn, canilərdir, qatillərdir, narkotika satanlardır, təcavüzkarlardır, oğrulardır, fasiqlərdir, kafirlərdir, müşriklərdir, facirlərdir, həddini bilməyənlərdir, zalımlardır kimi müxtəlif cavablar verərlər. Bir də Qurana soruşun: ‘’Ey Qur`an, insanların ən şərli olanı kimdir? Qur`an, qatillər, kafirlər, müşriklər, zalımlar, firon və Nəmrud demir. Nə deyir, bilirsinizmi? ‘’Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və dilsizlərdır.’’ (Ənfal surəsi, 22) Deməli, Allaha görə canlıların ən şərliləri ağlından istifadə etməyənlərdir. Ağlın təşəkkürü ondan istifadə etməkdir. Çünki ağıl, Allahdan bir ‘’atiyyəyi ilahiyyə’’dir (‘’ilahi hədiyyə’’dir). Ağıl, ağlı ‘’küll’’ olan Allahın bizə verdiyi ən qiymətli meyvədir. Bir kəsin başına öz etdiklərinin səbəb olduğu hər hansı bir şey gələndə, ürəyindən bir şey keçər ki, o da ‘’yəqin ki, Allahın bir planı var’’ fikridir. Deməli, insanlar, Allahın verdiyi ağıldan istifadə etmədikləri halda başlarına bir iş gəlir və ondan sonra da bu işdə məsuliyyətin Allaha aid olduğunu düşünürlər. Bu da Allaha böyük bir iftiradır. Qurban olduğum Rəbbim daha nə etsin? Allah, insanı yaratdığı varlıqlar içində şərəfli bir varlıq olaraq yaratmışdır. Varlıqlardan seçmiş, can vermişdir. Canlıları içindən seçmiş, ağıl vermiş, şüur vermişdir. Ağıllar içindən də seçmiş iman vermişdir. Bir də insanın əlinə Qur’an vermişdir. Əgər Allah peyğəmbərlərini göndərməmiş olsaydı, yenə də insanın Rəbbinə söyləyəcəyi (etiraz edəcəyi) bir şey olmayacaqdı. Çünki, səlim (qüsursuz) ağıl Allahı dərk etmək üçün kifayətdir. Əsərə baxan müəllifini görər. Sənət əsəri varsa sənətkarı da var. Bunu başa düşmək üçün dahi olmağa ehtiyac yoxdur. Bu səbəbdən, bu kitab yazılmış və bizə göndərilmişsə, demək ki, bunun bir yazanı vardır. ‘’Yazanı yoxdur, amma kitab vardır’’ demək, səlim ağla ziddir. Skandinavya ölkələrindən birində 14500 il əvvələ aid iki daş tapmışlar. Bu iki daşın da üstündə bir daş varmış. Yəni iki daş qarşılıqlı vəziyyətdə və üstündə də bir daş varmış. Bundan sonra, ‘’Avropada bəşəriyyətin ilk izlərini tapdıq’’ deməyə başladılar. Bu insanlar, qarşı qarşıya olan iki daş, üstündə də bir daş tapanda, bəşəriyyətin ilk izlərini tapmış olduqlarını sanırlar. Bəs o zaman bu adamlar, bu böyük kainatın təsadüf nəticəsində yarandığına necə inana bilirlər? Bu necə ağıldır? Problemin kökü buradadır. Nədənsə bizim dindarlığımız Qur’anın dindarlığının əks qütbündə dayanır. Qur’anın öyrətdiyi dindarlığın mərkəzində səlim ağıl vardır. Bizim dindarlığımızın mərkəzində isə o yoxdur. Avamın (dini sahədə oxumamış insanların) dindarlığının mərkəzində ağıla yer verilmir, hətta ağıl pis bir imicə sahibdir onlara görə. Niyə Qur’an, vaxtilə insanlığı islah edən insanlar inşa etdiyi halda bu gün etmir? Sualın cavabı məlumdur. Əgər Qur’an dünən etdiyini bu gün etmirsə, iki ehtimal vardır. Ya Qur’an dəyişdi, ya da biz dəyişdik. Günah ya Qur’anda, ya da bizdədir. Birincisi üçün min dəfə ‘’haşa‘’ deyirik. Deməli, günah bizdədir. Problem bizdədir. Ona görə də, Qur’anın hidayətindən istifadə etmək istəməyəni Qur’an hidayətə çatdırmaz. Hidayət iki tərəfli bir şeydir. Vəhy sizi doğru yola qovuşduracaq, siz də doğru yola qovuşmaq üçün iradəli olacaqsınız. Bu ikisi olduğu vaxt, biz buna hidayət deyirik. Vəhy könül qapınızı döyəcək: ‘’Mən Allahın vəhyiyəm. Rəbbim məni sənə göndərdi, ey insan. Rəbbim məni sənə şəfqət yağmuru kimi endirdi, ey insan. Qəlbinin çöllərini göllərə çevirmək üçün göndərdi’’. Beləliklə, siz də qəlbinizin qapısını açdığınız zaman, o rəhmət içəri girəcək. Ancaq açmadığınız zaman, girməyəcək. Əgər açmadan da girmiş olsa idi, o halda sizin iradənizin, ağlınızın, insan olmanızın hər hansı bir funksiyası qalmazdı. O halda, sizin seçə bilmə qabiliyyətiniz olmazdı. Seçmənin olmadığı yerdə iradə olmaz, iradənin olmadığı yerdə də seçmə olmazdı. Beləliklə də, cənnət və cəhənnəmdən, yaxşı və pisdən, günah və savabdan, əxlaq və əxlaqsızlıqdan bəhs etmək də əbəs yerə olardu. Heyvanlar dünyası üçün bunlardan bəhs etmirik. Çünki onların seçmə qabiliyyətləri yoxdur. Mələklər dünyası üçün də bəhs etmirik. Keçən yazımda Bəqərə surəsinin Hz. Adəmlə əlaqədar olan ayələrini oxuduğum zaman, mələklərlə bizim biliyimiz (elmimiz) arasındakı mahiyyət fərqini söyləmişdim. Demişdim ki, mələklərin biliyi verilmiş bilikdir. Mələklər verilən bilikdən istifadə edirlər. Onlar biliyi ortaya çıxara bilməzlər. Amma insanın biliyi ortaya çıxarıla bilən bir bilikdir. İnsanı mələkdən ayıran fərq də budur. ‘’(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (isimlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!”- dedi. Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən Sənsən, hikmət sahibi Sənsən”, - dedilər. (Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara bildir!”- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” – buyurdu.’’ (Bəqərə surəsi, 31-33)
Bu ayələrdə bizə bildirildiyi kimi, Allah, Adəmdən kainatda mövcud olan şeylərin adlarını söyləməsini istədiyi zaman Adəm ad qoyma qabiliyyətini ortaya qoydu. Yəni biliyi-elmi ortaya çıxartdı. Biz, Allahın bizə verdiyi elmi ortaya çıxara bilən bir qabiliyyətə sahib bir şəkildə yaradılmışıq. Bəs bu qabiliyyətdən istifadə edə bilirikmi? Elə problem də budur. Yəni, mahiyəti baxımından hidayət tək tərəfli bir gəliş deyil, eyni zamanda iki tərəflidir. Bəli, bu nöqtədə bizim hidayətə qarşı münasibətimiz əhəmiyyət kəsb edir. Bəqərə surəsində Qur’an haqqında ‘’hudən lilmüttəqin’’ (‘’Müttəqilərə hidayətdir’’) deyilir. Yəni Qur’an, məsuliyyətini bilənlərə, tir-tir titrəyənlərə, Allahın qoyduğu yerdə duranlara, ağlını işlədənlərə, Allahın verdiyi nemətlərin insana həm haqq, həm də məsuliyyət yüklədiyini bilənlərə və bu məsuliyyəti yerinə yetirənlərə bir hidayətdir. Qur’an, ağlın və dərk edən qəlbin məsuliyyətini bilənlərə, insan olmanın fərqliliyini və məsuliyyətini dərk edənlərə bir hidayətdir. Vəhy olmadan bəşəriyyətin gördüğü İslamın o möhtəşəm iman hərəkatını anlamaq mümkün deyildir. Bəşəriyyətin nadir hallarda şahid olduğu iman hərəkatını ancaq Qur’an ilə, Qur’anın gücü ilə başa düşə bilərik. İnsanların qəlbini fəth etmək üçün Allah Rəsulunun əlindəki vasitələr nələrdi? Səhabədən heç birinin ‘’mən ağacı yeriyərkən gördüm, ondan sonra iman etdim’’, ‘’mən daşı danışarkən gördüm, ondan sonra iman etdim’’, ‘’mən yeri havaya qalxmış vəziyyətdə gördüm, ondan sonra iman etdim’’ dediyinə rast gəlmirik. Bəs nəyə rast gəlirik? ‘’Qur’ana qulaq asdım, iman etdim’’. Başda Pəyğəmbərimiz olmaqla onlar Qur’anın övladlarıdırlar. Hər peyğəmbərin peyğəmbərlik möcüzəsi vardır. Peyğəmbərimiz ‘’Mənim nübüvvət (peyğəmbərlik) möcüzəm Qur’andır’’ buyurur. Hər peyğəmbərə verilən möcüzə, çox maraqlıdır ki, tarixi bir hadisədir. Baş verdiyi zamanla məhduddur. Ona görə də, o gün üçün möcüzədir, bizə qədər gəlməmişdir. Amma Peyğəmbərimizə verilən möcüzə tarixi deyildir. Bütün zamanları, yəni, özündən sonrakı bütün zamanları əhatə edir. O möcüzə vəhydir, Qur’andır. Quran, dünən insanların qəlbini necə dəyişdirirdisə, sarsırdısa, onları adam edirdisə, bu gün də eyni şəkildə qulduru övliya etməyə davam edir. Yetər ki, insan ona necə baxacağını bilsin. Yetər ki, ona qəlbini açsın. Yetər ki, ayədə ifadə edildiyi kimi ona qarşı kor və kar kimi davranmasın. Musab b. Umeyr on dörd yaşında, Sad b. Əbu Vaqqas on dörd yaş yarımda, Ərqam b. Əbi’l-Ərqam isə on yeddi yaşındaykən Pəyğəmbərimizin yanına gəlmişdilər. Bunlar daha yeniyetmə idilər. İlk eşitdikləri şey vəhy idi. Onlar vəhyə elə bir şəkildə bağlandılar ki, bir daha heç bir zaman ayrılmadılar. Bu, çox güclü bir bağlılıqdır. Sad b. Əbi Vaqqas iman etdiyi zaman, anası ona ‘’Sən Mühəmmədi tərk edənə qədər başıma bir qab su tökməyəcəm, ağzıma da bir tikə yemək qoymayacam’’ deyərək and içir. Sad b. Əbu Vaqqasın anasına verdiyi cavab budur: ‘’Anacığım, səni çox sevirəm. Bu Məkkədə anasına qarşı məndən daha ehtiramlı olan birini göstər. Amma anacığım, bu başındakı tellər qədər canın olsa, onların hər birini bu iş üçün versən, məni Rəsulullahdan bir qarış ayıra bilməzsən.’’ Bu necə bir imandır? Bu necə bir əzmkarlıqdır?
Bənzər şeyləri Musab b. Umeyrdə və digərlərində də görürük. Məkkəlilər, Allah Rəsuluna sehrbaz deyərək iftira etmək istəyəndə bu iftiralarına bir dəlil tapa bilmirdilər. Onlar sadəcə, bunu deyirdilər ki, o, insanları qövmündən, qəbiləsindən, ana-atanı övladından, qardaşı qardaşından ayırır və onun sehri budur. Siz, onların verdikləri misala baxın. Əslində, onlar bir baxımdan etiraf edirdilər. Nəyi etiraf edirdilər? Ortada bir gücün var olduğunu etiraf edirdilər. Bu, başa düşmədikləri bir güc idi. Amma bu gücə ad verə bilmirdilər. Bu gücün adı vəhydir. Bir dəfə, gecə yarısı Utbə, Şeybə, Ümeyyə b. Xələf və Vəlid b. Muğirə ayrı-ayrı olaraq, birbirlərindən xəbərsiz Peyğəmbərimizin gecə oxuduğu Qur’anı dinləmək üçün gəlirlər. Vəlid b. Muğirə qalxıb gədəndə küçənin başında Utbəyə rast gəlir. ‘’Nə edirsən?’’ deyir ona. O da eyni şeyi soruşur. İkisinin də üzü qızarır. İkisi də Qur’an dinləməyə gəldiklərini etiraf edirlər. Bu insanlar Qur’anın düşmənləri idilər. Deməli, bu hadisədə Qur’an, düşmənlərini ayağına gətirmişdi. Bu şəxslərin etdikləri küfr ‘’inadlı’’ idi. Vəlid b. Muğirə, ‘’Vallahi, mən şeirin ən yaxşısını bilirəm. Mən kahini, arrafı tanıyıram. Amma bu başqa bir şeydir’’ deyirdi. Bir dəfə bir bədəvi, Allah Rəsulu Kə’bənin önündə Qur’an oxuyarkən ona qulaq asır. Birdən səcdəyə qapanır. Ona deyirlər ki, sən nə tez iman etdin? O da, ‘’Mən iman etmədim ki. Bu xitab fərqli bir xitabdır. Mən bu xitabın ecazkarlığı önündə səcdə etdim’’, deyir. Deməli, hidayət fərqli bir şeydir.
Hz. Ömər dəvə bəsləməklə məşğul olurdu. Müharibə olmadığı zamanlarda dəvə otarırdı. Hz. Ömər çox güclü olmayan bir qəbiləyə mənsub idi. O, güclü, cəsarətli, qəhrəman bir igid idi. Bir dəfə o, Rəsulullahı öldürmək qərarına gəldi. ‘’Məkkədəki ixtilafı ortadan qaldıracağam’’ deyib, qılıncını alaraq yola çıxdı. Yolda rastlaşdığı öz qəbiləsindən olan bir adam ondan soruşdu: ‘’Hara belə bu hiddətlə, ey Ömər?’’ ‘’Mühəmmədi öldürməyə gedirəm’’ deyə cavab verdi Ömər. O şəxs, daha əvvəl müsəlman olmuşdu, ancaq hələ İslamı qəbul etdiyini bildirməmişdi. Ömərin də bundan xəbəri yoxdu. O şəxs, Ömərə belə deyir: ‘’Sən əvvəlcə get, öz bacınla onun həyat yoldaşının işini bitir. Onlar da iman etmişlər’’. Ömərin bundan xəbəri yoxdu. Beləliklə, Ömər yolunu dəyişdirir və bacısının evinə yollanır. O şəxs də Allah Rəsuluna xəbər göndərir ki, tədbir görsünlər. Ömər, bacısı Fatimə binti Xəttabın evinə gəlib çatanda evin içində vəhy oxunurdu. Rəvayətlərdən birinə görə, Taha surəsi oxunurmuş. Ömər də bunu eşidir. Oraya bir kafir olaraq Allah Rəsulunu öldürmək məqsədi ilə gələn Ömərin ürəyi yumşalmağa başlayır. Qur’anın möcüzəsi budur. Qapıdan qulaq asdığı səslər onu cəzb edir. Doğmuş bir günəş kimi ürəyinin buzlarını əridir. Ürəyindəki buz dağlarını parçalayıb dağıdır. Ömər tərəddüd içində içəri girir. ‘’Nə idi o oxuduğunuz?’’ deyir. Ondan əvvəl isə birinin gəldiyini hiss edən Fatimə binti Xəttab bu Qur’an ayələri yazılan əşyanı gizlətmişdi. Ömər oxunan şeyin nə olduğunu israr edərək soruşur. Bacısı söyləməməyə çalışır. Ömər bu zaman bacısını vurur. Sonra bacısının həyat yoldaşı müdaxilə etmək istəyir. Bu zaman Ömər onu da vurur. Bundan sonra isə, məcbur qalıb Qur’an ayələrini ona göstərirlər. Bu ayələr ona çox güclü təsir edir. Öldürməyə gələn adam dirilir. Hər ayə qəlbindəki çölə bir rəhmət kimi düşür. Çölü gölə çevirir. Sonra Ömər Allah Rəsulunun olduğu yerə gedir. Daha əvvəl Ömərin nə üçün gələcəyi xəbəri gəldiyinə görə, qapıdaki səhabə Öməri buraxmaq istəmir. Ömər qılıncı ilə gəlirdi. Qılıncını əlindən almaq istəyir. Allah Rəsulu içəridən səslənir: ‘’Burax gəlsin’’. Beləliklə, Ömər də müsəlmanların cərgəsinə qoşulmuş olur. Hz. Ömər, Məhəmmədi dəvətin böyük mirası olan İslam dövlətinin üçüncü xəlifəsi olmuşdur. O, təxminən 1 milyon kvadrat kilometr olaraq aldığı torpağı 4-5 milyon kvadrat kilometrə qədər genişlətmişdir. Yə’ni, bu torpaq hərəkatı deyildi təbii ki. Bu iman hərəkatı idi. Hz. Ömər, yə’ni, Məkkədə dəvələrlə məşğul olan bu şəxs, yer kürəsinin ən böyük dövlətinin adil başçısı olur. Bunun nəyin nəticəsi olduğunu daha öncə heç düşündünüzmü?
Eyni bənzər bir hekayət Əbu Zərrdə də olmuşdu. Əbu Zərr bir ay Kə’bədə qalmışdı. Yeməyə bir şeyi olmadığına görə, acanda da, susayanda da Zəmzəm suyundan içmişdi. Yeri gəlmişkən, bir şeyi xatırlatmaq istəyirəm. Zəmzəmin qidalandırıcı xüsusiyyəti vardır. Peyğəmbərimiz Zəmzəm haqqında ‘’Hansı niyyətlə içsən, o niyyətin hasil olar’’ buyurmuşdur. Bu səbəbdən, Zəmzəm, içində çoxlu miqdarda mineral olduğuna görə adamı doyurur. Əbu Zərr bir ay qaldıqdan sonra, Allah Rəsulu 10-11 yaşındakı Hz. Əlini göndərir. Əbu Zərr onun rəhbərliyi altında, gizlicə Ərqamın evinə gəlir. Əvvəllər Əbu Zərrin peşəsi, xüsusilə də sahil yolu üstündəki bir təpədə duraraq keçən karvanları soymaq idi. Ümumiyyətlə, onun mənsub olduğu qəbilənin işi bu idi. Qəbilənin ən mahir yolkəsəni də Əbu Zərr idi. Əbu Zərr Məkkəyə gəldiktən sonra, bir ay boyunca sanki, etdiklərinin əvəzini ödədi. Sanki, zəmzəmlə onun bədəni də təmizləndi. Orada gözü də təmizləndi. Ondan sonra ‘’xanəyi səadət’’ə qəbul edildi. Yol kəsən quldur övliya oldu. Bu, nəyin sayəsində oldu? Yenə Qur’anın sayəsində oldu. Əbu Zərri də cəzb edən şey, Kə’bənin önündə ilk dəfə eşitdiyi vəhydi. Amma çox maraqlıdır ki, niyə vəhy eyni təsiri bizə etmir? Maraqlı deyilmi? Fudayl ibn İyaz belə demişdir: ‘’Allah Qur’anı onunla əməl edilməsi üçün nazil etdi. Fəqət insanlar onu oxumağı əməl olaraq yerinə yetirdilər’’. Fudayl ibn İyaz da Səraxsın və ətraf bölgəsinin ən məşhur qulduru idi. Onun hidayətinə nə səbəb oldu? Onun söylədiyi fikri bir insan asanlıqla söyləyə bilməz. Bir adamın bu sözü söyləməsi üçün Qur’anın hidayət əlini görməsi lazımdır. Onun hidayətinə səbəb olan hadisəni danışmaq istəyirəm. Bir gün o, yenə quldurluq edərkən bir evə girir. Məqsədi o evi soymaq idi. Evə girəndə içəridən Qur’an səsi gəlir. İçəridən gələn səs Hədid surəsinin 16-ıncı ayəsini oxuyur: ‘’İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir. Onların çoxu (Allaha asi olan) fasiqlərdir!’’ (Hədid surəsi, 16-ncı ayə)
Bunu eşidən Fudayl, ‘’Gəldi, ey Rəbbim’’ deyir. Fudayl, eyni zamanda belə deyir: ‘’Aman Allahım, bu ayə mənim üçündü. ‘Hələ zamanı gəlmədimi?’ deyir Allah’’. Bundan sonra, Fudayl çıxıb bir karvansaraya gedir. Karvansarayda oturduğu zaman, orada olan karvanın yolçularının öz aralarında məsləhətləşirkən belə dediklərini eşidir: ‘’Aman, bu bölgənin qulduru Fudayldır. Əgər gecə yola çıxsanız, sizi məhv edər, soyub talayar’’. Bunu eşidən Fudayl onlara belə deyir: ‘’ Fudayl mənəm. Artıq gözləməyinizə ehtiyac yoxdur. Gedə bilərsiniz. Zamanım gəlmiş. Bunu Allahdan öyrəndim’’. O, bundan sonra iman yolunda böyük bir şəxsiyyət, dərin bir arif, tanınmış bir alim olur. O, Qur’anın səsini yeddi iqlimə eşitdirmək üçün həyatını vəqf edir. Siz, Qur’anın gücünə baxın. Bu güc, tarixdə qalmış bir güc deyildir. Bu güc hələ də davam edir.
1926-ıncı ildə, Berlində Leopold adlı bir yəhudi öz həyat yoldaşı Eva ilə tramvayda gedirmiş. Jurnalist olan Leopold bəy qeyri ixtiyari olaraq vaqonda oturanları seyr edirmiş. O vaqon da çox zəngin olanların mindiyi vaqon imiş. Amma min bir cür nemət içində olan bu insanların hamısının üzündə dərin bir həyəcan hiss olunurmuş. Onların heç birinin üzündə ürəkdən bir nəşə, dərin bir sevinç hissi yox imiş. Leopold bəy həmin vaxt xanımı ilə göz-gözə gəlir. Sən demə, xanımı da eyni şeyləri hiss edir və görürmüş. Leopold bəy evə gəlir. O, Orta Şərq ölkələri üzrə müxbir imiş və onun özündə bir Qur’an var imiş. Evə gələndən sonra Qur’anı açır və Təkasür surəsini oxuyur: ‘’(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqrəba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki, Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)]. Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz! Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz! Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)! Siz o Cəhənnəmi mütləq görəcəksiniz! Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz! Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız! (Təkasür surəsi, 1-8) Bundan sonra, Leopold bəy, bu ayələri bir qulun söyləyə bilməyəcəyini, bunların bir qulun ağzından çıxa bilməyəcəyini söyləmişdir. Bu ayələr onu imanın qapısına aparmış və o, Muhəmməd Əsəd olmuşdur. Böyük müfəssir, böyük bir alim olmuşdur.
Mənim tanıdığım bir Dallas Əhməd var. Onu çox sevirəm. O, Dallasda doğulmuş və orada böyümüşdür. Adı Əhməddir amma, onun adından başqa heç bir tərəfi müsəlman deyilmiş. İslam haqqında heç bir şey bilmirmiş. O, universitet bitirmiş, təhsilli bir adamdı. Dallasda gəzəndə bir kitab mağazasının vitrinində həyatında ilk dəfə Qur’anı görmüşdür. O günə qədər Qur’anı heç görməyib. O, Qur’anı alır və o vaxtdan başlayaraq Qur’an onun ürəyinə yerləşir. Qur’anın hidayət olmasının o qədər çox nümunələrini görürəm ki. Avropada İbrahim adında Alman bir müsəlman görmüşdüm. Ona ‘’Necə oldu ki, müsəlman oldunuz?’’ deyə soruşdum. O, mənə belə cavab verdi: ‘’Bir dəfə Qur’an oxunmasına rast gəldim. Bu oxuma iliyimə işlədi və dedim ki, mən bu kitabın nə olduğunu öyrənəcəm. Çıxdım getdim Suriyaya və altı il orada ərəbcə öyrəndim. Bunu sırf Qur’anın nə dediyini öyrənmək üçün etdim və Qur’anın nə dediyini başa düşdüyüm zaman, Qur’an üçün anadan olduğum qərarına gəldim’’. Bu necə bir əməkdir? Bu necə bir ciddiyətdir? Ona görə mən həmişə deyirəm ki, ‘’mən müsəlmanam’’ deyən bir insana verəcəyiniz ilk və tək sual var: ‘’Ciddisənmi?’’ Saqqallı Cəlal əsl insan idi. Qalatasaray litseyinin müdiri vəzifəsindən ayrılaraq Aydın şəhərində bir fabrikdə fəhləlik edirmiş. Bunu etmək elə də asan bir şey deyil. O, aldığı bütün maaşı kasıblara paylayırmış. İstanbula gələndə, onun sonralar yüksək vəzifəyə yüksələn köhnə şagirdlərindən biri ona ev bağışlamışdır. O da, o evi gizli bir şəkildə kasıblara vermişdir. Bu yolu seçmək və bütün bunları etmək asan bir iş deyil. Ona görə də mən, Saqqallı Cəlalı çox sevirəm. O, Fransada yüksək səviyyədə təhsil almışdı. Bəyoğlunda küçələri süpürürmüş. Bu adam dəli deyilmiş. O, ‘’ Cumhuriyyəti elan etməyin əvəzinə, ciddiyət elan etsə idik, daha yaxşı bir şey elan etmiş olardıq’’ deyirmiş. Bəli, mən də bunu təkrar edirəm ki, ciddiyət elan etmiş olsa idik, daha yaxşı bir şey elan etmiş olardıq. Çünki bu gün bizim problemimiz ciddiyətsizlikdir. Bir adamın ilk etapda nə olub olmadığı məni maraqlandırmır. Məni ciddi olub olmadığı maraqlandırır? Nə olursa olsun, öz yolunu seçsin. Amma ciddi olsun. Hətta müsəlman olmaya da bilər. Amma ciddi olsun. Ateist də ciddi ateist olsun. Komunist də ciddi komunist olsun. Yə’ni, əvvəlcə ciddi olsun, sonra nə olacaqsa, olsun. Bəs biz özümüz ciddiyikmi? Baxın bir, ciddiləri də sevə bilmirik. Ciddi adamlara aramızda yer vermirik, imkan vermirik.
Bir şəxs içki içib sərxoş olduqdan sonra ordu komandiri Əbu Ubeydənin yanına gəlib demiş: ‘’Məni təmizlə’’. O da, ‘’İndi hücum zamanıdır. Hücumdan dönək, səni cəzalandırım’’ deyir. Yəni ‘’səni təmizləyim’’. Əbu Ubeydə onu qərargah çadırına bağlayır. Bu hadisə, İranla olan müharibədə, Qadisiyyə müharibəsində baş vermişdir. Qadisiyyədə qarşı tərəfdən elə bir hücum edilir ki, bu hücumda İslam ordusu nizamını itirir. Bu vəziyyəti görən o adam, sərkərdənin həyat yoldaşı Səlmaya deyir ki, məni burax, bax ordu dağılmaq üzrədir, bir nəfərəm amma, bəlkə xeyrim dəyə bilər. O adam, and içərək söz verir ki, gəlib yenə təslim olacaq. O da, onu buraxır. Beləcə o, silahını alıb atına minir və düşmənin üzərinə elə bir gurultu ilə, elə bir hay çəkərək hücum edir ki, Düşmən elə zənn edir ki, Suriyadan ehtiyat qüvvələr gəldi. Halbuki o, tək idi. Amma onun bu şəkildə hücum etməsini görən İslam ordusu onun arxasından hücum edir və müsəlmanlar qələbə çalırlar. İslam ordusu sərkərdəsi Əbu Ubeydə çaşıb qalır. Sonra çadıra gəlir və həyat yoldaşı ona ‘’Nə oldu?’’ deyir. Əbu Ubeydə deyir ki, bir adam gəldi, hücum etdi və məğlub olacağımız müharibə qələbə ilə nəticələndi. Həyat yoldaşı ona deyir ki, o şəxs, buraya bağladığın həmən o sərxoş idi. O adam geri qayıdır. Əbu Ubeydəyə israr edərək deyir ki, indi məni cəzalandır. O da deyir ki, mən indi sənə necə cəza verim? Əbu Ubeydə onu sərbəst buraxır. Siz bu insanların ciddiliyinə bir baxın. Mən həmişə deyirəm ki, səhabənin günahkarı indiki zamanın günahkarına bir nümunədir. Bu hadisədə iki tərəf də yalvarırdı. Biri deyirdi ki, mənə cəza ver, o biri də deyirdi ki, bunu edə bilmərəm. O zaman, cəzalandırılmasını istəyən şəxs deyir ki, ‘’Madam ki, sən cəza vermirsən, elə isə Allah şahidim olsun ki, mən də bundan sonra içməyəcəm’’. O adama deyirlər ki, bəs onda bundan əvvəl niyə içirdin? O da belə cavab verir: ‘’İndiyə qədər içdiyim zaman deyirdim ki, onsuz da təmizlənəcəm (cəzamı alacam). Amma indi Allahın hüzuruna günahkarmı gedim? Allahın hüzuruna əyyaş olaraqmı gedim? Belə olmasını istəmirəm. Bu səbəbdən, mən də daha bundan sonra içməyəcəm’’. Bəli, ciddi olmaq budur. Allah hamımızı Allaha qarşı, dininə, imanına, İslama və Qur’ana qarşı ciddi olanlardan etsin!