Qurani – Kərimin Nur surəsinin 31 – ci ayəsində baş örtüyündən bəhs olunur. Mənası “Öz – özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan baş, boyun, boğaz, qol, ayaq və s. naməhrəmə )göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)” kimi olan ayənin ərəbcə mətnində keçən “xumur” kəlməsi “baş örtüyü” mənasına gələn “ximar” sözünün cəmidir.
Quranda keçən bu sözün yalnız “örtü” mənasına gəlib baş örtüyünü ifadə etmədiyini iddia edənlər çox böyük səhvə yol verirlər. Çünki bu kəlmənin kökündə “örtmə, qarışma, yaxınlaşma” kimi mənalar da vardır. Məsələn, eyni kökdən gələn “xamr” şərab, “xamir” xamır mayası, “xumar” xumarlıq (bərk sərxoşluqdan sonra süstləşmə) deməkdir. Müzakirə mövzumuz olan “ximar” da “baş örtüyü” və “bütün bədəni əhatə edən örtük” kimi mənaların ifadəsi üçün istifadə edilmişdir. Bu mənanın dəlillərinə gəlincə:
1. Peyğəmbərin (s) zamanından bugünədək “ximar” kəlməsinə bu məna verilmiş və tətbiqat da bu mənaya görə olmuşdur.
2. İbn Mənzur və Firuzabadi kimi görkəmli lüğətçilərin əsərlərində bu kəlmə “baş örtüyü” kimi tərcümə olunmuşdur.
3. Təbəri və Zəməxşərinin mənbə təfsirlərində “ximar” kəlməsinin mənasının “baş örtüyü” olduğu qeyd edilmişdir.
4. Quranın M. Əsədin ingiliscə və M.Həmidullahın fransızca olan tərcümələrində də söz “baş örtüyü” kimi tərcümə edilmişdir.
Bütün bunlardan belə nəticə hasil olur ki, Quranda baş örtüyündən bəhs olunduğuna dair dəlillər tutarlı və çox, bəhs olunmadığına dair isə heç bir dəlil yoxdur.
Başını örtən müsəlman qadınlarımız və qızlarımız etibar etdikləri alimin təfsir, tərcümə və açıqlamalarına istinad edərək başlarını örtürlər. Marjinal (mötəbər sayılmayan az bir qrupun iddiası) fikirlərə etimad göstərmədikləri üçün onları qınamaq, onlara yaraşmayan sözlər söyləmək ancaq dözümsüzlük və ədəbsizlikdən başqa bir şey deyildir.
Bu məsələyə əvvəllər göstərilən “münasibət” içində ortaq bir ifadə də belə idi: “Sizin başqa işiniz, dərdiniz yoxdurmu ki, baş örtüyü məsələsi ilə məşğul olur, qapanmış bir mövzunu yenidən müzakirə etməyə başlayırsınız?”
Bəli, münasibət və təsbitlər belədir. Ancaq məsələnin məğzi bu şəkildə deyildir. Çünki, bu problemə səbəb olanlar elə baş örtüsünü qadağan edənlərin özləridir. Haqqı tapdananlar isə məsələnin həllinə nail olunmasını arzu etməkdə, qarşı tərəf isə bunu etməməkdə israrlıdırlar. Bununla da kifayətlənməyib vaxtaşırı “araşdırma aparmaqda”, bəziləri isə adalətsiz bir şəkildə müəyyən hədəfə istiqamətlənmiş suallar və anketlərlə müəyyən nəticələr əldə edib buna görə tədbir tökmək arzusundadırlar. Onların haqqı tapdananlara müraciətlə: “Nə üçün bizim həll etdiyimiz (qadağan etdiyimiz) bir məsələ ilə məşğul olursunuz, niyə bu işdən əl çəkmirsiniz?” demələri: “Sizə işgəncə edirik, canınız da yanır. Bunu dərk edirik. Ancaq nə üçün ağlayıb – sızlayaraq azab çəkdiyinizi büruzə verirsiniz” – demək kimidir.
Dindarlaşma deyil də dindən uzaqlaşma inkişaf etsin deyə haqq və azadlıqları məhdudlaşdırmağa cəhd etmək isə nə hüquq, nə də demokratiya prinsipləri ilə üst – üstə düşür!