Elə bir dövrdə yaşayırıq ki, insanlar bir-birindən uzaqlaşmış, bir-birinə yadlaşmışlar. Mərhəmət duyğuları itmiş, insanlıq kökündən sarsılmışdır. Günahlar adiləşmiş, cinayətlər adi bir işə çevrilmişdir.Varlılar həddindən artıq varlanmış, kasıblar da həddindən artıq kasıblamışlar. Məqsədyönlü olaraq həyata keçirilən “zinaya təşviq” kampaniyası evlərimizin içərisinə qədər gəlmişdir.Küçənin ortasında abırsızlıq və ya həyasızlıq etmək artıq müasirlik kimi qiymətləndirilir.
Televiziya ekranlarından gündə dəfələrlə seyr etdiyimiz ölüm xəbərləri artıq bizi diksindirmir, ətimizi ürpətmir. Tənhalıq hissi get-gedə artmaqda olan intihar hadisələrinin ən başlıca səbəblərindən biri halına gəlmişdir. Ramazan ayı ərəfəsində bunları sizlərlə paylaşmağımızın əlbəttə ki, bir səbəbi, məqsədi vardır. Allah təala qullarını onların özlərindən daha yaxşı tanıdığı üçün onlara ünvanladığı hər bir əmrin mütləq bir hikməti və bununla da bərabər sonsuz faydası vardır. “Sizdən kim Ramazan ayına yetişsə, o ayda oruc tutsun!” əmri də Allahın hikmət və faydalarla dolu əmrlərindən sadəcə biridir. Aləmlərə lütf olaraq göndərilən peyğəmbərimiz (s) isə “Oruc qalxandır” deyə buyurmuşdur. Diqqət etdinizsə, hədisdə orucun konkret olaraq nəyə qalxan olduğu söylənmir. Bu, onu göstərir oruc bütün çirkinliklərə, bütün yanlışlıqlara, eyni zamanda yuxarıda bir qismini qeyd etdiyimiz hər cür mənfi hallara qarşı ən gözəl müdafiə və mübarizə formalarından biridir, onlara qarşı ən böyük qalxandır.
Orucun tibbi baxımından faydasının nə qədər çox olduğu elmi araşdırmalarla isbat olunmuş, insanlara bu barədə geniş məlumat verilmişdir. Bu məqaləni qələmə almaqda məqsədimiz nəzərlərinizi başqa bir yönə - orucun sosial həyatımıza olan və ola biləcək faydaları üzərinə çəkməkdir. Ramazan ayı insanları bir-birinə yaxınlaşdırmaqda əhəmiyyərli rola malikdir. Belə ki, eyni duyğu, eyni düşüncə və eyni niyyətlə həyata keçirilən bir əməl, təbii ki, cəmiyyəti birləşdirəcək, cəmiyyətin fərdlərini bir birinə sıx bağlayacaqdır. Bir fərd onunla eyni cəmiyyətdə yaşayan yüzlərlə, minlərlə fərdin eyni düşüncədə olduğunu bildiyi zaman heç vaxt özünü yalnız hiss etməz və bu hiss onun cəmiyyətlə qaynayıb qarışmasına təkan verər. Qaynayıb qarışdığı zaman cəmiyyətin digər fərdlərini də düşünməyə başlar. Düşündüyü zaman isə Allah rəsulunun (s) “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” hədisinə biganə qala bilməz. Bundan sonra dostuna-tanışına əl tutmağa, yardım etməyə başlayar. Oruc nəticəsində varlı insanlar günlərlə yeməyə çörək tapmayanların halını anlamış olur, aclığın nə olduğunu düşünülər. Daha sonra Allahın orucla qəlbinə verdiyi mərhəmət hissləri fəaliyyətə başlayar. Bununla, Allahın var-dövlət verdiyi insan digərlərinə yardım edər, onların sevincinə sevinc qatar. Kasıb isə artıq varlılara həsəd etməkdən əl çəkər, onlara olan kinindən və qəzəbindən sıyrılar və beləliklə, toplum bir daha bir-birinə bağlanmış olar. Bu ay ərzində varından-dövlətindən, yaşından, vəzifəsindən, mənsəbindən asılı olamayaraq, hər bir kəsin Allah qarşısında və Allah üçün nəfsinin istəklərini bir yana buraxaraq ac qalması sizcə düşündürücü deyilmi?! Bildiyimiz kimi, namus davaları, cinsi təcavüz nəticəsində ölənlərin sayı heç də azlıq təşkil etmir. Kriminal xəbərlərimizin ana mövzusu da elə budur. Bunun qarşısını nə güclə, nə də zorla almaq olar. Çünki insanların fitrətini güclə, qüvvə ilə cilovlamaq çox çətindir. Məsələnin əsl həlli isə yenə də Allah və peyğəmbərindən (s) gəlir: “Ey gənclər, sizdən kimin evlənməyə imkanı çatırsa, evlənsin. Çünki evlənmək gözü haramdan qoruyur, namusunuzu da həmçinin. Evlənməyə gücü çatmayan isə mütəmadi oruc tutsun. Çünki oruc onun üçün (haramlara qarşı) bir qalxandır”. İndi bir anlığa düşünün! Allahın halal saydığı nemətlərə, cürbəcür yeməklərə, içkilərə, meyvələrə tamah salmayan, toxunmayan, bunun üçün səhərdən iftara qədər nəfsi ilə mübarizə aparan bir insan Allahın haram qıldığı şeylərə yönələ bilərmi?! Əsla! Bir şeyi çəkinmədən deyə bilərik ki, haram yolda ölənlərin çoxu “acından ölərəm” deyə oruc tutmayanlardır. Halbuki acından ölmək haram yolda ölməkdən daha şərəflidir. Bir süfrə arxasında edilən iftarlar da ən azından yuxarıda qeyd etdimiz məsələlər qədər əhəmiyyətlidir. Ramazan ayı boyu açılar iftar süfrələri insanların bir-birinə daha da mehribanlaşmasını, qaynayıb qarışmasını təmin edir ki, bu da sosial birliyin fəaliyyətə keçməsinə və daha da qüvvətlənməsinə yol açır.
Eyni zamanda, təravih namazından bəhs etməmək mümkün deyil.Ümumiyyətlə, bu barədə gəldiyimiz qənaət ondan ibarətdir ki, islam ümməti təravih namazını çox sevir. Rəsulullah (s) bu sevgini hiss etdiyi üçün təravih namazını bir müddət sonra tərk etmişdi. Onun fərz kimi qılınmasından ehtiyat etmişdi. O sevginin bir nəticəsi olaraq təravih namazları bu gün də davam edir. Yenə də sevgi ilə, yenə də həyəcanla...
Ramazan ayında edilən ziyarətlər, dualar, verilən sədəqələr, təbriklər və s. əməllərin hər biri dostluq, qardaşlıq və birlik vəsiləsidir.
Əslində bura qədər söylədiklərimizin hər biri simvolik xarakter daşıyır. Ramazanın və bu ayda tutulan orucun fərdi və sosial faydaları saymaqla qurtaran deyil. Ramazan ayının və orucun haqqında bəhs etdiyimiz faydaları qətiyyən utopiya və ya xəyal kimi qəbul edilməməlidir. Çünki bunlar tarix boyu yaşanmış və sınaqdan keçirilmiş şeylərdir. Həmçinin, son zamanlarda dünyada aparılan çoxsaylı araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, digər aylarda baş verən cinayət hadisələri, qətllər, oğurluq halları və ümumiyyətlə bu kimi çoxsaylı mənfi halların faiz göstəricisi Ramazan ayında kəskin şəkildə aşağı düşür. Bu, onu göstərir ki, Ramazan ayı cəmiyyətin sağlam şəkildə öz varlığını davam etdirməsi baxımdan əvəzedilməz gücə malikdir. Bunları təsbit etmək və bu faydalardan yararlanmaq lazımdır.
Ancaq bir şeyi də bilməliyik ki, Ramazan ayı və bu ayda tutulan orucun faydası nə qədər çox olursa-olsun, bizlər orucu bu faydalara görə deyil, Allahın əmri olduğu üçün tuturuq. Unutmayaq ki, Allahın əmrinə nə qədər ixlasla itaət etsək, faydası da bir o qədər artıq olacaqdır. Peyğəmbər (s) “Əvvəli rəhm olunma, ortası bağışlanma, sonu isə Cəhənnəmdən qurtuluş” deyir bu ay haqqında. Bəli, əvvəli mərhəmət, ortası məğfirət, sonu Cəhənnəmdən qurtuluş! Allahın istədiyi kimi yaşayacağımız bir Ramazan həm nəfsimizi, həm cəmiyyətimizi, həm dünyamızı həm də Axirətimizi abad etməyə qadirdir. Allah oruclarınızı qəbul etsin!