Adı: Ömər ibnu-l-Xəttab Atasının adı: əl-Xəttab bin Nufəyl Anasının adı: Həntəmə bint Haşim Künyəsi: Əbu Həfs Ləqəbi: əl-Faruq (Haqqı batildən ayırdığına görə Peyğəmbər (s.a.s.) ona bu ləqəbi vermişdir.) Anadan olduğu tarix: Fil ilindən (Peyğəmbərin (s.a.s.) anadan olduğu il.) on üç il sonra (təxminən 583-cü il) Məkkə şəhərində anadan olmuşdur. Ömərin (r.a.) İslam dininə və müsəlmanlara mənfi münasibət göstərdiyini görən Peyğəmbər (s.a.s.) Allaha dua edib deyir: «Allahım, İslamı iki Ömərdən biri (Amr bin Hişam və ya Ömər) ilə izzətləndir!» (Səhih ət-Tirmizi, 3/204, 2907-ci hədis. ) Uca Allah Peyğəmbərin (s.a.s.) duasını qəbul edib, onu (Öməri) haqq yoluna yönəltdi. Ömər (r.a.) Peyğəmbərin (s.a.s.) ən yaxın səhabələrindən və cənnətlə müjdələnmiş on nəfərdən biridir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir. Əbu Bəkrin (r.a.) vəfatından sonra, onun (Əbu Bəkrin) vəsiyyəti və səhabələrin razılığı ilə xəlifə seçilmişdir. O, 10 il 6 ay xəlifə olmuş və İslam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür. 1. Hərbi təşkilat (indiki zəmanədə müdafiə nazirliyi) və maliyyə nazirliyini yaratmışdır; 2. Müsəlmanlar üçün hicri təqvimini seçmişdir; 3. Rabitə işlərini nizama salmışdır; 4. Fəth olunmuş ölkələri vilayətlərə bölmüş və hər vilayətə başçı təyin etmişdir; 5. Rum; Fars imperiyalarını, İraqı, Şamı, Misiri və s. yerləri fəth etmişdir; Ömərin (r.a.) zövcələri və övladları: (Bu tarixi məlumatları ibn Cərir ət- Tabəri «Tarixu-l-uməm va-l-muluk» kitabında (4-cü cild, səh. 198-l99) qeyd etmişdir. ) 1. Zeynəb bint Məzun. Övladları: Abdullah, Əbdü-r-Rəhman, Həfsə. 2. Ummu Həkim bintu-l-Haris. Övladı: Fatimə. 3. Ümm Gülsüm bint Əli bin abu Talib (r.a.). Ovladları: Zeyd, Ruqiyyə. 4. Cəmilə bint Sabit (Talaqla boşandıqı zövcəsi) . Övladı: Asim. 5. Muleykə bint Cərva (Talaqla boşandıqı zövcəsi). Övladı: Ubeydullah. 6. Yəmənli Luheyyə. Övladı: Əbdü-r-Rəhman. Vəfat etdiyi tarix: Hicri tarixi ilə 23-cü il, zi-l-hiccə ayının 23-də məcusi (atəşpərəst) Əbu Lu'lu Firuz onu fəcr namazında 6 dəfə bıçaqla vurdu. O, üç gündən sonra zi-l-hiccə ayının 26-sı vəfat etdi.
Ömərin (r.a.) fəzilətinə dair ayə və hədislər: 1) Uca Allah buyurur: «Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) mələklər də onun köməkçiləridir!» (ət-Təhrim,4) İbn Abbas (r.a.) İbn Məsud (r.a.) İbn Ömər (r.a.) və başqaları bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (r.a.) Omər (r.a.) Osman (r.a.) Əli (r.a.) və başqalarının olduqlarını təfsir etmişlər. (Təfsir ıbn Kəsir, 4/500)
2) UcaAllah buyurur: «Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaqlaşdırılar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər. O şəxsin boynunda heç kəsin bir minnəti yoxdur ki, onun əvəzi verilsin. O ancaq ən Uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır» (əl-Leyl, 17-21) Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkr (r.a.) üçün nazil olub və Ömər (r.a.) da daxil olmaqla bütün möminlərə.) şamil edilir. (Təfsir İbn Kəsir, 4/762. )
3) Uca Allah buyurur: «Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqilərdir» (əz-Zumər, 33) Onu təsdiq edənlər Əbu Bəkr (r.a.) Ömər (r.a.) və başqa möminlərdir. (ət-Tabəri, «Camiu-l-bəyan», 3/24. )
4) Səd bin Əbi Vəqqas (r.a.) rəvayət edir ki, «Ömər ibnu-l-Xəttab (r.a.) izn alıb, Peyğəmbərin (s.a.s.) yanına daxil oldu. Peyğəmbərin (s.a.s.) yanında səslərini onun səsindən uca qaldırıb söhbət edən qadınlar Öməri (r.a.) gördükdə, dərhal hicablarını geyindilər (yəni qadınların Peyğəmbərin (s.a.s.) yanında hicabsız olmaqları yalnız Peyğəmbərə (s.a.s.) xas olan haldır.) Peyğəmbər (s.a.s.) bu halı görüb gülümsədi. Ömər (r.a.) ondan gülümsəməyinin səbəbini soruşduqda o dedi: "Bu qadınlara təəccüblənirəm ki, sənin səsini eşidən kimi hicablarını geyindilər". Ömər üzünü onlara tutub dedi: "Ey nəfslərinə düşmən olanlar! Allahın elçisindən (s.a.s.) qorxmursunuz, məndən qorxursunuz?" Onlar dedi: "Bəli, çünki sən sərt ürəklisən". Peyğəmbər (s.a.s.) ona dedi: "Ey Xəttabın oğlu! Nəfsim əlində olana and olsun ki, şeytan sənə rast gəldiyi zaman yolunu dəyişdirib. başqa yol ilə gedir. » (Səhihu-l-Buxari, 7/50, 7683-cü hədis. )
5) İbn Abbas (r.a.) rəvayət edir ki, «Mən Ömər ibnu-l-Xəttabın (r.a.) vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlərin arasında dayanmışdım. Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: "Allah sənə rəhmət etsin! Allahdan istəyirəm ki, sən yoldaşlarınla (Məhəmməd (s.a.s.) və Əbu Bəkrlə (r.a.) bir yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin (s.a.s.) "Mən, Əbu Bəkr və Ömər filan yerdə idik. Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu Bəkr və Ömər filan yerə getdik" dediyini eşidirdim. Mən dönüb arxamda dayanan səhabənin kim olduğuna baxdım. Bu, Əli bin Əbu Talib (r.a.) idi». (Səhihu-l-Buxari, 7/26, 3677-ci hədis)
6) Əbu Musa əl-Əşari (r.a.) rəvayət edir ki, «Bir dəfə Ömər ibnu-l-Xəttab (r.a.) Peyğəmbərin (s.a.s.) yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə (s.a.s.) çatdırdıqda, o dedi: "İzn ver, gəlsin və onu cənnətlə müjdələ!". . . » (Sahihu-l-Buxari, 7/25, 3674-cü hədis.)
7) Əbu Said əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz"». (Sahihu-l-Buxari», 7/25, 3673-cü hədis. )
8) Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Sizdən əvvəl yaşamış ümmətlərin içərisində zənlərində sadiq olan insanlar olub. Mənim ümmətimdə zənnində sadiq olan Ömərdir"» (Səhihu-l-Buxari», 7/25, 3689-cu hədis.)
9) əl-Misvar bin Məxramə (r.a.) rəvayət edir ki, «Ömər (sübh namazını qıldığı zaman) bıçaqla vuruldu. Yarası ona ağrı verdikdə, İbn Abbas (r .a.) ona təsəlli verib dedi: "Ey möminlərin əmiri! Sən Peyğəmbər (s.a.s.) və Əbu Bəkrin (r .a.) fəzilətli səhabələrindən olmusan. Onlar vəfat etdikdə səndən razı idilər. Həmçinin sən bu camaatı onlar səndən razı olduqları halda tərk edirsən". Bu sözləri eşidən Ömər (r.a.) ona dedi: "Peyğəmbər (s.a.s.) və Əbu Bəkrin (s.a.s.) səhabəsi olmağım və onların məndən razı qalmalarını doğru deyirsən. Həqiqətən, bu Allahın mənə bəxş etdiyi fəzilətdir. İndi gördüyün narahatçılığım isə sizə görədir. Allaha and olsun ki, mənim yer dolusu qızılım olsaydı, onu Allahın əzabına düçar olmamaq üçün Onun yolunda sərf edərdim"» (Səhihu-l-Buxari, 7/25, 3692-ci hədis.)
10) Ömər ibnu-l-Xəttab (r.a.) rəvayət etmişdir ki, «Mən üç ayədə - İbrahimin (a.s.) məqamı, hicab və Bədr əsirləri haqqında olan ayələrdə Rəbbimə müvafiq oldum». (Səhihiu-l-Müslim, 15/162, 6156-cı hədis.) - Ömər (r.a.) Peyğəmbərə: «Ey Allahın elçisi! Bəlkə, İbrahimin (a.s) durduğu yeri özümüzə namazgah edək?» - deyə təklif etdikdə, Uca Allah bu ayəni nazil etdi: "(Ey möminlər!) İbrahimin durduğu yeri özünüzə namazgah edin!. . . . . ” (əl-Bəqərə, 125) -Ömər (r.a.) Peyğəmbərə (s.a.s.): "Ey Allahın elçisi! Bəlkə, zövcələrinə hicab geyinməyi əmr edəsən?” – deyə təklif etdikdə, Allah təala bu ayəni nazil etdi: «Onlardan (Peyğəmbərin (s.a.s.) zövcələrindən) bir şey soruşduqda, (evlərinə daxil olmadan) pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər». (əl-Əhzab, 53) -Ömər (r.a.) Peyğəmbərə (s.a.s.): «Ey Allahın elçisi! Onların (yəni əsirlərin) boynunu vur!» - deyə təklif etdikdə, Uca Allah bu ayələri nazil etdi: «Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. [Ey möminlər!] Siz (fidyə almaqla) puç dünya malıni istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət və hikmət sahibidir. Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olmasaydı, aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab üz verərdi. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin, Allahdan qorxun! Həqiqətən, Allah bağışlayan və rəhm edəndir» (əl-Ənfal, 67-69) (Səhihu-l-Buxari) Qeyd: Ömər ibnu-l-Xəttab (r.a.) bundan əlavə üç ayədə də Rəbbinə müvafiq olmuşdur: - Ömər ibnu-l-Xəttab (r.a.): «Allahım, şərabın hökmünü bizə açıq- aydın bəyan et!»- deyə dua etdikdə, Uca Allah bu ayəni nazil etdi: «[Ey Məhəmməd!] Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: "'Onlarda həm böyük günah; həm də insanlar üçün mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür"» (əl-Ənfal, 67-69) - Ömər (r.a.) yenə: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» - deyə dua etdikdə, Uca Allah bu ayəni nazil etdi: «Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər, cünub olduğunuz halda qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın!» (ən-Nisa, 43) - Ömər (r.a.) bir daha: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» - deyə dua etdikdə, Uca Allah bu ayələri nazil etdi: «Ey iman gətirənlər! Şərab (içki) da, qumar da, bütlər də, fal oxları da şeytanın əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınz! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istəyir. Artıq bu işə son qoyacaqsınızmı?» (əl-Maidə, 90-91) Bunu eşidən Ömər (r.a.): «Son qoyduq, son qoyduq» - deyə təkrar etdi. (Əbu Davudun "əs-Sunnə”i 10/76, 3665-ci hədis, "Səhih Əbu Davudun sünnəsi”, 2/699, 3117-ci hədis) Ömər (r.a.) Peyğəmbərin (s.a.s.) zövcələrinin ona qarşı (həddi aşdıqlarını) görüb, onlara nəsihət etdikdə, Uca Allah bu ayəni nazil etdi. «Əgər o (Məhəmməd sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr-müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versinl» «ət-Təhrim» surəsi, 5. » Ömər (r.a.) Peyğəmbərə (s.a.s.) münafiqlər üçün namaz (cənazə namazını) qılmamağı təklif etdikdə, Uca Allah bu ayəni nazil etdi: «Münafiqlərdən ölən heç bir kəsin namazını heç vaxt qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun elçisini dandılar və fasiq olaraq öldülər!» «ət-Tövbə» surəsi, 84. «Səhihu-l-Buxari», 1/601, 402-ci hədis.
11) Əli (r.a.) iki şeyx Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demişdir: «Müsəlmanların ən yaxşısı, Allaha və onun elçisinə (s.a.s.) ən yaxını - xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (Yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın» Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı.
12) Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi». «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh. 298, Tehran çapı, 1995) .
13) Kuleyni istinadla Cəfər əs-Sadiqdən rəvayət edir ki, bir qadın gəlib ondan: «Mən Əbu Bəkr və Ömərin xəlifəliyini qəbul edib onları sevə bilərəmmi?» - deyə soruşduqda, o demişdir: «Bəli, qəbul edə bilərsən». Qadın: «Mən Rəbbimin hüzurunda olduğum zaman "Bunu sən mənə əmr etdin" : deyə Ona xəbər verə bilərəmmi?!» - deyə soruşduqda, Cəfər ona: "Bəli" – deyə cavab verdi. «ər-Ravzə minə-l-Kafi>, 8/101, 238.
14) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (r.a.) rəvayət etmişdir: «Peyğəmbərimizin (s.a.s.) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (s.a.s.) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (s.a.s.) də belə vəsiyyət etmişdir». «Biharu-l-ənvar», 22/305, 306.
15) Ət-Tabrisi Əl-Baqirdən rəvayət edir ki, o demişdir: «Mən Əbu Bəkr (r.a.) və Ömərin (r.a.) fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin Əbu Bəkr (r.a.) Ömərdən (r.a.) əfzəldir». «əl-İhticac», səh. 230, Kərbəla çapı.
16) Əl-Murtəza rəvayət edir ki, Cəfər bin Məhəmməd peyğəmbərin (s.a.s.) qəbrini ziyarət edərkən (onun yanında dəfn olunmuş) Əbu Bəkr (r.a.) və Ömərə (r.a.) də salam verərdi. «əş-Şafu», səh. 238.
17) Əli və Ömər ibnu-l-Xəttab (r.a.) Rum döyüşünə çıxarkən məsləhətləşəndə Əli (r.a.) Ömərə (r.a.) belə demişdir: «Sən bu düşmənin üzərinə özün gedib onlarla döyüşsənşsən, müsəlmanların öz ölkələrinin qurtaracağından başqa sığınacaqları olmaz («Sığınacaq» deyəndə, arxalanacaqları mərkəz nəzərdə tutulur. ) Onların səndən sonra müraciət edəcəkləri bir başçıları yoxdur. Sən gəl onların yanına sınaqdan çıxmış bir adam, onunla birlikdə döyüşkən ağıllı adamlar göndər. Əgər Allah bu yolla səni qalib çıxarsa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq və müsəlmanların ümid yeri olarsan». «Nəhcu-l-Bəlağə», səh:193 (tərcümədə səh, 167-168).
18) Ömər özü farslarla döyüşə çıxarkən onunla (Əli (r.a.) ilə) məsləhətləşdiyi zaman Əlinin (r.a.) Ömər (r.a.) haqqında dedikləri bundan da aydındır. O demişdir: «Bu elə bir işdir ki, onun köməyinə gəlib-gəlməmək çoxluq və ya azlıqdan asılı deyil. Bu, Allahın qalib çıxardığı və adamları onun uğrunda səfərbər etdiyi, hazırladığı və imdad etdiyi dindir ki, çatdığı səviyyəyə çatıb və çıxdığı yerdə üzə çıxıb. Bizə Allah vəd verib. Allah öz əhdini yerinə yetirən, öz əsgərlərinə kömək edəndir. Boyunbağıda nizamlayıcının (Nizamlayıcı, muncuqların düzüldüyü ip mənasındadır) əhəmiyyəti nə qədərdirsə, əmrin etibar edildiyi adamın ("Əmrin etibar edildiyi adamın” ifadəsi "əmr edən” mənasındadır. Bununla xəlifə nəzərdə tutulur. ) əhəmiyyəti də o qədərdir. Qoy əcəmlər sənə baxıb desinlər: "Ərəblərin kökü budur, onu kəssəniz, rahat olarsınız". Bu onların sənə qarşı hücumlarını çətinləşdirər. Onların mənim qeyd etdiyim sayca çoxluğuna gəlincə, biz keçmişdə də say çoxluğu hesabına deyil, Allahın köməyi və yardımı ilə döyüşmüşük» «Nəhcu-l-Bəlağə» səh: 203-204 (tərcümədə səh:166-167 Tehran çapı-1995)
19) Ömərlə (r.a.) Əli (r.a.) arasında möhkəm dostluğun olmasına Əlinin (r.a.) Fatimeyi Zəhradan (r.a.) olan qızını ona ərə verməsi də dəlalət edir. Kuleyni Müaviyə bin Əmmardan Əbu Abdullah əleyhissəlam haqqında bir rəvayət söyləyir. Müaviyə deyir ki, mən ondan əri ölmüş arvadın öz evində, yoxsa harada istəsə qalmalı olduğunu soruşduqda, o dedi: «Əlbəttə, harada istəsə. Çünki Əli (r.a.) də Ömər (r.a.) öləndən sonra Ümmü Gülsümün talağını alıb, onu öz evinə gətirdi». «əl-Kafi fi-l-furu» - Ər evinə köçəndən sonra əri ölmüş qadın onun vəfatından sonra harada qalmalıdır-fəsli, 2-ci cild, səh:311.
20) Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, savab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdilər». «Nəhcu-l-Bəlağə» səh: 143 (tərcümədə səh. 257, Tehran çapı, 1995).
|