Ana Səhifə » 2009»Yanvar»2 » İmam Hüseynin (r.a) qətli məhz Küfədə yaşayan ilk şiələr tərəfindən olmuşdur.
İmam Hüseynin (r.a) qətli məhz Küfədə yaşayan ilk şiələr tərəfindən olmuşdur.
01:52
- Həzrəti
Hüseyn öz şəhidliyinin qeyd olunmasını şəbihlər qurularaq, baş yarılaraq qeyd
olunmasını istəyərdimi?
- Aşura günü təşkil olunan matəm mərasimləri İslama nə qədər uyğundur?
Heç şübhəsiz ki, Məhərrəm ayının 10-da (Aşura günü), Kərbəla düzündə baş verən
hadisə qiyamətə qədər mübahisəli məsələ olaraq qalacaqdır. Həzrəti Hüseynin
qətli ilə bağlı fikir ayrılığı həm də tarixə ən az üç fərqli baxışı ortaya
qoyur. Hadisənin mahiyyətinə keçmədən öncə, məsələyə ümumiləşdirilmiş üç baxışı
nəzərdən keçirək.
Birinci qism: Onlar hesab edirlər ki, Həzrəti Hüseyn (Allah Ondan razı olsun)
haqlı yerə öldürülmüşdür. Çünki o, vahid rəhbərə qarşı çıxmış və müsəlmanların
birliyini pozmağa çalışmışdır. Buna dəlil olaraq Peyğəmbər (ona və ailəsinə
Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Sizin vahid rəhbəriniz
olduğu halda kimsə gəlib sizi parçalamaq istəsə kimliyindən asılı olmayaraq onu
öldürün"( Səhih Müslim: Kitab əl-İmarə, № 1852.).
Onların fikrincə, Həzrəti Hüseyn də müsəlmanların birliyini dağıtmaq istəyirdi.
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə insanın
kimliyindən asılı olmayaraq öldürülməsini əmr etmişdir. Demək onun öldürülməsi
haqlı imiş. Bu rəy, Nasibilərin fikridir. Onlar Həzrəti Hüseyn ibn Əliyə (Allah
Onlardan razı olsun) nifrət edirlər.
İkinci qism: Onların fikrincə Hüseyn, itaəti vacib olan imamdır və o vaxt
hakimiyyət də ona verilməli idi. Bu cəfərilərin fikridir.
Üçüncü qism: Onlar deyirlər ki, o məzlum olaraq öldürülmüşdür. Bəzi
bidətçilərin dedikləri kimi o rəhbər olmamışdı. Yaxud digər tərəfin dediyi kimi
üsyankar kimi də öldürülməmişdir. Allah ondan razı olsun. O həqiqətən məzlum
halda öldürülmüş və şəhid olmuşdur. Bu haqda Peyğəmbər (ona və ailəsinə Allahın
salavatı və salamı olsun) buyurmuşdur: "Həsən və Hüseyn cənnət
cavanlarının ağasıdır"( Tirmizi: Kitab əl-Mənaqib, Bab Mənaqib əl-Həsən
vəl Hüseyn, № 3768.).
Hüseynin qiyamçı kimi öldürülməməsinə sübut, onun geri qayıtmaq, yaxud Şam
vilayətinə Yezidin yanına getmək istəyi idi. Lakin onlar onun bu təkliflərini
qəbul etmədilər və yalnız Ubeydullah ibn Ziyada təslim olmasını şərt qoydular.
Bu rəy Əhli Sünnə və Camaatın fikridir.
Bu fikirdən hansı doğrudur? Fikrimizcə, məsələnin mahiyyətini və həmin dövrdə
baş verənləri şərh edərkən, bu sual da cavabını tapacaq. Ancaq bilinməsi
gərəkən ən önəmli xüsus budur ki, Həzrəti Hüseyn müsəlman camaatın ən önəmli və
sevdiyi şəxslərdən biri idi. Həzrəti Hüseyn bir şəhiddir! Allah Təala onun qatillərini
rəzil etsin! İslam nöqteyi nəzəri ilə Osmanın, Zubeyrin, Hüseynin xüsusən də
Əlinin qatili olan Əbdürrəhman ibn Mülcəm və digər qatillər haqda mövqeyi
belədir: Biz İbn Mülcəm üçün cəhənnəm əzabı arzu edirik. Bununla belə ola bilər
ki, Allah onu bağışlasın. Onun hökmü Osmanı, Zubeyri, Talhanı, Səid ibn
Cubeyri, Ammarı, Xaricəni və Hüseyni öldürənlərin hökmü ilə eynidir. Biz bu
insanların heç birini sevmir, Allah xətrinə onlara nifrət edir və onların
işlərini Allaha tapşırırıq(İmam Zəhəbi, Tarixul İslam: Asr əl-Xuləfə
ər-Raşidin: 645. Əbdürrəhman ibn Mülcəmin tarixçəsi).
Bəs Həzrəti Hüseynin qatili kimlərdir? Doğrudanmı, bütün günahlar zalım Yezid
ibn Müaviyədə idi? Yoxsa, hər dəfə imam üçün ağlayan toplum bir dəfə də zalım
Yezid üçün ağlamasalar belə, məsələyə birtərəfli yanaşmalıdırlar...
Həzrəti Hüseynin «Bizə çox pis xəbər gəldi. Müslim ibn Ukaylın, Hani ibn
Urvənin və Abdullah ibn Yaktunun öldürüldükləri xəbəri gəldi. Tərəfdarlarımız
(şiəmiz) bizi yalnız buraxdı» sözlərinə, öz şiəsinin ona «Ey Hüseyn! Cəhənnəmlə
sevin!» (bu sözdən Allaha sığınırıq) deməsinə və xanım Zeynəb bint Əlinin
Həzrəti Hüseyni meydanda tək qoyub, qaçdıqları və qətl etdikləri üçün bütün
məsuliyyəti kufəlilərin üzərində olmasını qeyd etməsini nəzərə aldıqda, insan
istər-istəməz düşünür ki, tarixə yenidən nəzər salmağın vaxtıdır.
Və bir məsələ açıqlığa qovuşmalıdır ki, Kərbəla hadisəsi heç də şiə Hüseynlə
sünni Yezidin qovğası deyildi. Çünki hər şeydən öncə Həzrəti Hüseyn
əhli-sünnənin də ağalarından, sevdiyi insanlardan biri idi.
Amma əsrlərlə bu hadisə İslamı parçalamaq istəyənlərin, müsəlman qardaşların
arasına nifaq salmaq üçün hər zaman yalnış şəkildə təqdim edildi. Əsrlərdən
bəri Həzrəti Hüseynin qətli ilə bağlı mərasimlər təşkil edərək, bu kimi
vasitələrlə Həzrəti Peyğəmbərimizin sevgili nəvəsinin şəhidliyindən qardaşla
qardaşı düşmən etmək üçün istifadə edildi. Və təbii ki, tarix təhrif
olunaraq...
Bu yazıda əsla, zalım Yezidi isə heç müdafiə etmək niyyəti güdülmür. Yezid
zalım bir hökmdar idi və o, səhvlərinin cəzasını inşallah Qiyamət günü verəcək.
Bizi əsas maraqlandıran məqamlar bunlardır?
1. Nədən Kərbəla hadisəsi bu qədər böyüdüldü?
2. Nə üçün İslam tarixində baş verən hadisələrə bu faciə qədər dəyər verilmədi?
3. Həzrəti Hüseynin ölümündə kufəli tərəfdarlarının (tərəfdar ərəbcə «şiə»
deməkdir-müəl.) rolu nədən müzakirə obyekti olmadı?
4. Nə üçün əhli-sünnə Həzrəti Hüseynin düşməni kimi qələmə verildi?
5. Həzrəti Ömər ibn Xəttaba olan kinin səbəbi nə idi?
6. Həzrəti Əli və övladları digər üç raşidi xəlifəyə necə münasibət
bəsləyirdilər?
7. Həzrəti Hüseyn öz şəhidliyinin qeyd olunmasını şəbihlər qurularaq, baş
yarılaraq qeyd olunmasını istəyərdimi?
İslam tarixində Kərbəla faciəsindən böyük faciə olubmu, olmayıbmı?
Öncəliklə bu suala cavab tapmaq lazımdır. Bunun üçün tarixi çox araşdırmağın
mənası yoxdur. İslam dini nazil olduğu gündən bu tərəfə hər zaman şəhid verib.
Sizin fikrinizcə, «İslamın şiri» adlanan Həzrəti Həmzə daha faciəli şəkildə
öldürülmüşdü, yoxsa Həzrəti Hüseyn? Təbii ki, şəhadətin müqayisəsini aparmaq
fikrində deyilik. Ancaq görünən odur ki, hər iki Həzrət döyüş meydanında şəhid
olublar. Ancaq Sevgili Peyğəmbərimizin (sav) qoruyucusu olan bu mübarək zatın
şəhadət tarixini xatırlayan belə yoxdur.
Və ya Həzrəti Hüseyinin əmisi Cəfər ət-Tayyar başqa bir döyüşdə şəhid oldu.
Onun nə zaman şəhadət mərtəbəsinə çatdığını bilən varmı? Xeyr! Müseyləmətul
Kəzzab adlı yalançı peyğəmbərlə döyüşdə təxminən yüz minə yaxın səhabə şəhid
oldu. Və onların arasında onlarla Quran hafizi vardı ki, məhz onların ölümündən
sonra Qurani Kərimin kağız üzərinə köçürülməsinə qərar verildi. Belə böyük
faciə nədən qeyd olunmur? Nə üçün Həzrəti Peyğəmbərimizin (sav) bu nur üzlü
səhabələri üçün yas tutulmur?
Və yaddan çıxarmayaq ki, Həzrəti Hüseynin qətlə yetirilməsi heç də Peyğəmbərlərin
qətlə yetirilməsindən böyük bir hadisə deyildir. Peyğəmbər Yəhya ibn
Zəkəriyyənin kəsilmiş başı bir nəfər zalım üçün mehr kimi təqdim olunmuşdu.
Zəkəriyyə peyğəmbər də qətlə yetirilmişdir. Musa və İsa peyğəmbəri də öldürmək
istəyirdilər. Digər peyğəmbərləri də öldürmək istəyiblər. Həmçinin Ömər, Osman
və Əli kimi insanları da qətlə yetiriblər. Bu insanlar Həzrəti Hüseyndən (Allah
ondan razı olsun) daha üstün mərtəbədə olan insanlardır.
Bütün bunları bir kənara qoysaq, Həzrəti Əli və Həzrəti Həsənin (Allah onlardan
razı olsun) qətlə yetirilməsinə nədən göz yumulur? Axı Zülfüqarın sahibi Uca
Tanrıya ibadət edərkən, kufəli xarici tərəfindən vurulmuşdu. Nə üçün çox
sevdiyiniz Həzrəti Əli üçün yas tutmursunuz? Səbəb nədir?
Səbəbə keçmədən öncə, Həzrəti Həsən və Həzrəti Hüseynlə (Allah onlardan razı
olsun) bağlı fikrimizi konkret bildirməkdə fayda vardır ki, sonradan məsələni
başqa tərəflərə yönləndirməsinlər... Biz Həzrəti Həsən və Həzrəti Hüseyni
(Allah onlardan razı olsun) sevirik. Çünki Həzrəti Rəsulullah (sav) buyurub ki,
«Allahım, mən bunların ikisini də sevirəm. Sən də sev»! Və bu hədis hər iki
mübarək zatın fəzilətli olduqlarının və Peyğəmbərimizin (sav) ümmətinin də bu
iki şəxsiyyəti (Allah onlardan razı olsun) sevməsinin gərəkdiyi düşüncəsindəyik.
Cənnət əhlinin ağası olacaq bu iki şəxsiyyəti (Allah onlardan razı olsun)
sevməmək, həzrəti Rəsulullahı sevməmək anlamına gəlir ki, Allah bizi o gündən
qorusun.
Amma bu suala da bir cavab tapılmalıdır? Nədən Kərbəla hadisəsi günümüzə qədər
daşındı? Nə üçün Kufə əhlinin xəyanəti deyil, tamam başqa səbəblər önə
çıxarıldı?
Kufə: xəyanət yuvası yoxsa şiəliyin mərkəzi?
Təbii ki, öncə Kufə ilə bağlı ətraflı məlumata ehtiyac var. Tanınmış şiə alimi
Bəkir Şərif əl-Kuraşi deyir ki, «Kufə şiəliyin beşiyi, Əli tərəfdarlarının əsas
mərkəzlərindən biri idi». Həmin müəllif «Hayatul-İmam Hüseyn» əsərinin 3-cü
cildinin 12-ci səhifəsində «Ömərin xilafətindən etibarən şiəliyin toxumları
Kufədə atıldı».
Hamının yaxşı tanıdığı Məhəmməd Ticani Səmavi isə «Arifil- Haqq» əsərində «Əbu
Hüreyrə Əli ibn Əbu Talibin yurduna, Şiə diyarının göbəyi olan Kufəyə girdi»
deyərək, Kufənin şiə mərkəzi olduğunu təsdiqləyir.
Şiəliyin ana yurdu olan Kufə haqqında başqa bir şiə alimi- Şeyx Cavad Muhaddisi
«Kufə xalqı tarixdə vəfasızlıq və əhdi pozmaqla məşhurdur. İslam tarixində
Kufənin sözünə sadiqliyinə və vəfalılığına dair bir fakt yoxdur»
söyləyib(Mevsuatul Aşura, səh.59).
Şeyx Cavad bundan başqa deyib ki, «Kufəlilərin xüsusiyyətləri arasında bütün
bunlar vardır: dürüst davranmamaq, hiyləgərlik, darda qalanın yanından qaçmaq,
idarəçilərə qarşı üsyan, aldatmaq, əxlaqsızlıq, tamahkarlıq, var-dövlət
ehtirası, şaiyələrə inanmaq və s. İmam Əli onların hiyləgərlikləri ilə üz-üzə
qalıb. İmam Həsən onların vəfasızlığı ilə rastlaşıb. Müslim ibn Ukayl onların
arasında qətl edilib. Həzrəti Hüseyn Kufənin yaxınlığındakı Kərbəlada Kufə
ordusunun əli ilə öldürülüb»(Mevsuatul Aşura, səh. 59).
Şiə alimlərin yazdıqlarından da göründüyü kimi Kufə şiəliyin yaranma mərkəzi
olmaqla yanaşı həm də İslam daxilində parçalanmanın, firqələşmənin də mərkəzi
olub. Elə ilk xaricilər (xəvaric) də Kufədən çıxmışdılar. Həzrəti Əli (Allah
ondan razı olsun) Kufəyə qayıtdıqda xəvariclər təhkim hadisəsinə etiraz olaraq
"Hökm yalnız Allahındır" deyib ona qarşı çıxdılar. Hər yerdə müxtəlif
şüarlarla Həzrəti Əliyə qarşı danışır, hətta məsciddə də "Hökm yalnız
Allahındır" deyərək qışqırırdılar. Həzrəti Əli (Allah ondan razı olsun)
bunları gördükdə deyirdi: "Söz Haqq sözdür, lakin məramları
batildir".
Bəli, məramları batil olan Kufəlilər əslində Həzrəti Hüseynin gerçək qatilləri
idi. Və əslində kufəlilər haqqında ən gözəl sözü də Həzrəti Hüseynə ərəb şair
Firəzdəq demişdi: «Kufə camaatının ürəkləri səninlədir qılıncları isə Bəni
Umeyyə ilə»
Bir çox səhabələr (Abdullah ibn Ömər, Abdullah ibn Abbas, Abdullah ibn Amr ibn
əl-As, Əbu Səid əl-Xudri, Abdullah ibn əz-Zubeyr) və qardaşı Məhəmməd ibn
əl-Hənəfiyyə - Hüseyn ibn Əlini Kufəyə getməkdən yayındırmağa çalışdılar. Onlar
Həzrəti Hüseynin Kufəyə getmək istədiyini bildikdə onu bu işdən yayındırmağa
çalışdılar. Budur onların sözləri:
1. Hüseyn Kufəyə getmək istəyəndə Abdullah ibn Abbas ona dedi: Əgər camaat səni
və məni qınamasaydılar əlimlə sənin başından tutar, getməyə qoymayardım.
2. Şəbi deyir: Hüseynin İraqa yola düşməsi xəbəri İbn Ömərə yetişdikdə İbn Ömər
Məkkədə idi. Miniyinə minib üç günlük yol qət etdikdən sonra Hüseynə yetişdi və
dedi: Haraya gedirsən?
Hüseyn dedi: İraqa. Sonra o, İraq camaatından ona gələn beyət haqda məktubları
çıxartdı və dedi: Bu onların yazdıqları məktublar və etdikləri beyətləridir.
(İraq camaatı bu yazılarla onu aldatmışdılar. Allah ondan razı olsun).
İbn Ömər dedi: Sən onların yanına getmə. Hüseyn isə öz dediyində qalırdı.
İbn Ömər dedi: Mən sənə bir hədis danışacağam. Cəbrail Peyğəmbərin (ona və ailəsinə
Allahın salavatı və salamı olsun) yanına gəlib ya dünyanı ya da axirəti seçməyi
təklif etdi. O da, dünyanı istəməyərək, axirəti seçdi. Sən də onun bir
parçasısan. Allaha and olsun ki, sizin heç biriniz dünyaya (dünya malına)
qalmayacaqsınız. Allah sizi bundan daha da xeyirli olan işə (axirətə)
yönəltmişdir.
Bütün bunlara baxmayaraq Hüseyn geri qayıtmağa razı olmadı. Abdullah ibn Ömər
onu qucaqlayıb ağladı və dedi: Mən səninlə bir ölən insan kimi vidalaşıram.
3. Abdullah ibn Zubeyr, Hüseynə dedi: Haraya gedirsən? Sən, atanı öldürən və
qardaşını yaralayan bir camaatın yanına gedirsən. Sən oraya getmə. Hüseyn onun
da sözünə qulaq asmayıb getməyə qərar verdi.
4. Əbu Səid əl-Xudri Hüseynə dedi: Ey Əbu Abdullah mən sənə tövsiyə edir, sizə
can yandırıram. Mən eşitmişəm ki, Kufəli tərəfdarlarınız sizə məktub yazıb sizi
oraya çağırırlar. Sən oraya getmə. Mən sənin atanına belə dediyini eşitmişəm:
Allaha and olsun, mən onlardan təngə gəlmişəm, onlara nifrət edirəm. Onlar
özləri məni təngə gətirib, nifrət yaradıblar. Onlar heç vaxt vəfalı olmayıblar.
Kim onlarla qələbə çalarsa çürük ox qazanar. Allaha and olsun, onların xoş
məramı, heç bir işə həvəsi və qılınc qarşısında dözümü yoxdur(əl-Bidayə
vən-Nihayə: 8, 161-163.).
Göründüyü kimi Kufə ilə bağlı səhabələrlə tarixçilərin mövqeyi üst-üstə düşür.
Elə Həzrəti Hüseyn də kufələrə güvənmirdi. Bunu onun «Əgər dediyinizi
etməsəniz, əhdlərinizi pozsanız və mənə beyət etməkdən vaz keçsəniz ki, bütün
bunlar sizə yad deyil. Necə ki, atama, qardaşıma və əmioğlum Müslümə qarşı bunu
etdiniz. Sizə inanan aldanmışdır». Bəli, Kufə xalqı öncə məktub yazıb, Həzrəti
Hüseyni rəhbər olaraq çağırıb, sonra xəncərlə arxadan vurdular... Və ən maraqlı
məqam ondan ibarətdir ki, Yezidin nümayəndəsi Übeydullah ibn Zeydin İmam Hüseynin
üzərinə göndərdiyi ordu tamamilə kufəlilərdən ibarət idi. Təsəvvür edirsinizmi,
şiəliyin mərkəzi olan Kufə həm də müqəddəs saydıqları bir insanın qətlini icra
etdilər. Bunu da şiə qaynaqları təsdiqləyir. Şiə alimi Kazım əl-İhsai ən-Nəcəfi
«İmam Hüseyn ilə döyüşmək üçün hazırlanan ordu üz yüz min nəfərdən ibarət idi
və tamamilə kufəlilərdən ibarət idi. Ordunun içində şamlı, hicazlı, hind,
pakistanlı, sudanlı, misirli, afrikalı yox idi. Hamısı, təkrar söyləyirəm,
hamısı kufəlilər idi. Müxtəlif qəbilərlərdən toplanmışdı»(Aşura, səh. 89).
Şiə tarixçisi Hüseyn ibn Əhməd əl-Burakinin sözlərinə görə, «Kufə xalqının
utanacağı xüsuslardan biri Həsən ibn Əlini yaralamaları və yanlarına dəvət
etdikləri Hüseyn ibn Əlini qətlə yetirmələridir»(Tarixul-Kufə, səh.113).
İmam Zeynəlabidin (Allah ondan razı olsun) məhz bu səbəbdən dolayı kufəlilərə
üzünü tutaraq bunları söyləmişdi: «Rəsulullah (sav) «mənim əhli-beytimi qətlə
yetirdiniz. Siz mənim ümmətimdən deyilsiniz»deyəndə, onun üzünə hansı sifətlə
baxacaqsınız»(Tabərsi, əl-İhticac, 2/32).
İmam Zeynəlabidin (Allah ondan razı olsun) bir dəfə də kufəlilərin Həzrəti
Hüseyn üçün ağı deyib, göz yaşı tökməsini görəndə «bizim üçün ağı deyib, göz
yaşı tökürsünüz. Bəs bizi qətl edənlər kimlərdir?» deyə, etirazını bildirmişdi.
Elə xanım Zeynəb də «Kufənin kişiləri bizi öldürür. Qadınları isə bizim üçün
ağlayır» deyə, şiəliyin mərkəzi Kufəyə öz etirazını bildirmişdi.
Maraqlıdır ki, Kərbəla hadisəsi xatırlanan zaman İmam Hüseyni döyüş meydanında
yalnız qoyaraq qaçanlar, onu çağırıb, sonra xəyanət edənlər barəsində
danışılmır. Hədəf olaraq isə dolayısı ilə dörd xəlifənin hər birini qəbul edən
sünni əhali göstərilir. Halbuki İmam Hüseyni qətlə yetirənlər, Peyğəmbərimizin
(sav) sevgili nəvəsinin üzərinə qılıncla yürüyüb, onu və əyalını susuz
buraxanlar öz tərəfdarları, ərəbcə desək öz şiəsi idi.
Kərbəla və «Ömərə lənət» əməliyyatı
Kərbəla faciəsini birtərəfli olaraq təbliğ edənlərə diqqət yetirəndə, nədənsə
Sasani imperiyasını xatırlamalı oluruq. Çünki tarix boyu İslama hər zaman xəyanət
edən Kufə xalqı ilə bu günki İran Kərbəla faciəsini hər zaman öz məqsədlərinə
uyğun şəkildə təbliğ etdilər. Və əsrlər boyu İmam Hüseynə sevgi adı altında
İslamın bölünməsi əməliyyatı aparıldı. Bununla paralel isə bir də «Ömərə lənət»
təbliğatı aparıldı. Saxta və təhrif olunmuş mənbələrə istinad edərək, xəlifə
Ömərin Əhli-Beytlə (Allah onlardan razı olsun), xüsusilə Həzrəti Əli və Həzrəti
Fatimə ilə münasibətlərinin pis olduğu rəyi yaradıldı.
Həzrəti Ömərə qarşı düşmənçiliyin səbəbinin Sasani imperiyasına son qoyduğu,
Həzrəti Hüseynə olan sevginin qaynağının isə fars Şəhrbanu bint Yezdigerdlə
evli olması və ondan Əli adlı oğlunun olmasıdır. Hər şeydən öncə bilinməlidir
ki, burada FARS BARMAĞI var və onlar, hətta Həzrəti Həsənin övladlarından
fərqli olaraq, Həzrəti Hüseynin övladlarına daha çox təzim edirlər. Çünki
Hüseynin övladlarının dayıları fars idilər. Demək Şəhrbanu bint Yezdigerd,
Hüseynin, Əli adlı oğlunun anası idi. Allah onlardan razı olsun! Onlar deyirlər
ki, Sasani qəbiləsinin şərəfli şəcərəsi Haşimi şəcərəsi ilə
birləşmişdir(Biharul Ənvar: 45, 229).
Bəli, bu gün Kərbəla hadisəsinin önə çıxarılmasının da, Həzrəti Aişə haqqında
nalayiq ifadələrin işlənməsinin də arxasında fars barmağı var. Şiəlik isə
onların geydikləri libasdan başqa bir şey deyil. Necə ki, Peyğəmbərin (Ona və
ailəsinə Allahın salavatı və salamı olsun) digər səhabələrindən fərqli olaraq,
Salman əl-Farisini həddindən artıq ucaldırlar. Hətta ona vəhy gəldiyini belə
iddia etmişlər(Ricalul Kişşi: 21.). Bunun səbəbi, Salmanın fars olmasıdır.
Baxın, son vaxtlarda yaşayan əl-İhqaqi əl-Hairi, Peyğəmbərin (Ona və ailəsinə
Allahın salavatı və salamı olsun) fars torpaqlarını fəth edən səhabələrini belə
vəsf edir: "Fars qadınlarının iffətinə göz dikən, quldur və şəhvət düşgünü
olan bədəvi ərəblər"(Risalətul İman: 232.).
Baxın görün, o Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun)
səhabələrini necə vəsf edir, o zaman atəşpərəstlikdə qalan fars qadınlarını isə
necə tərifləyir. Atəşpərəst fars qadınlarına iffətli deyir, amma Peyğəmbərin
(Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrini isə, fars
qadınlarına göz dikmə;kdə ittiham edir.
Bu fakt əslində Kərbəla faciəsinə İranın niyə önəm verdiyinə də, Kufə əhlinin
günahlarının gizlədilməsinin də aydınlığa qovuşması üçün çox önəmlidir. Çünki
İran Həzrəti Ömərin dövründə fəth edildi. Çünki Kisranın sarayları o zaman
yıxıldı. Bunu həzm etməyən farslar isə Həzrəti Hüseynin simasında xəlifə Ömərə
qarşı xəyali düşmən yaradıb, 1368 ildən bəri insanların beyninə «Hüseynə ağla,
Ömərə lənət et» fikrini yeridirlər. Halbuki, əhli-beytlə heç bir raşidi
xəlifəsinin münasibəti pis deyildi. Əgər onların münasibəti pis olsaydı, nə
üçün Həzrəti Əli və Həzrəti Həsən öz övladlarına üç raşidi xəlifəsinin adlarını
qoymuşdu? Nədən İmam Zeynəlabidin kimi tanınan Əli ibn Hüseyn ibn Əbu Talib öz
oğluna Ömər adını vermişdi?
İnsan üçün övladdan şirin nə var dünyada? Heç bir şey! O zaman nədən insan
övladına sevmədiyi, nifrət etdiyi, düşmənçilik bəslədiyi insanın adını qoysun?
Hər dəfə də övladını çağıranda, addan narahat olsun?
Və məsələnin ən maraqlı tərəfi budur ki, Kərbəla düzündə kufəlilər tərəfindən
şəhadətə yetirilən Həzrəti Hüseynlə bərabər zalım düşmənə qarşı vuruşanlar
arasında həmin insanlar da var idi:
1. Əbu Bəkr ibn Əli ibn Əbu Talib.
2. Ömər ibn Əli ibn Əbu Talib.
3. Osman ibn Əli ibn Əbu Talib.
4. Əbu Bəkr ibn Həsən ibn Əli ibn Əbu Talib.
5. Ömər ibn Həsən ibn Əli ibn Əbu Talib(Bu fakt bütün şiə qaynaqları tərəfindən
təsdiqlənib. Müfidin «əl-İrşad», Abbas əl-Qumminin «Muntehal Amal» və başqa şiə
qaynaqları buna sübutdur).
Belə olduğu təqdirdə, sual meydana çıxır ki, kim Ömərlə düşmən olub?
Əhli-Beytmi, sasanilərmi? Bu sualın cavabı əslində çox mətləbləri aydınladır.
Bəlli olur ki, əslində Əhli-Beytlə raşidi xəlifələr arasında nəinki problem
olmayıb, hətta münasibətlər o qədər yaxşı olub ki, Həzrəti Əli üç övladını
onların adı ilə şərəfləndirib. Və həmin ad sahibləri də Kərbəla səhrasında
Həzrəti Hüseynlə bərabər kədər və bəlaya məruz qalaraq, şəhidlik mərtəbəsinə
yüksəliblər.
Aşura günü baş verənlər İslama nə qədər uyğundur?
Bu məsələ ilə bağlı qısa olaraq bildirmək lazımdır ki, özünü döymək, sinə
paltarını cırmaq və s. bu kimi etmək düzgün deyildir. Əslində bütün bunlar
qadağan olunan əməllərdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və
salamı olsun) buyurmuşdur: "(ölən adamın arxasınca) Üzünə döyən, sinə
paltarını cıran bizdən deyildir"( Səhib Buxari: Kitab əl-Cənaiz, Bab Leysə
minnə mən şəqqə əl-Cuyub, № 1294.).
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur:
"(ölən adamın arxasınca) ağı deyəndən, başını qırxan və sinə paltarını
cıran insandan uzağam"( Səhih Müslim: Kitab əl-İman, № 167.).
Digər rəvayətdə isə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı
olsun) belə buyurmuşdur: "Həqiqətən ağı deyən insan Allaha tövbə etməzsə
Qiyamət günü əynində qoturdan zireh, qətrandan paltar geyinəcəkdir"( Səhih
Müslim: Kitab əl-Cənaiz, № 934.)
Belə müsibətlər anında müsəlmanın borcu Allahın buyurduğu kimi deməkdir:
"O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın
bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!”
deyirlər"( əl-Bəqərə: 156.)
Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda matəm saxlanılır ki,
əslində bunun bidət olduğunu bəzi şiə alimləri də təsdiqləyirlər. Məsələn, şiə
doktor Hadi Fadlallahın başçılıq etdiyi şiə qrupu qan çıxana qədər özünü
döyməyi və şəbihi (Kərbəla faciəsinin ildönümündə oynanan tamaşa-müəl.) rədd
edir. Ayətullahul-uzma Əbul Qasim əl-Hui də «insanların məsxərəyə qoymasına
səbəb olduğu üçün» bu kimi hallara qarşı çıxmışdır.
Elə bütün şiələrin qəbul etdikləri Küleyni də «əl-Kafi» əsərində İmam Sadiqə
(Allah ondan razı olsun) istinadən yazır ki, «ölünün arxasından
qışqırıb-bağırmamaq, paltarı cırmamaq lazımdır».
Elə şiə doktor Məhəmməd Ticani Səmavi də ayətullah Məhəmməd Bəkr əs-Sədrə
istinad edərək, «bədənin döyülməsi və qan axıdılması avam və cahil insanların
əməlləridir» söyləyib ki, bununla əslində baş verənlərin cahiliyyə dəlalət
etdiyini etiraf edib.
Həzrəti Hüseynin şəhadətini qeyd edənlərin əyinlərinə geydikləri qara paltar
üçün isə Həzrəti Peyğəmbərimiz (sav) buyurub ki, «qara geyim od (yəni cəhənnəm)
əhlinin geyimidir». Başqa bir hədisdə Həzrəti Peyğəmbərimiz (sav) «qara
geyinməyin. Çünki bu fironun geyimidir» söyləyib.
Elə şiə alimləri də bu hədisləri təsdiqləyərək, namaz vaxtı başdan başa qara
geyinməyin məkruh olduğuna qərar veriblər(əş-Şərayi, əl-İrşad, əd-Durus kimi
şiə qaynaqlarına baxa bilərsiniz.) Belə olduğu təqdirdə, nədən Məhərrəmin 10-cu
günü qara geyinilir?
Maraqlıdır ki, Həzrəti Hüseyndən sonrakı imamların dönəmində belə teatrlar və
matəmlər olmayıb. Doğrudur, matəm tərəfdarları bunu həmin dövrdəki şəraitlə
əlaqələndirirlər. Ancaq unutmamalıdırlar ki, imam Cəfər ibn Məhəmməd (Allah
ondan razı olsun) vəfat edərkən vəsiyyət etmişdi ki, «heç kim mənim üçün
bədəninə əziyyət verməsin. Heç kim qışqırıb, əyin-başını yırtmasın. Yaxasını
yırtan qadın üçün cəhənnəmdə bir deişk açılır. O nə qədər çox vay-şüvən salsa,
cəhənnəmdəki deşik daha da böyüyür».(Biharül-Ənvar, 82/101).
Aşura günü oruc tutulmalımı, tutulmamalımı?
Əhli-sünnənin Aşura günü oruc tutmasına qarşılıq olaraq, cəfərilər həmin günün
matəm olmasını səbəb göstərərək, Aşura günü oruc tutulmasına qarşı çıxırlar.
Halbuki, Həzrəti Əli (Allah ondan razı olsun) bildirib ki, Həzrəti Rəsulullah
(sav) belə buyurub: «Aşura günü, ehtiyat tədbiri olaraq, doqquzuncu və onuncu
gün oruc tutun. Çünki bu oruc bir öncəki ilin kəffarəsidir».
Həzrəti Rəsulullah (sav) başqa bir hədisində belə söyləyib: «Fərz (yəni vacib)
namazından sonra ən fəzilətli namaz gecənin ortasında qılınan namazdır. Ramazan
orucundan sonrakı ən fəzilətli oruc Məhərrəm deyə adlandırılan Allahın ayındakı
orucdur»(əl-Hürr, «Vesailuş-Şia», 7/337).
Əlavə şərhə ehtiyac varmı? Əlavə şərhə ehtiyac olmasa da, insanımıza müraciət
etməyə ehtiyac var. İnsanımız bütün məsələlərə birtərəfli yanaşmamalıdır.
Həzrəti Hüseyni sevməlidir. Həzrəti Həsəni sevməlidir. Həzrəti Rəsulullahın
(sav) əhli-beytini sevməlidir. Ancaq şəbih məclislərində vaxtını itirməməlidir.
Həzrəti Əlinin və övladlarının həyat fəlsəfəsini incələməlidir. Həzrəti
Hüseynin niyə şəhidliyi seçdiyini anlamalıdır. Məsələnin üzünü görməkdən vaz
keçib, astarını sökməlidir. Mahiyyəti dərk etməlidir. O zaman görəcək ki,
Həzrəti Hüseyn heç də xain farsların və kufəlilərin tanıtdığı şəxs deyil. O
bambaşqa bir insandır. O, babasına və atasına (Allah onlardan razı olsun) layiq
bir övlad olub və həyat mücadiləsini də bu şərəfi qorumağa həsr edib. Gəlin,
özümüzə əziyyət etməyək. Bunun nə özümüzə, nə də Həzrəti Hüseynə bir faydası
var. Bu hərəkət cəhənəmə bilet almaqdan savayı heç nəyə yaramaz. Gəlin,
cəhənnəmə gedənlərlə eyni yolda olmayaq. Həzrəti Hüseynin tərəfində olaq! Yəni,
xurafatsız, batil inanclarsız İslamın yanında!
Həqiqətən, peşəkarcasına elmi-araşdırmalarla məşğul olan insanların bu tipli məqalələrlə çıxış etməsi islam dininin, müsəlman qardaşların birliyinin möhkəmlənməsinə xidmət edən əməllərdəndir.
Amma qeyd etmək də lazımdır ki, İran İR-dən fərqli olaraq, Qafqaf Müsəlmanları İdarəsinin təşəbbüsü ilə hər il Aşura günü mütəşəkkil qaydada qanvermə aksiyaları təşkil olunur. Bu da ki, fikrimcə İmam Hüseynin xatirəsinin, həmçinin Kərbəla yaxınlığında baş verən qanlı hadisələrin sivil qaydada yad olunmasının nümunəsidir. Hesab edirəm ki, tədricən digər arzuolunmaz hallar da aradan qalxacaq. Ancaq bunun üçün elmlə məşğul olan insanların səbr, təmkin və hər şeydən əvvəl dözümlə və yuxarıda qeyd olunan məqalədəki tərzdə izahlar verməyinə böyük ehtiyac vardır.