"Kütləyə qarşı tək olmaqdan qorxma. Haqlı olmamaqdan qorx!"
Müsəlmanları namaza necə dəvət edəcəklərini Rəsulullahla (sas) səhabələri müzakirə etmiş və bəzi rəvayətlərə görə Hz. Ömərin gördüyü bir yuxunun nəticəsi olaraq bildiyimiz, alışdığımız və gündə beş dəfə eşitdiyimiz “Azan” beləcə gündəmə gətirilmişdir. İlk azanı da hər birimizin tanıdığı və sevdiyi səhabəmiz olan Bilal Həbəş vermişdir.
Əsrlər boyu gündə beş vaxt oxunan azana diqqət etsək sübh azanı ilə digər vaxt oxunan azanlar arasında kiçik bir fərqin olduğunu görərik. Sübh azanda onu başqa azanlardan ayıran, ona başqa bir özəllik qatan əlavə bir cümlə var: "Əssalatu xayrum-minənnəvm Əssalatu xayrum-minənnəvm"
Yəni: "Namaz yuxudan xeyirlidir, namaz yuxudan xeyirlidir". Namazın yuxudan xeyirli olduğunu bildirən bu cümlə sadəcə sübh azanında oxunur və yatan müsəlmanlar həqiqəti ifadə edən bu kəlmələrlə oyandırılır. "Namaz yuxudan xeyirlidir, namaz yuxudan xeyirlidir".
"Sübh azanında oxunan bu ifadəyə nə üçün ehtiyac var?" deyə sual versəniz, düşünürəm ki, bu sualı cavablandırmaq o qədər də çətin olmayacaq. Çünki Əsri Səadət dönəminin müsəlmanlarını namazdan uzaqlaşdıracaq və ya namaza gecikdirə biləcək yeganə şey sadəcə və sadəcə fitri bir istək olan yuxu idi. Məhz bu müsəlmanlara da namazın yuxudan daha xeyirli olduğu bildirilir.
Sübh azanındakı bu fərqli ifadə günün muxatabı olan müsəlmanların olduqları vəziyyət nəzərə alınaraq azana daxil edilmişsə, o zaman günümüzün müsəlmanlarının vəziyyətini də nəzərə almaq lazım deyilmi? Müctəhidlik edərək “lazımdır” deməyin! Çünki bu suala "lazımdır" cavabını verdiyiniz və azana lazım olan cümlələri daxil etdiyiniz zaman azanlar uzun bir qəsidəyə çevriləcəklər. İnsanları namazdan uzaqlaşdıran, namaza gecikdirən səbəbləri azanda zikr etməyə başladığınızda azanlar kifayət qədər uzanacaqlar.
Niyə? Çünki dövrümüzün insanını namazdan uzaqlaşdıran səbəblər çox olduğu kimi, bu səbəblərin azanda bir və ya iki dəfə təkrarlanması da kifayət deyil və olmayacaq da. Məsələn hər işa namazının azanında namazın televizordan xeyirli olduğunu, ən az on – on beş dəfə təkrar etməyiniz və ya etdirməyiniz lazımdır!
Namaz, televizordan daha xeyirlidir, Namaz, televizordan daha xeyirlidir... İndi də bu azanlarla insanların hansı məscidlərə dəvət ediləcəyini də soruşacaqsınız! Bizim bu gün gündəmə gətirdiyimiz məsələ namaza dəvət olduğu üçün, yuxarıdakı sualı verməyin! Məsələnin o tərəfini heç qarışdırmayın! Əks halda cavab tələb edən suallar uzanar...