İlk öncə onu qeyd etmək lazımdır ki, "namaz” kəlməsi türk dilli xalqalar arasında daha çox yayılmışdır. Sözün əsli isə fars dilindən gəlmədir. "Namaz” sözünün Qurani Kərimdəki qarşılığı "salət”-dır. Bu söz bir çox mənaları ifadə edən bir sözdür. Həm ərəblərin gündəlik işlətdikləri dildə həm də Qurani Kərimdə "salət” sözü bir çox mənalarda işlənir. Hətta, bu sözün ərəb dilində 18-ə qədər mənası olduğu təsbit edilmişdir.
Qurani Kərimdəki mənalarına gəldikdə isə "namaz” (salət) kəlməsi bəzən "dua və istiğfar (bağışlanma)”, bəzən "rəhmət və mərhəmət”, bəzən "ibadət”, bəzən "dəstək”, bəzən "qulluq”, bəzən "din”, bəzən də "dəvət” mənalarını verir. Təbii ki, ən çox işlədilən mənası bizim bildiyimiz ibadət olan "namaz qılmaq” mənasıdır. Amma Qurani Kərimdə "salət” (namaz) ifadə olunan bütün ayələri "namaz qılmaq” kimi tərcümə etmək doğru sayılmaz. Məsələn Əhzab surəsinin 56-cı ayəsindəki "yusallunə” sözünü "namaz qılırlar” kimi tərcümə etsək mənası anlaşılmaz olar, halbuki orada Allah təala belə buyurur; "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua edirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın!” İnsanın, ələxsus da möminin dinini dəstəklədiği üçün "namaz” vacib buyurulmuşdur. Peyğəmbərimiz Muhamməd (s.a.s); "Namaz dinin dirəyidir, onu dik (doğru) tutan dini doğrultmuş, onu yıxan dini yıxmışdır.” – buyurub. Deməli namaz "salət” bir dəstək olaraq, möminin dinini dik, doğru və sağlam saxlamasını dəstəkləyir. Namazın kodları Başın bədən üzərində tutduğu yer kimi, namazın da dində tutduğu yer çox əhəmiyyətlidir. Namaz ibadətlərin tacıdır və bu ibadət bir sıra simvollardan və hərəkətlərdən ibarətdir. 1. Başlanğıc təkbiri; İnsan təkbir gətirərkən, əlini qaldırır və sanki əli ilə dünyanı arxasında qoyur, arxaya tullayıb Ən Böyük Olana yönəlir. Önündə yalnız Rəbbinə uzanan yol qalır, Ona üz tutaraq Onun hər şeydən daha üstün, daha pak, ən böyük, tək və mütləq böyük olduğunu ifadə edərək namaza başlayır. 2. Qiyam; Ayaq üstə dik və doğru dayanmaq Allaha qarşı duyulan hörmətin simvoludur. Qiyam, namazı "iqamə etmək”-dən, yəni onu doğru-dürüst saxlamaqdan, əda etməkdən irəli gəlir. Ayaqüstə namazında dayanan mömin dağları təmsil edər. 3. Qiraət: Bu, Quranın namaza daşınması, köcürülməsidir. Namaz vəhyin bədənidir, vəhy də namazın ruhudur. Qiraətin qəlbi də Fatihə surəsidir. Fatihə də, Rəsulullahın (s.a.s) hədisindən rəvayət olunduğu kimi "Allah ilə qulun dialoqunu təmsil edər”. Yəni Fatihə, namazı Allahla bəndə arasındakı söhbətə çevirir. Bunun üçün "Fatihəsiz namaz, namaz olmaz”! 4. Rüku; Hörmət və ehtiramdan doğan boyun əymək ifadəsini bildirir. Qiyamda olan hörmətin bir sonrakı davamı və pilləsidir. Rüku tək başına ictimai təslimiyyəti, səcdə isə şəxsi təslimiyyəti ifadə edər. "Rüku edənlərlə birlikdə rüku edin” ayəsi var, amma səcdə edənlərlə birlikdə səcdə edin – deyə bir ayə yoxdur Quranda. Rüku, həmd və sənanın, bədən diliylə ifadəsidir. Buna görə rükudan qalxdıqda biz "Allah həmdi eşidir” deyirik. Allahın elçisi Muhamməd (s.a.s) camaat namazı qıldırarkən bu sözü söyləyəndə, Onun (s.a.s) arxasında ilk dəfə namaza duran bədəvi bir ərəb "Madam eşidir, mən də həmd edim onda” məntiqiylə: "Ən gözəl, sonsuz, ən mübarək həmd Ona olsun, göylər və yerlər dolusu həmd Ona olsun!” deyə yüksək səslə həmd etməyə başlayır. Namazdan sonra Rəsulullah (s.a.s) deyir; "Qardaşınızın sözlərini yerə düşürməmək üçün səmadan mələklərin hücum etdiyini gördüm”. Hətta sonra Peyğəmbərimiz (s.a.s) o bədəvinin həmdini özü də namazlarında etmişdir. 5. Səcdə; Hörmət ifadəsinin son nöqtəsi və zirvəsini təmsil edər. Mütilik duyan qəlb əvvəl sahibini ayağa qaldırar, sonra boyun əydirər, sonra da alnını yerə qoyar. Səcdə, insanın Allah qarşısındakı qulluğunu təmsil edir. Səcdə, insanın Rəbbinə ən yaxın olduğu bir andır. "...Səcdə et və yaxınlaş!” (Ələq, 19). İnsanın gözəlliyini əks etdirən yeganə üzv sifətidir. İnsanın bədənindəki ən ali orqanı başıdır. O başını və sifətini Rəbbinin qarşısında yerə qoyur, səcdə edir. 6. Son oturuş; Namaz səfərinin sonunu təmsil edir. Namaz (salət) içində duanın ən bol olan hissəsidir. Dua sadəcə "ibadətlərin beyni” deyil, namazın da beynidir. Sonunda salam verərək namazı bitirmiş olursunuz. Namaz təslimiyyətiniz əlaməti, təslimiyyətiniz də İslamınızın əlamətidir. Namaz (salət) insanlıqla yaşıddır Çünki İslam, insanlığın dəyişməz dəyərlərinin başqa bir adıdır. Bütün peyğəmbərlər Allahın əmriylə İslamı çatdırmış və hamısı müsəlman olmuşlar. Beləki, bütün zamanların haqq dini olan "təslimiyyətin yolu”-nun adı İslam idi. Bu mənada İslam insanlıqla yaşıddır. Beləcə bütün bəşəriyyətə də "salət” (namaz) ibadəti həmişə buyurulmuşdur. Nəinki, namaz, hətta zəkat, oruc, həcc və qurban ibadətləri də bizdən əvvəlki ümmətlərə və millətlərə fərz olaraq əmr olunmuşdur. Öncəki vəhy mənsubları peyğəmbərlərə də namaz qılmaq əmri, Qurandakı bu ayələrdən görsənir; "Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!” (Beyyinə, 5). "Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.” (Ənbiya, 73). İsmayıl peyğəmbərin ailəsinə namazı tövsiyə etməsini Allah belə buyurur; "O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı.” (Məryəm, 55). Namaz, Allahın İsrail oğullarından aldığı 5 əhddən biridir və Quranda belə keçir; "Bir zaman Biz İsrail oğul-ları ilə: "Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!”– (deyə) əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, (haqdan) üz çevirib döndünüz.” (Bəqərə, 83). Tövhiddən sonra Allah Musaya namazı buyurmuşdu; "Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!” (Taha, 14). Loğman oğluna öyüt verərək namazı tövsiyə etmişdi; "Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbr et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir.” (Loğman, 17). İsa peyğəmbər Rəbbinin ona namaz qılmağı buyurmasını bildirir və bu Quranda belə qeyd olunur; "Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” (Məryəm, 19) Müşriklər isə namazı (salətı) anlam və məqsədindən çıxararaq, bu ibadəti oyun və əyləncəyə çevirmişdilər. "Onlar Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!” (Ənfal, 35). Onlar namazı lağ-lağı halına çevirmiş, səcdəyə əyilməyi qürurlarına sığışdırmamış, səcdə etmək əvəzinə yerdən bir parça torpaq götürüb alınlarına qoyurdular. Ardı var...