Rusiyanın ən böyük məscidinin inşasına sentyabr ayında başlanacaq.
“Selef.my1.ru” Türkiyə mətbuatına istiinadən bildirir ki, gələn ay Rusiyanın paytaxtı Moskvada təxminən 2 milyon müsəlmanın ibadət ehtiyacını qarşılamaq məqsədilə 60 min nəfərlik məscidin inşasına start veriləcək.
“İzvestiya” qəzetində dərc olunan xəbərə görə, artıq məsələ Moskva meriyası və paytaxtın Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılıb. Keçmiş SSRİ-nin ən böyük məscidinin inşa ediləcəyi yerlə bağlı isə yekun qərarın qəbul edilmədiyi xəbərdə öz əksini tapıb. Habelə xəbərdə paytaxtın müsəlman sakinlərinin məscidin şəhərdən uzaqda olmamasını və metro yaxınlığında inşasını tələb etdikləri qeyd olunub.
Rusiya Mərkəzi Müsəlmanlar Birliyinin nümayəndəsi Albir Xrqanov qəzetə müsahibəsində Moskva meriyasına məscidin inşası üçün müvafiq yer ayrılması ilə bağlı müraciət edildiyini deyib. Xrqanov bu istiqamətdə işlərin davam etdiyini və rəsmi qurumlardan açıqlama gözlədiklərini bildirib.
Bu arada Rusiya Pravoslav Kilsəsinin üzvü Vsevolod Çaplin də Moskvada yeni məscidin inşasının zəruri olduğunu qeyd edib.