Bəzi əlyazmalarda "Aqidətul-İməmil-Muzəni" adı ilə qeyd olunmuş bu kiçik əqidə kitabı əhli-sünnətin böyük imamlarından biri Şeyxul-İslam Muhamməd bin İdris əş-Şafi'nin məşhur tələbəsii və katibi, digər böyük alim İmam ət-Tahavi'nin dayısı olan İmam Əbu İbrahim İsmail bin Yəhya bin İbrahim əl-Muzəni'nin etiqadını təmsil edir. Bu kitab kiçik həcmdə olsa da bir daha nümayiş etdirir ki, sələf və onlara yaxın bir zamanda yaşamış ümmətin imamlarının tutduqları əqidə bir olmuşdur və onlar bu əqidəni səhabələrdən miras alıblar. Onlar şəriətin zahirinə iman gətirərdilər və kəlam elmini şiddətlə qınayardılar.