Blekbern şəhərində inşa ediləcək mərkəz üçün bir milyon funt-sterlinq ayrılıb.
“Selef.my1.ru” Rusiya mətbuatına istinadən bildirir ki, İngiltərənin Lankaşir qraflığının Blekbern şəhərində yeni islam mərkəzi inşa ediləcək. Bir milyon funt-sterlinqə başa gələcək mərkəzin tikintisinə vəsait yerli müsəlman icmaları və xeyriyyəçilər tərəfindən yığılıb.
Blekberndəki müsəlman icmasının liderlərindən olan Hafiz Yaqub şəhərdə İslam mərkəzinə çoxdan ehtiyac duyulduğunu, lakin vəsait çatışmazlığı ucbatından layihənin bir qədər gec həyata keçirildiyini deyib.
Habelə Yaqub bir il ərzində inşa edilməsi planlaşdırılan mərkəzdə ibadət otaqları ilə yanaşı, tədris zallarının da fəaliyyət göstərəcəyini bildirib. Yerli mətbuat mərkəzin inşasında ekoloji texnologiyadan istifadə ediləcəyini yazıb. Mərkəzin damına günəş panellərinin quraşdırılacağı da xəbərlərdə qeyd olunub.