Əlinə aldığı quru bir xurma budağına söykənərək, Allahın rəsulunun (s) qapısına gələn yaşlı bir qadın içəri daxil olmaq istədiyini dediyi zaman:
- Ey Allahın rəsulu kim olduğunu bilmədiyiniz bir ixtiyar qarı sizi görmək istəyir” deyə Peyğəmbərə (s) xəbər verdilər.
Allahın rəsulu (s):
- Buraxın, gəlsin” dedi.
Yaşlılıqdan dolayı az iki olmuş qadın xurma budağından düzəldilən əsasına söykənə-söykənə Peyğəmbərin (s) evinin qapısından içəri daxil oldu. Yaşlı qadın bir-neçə addım irəlilədikdən sonra onu tanıyan Allahın rəsulu (s) dərhal ayağa qalxaraq, üzərində əyləşdiyi xurma lifləri ilə doldurulmuş döşəkçəni qadına göstərərək, ondan əyləşməsini xahiş etdi.
Peyğəmbərin (s) qadına göstərdiyi hörmət və ehtiram orada olan Hz. Ömərin ® nəzərindən yayınmadı. Hz. Ömər ® bu qadının kimliyi ilə maraqlanaraq, yaşlı qadın getdikdən sonra:
- “Ey Allahın rəsulu, bu qadın kimdir ki, ona belə hörmət və ehtiram göstərdiniz, onu görüncə ayağa qalxdınız, döşəkcənizi ona verdiniz” dedi.
Peyğəmbərin (s) Hz. Ömərə cavabı bircə cümlədən ibarət oldu:
- Bu qadın bizim Xədicənin rəfiqələrindən biri idi!.
Burada ağlımıza belə bir sual gəlir:
Peyğəmbər (s) uzun illər öncə vəfat edən Xədicə ® anamıza nə üçün bu qədər bağlı idi? Görəsən, onun dostları gələndə nə üçün ayağa qalxır, döşəkcəsini verəcək qədər qədirbilənlik edirdi? Peyğəmbər (s) ilk ömür-gün yoldaşına qarşı nə üçün bu qədər vəfakardı?
Bu sualın cavabını Hz. Aişənin ® də olduğu məclisdə baş verən aşağıdakı xatirədə tapırıq: Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbər (s) bir söhbətində Hz. Xədicəni ® yad etmiş, onunla yaşadığı bəzi xatirələri yenidən yada salaraq, ötən günləri xatırlamışdı.
Hz. Aişə ®:
- Ey Allahın rəsulu, uzun illər əvvəl ölüb gedən bir yaşlı qadını bu qədər xatırlayıb yad etməkdə nə fayda var? Uca Allah sizə ondan daha gənc və gözəlini, ağzında dişi belə qalmamış yaşlı bir qadın əvəzinə daha gəncini nəsib edib” dedi. Hz. Aişənin ® bu sözlərinə cavabında Peyğəmbər (s) Hz. Xədicəni ® nə üçün unutmadığını belə bildirdi:
- Ey Aişə! Aradan uzun illər keçməsinə baxmayaraq, Xədicəni unutmamağım onun xarici gözəlliyinə görə deyildir. Hər kəs məni rədd və inkar etdiyi zaman Xədicə mənə inandı, məni təsdiqlədi. Ətrafımdakılar mənə yalançı deyərkən Xədicə mənə: “Doğru deyirsən, əsla çəkinmə” dedi. İnsanlar məndən pullarını əsirgədiyi zaman Xədicə bütün sərvətini mənə təklif edərək: “Bunların hamısı sənin ixtiyarındadır, istədiyin qədər xərcləyə bilərsən” dedi. Dünyada yalnız qaldığım günlərdə Xədicə məni tək buraxmayıb: “Bunların hamısı ötüb-keçəcək, məyus olma, bunların hamısı arxada qalacaq, çətinliklərdən sonra asanlıq dövrü də gələcəkdir” dedi.
Bax, mən Xədicəni bu fədakarlığına görə unutmuram!”.
Aradan uzun illər ötüb keçməsinə baxmayaraq, Xədicəni ® əsla unutdurmayan məziyyətləri, Peyğəmbərə (s) döşəkcəsini onun rəfiqəsinə təklif edəcək dərəcədə göstərdiyi ehtiram bugünkü müsəlman xanımların nəzərindən yayınmamalıdır.
Mömin qadınlar islam dəvəti uğrunda fədakarcasına çalışan həyat yoldaşlarına mane olmamalı, Hz. Xədicə kimi var-gücü və imkanı dərəcəsində dəvət naminə çalışan ərlərinə kömək etməlidirlər.