Məktəbə və ya universitetə gedən başıbağlı bir qızın yaylığı respublikanı və ya cəmiyyəti necə yıxa bilər, axı?Tunisli bir qızın yaylığı xalqını əsas hüquqlarından məhrum etmiş bir hakimiyyətin hökmünə nə təsir göstərə bilər ki, o yaylığı da qadağan edirlər?
Fransız məktəbində təhsil alan şagird qızın baş örtüyü 100 illərlə ölkədə köklənmiş dünyəvi hakimiyyəti necə sarsıda bilər?
Televizorda xəbərləri oxuyan müxbir qadının baş örtüyü Misir xalqına və cəmiyyətinə nə dərəcədə təhlükəlidir?
Türk tələbəsinin hicabı Atatürk hakimiyyətini yıxmağa qadirdimi? Adi bir yaylıq...
Baş örtüyü, bu kəlağayı niyə bu qədər qorxuludur ki, ona qarşı belə nifrət yaranıb, onu qadağan edir, örtüləni cəmiyyətdən izolə edirlər? Görəsən, o, dövlətin sütunlarını lərzəyə gətirən bilən bu qədər ağır qüvvədirmi? Yoxsa cəmiyyəti pozğunluğa sürükləyən və ya özündə yoluxucu virus daşıyan vərəm kimi xəstəlikdir, bu?
Nə üçün örtünməyə qarşı bu dərəcədə düşmənlik yaranır? Nədir, axı bu örtünün sirri?
İslam dininə riayət edənləri, İslam hakimiyyətini yaratmaq istəyənləri və İslami hərəkatları tarix boyu sıxışdırıb, əzib yox etmək istəyiblər. İslami hərəkatlar həmişə dəhşətli mübarizələrlə üzləşmiş və daim təzyiq altında qalmışdır, onun nümayəndələri ağla gəlməyən, müxtəlif cür işğəncələrə məruz qalmışlar, ya edam edilmiş, ya sürgün olunmuş ya da cəmiyyətdən izolə olunmuşlar. Amma İslama qarşı törədilən bütün bu müharibələr həmişə “siyasi İslama” qarşı olmuşdur. Heç bir zaman İslam dininin əxlaq normalarına və ya onun cüzi bir elementinə qarşı heç kim əhəmiyyət verməmişdir. İndi isə qadının hicabına qarşı müharibə elan olunub. İslam hərəkatının və ideologiyasının qarşısını bir parça yaylığı qadağan etməkləmi alacaqlar, yoxsa bir qarış saqqalı qırxmaqlamı?! Hicabı qadağan etmək üçün onu gah təhqir edirlər, gah onu taxanları pisləyirlər, gah terrorist və radikal adlandırırlar, gah hicab taxanı qul qadın kimi qələmə verirlər. Hətta Fransanın sabiq prezidenti Jak Şirak bir dəfə ağzından çox gülməli bir cümlə buraxmışdı: “Qadını hicabından azad etmək onu cəmiyyət daxilində azad edir və kişilərlə bərabərləşdirir”.
Qərb qadını azad oldu, paltardan olan asılılığından qurtardı, bədənini örtən deyil sadəcə üstündən asılan müxtəlif cür paltarlar geydi, iffətindən də azad oldu. Sonra nə oldu ki?! Fahişəlik bazarında ağ dərinin nisbəti qalxdı. Qərb ölkələrində “qadın azadlığı” deyə bağıranlar ən başda onun bədəninin paltardan azad olmasına çağırırlar. Əlbəttə, bu, iki cinsin nümayəndəsinin hüquq bərabərliyidir - onların fikrincə.
Belə dedilər: “Müsəlman qadının örtüsü onu incidir, ailədə və cəmiyyətdə onu kişinin əsarəti və nüfuzu altından saxlayır”. Fərz edək ki, doğru deyirlər, onda qadının hicabını zorla açması üçün dövlət qanun çıxarmalıdır?!
Yenə dedilər: “Qadınların hicabı geridə qalmışlıq, elmsizlik, qadınların təhsildən uzaqlaşmasıdır”. Bəs onda niyə məktəb və universitetlərdə, təhsil müəssisələrində, hətta iş yerlərində hicablı qızların sayı çoxalır?!
Eləcə də dedilər: “Hicab islami hərəkatların siyasi bir rəmzidir ki, bütün qızları müasir həyatdan və inkişafdan ayırsınlar”. Bunu deyənlər qadın ağlını təhqir etmiş olurlar. Onda deməli, qadınlar doğru-dürüst düşünə, yaxşını-pisdən ayıra bilmirlər, qabiliyyətsizdirlər. Bəs onda hanı azad fikir və azad seçim?!
Ən dəhşətli iddialarından biri də budur ki, hicab sadəcə şəriət baxımından qadının məftunedici və cəlbedici hissələrini kişilərin şəhvaniliyindən qorumaqdır. Çox təəssüf ki, qadının hicabını müdafiə edən və islami nöqteyi nəzərdən danışanların da çoxu bu fikirlə çıxış edirlər. Guya, yaxşı addım atmış sayılırlar amma hər şeyi korlayırlar. Hələ bu azmış kimi qadını cəmiyyətdən qorumaq və ayırmaq da istəyirlər. Sanki hicab qadını cəmiyyətdən ayırmaq üçündür. Düzdür, qadının cəlbedici üzvləri və onun məftunediciliyi hamıya sərgilənməməlidir, amma qadının hicabı sadəcə və sadəcə onu qapamaq üçün parça deyil. Hicab xarici görünüşün, paltarın bir hissəsidir. Onun əsas mahiyyəti və mənası İslam tərbiyəsinin, əxlaq və normalarının əsaslarından biri olmasıdır. O, yox olarsa, iki cins arasında olan əsas pərdə və ya baryer götürülər, hansı ki, əlaqəni kontrolda saxlayır, çərçivədən çıxmağa qoymur. Hicab - əgər şəriətin buyurulduğu kimi yerinə yetirilərsə - islam qızının, müsəlman qadınının şəxsiyyətini formalaşdıran əsas obrazlarından, kişi və qadın arasındakı əlaqəni formalaşdıran əsas prinsiplərdən biri olar. Sadəcə qadın fitnədir deyə onu örtmək ideyası deyildir. Amma bütün bunlara baxmayaraq, o demək deyil ki, hicabla örtünən qız ictimai əlaqələri ən gözəl qoruyan və özünü ən əxlaqlı aparandır. Nə də örtünən ana uşaqlarını ən gözəl tərbiyə edən anadır. Hicab əsas amillərdən biridir, hər şey demək deyil. Amma o əsas amildən imtina etməklə başqa amillər də qaydasında getmir.
İslama qarşı olanlar belə, hicabın əsas mahiyyətini, əxlaq və tərbiyə sistemində oynadığı müsbət rolu anlamışlar, amma təəssüf ki, müsəlmanlar bunu tam dərk edə bilmirlər. İslama və müsəlman qadına qarşı quduz düşmənliklərini artırmalarına baxmayaraq, dünyanın hər yerində müsəlman qadınların hicab taxanları getdikcə artmaqdadır.
Çox acınacaqlı və təəssüfləndirici haldır ki, bu baş verənlər məhz müsəlman ölkələrində baş verir. Qərb ölkələrində müsəlmanlar istədikləri qiyafədə və formada gəzirlər, istədikləri zaman məscidlərə gedib ibadətlərini edirlər. Amma Türkiyə, Misir, Tunis və sair müsəlman ölkələrində isə İslam əxlaq və normalarına belə zidd çıxırlar.
Qadın həm həkim, ən dəvətçi, həm iş adamı, həm tələbə, həm şagird, həm mütəxəssis, həm mühəndis, həm sənətkar, həm ədib, həm siyasətçi, həm vəkil, həm hakim və həm də zərif cinsin nümayəndəsidir. Qadın həyatın bütün sahələrində ola bilər və buna haqqı da var, çox şey etməyə qadirdir. Amma unutmamalıdır ki, onun şəxsiyyəti başqadır, o, müsəlman qadın obrazındadır.
Müsəlman qadını, islam şəriətlərinə riayət edən müsəlman qız başqa qızlardan fərqlənir, həmişə diqqət nöqtəsində olur. Müsəlman qadınına deyilən sözlər daha çoxdur, ona görə də o, özünü həmişə qorumalıdır. O, ağappaq bir parçadır, adi bir səhv o parçanın üzərində o dəqiqə bir ləkə salır və bunu hamı görür. Başqalarında ləkələr görsənmir.
Uca və Qüdrətli Allah bizim qızlarımızı, qadınlarımızı və onların şərəf ləyaqətlərini, iffətlərini qorusun. Amin!