Bütün zamanların ən unudulmaz yarışı, ancaq bu yarışın tamaşaçıları yoxdur. İki yarış iştirakçısından biri düz xətt çəkir. Bu bir başlanğıc xəttidir.
İştirakçılardan biri köynəyini möhkəmcə belinə bağlayır. Bu qəribə bir yarışdır. Çünki qarşı tərəf məğlub olsa belə, məyus olmayacaqdır. Yarış iştirakçısı rəqibinə sevgi dolu nəzərlərlə baxır. Yarışı da o təklif edibdir. Dərk edə bilirsinizmi? O (s). Bir kəlməsi ilə minlərlə insanı arxasınca aparan, bir işarəsi ilə ayı ikiyə bölən o (s)! Həm də Bədir yolunda. Bütün zamanların ən mühüm döyüşü onları gözlədiyi o ərəfədə gülümsəyərək soruşdu:
-Aişə, səninlə yarışaq?
-Yarışaq, ey Allahın rəsulu!
Yarışa başlamaq üçün iştirakçıların nəzərlərinin bir – birinə tuş gəlməsi kifayətdir. Peyğəmbər (s) və sevgili həyat yoldaşı qaçmağa başlayırlar. Həmin an orada milyonlarla tamaşaçı olmasa da bu sevimli yarış barəsində Hz. Aişənin ® kəlmələrindən məlumat alırıq. İnsan Peyğəmbərin (s) Bədir savaşı ərəfəsində açdığı bu sevgi səhifəsini heyranlıqla izləyir. Budur, yarış artıq başa çatıb. Yarışın qalibi odur. O, yəni Peyğəmbər (s). Peyğəmbər (s): “Bu Zülməcazdakı yarışın əvəzidir” deyərkən məğlub iştirakçının üzündən məyusluq deyil, sevinc hissləri yayılır və bu sözlər Hz. Aişəni ® uzun illər əvvələ - hələ balaca ikən atası Əbu Bəkirin ® yanında qalib olduğu o yarışa aparır.
Qədər onu böyük məsuliyyətə - son peyğəmbərin (s) hafizəsi olmaq məsuliyyətinə hazırlayır. Çünki ondan (s) gələn hər şeyi qeyd edə biləcək çox gənc bir hafizəyə ehtiyac vardır. Buna görə, gecə - gündüz, səfərdə, döyüşdə və əmin-amanlıqda onun yanında olmalıdır. Doqquz il davam edən evlilik müddətində öyrəndiyi hər şeyi onun vəfatından sonra 47 il ərzində insanlara bildirməsi lazımdır. Hz. Aişənin ® otağının divarı Peyğəmbər məscidinə bitişikdir. Onun səhabələrinə dediyi hər bir sözü eşidir və otağına gəldiyi zaman başa düşmədiklərini Peyğəmbərdən (s) soruşur. Bir gün Allahın sevgilisi (s) səhabələrinə: “Kim Allahla görüşməyi sevərsə, Allah da onunla görüşməyi sevər. Kim də Allahla görüşməyi sevməzsə, Allah da onunla görüşməyi sevməz” buyurur. Hz. Aişə ®: “İçimizdə ölümü arzulayan yoxdur” gileylənməsini bir açara çevirərək mənaya aydınlıq gətirmişdir: “Mömin qul Allahın rəhməti, razılığı və cənnətindən danışıldıqda Allahla görüşməyə bir həsrət hiss edər və uca Allah tərəfindən eyni səbirsizliklə qarşılanar. Ancaq kafir qul Allahın əzabını, qəzəbini hiss etdiyi zaman Allahla qovuşacağı gündən xoşlanmaz və Allah tərəfindən də eyni münasibətlə qarşılanar”. Həmçinin, o ®, Peyğəmbərin (s): “İnsanlar qiyamət günü çıl-çılpaq qalacaqlar” sözün barəsində heyrətlə: ”Necə? Onlar bir-birilərinə baxmayacaqlar?” - deyə Peyğəmbərdən (s) soruşmuş, o da: “Qiyamət elə dəhşətli bir gündür ki, heç kimin digərindən xəbəri olmaz!” cavabını vermişdir.
Hz. Aişə ® həmişə sevdiyinin yanında idi. Peyğəmbərin (s) çöhrəsində Bədirdə zəfərin, Uhudda hüznün necə yaşandığının şahidi olmuşdu. Möminlərin anası ® belində su daşıyarkən, yaralılara kömək edərkən, Peyğəmbər məscidində mizraqları ilə döyüş ayinləri nümayiş etdirən həbəşliləri onun (s) çiyninə söykənərək seyr edərkən sevgilinin (s) sevgilisi idi. Həzrəti Əli ® rəvayət etdiyi bir hədisdə ondan “Rəsulullahın sevgilisi” – deyə bəhs etmişdir. Tanınmış İslam alimlərindən Məsruk onu: “Allahın sevgilisinin sevgilisi” deyə xatırlayardı. Peyğəmbərdən (s) ən çox kimi sevdiyi soruşulduqda: “Aişə” deyə cavab verər, zövcələrindən sadəcə onun yanında olarkən vəhy gəldiyini deyərək Aişənin məqamına işarə edərdi. Hz. Aişə ® yalnız elmi, zəkası, qavrayışı və xitabəti ilə deyil, eyni zamanda ibadəti ilə də bu sevgiyə layiq idi. O ®, gündüzləri oruc tutar, ən zülmət gecələrini namazla aydınlaşdırardı. Təvazökarlığı, qənaətkarlığı və comərdliyi ilə Əbu Bəkirin ® qızı, qeybətdən uzaq durması, yoxsulları himayə etməsi və vüqarı ilə Hz. Peyğəmbərin (s) zövcəsi idi. Onun yalnız bir qüsuru var idi: Qısqanclıq! Hz. Aişə ® Peyğəmbəri (s) çox sevirdi və onu çox qısqanırdı. Ancaq bu yanğını nəzarət altına ala biləcək bir məziyyətə və dirayətə sahib idi. Peyğəmbərin digər yoldaşlarının fəzilətlərinə dair hədisləri rəvayət etməkdə tərəddüd etməz, gələcək zamanlara Hz. Əli ®, Hz. Fatimə ® və səhabələrdən digərlərinin məziyyətlərini elan edən onlarla nəbəvi sənəd miras qoymuşdur.
Hz. Məhəmmədin (s) sonsuz inamı onu ® Peyğəmbərə (s) sirdaş etmişdir. Tarixin dönüş nöqtələrindən olan “Məkkənin fəthi” bir sirr kimi yalnız ona açıqlanmış, hazırlıqların fəth üçün olduğu yalnız ona pıçıldanmışdı. Peyğəmbərə (s) olan düşmənçiliklərini gizlədən münafiqlər isə son peyğəmbəri sarsıtmaq və onu etibardan salmaq üçün onu – Aişəni hədəf almışdılar. Bir döyüşdən qayıdarkən itirilən boyunbağı iftira palçığına batırılaraq sahibinə qaytarılmış, bütün zamanların ən təhlükəli münafiqi olan Abdullah ibn Übey ibn Səlül Möminlərin anasının ® üzərinə sözlərin ən yalanı olan zənnin qara şalını atmışdı. Peyğəmbər (s) və Əbu Bəkir ® ən kiçik bir şübhəyə düşməsələr də bu çirkin dedi-qodulardan məyus olmuş, təsadüf nəticəsində iftiradan xəbəri olan Möminlərin anası ® isə üzüntüdən yatağa düşmüşdür. Sonda Hz. Peyğəmbərin “Hümeyra”sı, “Aiş”i ata evinə getmək üçün izin istəmiş və yeddi qat səmadan bəraəti gələnədək orada gözyaşı tökmüşdü.
Nur surəsinin on ayəsi yalnız Hz. Aişə (s) ilə bağlı deyil, gələcək dövrlərin iftiraya məruz qalanlarına da bir şəfa olaraq nazil olmuş, Uca Allah: “Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!” buyuraraq insan şərəfi ilə oynayanları əzabı ilə təhdid etmişdir. Belə bir günahlandırmaya istinad edərək əldə ediləcək məlumatı zənlərin və şübhələrin öldürücü zəhərindən qurtaran bu ayələr sözlərinə etibar edilən dörd şahid olmadan insanların iffətləri haqqında istənilən kimi danışmağı qadağan etmiş, bu məsələnin əhəmiyyətini və təhlükəsini: “Çünki o zaman siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır” buyuraraq vurğulamışdır.
Artıq sevinc hüznün zəbt etdiyi qalaları geri almışdır. Hz. Aişə ® evinə, Peyğəmbərin (s) təbəssümü isə çöhrəsinə geri dönmüş, anamız ta ki, o sualı verənədək ardı-arası kəsilmək bilməyən sualları ilə həyat dostunu yenidən gülümsətməyə başlamışdı. Bütün gecəsini ibadətlə keçirdiyi bir günün səhərində: “Ya Rəsulullah! Keçmiş və gələcək günahların bağışlandığı halda nə üçün mübarək bədəninə bu qədər əziyyət edirsən?” demiş, kainatın əfəndisinin gözlərini yaşla dolduran bu sual yüz illəri sarsıdacaq bir başqa sual ilə cavablandırılmışdır: “Şükür edən bir qul olmayımmı?!” Allahın sevgilisi (s) şükürlə keçən bir ömrün sonunda başını Hz. Aişənin ® qucağına qoymuşdu. O, yarışda yenə önə keçmiş, sevgilisinin mərhəmət və yaş dolu gözlərinin sərinliyində axirət yolçuluğuna yollanmışdır.