Bu mövzu ilə əlaqədar olaraq, biz doktor Mustafa Sibainin (1915-1967) “Sünnə və onun islam qanunvericiliyində yeri” adlı kitabından iqtibaslar gətirmək istəyirik. Doktor Sibai bu kitabında hədislərin uydurma olduğunu göstərən “əlamətlər”dən danışmış, onları iki yerə ayırmışdı:
Hədisin istinadında uydurma əlamətləri
1. Hədisin ravisi yalançılıqda ad qazanmış birisi olmalı, onun rəvayət etdiyi hədisləri heç bir mötəbər ravi nəql etməməlidir;
2. Hədis uyduranın uydurmaçılığı öz təsdiqini tapmalıdır;
3. Bir rəvayətçi elə bir rəvayətçidən hədis nəql etməlidir ki, onların görüşməsi öz təsdiqini tapmasın; vəfatından sonra doğulsun, qulaq asdığını iddia etdiyi yerdə olmağı isbatlanmasın;
4. Bəzən uydurulmuş hədisdə ravinin sosial statusu, psixoloji motivləri öz əksini tapır. Məsələn, Hakim rəvayət edir ki, Seyf ibn Ömər ət-Təmimi deyib: “Sə`d ibn Tərifin yanında idik. Oğlu məktəbdən gəldi. Ağlayırdı. Atası soruşdu: “Nə olub?” Dedi: “Müəllim məni döyüb.” Sə`d dedi: “Bugün onu rüsvay edəcəyəm! Mənə İbn Abbasa istinadən İkrimə danışıb ki, Peyğəmbərin belə dediyini eşidib: “Uşaqlarınızın müəllimləri aranızdakı ən şər insanlardır; yetimlərə az rəhm edərlər. Onlar miskinlərə qarşı ən kobud insanlardır”.
Belə bir hədis də var: “Hərisə* beli möhkəmlədir”. Məlum olur ki, bu hədisi uydurmuş Məhəmməd ibn Həccac ən-Nəxəi hərisə satan imiş.
Hədisin məzmunda uydurma əlamətləri
1. Linqvistik qüsurluluq (forma qüsuru). Ərəb bəlağət elminin dərin biliciləri ilk baxışdan bilirlər ki, bu və ya digər söz, söz birləşməsi, cümlə quruluşu düzgündür, ya yox. Onlar cümlələrdəki qüsuru görə bilirlər. Asanlıqla müəyyən edirlər ki, bu cür qüsurlu sözlər, söz birləşməsi və cümlələr öz ana dilinə dərindən bələd olanın ağzından çıxa bilməz, o ki qaldı fəsahət və bəlağətdə zirvə sayılan Peyğəmbərin ağzından çıxsın!
Hafiz ibn Həcər deyib:
“Əgər Peyğəmbərə aid olunan bir hədisdə dilçilik qüsuru varsa, o, Peyğəmbərin ağzından çıxa bilməz”.
İbn Dəqiq əl-İd deyib:
“Çox vaxt (dilçi alimlər) rəvayətdəki müəyyən məsələlərə əsaslanıb, həmin rəvayətin uydurma olmağı qənaətinə gəlirlər. Onlar hədislərdəki sözlər və söz birləşmələri ilə o qədər işləmişlər ki, xüsusi bacarığa, sövqi-təbii (intuitiv) hissiyyata yiyələnmişlər. Məhz bu cür bacarıq və hissiyyat sayəsində onlar bir sözün Peyğəmbərə aid olub-olmadığını müəyyən edirlər”.
2. Məzmundakı ziddiyyət (semantik, leksik qüsur). Yəni, bu və ya digər hədis heç bir yozum olmadan danılmaz əqli həqiqətlərə, ümumi əxlaq qaydaları və hökmlərə, hiss və müşahidəyə, tarixi həqiqətlərə, insanda və təbiətdəki ilahi qanunauyğunluqlara zidd ola bilir, nəfsi istək (şəhvət) və fəsada aparıb çıxarır. Deməli, belə hədislər uydurmadır.
3. Yozuma açıq olmayacaq dərəcədə Quranın açıq-aydın ayələri ilə, “mütəvatir” və mənası aydın hədislərlə, Quran və Sünnədən götürülmüş ümumi qaydalarla ziddiyyət təşkil edən hədislər də uydurmadır...
4. Əgər bu və ya digər hədis Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) yaşadığı dövrün tarixi faktları ilə səsləşmirsə, deməli, uydurmadır...
5. Təəssübkeş və ifratçı ravinin rəvayət etdiyi hər hansı bir hədis onun məzhəbinə uyğundursa, deməli, uydurulmuşdur.
6. Əgər bir hədis məşhur və aktual hadisədən, işdən bəhs edirsə – belə hadisə və işlər, adətən hamının gözü qabağında baş verir – və onu buna rəğmən yalnız bir nəfər rəvayət etmişsə (halbuki çox adam rəvayət etməli idi), deməli, uydurmadır...
7. Adi bir işə görə veriləcək savabın miqdarının ifrat formada şişirdildiyi, yaxud da kiçik günaha görə çox dəhşətli əzabdan bəhs edən hədislər də uydurmadır...
Mərhum Sibai sözünə davam edir:
“Bunlar alimlərin qoyduqları ən mühüm qaydalardır. Bu qaydalar hədisləri tənqid etmək, səhih olanlarını uydurma olanlarından fərqləndirmək üçündür. Bu qaydalar göstərir ki, bəzi şərqşünaslar və tərəfdarlarının sonralar iddia edəcəyi kimi, hədis alimləri təkcə istinadları (rəvayət “zəncir”lərini) öyrənməklə kifayətlənməmişlər; onların əsas diqqəti yalnız ravilərin kimliyini, şəxsiyyətini, keyfiyyətlərini öyrənməyə yönəlməmişdi; əksinə, onlar hədislərin həm istinadlarını, həm də mətnlərini araşdırmışlar. Hədis alimləri istinadla bağlı dörd, mətnlə bağlı yeddi uydurma əlamətindən söz açmışlar. Onlar heç bununla da kifayətlənməmiş, bədii (ədəbi) zövqü də hədisləri tənqiddə, onları saf-çürük etmədə əsas götürmüşlər.
Alimlərimiz bəzi hədisləri onlara təkcə qulaq asmaqla qeyri-məqbul saymışlar. Çünki ədəbi-bədii bacarıqları sayəsində həmin hədislərin uydurma olduğu qənaətinə gələ bilirdilər. Bu səbəbdən çox vaxt deyirdilər: “Bu hədis hədsiz mübhəmdir (şübhəlidir, mənası qaranlıqdır); filan hədisin məzmununda mübhəmlik vardır; qəlbə xoş gəlmir; nəfs ondan xatircəm deyil və s.”.
Ustad Məhəmməd Səbbağ (anadan olub – 1930) hədislərin məzmunu ilə bağlı ənənəvi uydurma əlamətlərini sadaladıqdan sonra bir mühüm əlamətdən də danışmışdı:
“Əgər hədis şəriətin məqsədlərindən və ya əsas qayda-qanunlarından birinə ziddirsə, uydurmadır. Məsələn, aşağıdakı hədisə baxaq:
“İki yüz il sonra sizin ən yaxşınız arvadı və oğul-uşağı olmayandır”.
Hədis uydurmadır, çünki insan nəslini qorumaq şəriətin əsas məqsədlərindəndir.
Məqalə Şeyx Məhəmməd Qəzalinin “Dini-mədəni islam fikri: tənqidi mülahizələr” kitabından tərcümə edilmişdir.
* Hərisə: qaynadılmış ət və buğdadan hazırlanmış yemək – tərcüməçinin qeydi.