Sual: Şəriəti gətirənin öz əsrində şəkillərə baxışı necə idi? Şəriətin ayələrdə, hədislərdə və başqa mənbələrdəki dəlillərinin dəlaləti necədir? Şəkillərdən qadağan olanlar yalnız bizim bu əsrimizdə istifadə olunan şəkillər kimi kölgəsi olmayan relyefli surətlərdir? Yoxsa hər iki qisim də birlikdə haramdır? Qadağanın hikməti nədir? Xatirə üçün şəkil çəkib onu arada mübadilə etmək caizdir ya yox? Bunların hamısına aydınlıq gətirmənizi istəyirik.
Cavab: Bu məsələ haqqında əvvəllər və indi alimlər danışıblar. Şəkil çəkməyin haram olması barədə səhih hədislər gəlib və bu, ruhu olanlara xasdır. Bunun üçün Muslimin Əbu Talhadan mərfu olaraq rəvayət etdiyi “İçində köpək və surət olan evə mələklər daxil olmur” hədisini dəlil gətiriblər. Bunu həmçinin əl-Leys vasitəsilə “surət olan... lakin paltarda toxunulmuş (şəkil) istisnadır”[1] əlavəsi ilə rəvayət etmişdir. Aişənin hədisində deyilir: “Qiyamət günü Allah yanında əzabı ən şiddətli olanlar Allahu Təalənin yaratmasına bənzətməyə çalışanlardır.”[2] Bu mənada hədislər iki “əs-Sahih” kitabında, “əs-Sünən” kitablarında çoxdur və onların hamısı relyefli surətlərin haram olmasına dəlalət edir. Bunun qadağan olmasındakı hikmət budur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – bütlərə ibadətin məhv edilməsi üçün göndərilmişdir və əlbəttə ki, ibadət olunanlar surətlər idi. Surətləri və surət düzəltməyi onların təzim olunması qorxusu ilə qadağan etdi və onları təzim etmək onlara ibadət etməyin bir növüdür, beləliklə cahillər tədricən onlara ibadət etməyə başlayırlar. Bu məsələ barədə o qədər danışıblar ki, bizə burada bunu uzatmağa heç bir ehtiyac buraxmayıblar. Lakin sual verən ümumən surət düzəltmək barədə soruşmadı. Amma onun sualı surətin bir növü haqqındadır və bu, bizim zamanımızda foto şəkil adlanır. Buna görə deyirik: Relyefli surətlərə gəldikdə onlar qəti haramdır. Lakin paltarda və ya xalçada və ya balışda və bunun kimi şeylərdə toxunulmuş şəkillərə gəldikdə isə, bunların istifadəsində ixtilaf edilib. Alimlərin bir hissəsinə görə üzərində canlının surətini daşıyan paltarların geyinilməsi haramdır və bu alimlərin arasında şafii alimləri də yer alır, necə ki, bunu ən-Nəvəvi “Şərhu Muslim”də zikr edir. Əhməd dedi: “Onu asmaq, onunla divarı örtmək və onun surətini düzəltmək kimi şeylər doğru deyildir.” Bir qrup alimin görüşü isə budur ki, bu, haram deyildir, nə də məkruh deyildir, çünki peyğəmbər – aleyhissələm – üzərində şəkil olan bir balışa söykənmişdir. Bunu Əhməd rəvayət edir.[3] Bu alimlərin arasında hənbəli imamlarından olan İbn Aqil əl-Bəğdədi və İbn Teymiyyə vardır. Onun “lakin paltarda toxunulmuş (şəkil) istisnadır” sözü və şəkilli balışa söykənməsi mütləq hədislərin (ümumi mənasını) xüsusiləşdirir. Foto şəkillərin halı isə toxunulmuş (şəkillərdən) daha yüngüldür, çünki onların relyefi yoxdur və kölgəsi də yoxdur. Bunun ğayəsi budur ki, bu güzgünün təmsil etdiyi xəyaldır. Bu növ əvvəlki zamanlarda bilinməzdi və bunu əl ilə düzəldilən şeylərlə müqayisə etmək ikisini ayıran (aşkar) fərq ilə birlikdə müqayisə etməkdir. Beləliklə buna baş vurulmaz. Bu bilindikdən sonra həmçinin bilinməlidir ki, bizim bu sözü gedən şəkli mübah saymağımızın təfsilatı vardır. Əgər şəkil paltarlardan çılpaq və övrət yerləri açıq kişi və qadın şəklidirsə və ya onların cinsi əlaqə halında şəkilidirsə və ya əxlaqa xələl gətirən bir hərəkəti edərkən çəkilmiş şəkildirsə və ya mücərrəd olaraq təzim üçün çəkilmiş şəkildirsə o zaman bunun haramlığında və bunu etməyin haramlığında heç bir şəkk yoxdur. Mən və bir camaat təsavvuf iddiası edən, insanların arasında salehliyi ilə məşhur olan bir nəfərin evinə daxil olduq. Otaqlarından birinə daxil olduqda divarda asılmış bir şəkil gördüm və həmin camaat oturmadan əvvəl, iddia etdiklərinə görə təbərrük etmək üçün bir-bir durub şəkildəki adamı öpdülər, çünki o, “əl-Fusus” kitabının sahibi İbn Arabi’nin şəkli idi. Dedim: “Ey insanlar! Bu, elə bütlərə ibadət etməyin özüdür.” Belə əməl qəti olaraq haramdır. Lakin əgər şəkil götürmək zərurət üçündürsə, məsələn bizim zamanımızda hər səfər edənin hökumətdən icazəsi olmalıdır və bu icazə üçün icazə kağızında şəklinin vurulması lazımdır və yaxud da qaçaq cinayətkarın şəkli çəkilməlidir ki, onu görən tanısın və ya xatirə üçün, bitkilərin, ağacların, ölkələrin, gözəl və ya qədim əsərlərin və ya gəmilərin tanınması üçün çəkilmiş və ya bundan başqa özündə məsləhət və mənfəət daşıyan şəkillər, bütün bunlar mübah hökmünə daxildir.