Əhalisinin 80%-i hindu olan Nepalda müsəlmanlar dini azlıq təşkil edirlər. Öz istəkləri ilə müsəlman olan hindular tərəfindən evlərindən qovulurlar. Küçədə qalan yenicə müsəlman olmuş belə insanlara isə İnsan İnkişaf Akademiyası (İİA) sahib çıxır. Sanki insan sığınacağını xatırladan mərkəzdə yerləşdirilənlər yeni həyata uyğunlaşmağa çalışırlar.
Dünyada milyonlarla insan zorakılığın və zülmün qurbanıdır. Bəziləri danışdığı dilə və ya aid olduğu irqə görə zülmə məruz qaldığı halda bəziləri də dərisinin rəngindən dolayı zorakılıqla üzləşir. Biz isə bu zalımlığa vicdanımız sızlamadan tamaşa etməklə kifayətlənirik. Quantanamo bazasında saxlanılan məhbusların məsələsi ilk dəfə dünya mətbuatında işıqlandırıldığı vaxt beynəlxalq ictimaiyyət narahatlığını büruzə vermişdi. Təəssüf ki, artıq nə orada, nə də Qəzza zolağında baş verənlər heç kimi narahat etmir. Qeyd etdiklərim bizim xəbərdar olduğumuz həqiqətlərdir. Həmçinin, belə təzyiq və zorakılıqlarla üzləşən, ancaq bizim barələrində məlumatlı olmadığımız insanlar var.
Buddizm burada yaranıb
Əhalisinin 80%-nin hindulardan ibarət olan Nepal da insanların mənsub olduğu dinə görə ayrı-seçkiliyə və zorakılığa məruz qaldığı ölkələrdəndir. Çin və Hindistanın arasında yerləşən Nepal şərq dinlərinin mərkəzi kimi tanınır. Buddizmin məhz Nepalda meydana gəldiyini nəzərə alsaq, ölkədə hakim dinlərin Hinduizm və Buddizm, sözü keçən və keçirən xalqın isə hindular olduğunu təxmin etmək heç də çətin deyildir. Bir milyondan çox müsəlmanın da yaşadığı ölkədə Hinduizmdən uzaqlaşaraq, İslamı qəbul edən hindular cəmiyyətdən təcrid edilir, ailələri tərəfindən evdən qovulurlar.
Hazırda Nepalda yeni konstitusiyanın hazırlanması işi davam edir. Ölkə müsəlmanlarının haqq və hüquqlarının konstitusiyada öz əksini tapması üçün hökumətlə müzakirələr davam etdirilir. Dörd il əvvəl Qurani-Kərim Nepal dilinə tərcümə edilib. Həmin vaxtdan indiyədək bir çox hindu müqəddəs kitabı oxuduqdan sonra müsəlman olub. Əvvəllər hökumət hinduların müsəlman olmasına icazə vermədiyi halda hazırda bu məsələdə bir qədər mülayim davranır. Digər tərəfdən, hakimiyyət müsəlmanların öz dinlərini ölkə əhalisinə çatdırmaları üçün dövlət televiziyasında 15 dəqiqəlik efir vaxtı ayırıb.
Sevindirici haldır ki, Türkiyənin İnsan Haqq və Hürriyyətləri Humanitar Yardım Təşkilatı (İHH) Nepal müsəlmanlarını unutmayıb. Biratnaqar şəhərində iki məktəb və məscid inşa edən İHH müsəlmanlar üçün uşaq evinin tikintisinə başlayıb. İslamı qəbul etdiyinə görə hinduların getdiyi məktəblərdən qovulan və ciddi təhsil problemi ilə üzləşən şagirdlərə kömək edən təşkilatın sayəsində bir çox yeniyetmə həm dünyəvi elmləri öyrənir, həm də dini təhsil alır.
Yeni müsəlmanlar, yeni həyatlar
Seçimlərindən dolayı evsiz-eşiksiz qalan müsəlmanlar paytaxt Katmanduda İİA tərəfindən yaradılan mərkəzə sığınırlar. Nepallı müsəlmanların sığınacağına çevirən mərkəz minədək müsəlmana “qucaq açıb”. İslamı yenicə qəbul edən kişi və qadınların islam hüququ, hədis və Quran dərslərini öyrəndiyi mərkəz dörd il əvvəl yaradılıb. Həmçinin, mərkəzdə ailələri tərəfindən küçəyə atılan, maddi baxımdan çətinlik çəkən insanlar üçün peşə kursları da fəaliyyət göstərir. İİA sədri İrfan bəy İslamın insanları zülmətdən aydınlığa çıxardığı kimi, mərkəzə üz tutanların təlim-təhsil almalarına kömək edərək, xoşbəxt dünya qurmaları üçün çalışdıqlarını deyir. Bu arada İrfan bəylə bağlı bir məqamı da xüsusi qeyd etməliyəm.
“Əsla peşman deyilik”
Ölkədə kasta sisteminin ən ali sinfi sayılan Brəhmənlərə mənsub olduğu halda təxminən beş il əvvəl müsəlman olan və iki ildir ki, İİA sədri vəzifəsini icra edən İrfan bəy mərkəzin ərazisinin balaca olmasından şikayətçidir. İrfan bəy yer azlığı ucbatından artıq mərkəzə sığınan müsəlmanları qəbul etməkdə çox çətinlik çəkdiklərini deyir. İrfan bəyin sözlərinə görə, mərkəzdə təhsil alanların bir çoxu saysız çətinliklərlə üzləşib: “Biz qaradəriliyik. Dünyada qaradərili və eyni zamanda müsəlman olmaq həqiqətən çətindir. Bu səbəbdən bir çox çətinlik görmüşük. Məsələn, beynini məşğul edən bir sıra suallara cavab tapa bilməyən bir hindu qadın müsəlman olmaq qərarına gəldi. Ancaq o, düz 8 il İslamı qəbul etdiyini düz 8 il ərindən gizlətdi. Əri həqiqəti öyrəndikdə isə onu döydü və öldüyünü güman edərək, küçəyə atdı. Ancaq həmin qadın heç vaxt İslamı seçdiyinə görə peşman olmadı. Bənzər hallara ölkəmizdə çox rast gəlinib”, - deyər İrfan bəy.
Cənnətə gedən yol bəllidir
İİA-nın təşkil etdiyi kurslarda təhsil alan İslamı yeni qəbul edənlər yaxşı işlə təmin olunmaq və rahat yaşamaq üçün çalışırlar. İş tapa bilməyənlər isə bir müddət mərkəzdə yaşayır, mərkəzə yeni müsəlmanlar gəlib yer azlığı problemi yarandıqda isə şəraitləri bir qədər yaxşı olan digər müsəlmanların evlərinə yerləşdirilirlər. Ailələrini müsəlman olmalarına razı sala bilənlər bu barədə xoşbəxtdirlər. Ancaq heç də hamıya bu xoşbəxtlik nəsib olmur. İslamı qəbul edənlərdən Sümeyyə adlı gənc Qurani-Kərimi və Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) hədislərini öyrəndikcə həyatın mənasını və qayəsini tapdığını, artıq cənnətə aparan yolun bəlli olduğunu deyir.
Pərvin adlı 18 yaşlı yeniyetmə qız da müsəlman olduğuna görə evdən qovulanlardır. Valideynləri Pərvini yenidən Hinduizmə qayıdacağı təqdirdə bağışlayacaqlarını bildirmişlər. Söhbətimiz əsnasında Pərvinin İslamdan uzaqlaşmaq fikrini yaxın buraxmadığı məlum olur.
“Xristian ol, yəhudi ol, müsəlman olma!”
İİA-na sığınanlardan biri olan Gülsüm ilə söhbətimizdə isə çox maraqlı bir məqam ortaya çıxır. Belə ki, valideynləri İslamı qəbul etdiyinə görə Gülsümü evdən qovarkən: “Xristian və ya yəhudi olsaydın, bunu qəbul edərdik. Ancaq müsəlman olmağını həzm edə bilmirik”, - demişlər…