<font size="3" style="font-size: 12pt; ">Təbük döyüşündən başqa Peyğəmbərin (s) apardığı döyüşlərin heç birindən yayınmamışdım. Bədr döyüşündən yayınmağıma gəlincə, ondan yayınanları Peyğəmbər (s) qınamamışdı. Çünki o zaman Peyğəmbər (s) döyüşə yox, Qureyş karvanının yolunu kəsmək üçün çıxmışdı.
Allah da onları vədələşmədikləri bir yerdə düşmənləri ilə üz-üzə gətirdi. Əqəbə beyətində hamımız İslamı yaşatmağa dair Peyğəmbərə (s) beyət etdik. İnsanlar arasında Bədr döyüşünün Əqəbə beyətindən daha üstün sayılmasına baxmayaraq, mənim üçün Əqəbə beyəti daha sevimli idi. Təbük döyüşünə gəldikdə isə, bu döyüşdən yayındığım zaman özümü başqa döyüşlərdə olduğundan daha qüvvətli və daha gümrah hiss edirdim. Allaha and olsun ki, bundan öncə heç vaxt mənim bir dəvədən artıq miniyim olmamışdı. Bu döyüş vaxtı isə mənim iki dəvəm var idi. Döyüşə getmək istədikdə ikibaşlı danışmaqla həqiqi məqsədini bildirməmək Peyğəmbərin (s) adəti idi. Peyğəmbər (S) Təbük döyüşünə şiddətli bir istidə yola düşdü. Bu səfər çox uzun və təhlükəli, (qarşılaşacaqları düşmənin isə) sayı çox olduğundan, Peyğəmbər müsəlmanlara bütün bunları nəzərə alıb hazırlıq görsünlər deyə, məqsədini açıqlayıb gedəcəyi istiqaməti xəbər verdi. O zaman Peyğəmbərin (s) yanında olan müsəlmanların sayı olduqca çox idi və o, bu müsəlmanların adlarını xüsusi bir kitabda qeyd etməmişdi. Heç kim döyüşdən yayınmaq istəmirdi. Yalnız döyüşdən yayınmaq istəyən az sayda müsəlman elə zənn edirdi ki, vəhy nazil olmayınca onların bu hərəkətindən Peyğəmbər (s) xəbər tutmayacaq. Peyğəmbər (S) müsəlmanlarla birlikdə hazırlıq görüb meyvələrin yetişdiyi və ağac kölgələrinin xoş olduğu bir isti payız günündə bu döyüşə çıxdı. O zaman onlar döyüşə hazırlaşarkən, mən də hər səhər döyüşə hazırlaşmaq məqsədilə evdən çıxır və hər axşam heç bir hazırlıq görmədən evə qayıdıb öz-özümə: "Hazırlıq görmək üçün hələ vaxt var” – deyirdim. Camaat döyüşə tam hazır olana qədər bu səhlənkarlıq məndə davam etdi. Səhəri gün Peyğəmbər (s) və müsəlmanlar artıq səfərə yola düşdülər. Mən isə hələ də hazırlıq görməmişdim. Mən yenə öz-özümə dedim: "Bir-iki günə hazırlıq gördükdən sonra gedib onlara çataram”. Onlar Mədinədən çıxdıqdan sonra mən yenə də hazırlıq görmək üçün evdən çıxdım və heç bir iş görmədən axşam evə qayıtdım. (Ertəsi gün yenə) hazırlıq görmək üçün evdən çıxdım və heç bir iş görmədən axşam evə qayıtdım. Bu hal məndə, onların tez bir zamanda düşmənlə qarşılaşdıqları anacan davam etdi və mən bu döyüşdə iştirak etmək fürsətini əldən buraxdım. Bütün bunlara baxmayaraq, mən yenə də onlara çatmaq fikrində idim. Kaş ki, bu fikrimi doğruldaydım. Lakin bu mənə müyəssər olmadı. Peyğəmbər (s) Mədinədən çıxıb döyüşə getdikdən sonra insanlar arasına çıxdıqda məni ən çox kədərləndirən o idi ki, burada yalnız münafiqlikdə ittiham olunanlar və Allahın döyüşə getməməyə rüsxət verdiyi zəiflər qalmışdı. Peyğəmbər (s) TƏbükə gəlib çatna qədər mənim barəmdə düşünmədi. Təbükdə olarkən səhabələr arasında olduqda məni xatırlayıb dedi: "Kəb nə etdi?” Bəni Sələmə qəbiləsindən olan bir nəfər: "Ey Allahın rəsulu, Kəbi iki gözəl libası və yan-yörəsinə özündən razı halda baxması Mədinədə saxladı” – dedi. Muaz ibn Cəbəl dedi: "Sənin dediyin söz necə də pisdir! Allaha and olsun ki, ey Allahın elçisi (s) biz Kəbdən yaxşılıqdan başqa bir şey görməmişdik”. Peyğəmbər (s) heç nə demədi. Onların Mədinəyə qayıtma xəbərini eşitdikdə kədər məni bürüdü. Artıq yalan danışmaq barəsində düşünməyə başladım və öz-özümə dedim: "Mən nə edim ki, sabah onun qəzəbindən xilas olum?” Sonra mən bu iş barəsində təcrübəsi olan yaxınlarımla məsləhətləşdim. Peyğəmbərin (s) Mədinəyə yaxınlaşması xəbəri mənə yetişdikdə bütün batil fikirləri özümdən uzaqlaşdırdım və başa düşdüm ki, uydurduğum yalan fikirlərlə özümə bəraət qazandıra bilməyəcəyəm. Ona görə də qərara gəldim ki, hər şeyi olduğu kimi Peyğəmbərə (s) söyləyim. Səhəri gün Peyğəmbər (s) Mədinəyə gəldi və adəti üzrə məscidə daxil olub iki rükət namaz qıldı. Sonra da orada olan camaatla (hal-əhval tutmaq üçün) birgə oturdu. Bu vaxt Təbük döyüşündən yayınan səksəndən artıq kişi gəlib Peyğəmbərə (s) müxtəlif bəhanələr gətirməklə və and içməklə üzrxahlıq etməyə başladılar. Allahın elçisi onların aşkarda dediklərini qəbul etdi, onlardan bir daha vəd aldı, onlar üçün bağışlanma dilədi, qəlblərində gizlətdiklərini isə Allaha həvalə etdi. Bu zaman mən də Peyğəmbərin (s) hüzuruna gəlib ona salam verdim. Peyğəmbər (s) məni görcək gülümsədi, lakin qəzəbli olduğu hiss olunurdu. Peyğəmbər (s): "Gəl!” – deyə məni çağırdı. Mən yaxınlaşıb onun qarşısında oturdum və o mənə dedi: "Bu döyüşdən yayınmağının səbəbi nə idi? Məgər sən bundan öncə (İslamı yaşatmağa) söz verməmişdin?” Mən dedim: "Elədir, (Ey Allahın elçisi) Allaha and olsun ki, mən başqa birisinin hüzurunda olsaydım, bir bəhanə gətirməklə onun qəzəbindən canımı necə qurtaracağımı görərdin. Doğrudan da, mənim çox fəsahətli danışıq qabiliyyətim var. Allaha and olsun ki, mən başa düşdüm ki, əgər mən bu gün yalan danışmaqla səni razı salsam, sonra Allah sənə həqiqəti bildirdikdə mənə qəzəblənəcəksən, lakin sənə həqiqəti söyləsəm, sənin mənə qəzəbin tutsa da Allahın məni bağışlayacağına ümid edəcəyəm. Xeyr, Allaha and olsun ki, mənim bu döyüşdən yayındığıma bəraət qazandıracaq heç bir üzürlü səbəbim yoxdur. Çünki mən heç vaxt özümü indiki kimi qüvvətli və gümrah hiss etməmişdim”. Peyğəmbər (s) dedi: "Bu doğru söylədi. Ey Kəb, get, Allah sənin barəndə hökm verənə qədər səbir et”. Mən çıxıb getdikdə Bəni Sələmə qəbiləsindən olan bir dəstə kişi tələsik arxamca gəlib mənə dedi: "Vallahi, biz səni bundan əvvəl günahkar bir şəxs kimi tanımırdıq. Sən döyüşdən yayınan şəxslər kimi Peyğəmbərə (s) üzrxahlıq etməyib aciz qaldın. Halbuki, sənin bu günahın üçün Peyğəmbərin (s) bağışlanma diləməyi kifayət edərdi”. Allaha and olsun ki, onlar məni o qədər qınadılar ki, qayıdıb yalan söylədiyimi bildirmək istədim. Sonra da: "Məndən başqa belə hərəkət edən bir kimsə varmı?” – deyə soruşdum. Onlar dedilər: "Bəli, iki nəfər də sən dediyin kimi həqiqəti söylədi və sənə deyilənlər onlara da deyildi”. Mən onların kim olduğunu soruşduqda onlar: "Bu, Murara ibn Rəbi əl-Amri və Hilal ibn Ümeyyə əl-Vaqifidir” – deyib, Bədr döyüşündə iştirak etmiş, nümunəvi olan iki səhabəni mənə bildirdilər. Onlar bunu mənə söylədikdən sonra (fikrimdən dönməyib) çıxıb getdim. Peyğəmbər (s) döyüşdən yayınanlar arasında yalnız bizim üçümüzlə danışmağı müsəlmanlar qadağan etdi. Camaat bizdən uzaqlaşdı və onların bizə qarşı olan münasibəti dəyişdi. Hətta, bu yerlər mənim üçün qəribləşdi. Bu vəziyyət əlli gün davam etdi. Bu müddət ərzində Murara və Hilal Allahın qədərinə boyun əyməklə evlərində oturub ağlayırdılar. Mən isə onlardan daha gənc və daha dözümlü olduğuma görə, müsəlmanlarla birlikdə namazlarda iştirak edir və bazarlarda gəzib dolaşırdım, lakin mənimlə heç kim danışmırdı. Namazdan sonra Peyğəmbərin (s) yanına gəlib salam verər və öz-özümə deyərdim: "Görəsən, onun dodaqları tərpəndimi, mənim salamımı aldımı?” Sonra onun yaxınlığında namaz qılar və gizlincə ona nəzər salardım. Namaza gəldiyim zaman Peyğəmbər (s) mənə tərəf baxardı, ancaq mən ona tərəf baxdıqda o məndən üz çevirərdi. İnsanların məndən üz çevirməsi və mənə qarşı olan soyuq münasibətləri beləcə davam etdi. Bir gün mən əmim oğlu Əbu Qətadənin həyət divarını aşıb onun yanına gəldim. Əbu Qətadə ən çox sevdiyim insanlardan biri idi. Mən ona salam verdim, ancaq Allaha and olsun ki, o, mənim salamımı almadı. Mən dedim: "Ey Əbu Qətadə! Səni Allaha and verirəm, de görüm mənim Allahı və Onun rəsulunu sevən bir bəndə olduğumu bilirsənmi?” O susdu. Mən bir daha Allaha and verib soruşduqda, o yenə də cavab vermədi. Mən üçüncü dəfə Allaha and verib soruşdum. O dedi: "Allah və Onun rəsulu daha yaxşı bilir!” Bu cavabdan sonra gözlərim yaşla doldu, sonra hasarı aşıb oradan uzaqlaşdım. Bir gün mən Mədinə bazarında gəzib dolaşdıığım zaman oraya ticarət üçün gəlmiş, Şam əhlindən olan bir nəsrani əkinçi: "Mən Kəb ibn Maliki necə tapa bilərəm?” – deyə soruşduqda, bazardakılar işarə edib məni ona göstərdilər. O yaxınlaşıb Ğəssan vilayətinin hökmdarının məktubunu mənə təqdim etdi. Orada bu sözlər yazılmışdı: "Sonrasına gəlincə... Məndə olan məlumatlara görə, dostun səninlə çox sərt davranır. Doğrusu, Allah səni təhqir olunacağın və sıxıntı çəkəcəyin bir yerdə qalmaq üçün yaratmamışdır. Elə isə bizim yanımıza gəl, sənə layiqincə hörmət edək”. Bu məktubu oxuduqdan sonra mən: "Bu da bir imtahandır” – deyib, onu təndirə atıb yandırdım. Qırx gün keçdikdən sonra Peyğəmbərin (s) göndərdiyi adam gəlib mənə dedi: "Allahın elçisi sənə həyat yoldaşından uzaqlaşmağı əmr edir”. Mən dedim: "Onu boşayım, ya yox?” Dedi: "Yox, (boşama), lakin ondan uzaq dur və onunla yaxınlıq etmə!” Peyğəmbər (s) bu xəbəri Murara və Hilala da göndərmişdi. Mən həyat yoldaşıma dedim: "Atanın evinə get və Allahın hökmü gələnə qədər orada qal!” Hilal ibn Ümeyyənin zövcəsi Peyğəmbərin (s) yanına gəlib dedi: "Ya Rəsulullah, Hilal artıq qocalmış və əldən düşmüşdür. Ona xidmət edəcək bir kimsə yoxdur. Ona xidmət göstərməyimə də qadağa qoyursan?” O dedi: "Xeyr, lakin səninlə yaxınlıq etməsin”. Hilalın zövcəsi dedi: "Allaha and olsun ki, onun heç hərəkət etməyə taqəti qalmayıb. Bu hadisə baş verəndən bəri o, dayanmadan ağlayır”. Mənim də yaxınlarımdan bəziləri mənə dedilər: "Bəlkə sən də Peyğəmbərdən (s) izn istəyəsən və o, Hilal ibn Ümeyyənin zövcəsinə ona xidmət etmək üçün izn verdiyi kimi sənin zövcənə də izn versin”. Mən dedim: "Vallahi, mən bu barədə Peyğəmbərdən (s) izn istəməyəcəyəm. Mən nə bilim ki, o nə cavab verəcək. Bundan başqa mən hələ gəncəm”. Mən on gün də gözlədim və artıq Peyğəmbərin (s) qadağan etdiyi günlərin sayı əlliyə çatdı. Mən əllinci gün sübh namazını qılıb, evlərimizdən birinin damının üstündə Allahın ayədə zikr etdiyi vəziyyətdə, yəni ürəyim təngə gəlib sıxılmış və gen dünya mənə dar olmuş bir halda oturmuşdum ki, birdən Səl dağının üstünə çıxıb uca səslə çığıran carçının: "Ey Kəb ibn Malik, sevin!” – dediyini eşitdim. Mən dərhal səcdə etdim və anladım ki, artıq sevinc və fərəh gəlmişdi. Peyğəmbər (s) sübh namazını qıldıqdan sonra Allahın bizim tövbələrimizi qəbul etdiyini insanlara bəyan etmiş və onlar da bu şad xəbəri bizə çatdırmağa tələsmişlər. Bəziləri Muraranı və Hilalı müjdələmək üçün onların yanına getmişlər. Onlardan biri atını çaparaq məni müjdələməyə gəlmiş, digəri isə Səl dağına qalxıb oradan bu müjdəni mənə daha tez çatdırmışdı. Çünki səsin sürəti atın sürətindən daha tez çatır. Səsini eşitdiyim müjdəçi mənim yanıma gəldikdə libasımı ona verdim. Allaha and olsun ki, mənim bundan başqa paltarım olmadığına görə, Əbu Qətadədən libas aldım və onu geyinib Peyğəmbərin (s) yanına getdim. Səhabələr dəstə-dəstə məni qarşılayır və tövbəmin qəbul olunması münasibətilə məni təbrik edib deyirdilər: "Allahın tövbəsi sənə xeyirli olsun!” Mən məscidə daxil olduqda, Peyğəmbər (s) orada oturmuş və camaat da onun ətrafına toplaşmışdı. Təlhə ibn Übeydullah qalxaraq, sürətlə mənə tərəf gəlib əlimi sıxdı və məni təbrik etdi. Allaha and lsun ki, ondan başqa mühacirlərdən heç kəs məni təbrik etmək üçün ayağa qalxmadı. Mən onun bu münasibətini heç vaxt unutmaram. Mən Peyğəmbərə (s) salam verdikdə, o, sevinclə parlayan üzünü mənə tərəf çevirib dedi: "Anan səni dünyaya gətirdiyi gündən bəri sənin üçün ən xeyirli olan bu günün səadətilə sevin!” Mən: "Ey Allahın elçisi, bu müjdə sənin tərəfindəndir, yoxsa Allahın?” – deyə soruşduqda o dedi: "Xeyr, əksinə bu Allah tərəfindən olan müjdədir”. Adətən Peyğəmbər (s) sevindikdə onun üzü ay parçası kimi parlayardı. Biz də onun sevindiyini bu görkəmindən hiss edərdik. Mən Peyğəmbərin (s) qarşısında oturub dedim: "Ey Allahın elçisi, tövbəm qəbul olunduğu üçün var dövlətimi Allah və Onun rəsuluna sədəqə etmək istəyirəm”. Peyğəmbər (s) dedi: "Var-dövlətinin bir hissəsini özündə saxla. Bu sənin üçün daha xeyirlidir”. Mən dedim: "Xeybər döyüşündə əldə olunmuş qənimətdən payıma düşən hissəni özüm üçün saxlayıram. Ya Rəsulullah! Həqiqətən, Allah məni bu sıxıntıdan yalnız doğru danışdığım üçün qurtardı. Elə buna görə də bundan sonra yalnız doğru danışacağam”. Allaha and olsun ki, Peyğəmbərə (s) doğru söylədiyim vaxtdan bəri Allahın kimi isə doğru danışmaqda məni imtahana çəkdiyindən daha gözəl imtahana çəkdiyini bilmirəm. Bütün bunları Peyğəmbərə (s) söylədikdən sonra bugünədək yalan danışmaq niyyətində olmadım və Allahdan istəyirəm ki, bundan sonra da bu işdə məni qorusun. Buna görə də Allah Peyğəmbərinə (s) bu ayəni nazil etdi: "Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dömək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir. Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir! Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!)” (ət-Tövbə, 117-119). Allaha and olsun ki, İslam nemətindən sonra Allahın mənə bəxş etdiyi nemətlərdən ən gözəli Peyğəmbərə (s) doğru danışmaqdır ki, yalan danışıb həlak olanlardan olmayım. Uca Allah yalan danışanları məzəmmət edərək, onlar barəsində bu ayəni nazil etmişdir: "Yanlarına qayıtdığınız zaman onlardan vaz keçməniz (onları məzəmmət etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! (Qoyun qiyamət günü əzabı daha şiddətli olacaq küfr və nifaqlarında davam etsinlər!) Çünki onlar murdardırlar və qazandıqlarının (qazandıqları günahların) cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir! Onlardan razı olasınız deyə, qarşınızda (Allaha) and içəcəklər. Siz onlardan razı olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!” (ət-Tövbə, 95-96). Peyğəmbər (s) bizim üçümüzdən başqa döyüşdə yayınanların hər birindən and içib üzr diləmələrini qəbul etdi, həmçinin onların beyətini qəbul edib onlar üçün bağışlanma dilədi. Lakin bizim barəmizdə olan hökmü Allahın əmri gələnə qədər təxirə saldı. Bu haqda Uca Allah belə buyurur: "Geri qalmış üç nəfəri də bağışladı...” (ət-Tövbə, 118). Bu ayədə qeyd olunmuş "geri qalanlar” ifadəsi heç də bizim Təbük döyüşündən geri qalmağımıza işarə deyil. Əksinə, bu bizim barəmizdə olan hökmün and içərək, Peyğəmbərdən (s) diləyənlər barəsində olan hökmdən (əlli gün) geri qalmasıdır”. </font>