Fransada “Bir müsəlman boğazla” adlı internet səhifəsi açılıb.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Avropa ölkələrində irqçiliklə bağlı araşdırmalara dair hazırlanan hesabatlarda qorxunc ifadələr öz əksini tapıb. İngiltərənin İrqlərarası Münasibətlər İnstitutunun (İMİ) hazırladığı “Nifrət tacirləri: Avropa ultra-sağının şiddətli zərbəsi” adlı hesabatda sözügedən problemin günbəgün böyüdüyü bildirilib.
Hesabatda bir çox ekspertlərin mühacirlərlə bağlı müzakirələrdə fikirlərini açıq ifadə etməkdən çəkindikləri vurğulanıb. Habelə hesabatda Avropanı genişmiqyaslı irqlərarası müharibəyə aparan ultra-sağ təşkilatların bu məqsədlə silah ehtiyatı yığdıqları da öz əksini tapıb.
İMİ-nin hesabatında Çexiyada “radikallıq” məsələləri üzrə ekspertlərin təzyiqə məruz qaldıqları, Finlandiyada inteqrasiya mövzusunu araşdıran mütəxəssislərin ailə üzvlərinin hədələndiyi, Avstriyada sosial-demokratların nüfuzlu şəxslərindən birinin “Auçvitz” anım tədbirləri ərəfəsində vəhşicəsinə döyüldüyü, Yunanıstan paytaxtı Afinada polislərin 50%-nin seçkilərdə irqçi Qızıl Şəfəq Partiyasına səs verdiyi, Almaniyada türklərə qarşı zorakılıq fonunda 88 nəfərlik ölüm siyahısının ələ keçirildiyi də bildirilib.
Hesabatda nəzəri cəlb edən məqamlardan biri isə Fransada Qurban bayramı günlərində “Bir müsəlman boğazla” adlı internet səhifəsinin yaradılması faktıdır. İMİ ekspertləri Avropada iqtisadi böhranın artmasına paralel olaraq irqçiliyin də yüksəldiyini bildiriblər.