Yəqin ki, Zəmzəm suyu haqqında eşitməyən müsəlman çətin tapılar. Ərəb dilində minik heyvanının yüylənindən dartaraq dayandırmaq üçün deyilən “zammi-zammi” ifadəsindən adını götürmüş, dənizdən 80 km aralıda yerləşən, yaxınlıqda heç bir suyun olmasına baxmayaraq mənbəyini hardan götürməsi müəmma olaraq qalan bu suyun möcüzəvi xüsusiyyələrini istər İslami səhih mətnlər, istərsə də müasir elmi araşdırmalar təsdiqləyir. Belə ki, laborator tədqiqatlar göstərmişdir ki, Zəmzəm tərkibində ən az kükürdün və ən çox (18%) mineral maddələrin mövcud olduğu sudur. Lakin bununla belə, başqa suları içilməz hala gətirəcək həddə olan bu mineral duzlar Zəmzəm suyunun tamına heç bir təsir göstərmir, içənlərə ancaq ləzzət hissi yaşadır. Tərkibində heç bir mikroorqanizm və bakteriya mövcud olmayan Zəmzəm suyu Dünya Səhiyyə Təşkilatının raportuna görə ən sağlam sualardandır və araşdırmalar göstərmişdir ki, daxilə qəbul zamanı o heç vaxt nəcasət yolu ilə xaric olmur, yalnız tər vasitəsilə çıxır. “Həcc Araşdırmaları Mərkəzi”nin baş direktoru mühəndis Sami Unkavi deyir:”Məscidül-Haramın ərazisinin genişlərnirilməsi ilə əlaqədar tikinti işlərinə başlayarkən, Zəmzəmin suyunu nasoslar vasitəsilə sorduqca onun yerini eyni sürətlə yenisi əvəz edirdi və bu nasosların failəsiz işləməsinəbaxmayaraq, quyuda su tükənmir, eyni səviyyədə qalırdı. Suyu çəkib çıxarmaq üçün bizə üç güclü nasos lazım oldu. Bu su nə heç vaxt qurumur, nə də lazımından artıq axmır: yerin daxili layında yerləşən xüsusi güclü susaxlayan təbəqə bulağın daşqına çevrilməsinin qarşısını alır. Daha sonra tərkibini araşdırarkən biz Zəmzəmin daha bir möcüzəvi xüsusiyyətini aşkarladıq: onda nəinki ilkin halda heç bir mikrob və bakteriya mövcud deyil, həmçinin başqa çirklə təmasa məruz qaldıqda da o öz təmizliyini qoruyub saxlayır. Bu isə Zəmzəmin unikal tərkibə malik olmasından irəli gəlir”. İbn Abbas (Allah ondan da, atasından da razı olsun) Zəmzəm suyunun hekayəsini belə rəvayət edir: İbrahim (əleyhi salam) Həcəri və südəmər oğlu İsmayılı Kəbə yaxınlığında indiki Zəmzəm quyusunun olduğu yerə, ağacın altına gətirdi. Həmin dövrdə Məkkədə su yox idi (deyə) orda heç kim yaşamırdı. Onlar yanlarında yalnız içərisində xurma və balaca su dağarcığı olan dəri çanta ilə birlikdə orda oturdular. İsmayılın anasının dəfələrlə:»Ey İbrahim! Bizi heç bir həyan olmayan bu kimsəsiz səhrada qoyub hara gedirsən?» deməyinə baxmayaraq, İbrahim (əleyhi salam) ona tərəf baxmırdı. Onda Həcər soruşdu:»Belə etməyi sənə Rəbbinmi əmr etdi?» Cavabında o: «Hə» dedi. Qadın «Elə isə O bizi sahibsiz buraxmaz» deyərək geri qayıtdı. İbrahim(əleyhi salam) isə dönüb yoluna davam etdi. Əl-Səniyyə deyilən yerə çatdıqda üzünü Kəbəyə çevirərək hər iki əlini qaldırıb Allaha belə dua etdi: «Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə (belə etdim). İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara (növbənöv) məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər.» (Quran, İbrahim, 37) İsmayılın anası onu əmizdirir və sudan içirdi. Dəri qabdakı su qurtardıqda o və övladı susamağa başladılar. Övladının susuzluqdan əzab çəkdiyini görməyə tab gətirməyən ana yaxınlıqdakı Əl-Səfa dağına qalxıb, ordan diqqətlə ətrafa baxmağa başlasa da heç kimi görmədi. Dağdan enib vadiyə çatdıqda paltarının ətəyini əlinə yığaraq başında müsibət olan adam kimi (bir çarə tapmaq üçün) qaçmağa başladı və Əl-Mərvaya çataraq, orda da dayanıb ətrafa boylansa da heç kəsi görə bilmədi. Beləcə o Əl-Səfa və Əl-Mərva arasında yeddi dəfə qaçdı. İbn Abbas(Allah ondan da atasından da razı olsun) rəvayət edir:Allah Rəsulu (səllallahu aleyhi və səlləm) dedi:»(Həcc zamanı) Onlar ( Səfa və Mərva dağları ) arasında səy etməyin əsli də burdan gəlir. Həcər Əl-Mərvaya sonuncu dəfə çatdıqda bir səs eşitdi və diqqətlə qulaq asmağa başladı. Yenidən səs eşitdi və dedi:»Ey kimsə! Məni sənin səsini eşitməyə vadar etdin, mənə necə kömək edəcəksən? «Bundan sonra Zəmzəm bulağının yerləşdiyi yerdə dabanı(və ya qanadı) ilə ordan su çıxıncaya qədər yeri qazan bir mələk (Cəbrayılı (əleyhi salam)) gördü. Qadın əlləri ilə həmin suyun ətrafını hovuz formasına saldıqdan sonra, ovucu ilə dağarcığa doldurmağa başladı. İbn Abbas (Allah ondan razı olsun) deyir: Peyğəmbər (səllallahu aleyhi və səlləm) əlavə etdi:» Allah İsmayılın anasına rəhmət etsin! Əgər o Zəmzəmi başıboş (rahat) qoysaydı, suyu bütün yer üzünü tutmuşdu». Sonra isə:»O, həmin sudan içdikdən sonra körpəsini əmizdirdi. Mələk ona dedi:»Özünü sahibsiz sanma. Allahın Evini (Kəbəni) bu uşağın və onun atasının əli ilə tikdirən Rəbbin Öz bəndələrini sahbisiz qoymur». Həmin vaxtlar Kəbə evi hündürlükdə yerləşirdi və təpəni xatırladırdı, sel, leysan gəldikdə sağ və solundan axırdı. Beləliklə Cührum qəbiləsindən (ailəsindən) bir qrup insan oraya gələnədək Həcər öz oğlu ilə orda yaşamağa başladı. Cührum qəbiləsindən gələnlər Kəbənin yanında quş uçduğunu görüb, suyun olduğu qənaətinə gəldilər, halbuki bilirdilər ki, (bu ətrafda su mənbəyi ) yoxdur. Bir yaxud iki elçi göndərdikdən sonra orda suyun olduğunu təsdiqləndi.” Allah Rəsulu (səllallahu aleyhi və səlləm) dedi:»İsmayılın anası suyun yanında oturmuşdu. Onlar soruşdular:»Burda qalmağımıza etiraz etməzsiniz ki?» O:»Hə, ancaq bu suyun üstündə heç bir haqqınız yoxdur». Onlar razılaşdılar. “ İbn Abbas deyir:”Beləcə İsmayılla anası tək qalmadı, tezliklə həmin adamlar öz yaxın qohum-əqrəbalarına xəbər göndərdilər və buraya köçüb onlarla yaşamağa başladılar. Uşaq (İsmayıl) böyüyərək, onlardan Ərəb dilini öyrəndi, insanlar isə ondakı xüsusiyyətləri görüb onu sevib hörmət etməyə başladılar, öz aralarından bir qadınla evləndirdilər…» Buxari «… Cührum qəbiləsinin Məkkədə yaşayışı onların asiliklər edərək bu müqəddəs torpağa qarşı hörmətsiz münasibət göstərməsinə, azğınlaşmasınadək davam etdi. Belə olduğu halda Uca Allah Zəmzəmin suyunu azaldaraq, tükəndirdi. Quyunun üstünü toz qalaqları örtdükə ora yığılmış qəbilələr tədricən azaldı, yeni yaşayış məskənlərinə dağıldılar. Sonra isə Uca Allah Banu Huzaa qəbiləsinə onlrın üstündə zəfər çaldıraraq, yaşayış yerlərindən rəzil bir şəkildə qovdu və Məkkə Allahın izin verdiyi qədər bunların idarəçiliyənə keçdi. Zəmzəm bulağının yeri büsbütün unuduldu, ta ki, Uca Yaranadan Onu Abdulmütəllib ibn Hişamın əlinə verincəyədək.” İbn Kəsir, “Peyğəmbərlər tarixi.” Alimlər Həcc və Ümrə üçün gələn ziyarətçilər tərəfindən onun içilməsinin hökmünün müstəhəb olmasına dair həmfikirdirlər. Əl-Abbas ibn Abdul Muttəlib (Allah ondan razı olsun) demişdir:”Cahiliyyə dövründə Zəmzəm üçün bir-birləri ilə yarışardılar. Övladları insanlara səhər tezdən azuqə kimi bu sudan içməyə gətirərdilər və biz inanardıq ki, bu övladları olan insanlara kömək edir.” Əl-Abbas əlavə edərək deyir:”Cahiliyyə dövründə ZəmZəmin adlarından biri də Şaəbaaə (təmin edən, razı salan, məmnun edən) idi”. Əl-İraqi, “Şifa əl-Ğaram bi Axbər əl-Bələd əl-Haram”, 1/258 Səhabələr Zəmzəm suyunu “Əl-Şəbaaə`” (təmin edən) adlandırar, onunla (yeməyə bir şeyləri olmadıqda) övlad və ailələrinin qayğısına qalardılar. Silsilə əl-Səhihə lil-Albani, 2685 Zəmzəm suyunu suzuluğu yatırmaq üçün doyunca içmək Sünnədir. Fəqihlər ZəmZəm içərkən gözlənilən ədəbləri sadalayarkən, üzü Kəbəyə dayanmağı, “BismiLLəh” lə başlamağı, doyunca, birnəfəsə yox, üç qurtumda nəfəsinin dərərək , oturaraq içməyi (sonunu ədəblər ümumən bütün növ içkilərin içilməsində gözlənilməlidir) sadalamışlar. İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilərək Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Zəmzəm içərkən ayaq üstə olması barədə rəvayət isə(Buxari) belə içməyin icazəli olsa da, bəyənilməyən olmasına işarədir. Eləcə də alimlər Zəmzəm içərkən ondan bir az da üzə, başa və sinəyə səpələməyi, çoxlu dua etməyi məsləhət bilmişlər. “Əl-Məqasid əl-Həsənə”, səh.359 Bu sudan içmək Həcc və Ümrə ibadətlərinin bəyənilən əməllərindəndir. Şeyx Səid əl-Qahtani, “Quran və Sünnə işığında Həcc və Ümrə ziyatərəti bələdçisi”. İmam Nəvəvi (Allah ona rəhmət etsin) Əl-Abbasın (Allah ondan razı olsun) Zəmzəm suyu ilə qüsl almağı qadağan etməsinə dair varid olan rəvayətin səhih olmadığını bildirmişdir. “Fətəva əl-İmam ən-Nəvəvi”, səh.16, Eləcə də fəqihlər Zəmzəm suyunu özünü təmizləmək üçün istifadəsində heç bir problem olmadığını, yalnız nəcasətin onunla yuyulmasının məsləhət olmadığını qeyd etmişlər. Əl-Alləmə əl-Bəhuti (Allah ona rəhmət etsin) “Kəşf əl-Ğınə”də belə demişdir:”Nəcasətin onunla (Zəmzəm suyu ilə) təmizlənməsi məkruh olsa da, özünü onunla təmizləməkdə problem yoxdur.Çünki Əli (Allah ondan razı olsun) Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) Muzdəlifədən gedərkən bir badya Zəmzəm istədiyini və həmin sudan içərək,sonra da dəstəmaz aldığını rəvayət etmişdir (AbduLlah İbn Əhməddən səhih isnadla). “Neylül Əutar, Kitab ət-Təharə”
Zəmzəm suyunun satılmasının icazəli olmasına dai suala isə şeyx əl-Fəuzan (Allah onu qorusun) belə cavab vermişdir: “Bu məsələdə bir qədər təfərrüata varmaq gərəkdir: Əgər nəzərdə tutulan Zəmzəmi qablara dolduraraq, qabın tutumu qədər sahib olmaqdırsa, bu artıq onun şəxsi mülkiyyəti hesab olunduğundan icazəlidir. Yox, nəzərdə tutulan bulağın bir qolunun insanın şəxsi ərazisindən keçərək axmasıdırsa, onun satılmasına icazə yoxdur, çünki Allah Rəsulu (səllallahu aleyhi və səllləm) (suvarmaq, içmək,yuyunmaq və s. Üçün) ehtiyac olan (təbii su mənbələrindən) suyun satışını qadağan etmişdir (Buxari, Müslim). Əksinə həmin suyun istifadəsində o digər insanlardan daha çox haqq sahibidir, lakin bununla yanaşı başqalarına da özünə yaxud mülkünə zərər toxunmayacaq həddə mane olmamalıdır. “Əl-Müntəqa”, 3/13 Şeyx İbn Baz (Allah ona rəhmət etsin) demişdir: ”Zəmzəm suyunun satılmasında yaxud Məkkədən daşınmasında heç bir problem yoxdur.” “Məcmu əl-Fətəva İbn Baz”, 16/138
Tərk edilmş Sünnə — Zəmzəm suyu ilə müalicə. Ardı var…