Tərifi: Ərəb dilində "əl-Əyman" sözü, yəmin sözünün cəmidir. Bu sözün əsl mənası "əl" deməkdir. Andın bu adla adlandırılmasına səbəb, ərəblərin and içərkən bir-birinin əlindən tutması idi. Şərii mənada, Allahın ad və ya sifətini dilə gətirməklə bir şeyə özünün təkidini bildirməkdir.
Nəyə and içmək and sayılır? And, yalnız uca Allaha, onun adlarından və ya sifətlərindən birinə and içməklə and sayılır. Abdullah ibn Ömər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) miniyi ilə gedən Ömər ibn Xəttabın ata-babasına and içdiyini eşitdi və dedi: «Həqiqətən uca Allah ata-babanıza and içməyi sizə qadağan edir. Kim and içərsə Allaha and içsin ya da sussun»[1]. Ənəs ibn Malik (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Cəhənnəm, ardıcıl olaraq: yenə gələn varmı? – deyərək dilə gələcəkdir. Sonda İzzətli Rəbb ayağını oraya qoyacaq. Cəhənnəm isə: Sənin izzətinə and verirəm, kifayətdir – deyəcək və hər tərəfdən yığılacaqdır»[2].
Allahdan başqasına and içmək şirkdir: İbn Ömər (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Kim Allahdan başqasına and içərsə küfr, yaxud da şirk etmiş olar»[3]. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim and içərkən: Lata[4] and olsun – deyərsə, Lə iləhə illəllah desin[5]. Kim öz yoldaşına: gəl səninlə qumar oynayım – deyərsə sədəqə versin»[6].
Bir şübhə və cavabı: Allahdan qeyrisinə and içənlər belə bir səbəblə üzürxahlıq edirlər ki, onlar Allahın bu ayəsi ilə yalançı çıxmaqdan qorxurlar. Ayədə deyilir: «Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq barəsindəki andlarınıza Allahı (Allaha and içməyi) hədəf etməyin!»[7] Şübhənin cavabı bu rəvayətdir. Demək, Misər ibn Kidam, Vəbərə ibn Əbdürrəhmandan rəvayət edir ki, Abdullah ibn Məsud belə deyərdi: «Mənim yalançı olub Allaha and içməyim, mənə, doğru olub qeyrisinə and içməyimdən – daha sevimlidir»[8]. Ayənin mənası isə İbn Kəsirin (Allah ona rəhmət etsin) İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etdiyi kimidir: «Allaha and içməyin, səni xeyirli işlərdən məhrum etməsin. Belə halda andının kəffarəsini ver və xeyirli işi gör». İbn Kəsir sonra deyir: Həmçinin Məsruq, Şəbi, İbrahim ən-Nəxai, Mücahid, Tavus, Səid ibn Cubeyr, Əta, İkrimə, Məkhul, Zuhri, Həsən, Qatadə, Muqatil ibn Həyyan, Rabii ibn Ənəs, Dəhhak, Əta əl-Xorasani və Suddi kimi alimlər (Allah onlara rəhmət etsin) də ayəni belə təfsir etmişlər.[9]
Qeyri İslami dinə and içənin[10] hökmü: Sabit ibn Dəhhak (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim yalançı halda qəsdən qeyri İslami dinə and içərsə, o, özünün dediyi kimidir[11]»[12]. Abdullah ibn Bureydə atasından Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim and içərkən: "Mən İslamdan imtina edirəm" – deyərsə, andında yalançıdırsa, o, özünün dediyi kimidir. Yox əgər andında sadiq olarsa İslam ona salamat qayıtmaz»[13].
Bir insan üçün Allaha and verilərsə, razı qalsın: İbn Ömər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir kişinin öz atasına and içdiyini eşitdi və dedi: «Ata-babanıza and içməyin. Kim Allaha and içərsə sadiq olsun. Kimin üçün Allaha and verilərsə razı qalsın. Kim Allahın adı çəkiləndə razı qalmazsa, Allaha yaxın olan bəndələrdən deyildir»[14]. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Məryəm oğlu İsa bir kişinin oğurluq etdiyini gördü və dedi: Sən oğurluq etdinmi? Kişi dedi: Özündən başqa haqq ilah olmayan Allaha and olsun ki, xeyr. İsa dedi: Allaha inanır, gözümü isə yalançı sayıram»[15].
Andın növləri: Andlar üç qismə bölünür: 1. Bilmədən içilən and (əl-Yəmin əl-Loğv). 2. Yalandan içilən and (əl-Yəmin əl-Ğəmus). 3. Doğrudan içilən and.
Bilmədən içilən and (əl-Yəmin əl-Loğv) və hökmü: Bilmədən içilən and, məqsədsiz içilən anddır. Məsələn, Allaha and olsun ki, yeməyi yeyəcəksən, yaxud suyu içəcəksən və s. bu kimi məqsədsiz şəkildə bilmədən içilən andlar. Belə andlar and sayılmır və and içən adam buna görə günah daşımır. Uca Allah buyurur: «Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan və ya qəsdən içib yerinə yetirmədiyiniz andlara, pis niyyətlərə) görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir!»[16] Digər ayədə buyurur: «Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etnəz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar...»[17]. Aişə (Allah ondan razı olsun), «Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etnəz)...» – ayəsinin, "Xeyr, Allaha and olsun" və ya "Bəli, Allaha and olsun" – kimi məqsədsiz deyilən andlar barədə nazil olmduğunu demişdir[18].
Yalandan içilən and (əl-Yəmin əl-Ğəmus) və hökmü: Bu and, kiminsə haqqını tapdalamaq, yaxud fasiqlik və xəyanət məqsədi üçün içilən anddır. Ərəb dilində bu andın "əl-Ğəmus" adlanmasına səbəb, yalandan içilən andın and sahibini günaha sonra isə cəhənnəmə salmasına görədir. Bu böyük günahlardan biridir və buna görə kəffarə yoxdur. Çünki uca Allah buyurur: «...lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar...»[19]. Bu, qeyri məqbul anddır. Çünki məqbul sayılan andın kəffarəsi vardır. Yalandan içilən andda əsla xeyirli bir iş yoxdur. Uca Allah buyurur: «Aralarınızdakı andlarını yalana çevirib fitnə-fəsad aləti etməyin. Yoxsa ayağınız möhkəm olduğu ikən sürüşər (imana gəldikdən sonra ondan xaric olarsınız) və (insanları) Allah yolundan döndərdiyinizə görə (dünyada) əzabı dadarsınız. (Hələ axirətdə də) sizi dəhşətli bir əzab gözləyir!»[20] Təbəri (Allah ona rəhmət etsin) demişdir: «Ayənin mənası odur ki, əslində verdiyiniz əhdlərə xəyanət etdiyinizi bilə-bilə, zahirən bu əhdlərə sadiq olduğunuzu göstərməklə onları arxayın salmaq üçün, içdiyiniz andları xəyanət kimi istifadə etməyin»[21]. Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə rəvayət etmişdir: «Böyük günahlar bunlardır: Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq, günahsız insanı öldürmək və yalandan and içmək»[22]. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Beş şeyin: Allaha şərik qoşmağın, haqsız yerə insanı öldürməyin, möminin malını mənimsəməyin, döyüş meydanından qaçmağın və ya yalandan and içib haqsız yerə başqasının malını yeməyin kəffarəsi yoxdur»[23].
Doğrudan içilən and və hökmü: Doğrudan içilən and, andiçənin hansısa işi görmək və ya tərk etmək üçün qəsdən söylədiyi və təkid etdiyi anddır. Əgər o andına sadiq çıxarsa boynuna heç bir məsuliyyət düşmür. Yox əgər andını pozarsa kəffarə verməlidir. Uca Allah buyurur: «...lakin qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan və ya qəsdən içib yerinə yetirmədiyiniz andlara, pis niyyətlərə) görə sizi cəzalandıracaqdır...»[24]. Digər ayədə isə belə buyurulur: «...lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar...»[25].
Andlar niyyətlərdən asılıdır: Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: : «Həqiqətən, əməllər niyətlərə görədir»[26]. Kim bir şeyə and içib, nəzərində başqasını güdərsə hökm onun sözündən deyil, niyyətindən asılıdır. Suveyd ibn Hənzələ deyir ki, biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına getmək üçün yola düşdük. Vail ibn Hucr (Allah ondan razı olsun) də bizimlə idi. Düşməni ona hücum çəkdi. İnsanlar, "o, bizim qardaşımızdır" – deyib and içməkdən çəkindilər. Amma mən, onun qardaşım olduğuna and içdim və onlar onu azad etdilər. Biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldik və mən ona dedim: Camaat and içməkdən çəkindi. Mən isə onun qardaşım olduğuna and içdim. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Sən doğru demisən. Müsəlman, müsəlmanın qardaşıdır»[27]. Əgər kimsə ona and verilmədən, and içərsə, andı onun öz niyyətindən asılıdır. Amma ona and versələr, o zaman andı, onu tələb edənin dediyinə uyğun olmalıdır[28]. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «And, andverənin niyyətinə görə olmalıdır»[29]. O, digər hədisdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Sənin andın, andverənin niyyətinə görə olmalıdır»[30].
Andını unudaraq və ya səhvən pozan, kəffarə vermir: Kim bir şeyi etməyəcəyinə and içər, sonra unudaraq və ya səhvən onu edərsə buna görə kəffarə vermir. Uca Allah buyurur: «...Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!...»[31]. Hədislərin birində deyilir ki, uca Allah buna cavab olaraq: "Bəli (cəzalandıran deyiləm)" – demişdir[32].
And içərkən istisna etmək: Kim and içərkən "inşəllah" deyərsə, o artıq istisna etmişdir və pozduğu anda görə kəffarə vermir. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Allahın peyğəmbəri Süleyman ibn Davud (Əleyhis səlam) bir dəfə belə demişdi: Bu gecə yetmiş qadının yanına daxil olacam və onların hər biri Allah yolunda döyüşkən oğlan övladına hamilə qalacaqlar. Yanında olan dostu və ya mələk ona dedi: İnşəllah de! Amma Selyman (Əleyhis səlam) bunu deməyi unutdu və qadınlarının heç biri də hamilə qalmadı. Yalnız bir qadını hamilə qaldı və o da yarımçıq uşaq gətirdi». Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Əgər o, "inşəllah" desəydi, istədiyinə nail olar və bununla ehtiyaclarını qarşılayardı»[33]. İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim and içib istisna edərsə (inşəllah deyərsə), istəsə andından qayıdar, yaxud tərk etdiyi anda görə kəffarə verməz»[34].
Kim bir şeyə and içib, başqasını daha xeyirli hesab edərsə nə etməlidir? Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim bir işə and içib başqasının ondan xeyirli olduğunu görərsə, xeyirli olan işi görsün və andının kəffarəsini versin»[35].
Andı üzərində israrlı olmağın qadağan olunması: Uca Allah buyurur: «Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq barəsindəki andlarınıza Allahı (Allahın adını) hədəf (dəstavüz) etməyin! Allah eşidəndir, biləndir!»[36] İbn Abbas (Allah ondan razı olsun) demişdir: «Allaha and içməyin, səni xeyirli işlərdən məhrum etməsin. Belə halda andının kəffarəsini ver və xeyirli işi gör»[37]. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Allaha and olsun, biriniz ailəsilə bağlı (onlara zərər verən bir işə) and içib bu andını, Allahın fərz buyurduğu kəffarəni verərək pozmadan evinə qayıdarsa, daha çox günah qazanar»[38].
Andın kəffarəsi: Kim andını pozarsa aşağıdakı kəffarələrdən birini verməlidir: 1. Ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq. 2. Yaxud geyindirmək. 3. Yaxud da bir kölə azad etmək. Bu kəffarələrdən birini etməyə imkanı olmayan şəxs üç gün oruc tutmalıdır. Ötən üç növ kəffarədən birini etməyə imkanı olan insan, kəffarə olaraq oruc tuta bilməz. Uca Allah buyurur: «Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etnəz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andı pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir...»[39].
And içib nəyisə özünə haram etmək: Kim and içib, "yeməyim mənə haramdır", yaxud "filankəsin evinə girmək mənə haramdır" və s. bu kimi sözlərlə nəyisə özünə haram edərsə bununla ona haram olmaz. Belə halda andının kəffarəsini verməlidir. Uca Allah buyurur: «Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən? Allah bağışlayandır, rəhm edəndir! Həqiqətən, Allah (halal bir şeyi özünüzə haram etmək barəsində içdiyiniz) andlarınızı (kəffarə verməklə) geri götürməyi vacib (qanuni) etmişdir...»[40]. Ayənin nazil olmasına səbəb aşağıdakı hədisdə qeyd olunur. Demək, Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Zeynəb bint Cəhşin yanında bal içir və onunla bir az çox dayanırdı. Mən və Həfsa sözləşdik ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hansımızın yanına birinci daxil olsa o, ona: "Sən məğafir[41] yemisən?! Mənə elə gəlir ki, səndən məğafir iyi gəlir" – deyəcəkdir. Onlar bunu belə də etdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Xeyr. Amma Zeynəb bint Cəhşin yanında bal içirdim. Bundan sonra bir daha içən deyiləm. Sonra yoldaşına bu xəbəri heç kəsə söyləməyəcəyinə dair and verdirdi»[42]. İbn Abbas (Allah ondan razı olsun) and içib halalı özünə haram edib kəffarə verənlərə belə deyərdi: «Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!»[43]
[1] Buxari: 11/ 530/ № 6646. Müslim: 3/ 1267/ № 1646. Əbu Davud: 9/ 77/ № 3233. Tirmizi: 3/ 45/ № 1573. [2] Buxari: 11/ 545/ № 6661. Müslim: 4/ 2187/ № 2848. Tirmizi: 5/ 65/ № 3326. [3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6204. Tirmizi: 3/ 45/ № 1574. [4] Lat, cahiliyyət dövründə ərəblərin sitayiş etdikləri bütlərdən birinin adıdır. (tər.) [5] Allahdan başqasına and içmək şirk olduğu üçün bundan dərhal sonra, "lə iləhə illəllah" tövhid kəlməsini deməklə, Allahdan başqa ibadətə layiq olan haqq məbudun olmadığına şahidlik gətirmək münasib olduğu üçün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu əmr etmişdir. (tər.) [6] Müslim: 3/ 1267/ № 1647. Nəsai: 7/ 7. Əbu Davud: 9/ 74/ № 3231. Onun rəvayətində: "bir şey sədəqə versin" – əlavəsi vardır. Buxari: 11/ 536/ № 6650. Onun rəvayətində: "lata və uzzaya and içərsə" – əlavəsi vardır. [7] əl-Bəqərə: 224. [8] Təbərani, əl-Mucəm əl-Kəbir: 9/ 205/ № 8902. [9] Təfsir İbn Kəsir: 1/ 266. [10] Məsələn, "əgər mən bunu etsəm onda mən yahudiyəm, yaxud xaçpərəstəm və s." – demək. (tər.) [11] Alimlər Peyğəmbərin s.a.v. bu sözünü bir neçə mənada başa düşmüşlər. Bir qism alim deyir ki, burada məqsəd həmin adamın kafir olması deyil. Məqsəd, onu belə anddan çəkindirməkdir. Yəni, kim belə and içərsə o zaman and içdiyi insanların əzabı kimi bir əzab dadar. Necə ki, "kim namazı tərk edərsə küfr edər" – hədisində də bu məna vardır. Yəni, kim namazı tərk edərsə, kafirlərin daddığı əzabdan o da dadar. Digər alimlər isə deyirlər ki, əgər belə and sahibi dediyini (İslamdan imtina edərək) etiqadla deyərsə o zaman kafir olar. (tər.) [12] Müslim: 1/ 105/ № 110. Rəvayətin mətni onundur. Buxari: 11/ 537/ № 6652. Əbu Davud: 9/ 83/ № 3240. Tirmizi: 3/ 50/ № 1583. Nəsai: 7/ 6. İbn Macə: 1/ 678/ № 2098. [13] Hədis səhihdir. əl-İrva: № 2576. Əbu Davud: 9/ 85/ № 3241. Nəsai: 7/ 6. İbn Macə: 1/ 679/ № 2100. [14] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1708. İbn Macə: 1/ 679/ № 2101. [15] Buxari: 6/ 478/ № 3444. Müslim: 4/ 1838/ № 2368. Nəsai: 8/ 249. İbn Macə: 1/ 679/ № 2102. [16] əl-Bəqərə: 225. [17] əl-Maidə: 89. [18] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2789. Buxari: 11/ 547/ № 6663. [19] əl-Maidə: 89. [20] ən-Nəhl: 94. [21] Təfsir ət-Təbəri: 14/ 166. [22] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 4601. Buxari: 11/ 555/ № 6675. Nəsai: 7/ 89. Tirmizi: 4/ 303/ № 5010. [23] Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: № 3247. Əhməd: 14/ 68/ № 220. [24] əl-Bəqərə: 225. [25] əl-Maidə: 89. [26] Buxari: 1/ 9/ № 1. Müslim: 3/ 1515/ № 1907. Əbu Davud: 6/ 284/ № 2186. Tirmizi: 3/ 100/ № 1698.İbn Macə: 2/ 1413/ № 4227. Nəsai: 1/ № 59. [27] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1722. İbn Macə: 1/ 685/ № 2119. Əbu Davud: 9/ 82/ № 3239. [28] Yəni, bir nəfər özü ibtidaən "bu mənim qardaşımdır!" – sözlərinə and içərsə, bu halda o özünün niyyətinə görə and içir. Digər hal isə belədir: bir nəfərə, "And iç ki, filankəs sənin doğma qardaşındır" – deyib and versələr, bu halda andiçən andverənin dediyinə uyğun and içməlidir. (tər.) [29] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1723. İbn Macə: 1/ 685/ № 2120. Müslim: 73/ 1274/ № 1653. [30] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1724. Müslim: 3/ 1274/ № 1653. İbn Macə: 1/ 686/ № 2121. Əbu Davud: 9/ 80/ № 3238. Tirmizi: 2/ 404/ № 1365. [31] əl-Bəqərə: 286. [32] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 3588. Müslim: 1/ 115/ № 125. [33] Müslim: 3/ 1275/ № 1654. Rəvayətin mətni ona məxsusdur. Buxari: 11/ 534/ № 6639. Nəsai: 7/ 25. [34] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1711. İbn Macə: 1/ 680/ № 2105. Əbu Davud: 9/ 88/ № 3245. Nəsai: 7/ 12. [35] Hədis səhihdir. əl-İrva: № 2084. Müslim: 3/ 1272/ № 1650. Tirmizi: 3/ 43/ № 1569. [36] əl-Bəqərə: 224. [37] Təfsir İbn Kəsir: 1/ 266. [38] Buxari: 11/ 517/ № 2625. Müslim: 3/ 1276/ № 1655. [39] əl-Maidə: 89. [40] ət-Təhrim: 1-2. [41] Məğafir: ağacın axmış şirəsidir. Bu şirin dadlı olsa da, çox pis iyli şirədir. Botanikada buna "kitrə" deyilir. (tər.) [42] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 3553. Buxari: 8/ 656/ № 4912. [43] Buxari, Talaq surəsinin təfsiri: № 4627