Ana Səhifə » 2012»Avqust»5 » Amerikalılar axirətin öyrənilməsinə 5 milyon dollar ayırıblar
Amerikalılar axirətin öyrənilməsinə 5 milyon dollar ayırıblar
11:40
Kaliforniya universiteti cənnətin, cəhənnəmin və haqq-hesab gününün mövcudluğunu öyrənir.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Birləşmiş Ştatların nüfuzlu təhsil ocaqlarından sayılan Kaliforniya universiteti axirət həyatının öyrənilməsinə 5 milyon dollar vəsait ayırıb.
Universitetin internet səhifəsində yerləşdirilən məlumatda sözügedən vəsait cənnət, cəhənnəm, sorğu-sual və bu qəbildən olan digər mövzuların araşdırılmasına sərf olunacaq. Üç il davam edəcək araşdırmaya universitetin fəlsəfə professoru Con Martin Fişer rəhbərlik edəcək.
“Ölümsüzlük layihəsi” adlandırılan layihə çərçivəsində iki konfransın keçirilməsi və bir internet saytın yaradılması da nəzərdə tutulub. Saytda ölümsüzlük mövzusuna dair araşdırmaların linkləri də yerləşdiriləcək.
Prof. Con Fişer məsələ ilə bağlı açıqlamasında ölümə yaxınlaşma təcrübəsi və oxşar hadisələri konkretləşdirmə, bu hadisələrin ölümdən sonrakı dövr haqqında məntiqəuyğun ipucları yaxud bioloji inikası olduğunu öyrənmək xüsusunda diqqətli davranacaqlarını deyib. Araşdırmada elmilikdən güzəştə getməyəcəklərini deyən alim yad planetlilər tərəfindən qaçırıldıqlarını iddia edən şəxsləri öyrənmək üçün vəsait sərf etməyəcəklərini bildirib.
Habelə alim filosoflar və teoloqların tədqiqatla bağlı təklifləri qəbul edəcəklərini qeyd edərək, layihədə ölümdən sonrakı həyatın darıxdırıcı olub olmaması, ölümün həyata məna qatıb-qatmaması və digər suallara cavab axtaracaqlarını vurğulayıb. Tədqiqat qrupunun rəhbəri üçillik araşdırma nəticələrini “Ölümsüzlük və ölümün mənası” kitabında toplayacaqlarını deyib.