Amerikalı gənc kalliqraf Qərbin islamofobiyasına qarşı öz sənəti ilə mübarizə aparır.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Livanın paytaxtı Beyrutda yaşayan amerikalı kalliqraf Everit Barbi bir ildən çoxdur ki, “Həmrəylik üçün Quran” adlı layihə həyata keçirir.
Barbinin sözlərinə görə, onun qələmə aldığı Quran müsəlman olmayan bir şəxs tərəfindən əllə yazılan ilk Qurandır. ABŞ-ın Tennessi ştatında anadan olan Barbi məqsədinin Quranı başdan sonadən kalliqrafiya üslubunda yazmaq olduğunu deyib.
Gənc kalliqraf müsahibəsində Quranın “əş-Şəms” surəsini günəş, “əl-Fil” surəsini isə fil şəkli içərisində yazıya köçürüb. İstedadlı gənc kalliqrafiya üslubunda yazacağı Quranın kitab kimi nəşr olunacağına ümid etdiyini deyib.
Habelə xəttat bu təsviri incəsənət növünü 2009-cu ildə Suriyada yaşayarkən öyrəndiyini qeyd edib. Barbi məşğul olduğu incəsənət növünü son illərin mühüm problemlərindən olan islamofobiyaya qarşı mübarizə kimi də xarakterizə edir.