Allah yer üzündə fitnə-fəsad törədənləri, pozğunluq yayanları sevməz:
“(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!” (əl-Bəqərə, 205).
“Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. (Və ya dedikləri sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər!) Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar. Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçilik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!” (əl-Maidə, 64).
“Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!” (əl-Qəsəs, 77).
Allah israf edənləri sevməz:
“Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!” (əl-Ənam, 141).
“Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf, 31).
Allah günahkarları və kafirləri sevməz:
“(Allah) iman gətirib saleh əməl edənlərə Öz lütfündən (Öz kərəmindən) mükafat versin. Şübhəsiz ki, (Allah) kafirləri sevməz!” (ər-Rum, 45).
“Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!” (əl-Bəqərə, 276).
“Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!”” (Ali-İmran, 32).
Allah zülm edənləri sevməz:
“İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!” (Ali-İmran, 57).
“Əgər siz (Uhud müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!” (Ali-İmran, 140).
“Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!” (əş-Şura, 40).
Allah həddi aşanları sevməz:
“(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!” (əl-Bəqərə, 190).
“Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!” (əl-Maidə, 87).
“Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” (əl-Əraf, 55).
Allah xainlik edənləri sevməz:
“(Bir-birinə) xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!” (ən-Nisa, 107)
“Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə elan et. Çünki Allah xainləri sevməz!” (əl-Ənfal, 58).
“Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!” (əl-Həcc, 38).
Allah dünya malı ilə qürrələnən insanları sevməz:
“Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!” (əl-Qəsəs, 76).
Allah özünü bəyənən təkəbbürlü insanları sevməz:
“Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!” (əl-Hədid, 23).
“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!” (Loğman, 18).
“Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!” (ən-Nəhl, 23).
“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (ən-Nisa, 36).
Allah ucadan pis söz söyləyənləri sevməz:
“Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!” (ən-Nisa, 148).