Ramazan ayına Şəkidə azan qadağası ilə başlayan ölkə rəhbərliyi
deyəsən, bu istiqamətdəki fəaliyyətini ay boyunca davam etdirmək
niyyətindədir.
Dünən əldə etdiyimiz məlumata görə, paytaxt Bakıda 6 məscidin
sökülməsinə hazırlıq gedir. Artıq Suraxanı rayonundakı “Fatimeyi-Zəhra”
məscidinin sökülməsi ilə bağlı məhkəməyə müraciət olunub. Adıçəkilən
rayonun Icra Hakimiyyəti tərəfindən verilən iddia üzrə məhkəmə prosesi
avqustun 28-də olacaq.
Mənbənin sözlərinə görə, sökülməsi planlaşdırılan növbəti məscidlərin
arasında “Neftçilər” metrostansiyası yaxınlığındakı “Mehdi-Sahib
əzzaman”, Bakıxanov qəsəbəsindəki “Imam Rza”, 6-cı mikrorayondakı
“Həzrəti Əli” və Yasamal rayonundakı “Ilahiyyat” məscidləri də var.
Mənbənin dediyinə görə, bunun səbəbi heç də iddia olunduğu kimi
məscidlərin qanunsuz tikilməsi ilə bağlı deyil. Əsas səbəb əhalinin
inanclı kəsiminin bir yerə toplaşmasının hökumətdə yaratdığı
narahatçılıqdır.
Qeyd edək ki, məscidlərin bağlanması və sökülməsinə bir müddət əvvəl
ölkənin dini rəhbərliyi tərəfindən də münasibət bildirilib. Məsələn,
Qafqaz Müsəlmanları Idarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə
“Azadlıq”a müsahibəsində məscid adına inşa edilən binaların
sökülməsinin əleyhinə olduğunu bildirmişdi.
Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə
qeyd etmişdi ki, digər tikililər kimi Allah evlərinin də sənədləri
qaydasında olmalıdır. Komitə sədri hesab edir ki, əks halda həmin
tikili halal olmayan bir yerdə inşa olunmuş sayılır ki, bu da dini
baxımdan yolverilməzdir.