Bəzən deyirlər ki,
rüşvəti alandan və onu verəndən başqa heç kəs bundan xəbər tutmur.
Nəzəri baxımdan bu, bəlkə də belədir. Amma bunun bilmək gərəkən incə
tərəfləri də vardır. O da bundan ibarətdir ki, Allah-Təala bizim bütün
aşkar və gizlinlərimizdən xəbərdardır. (Bu hal Qurani-Kərimdə dönə-dönə
vurğulanır). Ona görə də Allahı unudub haqsızlıq edəndə, Ulu Yaradanın
Özü bizi əsla "unutmur". Daha doğrusu, hərənin öz "qazancını" özünə
qaytarır. –ünki dünya dairəvidir. Yəni nə ediriksə - istər yaxşı olsun,
istərsə də pis - yalnız özümüzə etmiş oluruq.
Biz bir həqiqəti
də unutmamalıyıq ki, başımıza gələn bütün bəlaların kökündə əsasən
halal-haramı unutmağımız dayanır. Halal-haram unudulan yerdə
xeyir-bərəkət də olmaz. Xeyir-bərəkətin olmadığı yerdə isə
böyük-kiçiklik, ədəb-ərkan, bir qədər yumşaq desək, insani münasibətlər
tamamilə itib aradan gedər. Belə olduğu halda insanlar Yaradanın
mərhəmətindən özlərini sanki təcrid etmiş olurlar. Məhs rüşvətxorluğun
bəlasıdır ki, bu gün əksər təhsil müəssisələrində əsas meyar bilik
deyil, daha çox "iqtisadi münasibətlər" rol oynayır. Halbuki, bir
vaxtlar müəllimlər elm, bilik, ucalıq rəmzi sayılırdı. Cəmiyyətdə ən
yüksək hörmət və ehtiram da məhz müəllimlərə göstərilirdi. 25-30 il
bundan əvvəllərə qədər məktəblilərə elə gələrdi ki, müəllimlər hətta
çörək belə yemir, çay içmir və s. Bu, hər şeydən əvvəl ondan
qaynaqlanırdı ki, müəllimlərin əsas diqqəti elmin, biliyin sirlərini
öyrənmək olduğundan onlara sanki müqəddəs varlıq kimi baxırdılar. Lakin
bu gün vəziyyət bir ayrı cürdür. Əgər müəllim gözünü şagirdinin
(tələbəsinin) əlinə dikirsə, ailəsini dolandırmaq üçün təhsildə "pullu
xidmət" sisteminə üstünlük verirsə, o zaman şagird və tələbələrinin
yanında söz sahibi ola bilməyəcək - özünə və sözünə hörmət
qoyulmayacaq. Belədə heç şübhəsiz ki, həmin cəmiyyətdə cəhalət, qabalıq
və nadanlıq hökm sürəcək, həm də şərəfli müəllim adına sayğı
göstərilməyəcək. Bunları müqəddəs peşə sahibləri olan müəllimləri
ayağına yazmaq da düzgün olmaz. Bu, hər şeydən əvvəl cəmiyyətdə gedən
anormal inkişaf prosesinin təzahürü kimi səciyyələndirilməlidir...
Bu
gün müxtəlif üsullarla harınlamış hansısa təbəqə başqalarının haqqına
göz dikməklə, yəni onlardan rüşvət almaqla Allahın buyruqlarına,
Peyğəmbərimizin (s) göstərişlərinə etinasız yanaşır, həm yaşadığı
həyatını zəhərləyir, həm də axirətini əldən vermiş olur. Bir məqamı da
vurğulamaq istərdik ki, rüşvətə təhriketmə, yəni hansısa bir işi "həll"
etmək üçün rüşvətvermə əməliyyatı rüşvətxorluğun geniş miqyas almasında
müstəsna rol oynayır. Peyğəmbərimiz (s) bu xüsusda buyurur: "Allah
rüşvət verənə, rüşvət alana və onların arasında vasitəçilik edənə lənət
etsin!"
Maraqlıdır, Peyğəmbərimiz (s) bu hədisində ilkin
olaraq rüşvət verəni, ondan sonra isə rüşvət alanı lənətləyir. Yəni
buradan bir daha aydın olur ki, rüşvəti verən şəxsin günahı (rüşvəti)
alan şəxsin günahından daha artıqdır.
Rüşvət elə bir bəladır
ki, hələ qədim zamanlardan mövcud olmuş və müasir dövrdə (cəmiyyətdə)
daha geniş miqyas almışdır. Bəlkə də elə o səbəbdəndir ki, rüşvətxorluq
cəmiyyətdə ədalətin bərpası yolunda ən böyük maneələrdən sayılır. Hər
hansı bir cəmiyyətdə mövcud qanunlar zəif təbəqələrin mənafeyinə xidmət
edib, zülm və zorakılıq etmək istəyənlərin "manevr imkanlarını"
məhdudlaşdırmalı olduğu halda, rüşvətin yayılması bu qanunların
zülmkarlara xidmət etməsinə səbəb olar. –ünki zülm və zorakılıq edənlər
həmişə öz maddi və fiziki qüdrətləri ilə şəxsi mənafeyini müdafiə edə
bilir.
Zülm altında inləyən şəxslərin mənafe və hüquqları isə
qanun müstəvisində qorunmalıdır. Aydındır ki, əgər cəmiyyətdə
rüşvətxorluq yayılarsa, qanunlar tamamilə əks nəticə verəcəkdir. Belə
ki, imkanlı şəxslər həmişə rüşvət verməyə qadir olduğundan, qanun zəif
şəxslərə zülm edilməsi və hüquqlarının tapdanması üçün onların əlində
bir vasitə olacaqdır. Buna görə də aqillər söyləmişlər ki,
rüşvətxorluğun yayıldığı hər hansı bir cəmiyyəti bədbəxtlik bürüyər,
zülm, fitnə-fəsad, haqsızlıq, ayrı-seçkilik yayılar və ədalətin adından
savayı heç nə qalmaz.
Qurani-Kərimdə buyurulur:
"...Bir-birinizin mal-dövlətini (və nahaq yerə) öz aranızda yeməyin. Və
camaatın mal-dövlətinin bir qismini (bu işin böyük günah olduğunu)
bildiyiniz halda, günahkarcasına yemək üçün (onun bir hissəsini rüşvət
kimi) qazilərə verməyin". (Bəqərə, 188).
Bu ayə müsəlmanları
son dərəcə yaramaz bir işdən çəkindirərək onlara bir-birinin malını
nahaq yerə ələ keçirməməyi, qanunsuz yollarla var-dövlət toplamamağı
tövsiyə edir.
Mümkündür ki, bir şəxs başqasının mal-dövlətini
haqsız olaraq ələ keçirməyə müvəffəq olsun və bu iş məhkəmə ilə
nəticələnsin. Burada həmin (haqsız olan) şəxs haqsızlığını
qanuniləşdirmək üçün rüşvət adıyla hakimə nə isə hədiyyə edə bilər.
Amma unudulmamalıdır ki, belə olan halda həmin şəxs iki böyük günaha
sahib olur: başqasının haqqını yemək və rüşvət vermək.
Rüşvət
İslam dinində olduqca çirkin bir iş sayılaraq qətiyyətlə pislənilir.
İmam Sadiq (ə) bu haqda buyurur: "Məhkəmədə hökm və ya qərar çıxaran
zaman rüşvət alan şəxs Allaha qarşı kafirdir".
Qurani-Kərimdə
buyurulur: "Ey iman gətirənlər! Qarşılıqlı razılıq əsasında olan
ticarətdən əldə etdikləriniz istisna olmaqla, bir-birinizin malını
(qanunsuz və nahaq yerə) yeməyin". (Nisa, 29).
İslam dinində
rüşvətxoluq qəbahətli bir iş hesab olunmuş və böyük günahlardan
sayılmışdır. Ona görə də bu yaramaz və alçaq iş daha çox "hədiyyə",
"hörmət", "zəhmət haqqı" və s. bu kimi başqa aldadıcı adlarla yerinə
yetirilmiş və yetirilməkdədir - hara üz çevirsək bunun şahidi ola
bilərik. Heç kimə sirr deyil ki, sadəcə adın dəyişdirilməsi ilə
mahiyyət dəyişməz. Hər bir halda bu yolla alınan pul haram və
qeyri-qanunidir - istərsə "hədiyyə", istərsə də "zəhmət haqqı" olsun,
yəni heç bir fərq etməz.
"Nəhcül-bəlağə"də qeyd olunur ki,
Əşəs bin Qeys adlı bir şəxs Həzrət Əlinin (ə) divanında (ədalət
məhkəməsində) qələbə çalmaq üçün ona hədiyyə adı ilə rüşvət təklif
edir; gecə ikən ləzzətli bir halva hazırladıb o həzrətin evinə aparır
və onu "hədiyyə" adlandırır. Hz.Əli (ə) onun bu hərəkətindən
qəzəblənərək buyurur: "Matəmlilər sənin matəminə otursun (yəni ölüm
olsun sənə)! Sən məni aldatmaq və haqq ayinindən saxlamaq üçün
gəlmişsənmi? Allaha and olsun ki, əgər iqlim qurşağını və onların
səması altında olanları Allaha qarşı asi olum deyə, mənə versələr, heç
vaxt bu işi görmərəm. Sizin dünyanız mənim nəzərimdə çəyirtkənin
ağzında çeynədiyi yarpaqdan da dəyərsizdir...".
İslam dini
rüşvəti hansı formada olmasından asılı olmayaraq qadağan etmişdir.
Lakin çağdaş dövrümüzdə demək olar ki, (dövlət qanunları ilə bu,
cinayət tərkibi hesab olunsa da) bütün sahələrdə "cövlan" edən
rüşvətxorluq insanları öz ağuşuna alaraq onları haqq yoldan sapdırır,
qəlblərdəki rəhm, mərhəmət və s. ülvi hissləri heçə endirir. Bu bəladan
qurtulmağın yeganə yolu İslamın buyurduqlarına əməl etməkdir ki, hər
kəs bunu özünə insani borc bilməlidir.