Son günlər Azərbaycanda hədəfə alınan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə məscid məsələsində Türkiyə mətbuatında da sərt tənqidlərə tuş gəlib. Türkiyənin “Yeni Şəfəq” qəzetinin yazdığına görə, konkret olaraq “Şəhidlər camesi”nin bağlanması TV NET kanalında müzakirəyə çıxarılıb. Arzu Tozarın “Gündüz” adlanan proqramına qonaq olan telekanalın siyasi şərhçisi Cahidə Hayrünnisə Yağcı Milli Məclisin qarşısındakı “Şəhidlər camesi”nin strateji əhəmiyyətindən söz açıb. “Bizim yol” qəzetinin yazdığına görə, o, məscidlərin bağlanmasının sərhədlərin açılması kimi sərt təpki yaradacağını söyləyib. Bu yaxınlarda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla birlikdə Azərbaycanda olan C.H.Yağcı təmir adı ilə bağlanan “Şəhidlər camesi”nin təmirə ehtiyacı olmadığını öz gözləri ilə gördüyünü xüsusi vurğulayıb və bu məsələdə terror ehtimalının rol oynadığını qeyd edib: “Bu informasiyanı mənə Azərbaycan prezidentinin Quliyev soyadlı köməkçisi verdi”.

Daha sonra Əbdülqadir Sezgin türk məscidlərinin sökülməsinə görə Şeyxülislam Hacı Allahşükür Paşazadəni ittiham edib: “Azərbaycan Şeyxülislamı adını daşıyan bu adam Sovetlər Birliyinin keçmiş KQB casusudur və türkləri heç sevmir. Azərbaycanla Türkiyə münasibətlərinin yaxşılaşdığı bu günlərdə bir kirli əl olaraq uzandılar, Türkiyədə Azərbaycan əleyhinə hava əsdirmək üçün bu camelərin bağlanmasına əl qoydular. Allahşükür arxasında duran iranlılarla işbirliyi quraraq, Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyir. İlham Əliyevin bu oyunlara getməsinə izah tapa bilmirəm. Türk xalqı inciyərsə, Azərbaycan yox olar”.
Xatırladaq ki, Ə.Sezgin 1995-ci ilin mart hadisələrindən sonra səfir Altan Karamanoğlu və professor Fərman Dəmirqolla birlikdə OMON qiyamının təşkilində ittiham olunaraq, Azərbaycanda arzuolunmaz şəxs elan edilib.<%-1>
Dünən Ə.Sezginin səsləndirdiyi sərt ittihamlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəyini öyrənməyə çalışdıq. Şeyx öncə “uzaqda olduğu üçün” sözügedən ittihamlarla tanış olmadığını bildirdi. Ancaq bilgilər aldıqdan sonra bu kimi ittihamlardan təəccüblənmədiyini vurğuladı: “O, birinci dəfə deyil ki, belə mövqe sərgiləyir. Heydər Əliyevin dövründə onun burda elədiyi çox şeylər var. Hətta onu Azərbaycandan demək olar ki, çıxartdılar. Ona görə də o adamdan başqa münasibət gözləmirəm. Mən indi uzaqdayam, inşaallah gələrəm, ətraflı danışarıq”.
Mövzuya qayıdacağıq.
Elşad PAŞASOY