Ana Səhifə » 2009»Yanvar»12 » Bu gün dünya tarixinə adını qızıl hərflərlə yazdırmış İslam sultanının yeri görünür
Bu gün dünya tarixinə adını qızıl hərflərlə yazdırmış İslam sultanının yeri görünür
23:47
Səlahəddin
Əyyubi (tam adı Əl-Nasir Səlahəddin Yusif ibn Əyyub olub) (d. 1138 - ö.
4 Mart 1193). Misir, Suriya, Yəmən və Fələstin sultanı və Əyyubi
sülaləsinin ilk hökmdarı. 2 Oktyabr 1187-də Qüdsü səlibçilərdən alaraq
şəhərdə 88 il sürmüş xristian ağalığına son qoymuş, avropalıların ardı
ardınca düzəltdikləri III səlib yürüşünü təsirsiz hala gətirmişdir.
Səlahəddin, ərəb, türk, kürd və ümumiyyətlə müsəlman aləminin qəhrəmanı
hesab olunur.
İlk illəri
Səlahəddin
təxminən 1138-ci ildə müasir İraqın Tikrit şəhərində doğulmuş, kiçik
yaşlarında təhsilini davam etdirmək üçün Dəməşqə göndərilmişdir. Onun
atası Nəcməddin Əyyub, Baalbek əyalətinin əmiri idi. Səlahəddin on il
ərzində Hələb və Mosulun səlcuqlu atabəyi olan Nürəddin Zənginin
sarayında yaşayıb orada dinşünaslığı öyrənmişdir. İbtidai hərbi
təhsilini Nürəddin Zənginin sərkərdələrindən biri olan doğma əmisi
Əsadəddin Şirkuhdan almış Səlahəddin, onunla Misirdə yaradılmış Fatimi
xilafətinə qarşı döyüşlərdə iştirak etmişdir. Nəticədə, o, 1169-cu ildə
Misirin vəziri təyin edildi. Misirdə Səlahəddinin çiyinlərinə düşmüş
əsas vəzifə ölkəni I Amalrikin başçılıq etdiyi Qüds səlibçi krallığına
qarşı müdafiə etmək idi. Hamı Səlahəddinin bu vəzifədə uzun
çəkməyəcəyinə inanırdı, çünki ondan əvvəl Misirdə qısa müddət ərzində
bir çox hökümət dəyişmişdi. Buna səbəb, biri birinin ardınca taxta
çıxmış kiçik yaşlı xəlifələrin maraqlarını təmsil edən vəzirlər
arasında gedən rəqabət olmuşdur. Öncə Səlahəddin ətrafına Suriya
sünnilərindən ibarət bir qrup şəxsi yığdığına görə Misir ordusuna
nəzarət edə bilmirdi, çünki sonuncu əsasən şiələrdən ibarət idi.
Onların (yəni şiələrin) maraqlarının əsas müdafiəçisi hesab olunan
xəlifə Əl-Ədid 1171-ci ildə vəfat etdikdən sonra, taxta yeni Abbasi
sülaləsinin nümayəndəsi olan Əl-Müstədi çıxdı ki, o da sünni idi.
Səlahəddinin təkidi ilə, Bağdaddakı üləmalar cümə namazları zamanı
artıq Əl-Müstədini vəsf etməyə başladılar. Artıq bütün Misirin hakimi
olan Səlahəddin rəsmi olaraq hələ də Nürəddin Zənginin nümayəndəsi
hesab olunurdu. Sonuncu da öz növbəsində Bağdadda oturan Abbasi
xəlifəsinin hakimiyyətini tanıyırdı. Səlahəddin Misirin
iqtisadiyyatını canlandırıb, ölkənin ordusunu təkmilləşdirdi. Atasının
tövsiyyələrinə qulaq asaraq, özünü Nürəddin Zəngi ilə hər hansı
münaqişədən qoruya bildi. Yalnız Nürəddin Zəngi 1174-cü ildə vəfat
etdikdən sonra, Səlahəddin ciddi hərbi əməliyyatlara başladı: əvvəlcə
kiçik müsəlman dövlətlərinə, sonra isə səlibçilərə qarşı. İndi
Səlahəddin artıq Misir sultanı adını daşıyırdı. Bununla o, yeni Əyyubi
sülaləsinin əsasını qoyaraq, islamın sünni məzhəbini Misirin əsas
məzhəbi elan etdi. Səlahəddin öz torpaqlarını qərbə tərəf
genişləndirməyə başladı. Əmisi Əsadəddin Şirkuhun Fatimi
tərəfdarlarının Nil çayı boyunca üsyanını yatırtmasından istifadə edən
Səlahəddin Qırmızı dənizi keçərək Yəmənin işğalına yollandı. İslamda
Səlahəddin Vəliulla adını daşıyır, o da "Allaha yaxın olan şəxs"
deməkdir.
Səlibçilərə qarşı mübarizə
Səlahəddin
iki dəfə, 1170-ci və 1172-ci illərdə, Nürəddin Zəngi tərəfindən Qüds
krallığının işğalına yönəlmiş kampaniyalardan kənarda qaldı, çünki o,
Misir və Suriya arasında "bufer zonasının" mövcudluğunda maraqlı idi.
Onun fikri ilk olaraq Suriyanı ələ keçirmək idi. Nürəddin Zənginin
qəfil ölümü Səlahəddinlə onun arasında yaranmaqda olan münaqişənin
qarşısını aldı. Nürəddin Zənginin özündən sonra qoyub getdiyi oğlu
Əs-Saleh İsmayıl Əl-Məlik hələ uşaq idi və o da 1181-ci ildə dünyasını
dəyişdi. Nürəddin Zənginin ölümündən dərhal sonra, Səlahəddin
qoşunla Dəməşqə doğru irəlilədi və şəhər aliləri tərəfindən qarşılandı.
Öz hakimiyyətini möhkəmləndirmək üçün Səlahəddin illərin sınağını
keçmiş ənənəyə yol atır: o, Nürəddin Zənginin dul qalmış arvadı ilə
evlənir. Nürəddin Zənginin hakimiyyəti altında olan iki ən böyük şəhər
- Hələb və Mosul - yalnız sonralar (1176 və 1186-cı illərdə) Səlahəddin
tərəfindən ələ keçirildi. 20 may 1176-cı ildə Hələbin mühasirəsi zamanı
Haşaşin adı ilə tanınan gizli bir qrupun qatilləri Səlahəddini
öldürməyə cəhd etdi. Onun həyatına iki sui-qəsd təşkil edildi və
bunların ikincisi az qalsın Misir soltanının həyatı bahasına başa
gələcəkdi. Suriyada öz hakimiyyətini möhkəmləndirməklə məşğul olan
Səlahəddin, səlibçi qoşunları ilə girişdiyi döyüşlərdən adətən müzəffər
çıxırdı. Yalnız 1177-ci il noyabrın 25-i Montgisard ətrafında baş
vermiş döyüş zamanı Qüds kralı IV Bolduin, Reynald de Şatiyon və
Tampliyer cəngavərlərinin birləşmiş qoşunu Səlahəddini ağır
məğlubiyyətə uğratdı. Müsəlman ordusunun yalnız onda bir hissəsi Misirə
qayıda bildi. 1178-ci ildə Səlahəddin və səlibçi krallığı
arasında atəşkəs elan edildi. Sonrakı ili Səlahəddin uğradığı
məğlubiyyətin acı nəticələrini aradan qaldirmaqla məşğul oldu. Ordusunu
möhkəmləndirdikdən sonra, Səlahəddin yenidən səlibçilərə qarşı hücuma
keçərək, onları 1179-cu ildə Vadum Yakob adı ilə tanınan yerdə məğlub
etdi. Ancaq səlibçilərin əks-hücumları Səlahəddin tərəfindən qəti hərbi
cavablara səbəb olurdu. Məsələn, Reynald de Şatiyon Qırmızı dənizdə
yaratdığı donanma ilə müsəlman zəvvar və tacirlərinə basqın edirdi.
Buna cavab olaraq, Səlahəddin 30 gəmidən ibarət donanma düzəldərək
1182-ci ildə Reynald de Şatiyonu Beyruta hücum etməklə hədələdi. Öz
növbəsində, de Şatiyon müsəlman dünyasının müqəddəs şəhərləri olan
Məkkə və Mədinəni talamağı söz verdi. Səlahəddinin növbəti addımı 1183
və 1184-cü illərdə de Şatiyonun İordaniyada yerləşən Kerak qalasını
mühasirəyə almaq oldu. Bunu meydan oxumaq kimi anlayan de Şatiyon
1185-ci ildə müsəlman zəvvarlarının karvanına hücum etdi. Qədim fransız
mənbələrinin verdiyi yoxlanılmamış məlumata görə, bu karvana hücum
zamanı Səlahəddinin bacısi əsir götürülmüşdü. Həqiqətdə isə, de
Şatiyonun cəngavərləri Səlahəddinin bacısı və onun oğlunun olduğu
karvana yox, başqasına basqın etmişdilər. 1187-ci ilin iyulunda
Səlahəddinin qoşunları Qüds krallığının çox hissəsini geriyə qaytarmağa
müvəffəq oldular. Həmin il iyulun 4-ü Səlahəddinin ordusu Qüds
kraliçasının əri Gi de Luzinyan və Tripoli hökmdarı III Reymondun birgə
qoşunları ilə Hattin döyüşü zamanı üz-üzə gəldi. Bu döyüş səlib
yürüşləri tarixində dönüş anı hesab olunur. Müsəlman ordusu səlibçiləri
darmadağın etmiş, əsirliyə düşən Reynald de Şatiyon isə şəxsən
Səlahəddin tərəfindən edam edilmişdir. Gi de Luzinyan əsir düşsə də,
Səlahəddin ona rəhm etmişdir. Döyüşdən iki gün sonra, Səlahəddinin əmri
ilə səlibçilər arasında bilavasitə hərbi əmrləri yerinə yetirməklə
məşğul olanların boynu vuruldu. Bu edamlar haqqında Səlahəddinin şəxsi
katibi İmadəddin də yazmışdır: "O, (Səlahəddin) buyurdu ki, əsirlər
edam olunsun. Onun ətrafında bir çox alim, sufi və başqa möminlər
yığışmışdı; onların hər biri də qollarını çirməyələrək və qılınclarını
qınından çıxardaraq heç olmasa bir əsiri edam etməyi Səlahəddindən
xahiş edirdi. Səlahəddin xoşbəxt üzlə taxtında əyləşmişdi. Kafərlər
ümidsiz bir halda idilər." Tarixçi Bəhaüddinin yazdığına görə, Səlahəddin Qüdsü səlibçilərdən almamışdan əvvəl bunları söyləmişdir: “Mən
(Bəhaüddin) Səlahəddinin yanında olarkən, o, çönüb mənə dedi: "Allah
bütün Fələstin üzərində qələbəni mənə verərsə, onda mən torpaqlarımı
böləcəm, bunu da vəsiyyətimdə yazacam. Sonra da gəmiyə minib, frankları
onların uzaq ölkələrinə qədər təqib edəcəm. Mən ya öləcəm, ya da bütün
Yer kürəsini Allaha inanmayanlardan qurtaracam." Qısa müddət
ərzində, Səlahəddin səlibçilərin işğal etdiyi demək olar ki bütün
şəhərləri geriyə ala bildi. 88 il xristianların dayaq nöqtəsi olan Qüds
1187-ci il oktyabrın 2-də nəhayət Səlahəddinin əlinə keçdi. Əvvəlcə,
Səlahəddin səlibçilərin şəhərdə qalmış hissələrinə çıxış yolu vermək
istəmirdi. Onun fikrini dəyişdirən o oldu ki, xristianların
başçılarından biri Balian İbelin Qüdsdə yaşayan 3-5 minə yaxın
müsəlmanı öldürməyi və şəhərdəki müsəlman incilərini dağıtmağı söz
verdi. Müşavirləri ilə məsləhətləşdikdən sonra, Səlahəddin səlibçilərin
şərtlərini qəbul etdi. Şəhərdən çıxmaq üçün hər bir frank girovpulu
verməli idi. Bir çoxlarını girovsuz Qüdsdən buraxmasına baxmayaraq,
Səlahəddin 7-8 minədək qadını qul etdi. Xristian
istehkamlarından yalnız Tir özünü saxlaya bildi. Şəhərin hökmdarı
Konrad Montferrat Tirin müdafiə xətlərini möhkəmlədib, Səlahəddinin
qoşunlarının iki mühasirəsinə tab gətirə bildi. 1188-ci ildə Gi de
Luzinyan azadlığa buraxılaraq, öz yoldaşı Qüds kraliçası Sibillanın
yanına qayıtdı. 1189-cu ildə bu kral ailəsi Montferratın məskəni olan
Tiri öz krallığına qatmaq istədi. Lakin Montferrat, Gi de Luzinyanı
kral kimi tanımaq istəmədi. De Luzinyan və kraliça Sibillaya qalan
yeganə addım Əkr şəhərinin mühasirəsi oldu. Hattin
məğlubiyyəti və Qüdsün süqutu III səlib yürüşünə səbəb oldu. Bu
məqsədlə İngiltərə və Fransada xüsusi "Səlahəddin vergisi" yığılmağa
başlandı. Bu yürüş, Əkr qalasını geriyə qaytara bildi. İngiltərə kralı
I Riçard Əkrdə əsir götürülmüş müsəlmanları edam etdikdən sonra,
Səlahəddinin əsiri olan frankların da aqibəti buna bənzər oldu. 1191-ci
il sentyabrın 7-i Səlahəddin və I Riçardın orduları Ərsuf ətrafında
görüşdülər. Bu döyüşdən səlibçilər qalib çıxdılar. Səlahəddinlə Riçard
arasindakı münasibət hərbi rəqabətdən başqa qarşılıqlı hörmət üzərində
qurulmuşdu. Məsələn, İngiltərə kralı döyüşlərin birində yaralandıqda,
Səlahəddin ona özünün şəxsi təbibinin qulluqlarını təklif etmişdi. Daha
sonra, Ərsuf döyüşündə Riçard atını itirdikdə, müsəlmanların mərd
soltanı öz rəqibinə iki at yolladı. Frankların düşərgəsində su
çatışmamazlığı haqqında eşitdikdə isə, Səlahəddin onlara dağlardan
yığılmış qar içində meyvə yolladı. Öz növbəsində, Riçard öz bacısını
Səlahəddinin qardaşına verməyi və Qüdsü onların toy hədiyyəsi etməyi
təklif etdi. İki hökmdar 1192-ici ildə Ramla müqaviləsini
bağlayaraq, bu qərara gəldilər ki, Qüds müsəlmanların əlində qalsın,
ancaq bir şərtlə ki, xristian zəvvarlarına heç bir maneə törədilməsin.
Müqavilənin şərtlərinə görə, Latın krallığı indi Tirdən Caffaya qədər
uzanan ensiz zolaq çərçivəsində yerləşməli idi. 1193-cü il
martın 4-ü, I Riçardın Avropaya qayıtmasından dərhal sonra, Səlahəddin
vəfat etdi. Səlahəddinin xəzinəsi açıldıqda məlum oldu ki, orada onun
dəfninə belə çatacaq pul yoxdur. Səxavətli hökmdar var-dövlətinin çox
hissəsini xeyriyyə işlərinə xərcləmişdi. Səlahəddinin məqbərəsi Dəməşqdəki Üməyya məscidində yerləşir.
Tarixdə necə tanınır?
Xristianlara
qarşi apardığı amansız mübarizəyə baxmayaraq, Səlahəddin Avropada mərd
cəngavər şöhrətini qazanmışdır. Onun şöhrəti o dərəcəyə çatmışdır ki,
onun haqda epos yazılmış, və hətta dahi italyan şairi Dante Aliqieri
onu cəhənnəmin xeyirxah dinsizlərin yaşadığı guşəsində təsvir etmişdir.
Səlahəddin həmçinin Sör Valter Skotun 1825-ci ildə yazdığı Tilsim
əsərində də müsbət şəkildə göstərilmişdir. Səlibçilərin 1099-cu ildə
Qüdsü işğal etdikdən sonra törətdikləri vəhşiliklərə baxmayaraq,
Səlahəddin girov pulunu ödəyən sıravi katolikləri və hətta xristian
döyüşçülərini əfv etdi. Yunan pravoslav məzhəbinin tərəfdarları ilə
daha yaxşı rəftar olunurdu, çünki onlar səlibçilərə qarşı çıxış
etmişdilər. Səlahəddin və onun yaşadığı dövr haqqında maraqlı məlumat
Tariq Əlinin müəllifi olduğu Səlahəddinin Kitabı romanında verilir.