Adı: Muhəmməd İbn Salih ibn Muhəmməd ibn Useymin əl-Muqbil əl-Vuheybi ət-Təmimidir. Kunyəsi: Əbu Abdullahdır. Şeyx Useymin Hicri 1347-də, Ramazan ayının 27-si, Qasim bölgəsinin Uneyzə şəhərində, abid bir ailədə dünyaya göz açmışdır. Ana babası olan- şeyx Abdurrahmən ibn Suleyməndən elm almağa başlamış, ondan Quran qiraətini öyrənmiş və Quranı hifz etmişdir. Şeyx Useymin (rahiməhullah) geniş və iti zəkaya malik idi. Elmə olan rəğbəti, onu daim alimlərin məclislərində iştirak etməyə sövq edirdi. Bu alimlərin ən birincisi və ən başda olanı isə böyük mufəssir və fiqh alimi olan şeyx Abdurrahmən ibn Nasır əs-Səadi idi. Şeyx əs-Səadi öz tələbələrindən iki nəfəri uşaqlara dərs keçmək üçün ayırmışdır. Bunlar şeyx Əli əs-Salihi və şeyx Muhəmməd ibn Abdul Aziz əl-Mutəvva idi. Şeyx Useymin də bu kiçik uşaqlardan biri idi. Məktəb illərində ilk müəllimi olan Şeyx Abdurrahmən ibn Nasır əs-Səadidən Tövhid, Təfsir, Hədis, Fiqh və s. elmləri alır. Artıq hicri 1371-ci ildə məsciddə dərs keçməyə başlayır. Bir il sonra isə Riyadda Universitetə bir başa ikinci kursdan daxil olur. Şeyx Useymin elm almaq üçün Riyadı seçmişdi və ondan başqa bir şəhərə getmədi. Burada Şeyx AbdulAziz ibn Bəzzdən elm almağa başladı. Bu səbəbdən şeyx Useyminin ikinci müəllimi məhz Şeyx ibn Bəzz sayılır. İki il sonra universitetin məzunu olan Şeyx Useymin Uneyzə Universitetində müəllim kimi işləməyə başlayır. Bununla yanaşı Şəriət fakultəsində təhsilini davam etdirir və tezliklə bu fakultənin də məzunu olur. Tələbəlik illərində isə bir dəfə də olsun şeyxi Abdurrahmən əs- Səadinin dərslərini tərk etmir. Müəllimi Şeyx Abdurrahmən əs-Səadi hicri 1376-cı ildə, 69 yaşında ikən Uneyzədə dünyasını dəyişdi. Şeyx Səadinin vəfatı səbəbi ilə boş qalmış məscidə, bir neçə şeyx imam təyin edildi. Lakin hər biri çox az bir müddət bu vəzifənin öhdəsindən gələ bildi. Daha sonra imam olaraq Şeyx Useymin təyin edildi. Bundan əlavə Şeyx Useymin ilk müəllimi olan- Şeyx Səadinin tədris vəzifəsini də öz üzərinə götürdü. Şeyx Useymin həmçinin, Uneyzə Universitetində müəllimlik fəaliyyətinə davam edirdi. Daha sonra Muhəmməd ibn Saud İslam Universitetinin Şəriət və Usulud-Din fakultələrinə müəllim təyin edildi. Bundan əlavə də, Şeyx Useymin Səudiyyə Ərəbistanı Böyük Alimlər Heytənin də üzvü seçilir. Bir gün həmin dövrdə Səudiyyə Ərəbistanının Muftisi olan Şeyx Muhəmməd ibn İbrahim Aluş-Şeyx (rahiməhullah) Şeyx Useyminə qazi olmaq təklifini edir. Hətta onu şəriət məhkəməsinin rəisi təyin edir. Lakin Şeyx Useymin bu vəzifəni qəbul etmir və uzun israrından sonra Şeyx Useymin bu vəzifədən azad olunur. Bu hadisə şeyx Useyminin dünyaya deyil, elmə həris olduğunu, daim tələbələri ilə bir yerdə olmaq istəyini göstərən gözəl örnəklərdən sadəcə biri idi. Hicri 1414-cü ildə Şeyx Useymin elmə verdiyi töhfələrinə görə Beynəlxalq Kral Feysal mükafatına layiq görülür. Şeyx Useymin beş oğlan və üç qız olmaqla, səkkiz uşaq atası idi. Şeyx, 10 Yanvar 2001-ci ildə, (Hicri: 15.10.1421) çərşənbə günü Məğrib namazından sonra, uzun müddət xərçəngdən müalicə aldığı Ciddədəki Kral Feysal Xəstəxanasında vəfat etdi. Şeyxin dəfnində yarım milyondan çox insan iştirak etdi və Kəbədə qılınan cənazə namazından sonra şeyx Useymin ikinci böyük müəllimi olan Şeyx AbdulAziz ibn Bəzzin yanında dəfn edildi. Uca Allah hər ikisinə rəhmət etsin! Şeyx Useyminin müəllimləri: - Şeyx Abdurrahmən ibn Nasır əs-Səadi (Hicri, 1376-da vəfat etmişdir) - Şeyx AbdulAziz ibn Abdullah ibn Bəzz (Hicri, 27.01.1420; M: 13 May 1999-da vəfat etmişdir) - Şeyx Muhəmməd əl-Əmin ibn Muhəmməd əl-Muxtar əş-Şənqiti (Hicri: 1393-də vəfat etmişdir) - Şeyx Əli ibn Həmid əs-Salihi - Şeyx Muhəmməd ibn AbdulAziz əl-Mutəvva - Şeyx Abdurrahməb ibn Əli ibn Avdən - Şeyx Abdurrahmən ibn Suleymən (Şeyx Useyminin babası) Şeyx Useymin iki ən böyük müəllimi haqqında bunları xatırlayır: - Elm üsulu və onun necə təqdim olunması (çatdırılması), nümunələrin, eləcə də izahın tələbələr tərəfindən rahat və aydın şəkildə başa düşülməsi xüsusunda şeyxim Abdurrahmən əs-Səadidən çox şey öyrəndim! - Şeyx AbdulAziz ibn Bəzzdən Sünnəyə bağlılığı, gözəl əxlaqı və insanlara qarşı olan səmimiliyi öyrəndim! Şeyx Useyminin 500-dən çox şagirdi olmuşdur. Şeyxdən bizə miras olaraq isə, onun Uneyzə məscidində verdiyi cümə xütbələri, Həcc mövsümündə verdiyi xütbələri, Qəzət və jurnallarda dərc olunan çıxışları, Nurun ələd-Darb adlı-radio proqramındakı çıxışları və qatıldığı konfranslarda verdiyi fətvalar qalmışdır. Həmçinin şeyxin müxtəlif mövzularda yazılmış kasetlərindən əlavə, 55-dən çox təfsir, əqidə, fiqh, üsul, əxlaq və s. kitabları mövcuddur. Şeyx Useyminin həyatı haqqında daha geniş məlumat üçün bu kitablara baxın: - Abdullah ibn AbdurRahmən əl-Bəssam, ‘Uləməu Nəcd Hilələ Sittəti Qurun’ kitabı. - Fəhd əl-Bədrani və Fəh əl-Bərrak, ‘Uləməuna’ kitabı, səh. 42 - Fəhd ibn Nasır əs-Suleymən, ‘əl-Məmuus-Səmin min Fətavaş-Şeyx Muhəmməd ibn Salih əl-Useymin’ kitabının müqəddiməsi. - Valid ibn Əhməd əl-Huseyn əz-Zubeyri, ‘Nubzə ən-Həyətiş-Şeyx Muhəmməd ibn Salih əl-Useymin’ kitabı, Məcəllətul-Hikmə, səh. 19-49 (İngiltərə çapında) - Şədi əs-Seyyid Əhməd Abdullah, ‘Təzkirul-Muslimin bi Tərcəmətiş-Şeyx İbni Useymin, Məcəllətut-Təuhid’ kitabı, səh. 44-55 (Misir çapında) - ‘Şərhu Aqidətul-Vasitiyyə’ kitabı, səh. 9-15 - ‘Şərhu Lumətul İtiqadil Hədi ilə Səbilir-Raşəd’ kitabı, səh. 13-15 Tərcümə -əz Zubeyr